Elmlər doktoru: “O məşhur yazıçımız öz adını düzgün yaza bilmirdi” - Müsahibə

Elmlər doktoru: “O məşhur yazıçımız öz adını düzgün yaza bilmirdi” - Müsahibə
5 may 2020
# 12:14

Kulis.az Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli ilə internet mediasındakı redaktə və korrektə səhvləri ilə bağlı söhbəti təqdim edir.

- Elə bir vəziyyətdir ki, gərək salamı da karantinlə bağlı sualla birlikdə verək. Nə deyə bilərsiniz bu haqda? Qaydalara əməl etmək, evdə qalmaq çətin deyil ki? Nəylə məşğul olursunuz daha çox? Sizcə, nə bəladır bu? Nəticə haqda hər hansı proqnozunuz varmı?

- Mənim üçün bir o qədər də çətin deyil, çünki əvvəlki yaşam tərzim də elə təxminən belə idi. Evdə çox qalmağı, yazı-pozu ilə məşğul olmağı, mütaliə etməyi xoşlayıram. Bu şərait mənim kimi ahıllara əl verir. Yadıma bir əhvalat düşdü. Rəhmətlik Şirməmməd müəllimin BDU-da 85 illik yubileyi keçirilirdi. Rektorun "Müəllim, maşallah, bu yaşdasınız, amma ildə bir neçə kitab yazırsınız" atmacasına Şirməmməd müəllim belə cavab vermişdi: "Bəs 85 yaşlı kişi ayrı nə iş görə bilər ki?!"

Tacvari virus haqqında onu deyə bilərəm ki, bu, yeni dünya müharibəsinin sivil formasıdır: siz evdə oturun, biz dünyanı yenidən quraq, sonra baxıb qiymətləndirərsiniz. Nəticəsini proqnozlaşdırmaq çətindir.

- Facebookda aktiv ziyalılarımızdansınız və mütəmadi Azərbaycan dilində işlənən sözlərin düzgün yazılışı ilə bağlı paylaşımlar edirsiniz. Ümumiyyətlə, müşahidələriniz nə deyir; internet mediasında daha çox hansı sözlər səhv yazılır?

- Sosial şəbəkələrdəki yazılarda orfoqrafik səhvlər görəndə özümdən asılı olmayaraq əsəbiləşirəm. Bir gün qərara gəldim ki, Fb-nin korrektoru funksiyasını öz üzərimə götürüm, gördüyüm səhvləri düzəldim, yeri gəldikcə, müəlliflərə məsləhətlər verim. Əvvəllər də ədəbi dil normaları ilə bağlı statuslar yayırdım, amma oxuyan az olurdu. İndi hamı evdədir deyə Fb istifadəçilərinin sayı xeyli çoxalıb. Mən də bundan istifadə edərək, sözlərin düzgün yazılışı ilə bağlı silsilə statuslar yazmağa girişdim və çox maraqla qarşılandı, təşəkkür rəyləri sel kimi gəlməyə başladı. Bu təşəbbüsüm “Şərq” qəzetinin və “525-ci qəzet”in diqqətini cəlb etdi, məndən geniş müsahibələr aldılar.

Həmin silsilədə ən çox səhv yazılan sözləri seçib onların düzgün yazılış formasını verməyə çalışıram. Bu, əsasən, ərəb dilindən alınmış sözlərə aiddir: iaşə, şayiə, layihə, tərxis, tövsiyə, təxliyə, müşayiət, qəhrəman və s. və i.a.

- Sözlərin səhv yazılmasının nə kimi fəsadları ola bilər?

- İnkişaf etmiş dillərin hər birinin orfoqrafiya qaydaları və orfoqrafiya lüğəti var. Bunlar qələm dünyasının anayasası sayılır, hər bir qələm sahibi bu qaydalara əməl etməyə borcludur. Savadlılığın, yazı mədəniyyətinin ilk əlaməti sözlərin düzgün yazılıb-yazılmamasında, durğu işarələrinin yerində qoyulub-qoyulmamasında özünü göstərir. Mən tanımadığım bir şəxsin bircə səhifəlik əlyazmasını oxusam, onun ümumi səviyyəsini müəyyənləşdirə bilərəm. Elə yazıçılar, publisistlər var ki, istedadlıdırlar, amma orfoqrafik bilgiləri azdır, bəzən öz adlarını da düzgün yaza bilmirlər. Rəhmətlik Cəlal Bərgüşad öz adını gah “Calal”, gah da “Cəlal” kimi yazırdı. Buna görə, özünə savadlı bir makinaçı tapmışdı, bütün orfoqrafik səhvləri o düzəldirdi.

Fəsadlar belədir ki, fikir düzgün anlaşılmaya bilər. Bəzən bir vergül də mənanı dəyişə bilir.

- Təbii ki, məlum səbəbdən sosial şəbəkələrdə korrektə və redaktə səhvləri daha çox olur. Sizcə bu proses hara doğru gedir?

- Çap mətbuatını, əsasən, ali təhsilli jurnalistlər və filoloqlar hazırlayır, onların orfoqrafiyanı yaxşı bilən korrektorları olur, ona görə də bu sahədə problem olmur, amma sosial şəbəkələrdəki müəlliflərin tərkibi çox qarışıqdır. Burada hər səviyyədə adama rast gəlmək olar. Professional jurnalistikadan fərqləndirmək üçün buna “vətəndaş jurnalistikası” deyirlər. Bu sahəni idarə etmək çox çətindir, amma mümkündür...

Facebook просит банки раскрыть финансовые данные их клиентов ...

- Sizcə, necə?

- Mən bir müddət əvvəl Mətbuat Şurasına təkliflər vermişdim. Yəqin ki, onlardan istifadə etmək olar:

Redaksiyalarda, saytlarda çalışan yaradıcı əməkdaşların ədəbi dil bilgisi üzrə vaxtaşırı attestasiyası keçirilsin.

Yeni əməkdaşlar “Azərbaycan ədəbi dilinin normaları”ndan imtahan verdikdən sonra işə qəbul olunsunlar;

Redaksiyalara və saytlara kadr seçimi zamanı Jurnalistika və Filologiya fakültələrinin məzunlarına üstünlük verilsin;

Hər bir redaksiyada və saytda yazıların dil və üslubuna görə məsuliyyət daşıyan yüksəkmaaşlı ədəbi redaktor ştatları yaradılsın;

Azərbaycan ədəbi dilinin normalarını və əsas orfoqrafiya qaydalarını əks etdirən metodik vəsait hazırlanıb redaksiyalara və saytlara paylanılsın;

BDU Jurnalistika fakültəsinin nəzdində KİV-in dili və üslubu ilə bağlı daimi fəaliyyət göstərən qısamüddətli (1-2 aylıq) ödənişli kurslar açılsın;

Mütəmadi olaraq tanınmış mütəxəssislərin iştirakı ilə monitorinqlər, seminarlar, “Dəyirmi masa”lar, treninqlər keçirilsin;

Televiziyalarda, radiolarda dillə bağlı verilişlərin sayı artırılsın, qəzetlərdə, jurnallarda və saytlarda bu mövzuda sistemli şəkildə materiallar dərc olunsun;

Ədəbi dil normalarını daha çox pozan redaksiyalar və əməkdaşlar inzibati məsuliyyətə cəlb olunsunlar;

Redaksiyaların və saytların AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu ilə universitetlərin Jurnalistika və Filologiya fakültələri ilə əlaqələri genişləndirilsin.

- İndi daha çox ümumi sistemə qoşulmaq, daha çox oxucuya ulaşmaq üçün müəyyən heştaqları, teqləri, eyni zamanda oxşar bir çox vacib əməliyyatları ingilis hərfləri ilə yazmaq məcburiyyətində qalırıq. Sizcə, zaman keçdikcə bizə internetə tam adaptasiyada mane olan ş, ə, x, ş kimi hərflərin işarələrini hərf birləşmələri ilə dəyişmək zərurəti ilə üzləşəcəyik?

- Necə olur ki, ərəblər, farslar, gürcülər öz fərqli əlifbaları ilə internetə tam adaptasiya oluna bilirlər, lakin biz bir neçə hərfin öhdəsindən gələ bilmirik? İstək lazımdır. Kompüterdə bu, problem deyil, əsas problem mobil telefonlarla bağlıdır ki, bunun da xüsusi proqramı var. Onun köməyi ilə bizim fərqli hərflərimizi ingilis əlifbasına daxil etmək olur.

- Türkiyədə artıq “da”, “də”-ni ayrı və bitişik yazmağı internetdə xəta hesab etmirlər. Onların düşüncəsinə görə, savadı olan onsuz da hansının ayrı, hansının bitişik yazıldığını biləcək. Hətta belə səhvləri və xətaları ciddiyə alan adamlara ad da qoyulub: qrammar-nasist. Sizin adınıza da belə radikal təyin qoşa bilərik?

- Qoşa bilərsiniz. Qaydalarımızı internetə yox, interneti qaydalarımıza uyğunlaşdırmalıyıq. Türkiyəli qardaşlarımız dil sahəsində həmişə hoqqabazlıq edirlər, ona görə də dillərimiz arasında uçurum yaranıb.

- Səhvlərə laqeyd qala bilməmək nədir sizcə? Problem, yoxsa peşə vərdişi?

- Yəqin ki, hər ikisi. İnsanın xarakterindən də asılıdır. Dözə bilənlər var, mən dözə bilmirəm, hər şeyin illərdən bəri cilalanmış mükəmməl normalar daxilində olmasını istəyirəm.

- Çoxmu çətindir korrektə səhvləri bol olan bir dünyada yaşamaq?

- Baxır kimə. Başqa yollarla pul qazanmağı bacaranlar üçün elə bir çətinlik yoxdur. Bizim kimi çörəyi qələmdən çıxan, sözün ətrini duyanlara, əlbəttə, çətindir.

- Son olaraq suallarımızda hansı kobud səhv var idi?

- Söz adamının suallarında kobud səhv ola bilməz. Olsa-olsa üslub şıltaqlığı ola bilər. Kulis ailəsinə salamlar!

# 17154 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #