Mən də gedim komandir... – Döyüşçü-şair şəhid olan dostlarına şeir yazdı

Mən də gedim komandir... – Döyüşçü-şair şəhid olan dostlarına şeir yazdı
4 dekabr 2020
# 10:15

Kulis.az hazırda Qarabağda hərbi xidmətdə olan gənc şair Həsən Kürün döyüşlərdə qəhrəmancasına şəhid olan dostlarına həsr etdiyi şeiri təqdim edir. Xatırladaq ki, Həsən Kür ARB telekanalında yayımlanan "Xalqın şairi" yarışmasının qaliblərindəndir.



Qeyd: Şeirdə adı çəkilən şəxslər - İbrahimli Zəmanət, Babayev Alməmməd, İsmayılov Aslan, Əzizli Tacəddin Salyan rayon, Sarvan kəndinin sakinləridir. Hər biri İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub.

-Döyüşə kimlər gedir?
-Mən! İbrahimli Zəmanət!
-Yolun uğurlu olsun,
Ol Allaha əmanət!

-Sağ ol yoldaş komandir.
-Sən sağ ol ey qəhrəman.
-Sizdən bir xahişim var
Əgər mən şəhid olsam
Körpə uşaqlarıma
Yaxşı baxın hər zaman

Düşünməyin ki ölmək
Gözlərimi qorxudur.
Vətənə qurban olmaq
Hamımızın borcudur.

-Mən də gedim komandir,
nə olar mən də gedim...
-Sən kimsən igid əsgər?
Adını de eşidim!

-Mən Babayev Alməmməd!
-Axı yaşın çox azdır
sənə çətin olmazmı?
Geri dönə bilməsən
anan saçın yolmazmı?

-Yazıq anam mən ölsəm
ürəyini dağlayar,
paltarımı qoxlayıb,
Hönkür-hönkür ağlayar.

Amma... qardaşlarım var
Onlar ata, anama
Yəqin olar təsəlli
Nə olar ey komandir
Göndər məni irəli.

-Yaxşı... yaxşı Babayev
Səni də hazırlayıb
Göndərirəm döyüşə.
Uca Yaradan sənə
Kömək olsun həmişə.

-Mən də varam kömandir.
-Adın nədir de görüm!
-Mən İsmayılov Aslan!
əmr et silah götürüm.

-Yox göndərə bilmərəm,
Barmağında üzük var.
Sənin toyun olacaq,
çiyinlərində yük var.

Əgər sən nişan gəlsən
erməni gülləsinə
Mən nə cavab verərəm
Ananın, nişanlının
Ahına, naləsinə...

-Eybi yoxdur mən ölüm,
Məkanım torpaq olsun...
Təki xalqım var olsun!
Təki Vətən sağ olsun!

Əlim silah tutmasa
Çiynimdəki rütbəylə
Fərəhlənə bilmərəm.
Məni döyüşə göndər!
Bura qədər gəlmişəm
Geri dönə bilmərəm...

-Mən də gedim komandir
Onları tək qoymayım.
Mənim də bu zəfərdə
Az qədər olsun payım.

Yaz adımı komandir!
Yaz Əzizov Tacəddin!
Göndər məni döyüşə,
Keçim erməni səddin.

Mən könüllü gəlmişəm
Vətənimə xidmətə.
Gəlin əl-ələ verək,
Son qoyaq bu işğala,
Son qoyaq bu həsrətə.

Yaxşı igid Tacəddin
Səni də göndərirəm,
Vətənin keşiyinə.
Sonuncu nəfəsəcən
Düşməninə gəl sinə.

Yolumuz açıq olsun
Hamımızı gözləyən
Şərəfli imtahan var.
Sizinlə fəxr edirəm
Ey qəhrəman oğullar!

# 4116 dəfə oxunub

Müəllifin son yazıları

# # #