Cavanşir Yusifli: “Ədəbi prosesdə elə fiqurlar var ki...” - Müsahibə

Cavanşir Yusifli, tənqidçi

Cavanşir Yusifli, tənqidçi

10 noyabr 2021
# 17:00


Kulis.az tənqidçi Cavanşir Yusifli ilə müsahibəni təqdim edir.


– “Ədəbi proses” məfhumu altında nəyi başa düşürsüz?

– Sənin ucbatından danışığımız yazılası olmadı, indi nə desəm tam fərqli nüanslar, nə bilim, daha nələr meydana çıxa, tam fərqli biçim göz önündə yarana bilər. Bu da onu göstərir ki, “ədəbi proses” çox mürəkkəb və qəliz anlayışdır, bir deyimlə, bir izahla onu əhatələmək mümkünsüzdür. Yəqin danışığımızın pozulması elə buna görəymiş. Amma izah üçün, anladığım səviyyədə şərh vermək üçün nəsə deyim. XIX əsrdə “ədəbi təkamül”, yaxud “ədəbi həyat” terminləri işlənirdi, daha sonralar, yəni 20-ci əsrdə sənin “ədəbi proses” terminin meydana gəldi və hər iki anlamı ifadə etdi. Ancaq bir şeyi yadda saxlayaq: terminə güvənmək olmaz, o, hadisənin daha çox kənarlarını, sərhəd nöqtələrini əks etdirir. Konkret bədii mətn və hadisələr üzərində araşdırma bu nöqtələrin hamısını silib aparır. Sırf elmi kontekstdə ədəbi prosesin inkişaf qanunauyğunluqlarından və mərhələlərindən bəhs etmək olar. Bu barədə çox danışmaq olar, ancaq...

Standart tərif belə ola bilər: ədəbi proses konkret zaman kəsimində ədəbiyyatın ən kiçik təfərrüatlar üzrə inkişafı və hərəkətidir (dinamika, nəbz..., nə istəsən de!). Daha sonra: ədəbiyyatın hərəkətinin tipləri həmişə qeyri-adi dərəcədə fərqlidir və daha çox bənzərsizliklə səciyyələnir. Hər bir konsept, ədəbi fiqur və anlayışın proses dövriyyəsinə daxil olmasının məxsusi məqamı var, burada “hiss etmək” anlayışını nəzərdəın keçirmək və yoxlamaq olar. Bizim prosesdə elə fiqurlar var ki, nə qədər yazsalar da, hətta yazdıqları nə qədər mükəmməl olsa da hiss edilmirlər, bu çox mühüm məqamdır – yəni, elə ola bilər ki, sən “oyundankənar” vəziyyətdə də qala bilərsən. Mənim müşahidə etdiyim çox istedadlı nasir və şairlər var, hələ də U.Folknerin yazdığı uzun cümlələrin əsiridirlər, hələ də öyrəndiklərinin tətbiqinin necəliyi barədə düşünürlər, duyduqları nəsnə ilə bağlı həyatı yenidən yaratmaq onların sadəcə yaddaşında iz buraxmır. Bunların hamısı təbiidir, küll halında götürdükdə, ədəbi proses yalnız dövrün havasını hiss etdirən ən gözəl əsərlər deyildir. Bu “hissi konsentrasiya” olmazsa, nə yazsan da alınmayacaq, bəzən müəllif, özü də tanınmış, imzasını təsdiq etmiş, hətta dünyada tanınan bir müəllif yazdığı mətndə bədii mətləbin həllini düzgün tapmır. Aləm dəyir bir-birinə, halbuki, o, doğrudan da gözəl şeylər yazmaq istəmişdi.

A.P.Çexov məktublarının birində yazırdı ki, yazıçıya xüsusi olaraq süjet-filan lazım deyildir. Həyatda süjet dediyin şey yoxdur, orda hər şey qarışıb bir-birinə, dərin dayazla, dəyərli dəyərsizlə, faciəvi gülməliylə. Cənablar siz sadəcə hipnoz olubsuz, mühafizəkarlığın əsirinə çevrilibsiniz... Təkcə sovet dövrü yox, bəlkə, daha çox indi ədəbi azadlığın bu dərəcədə məhdudlaşması halı təəssüf doğurur və bu rejim və siyasi amillə bağlı deyildir, yazan adam azad deyildir, öz-özünə qapalı hücrədir. Yazıçı ruhən azad olmayanda, yəni həyata, özünə, bədii mətn yaradıcılığına azad münasibətin yoxluğunda hər şey qarışır bir-birinə.

Ədəbi proses təfərrüatları üzdə, əsas hadisələri dərində “nümayiş etdirir”, bunun da bir məntiqi var, təfərrüat, yəni həm də məna və mətləbə az dəxli olan şeylər belə bir görüntü yaradır ki, sən deyən kimi, ədəbi proses ölüb, amma dərində, bəlkə, işıq düşməyən bir yerdə gələcəyin böyük əsərlərinin enerjisi toplanır, bunu anlamaq və yozmaqsa çox çətindir, çünki kosmosdan gələn enerjiylə adi insan enerjisi çox fərqlidir, bunlar hansı məqamdasa, kimlərinsə hiss və duyğularında yuva qurur, sirayət edir və elə bir məqam yaranır ki, yazmaqdan başqa çarə qalmır, amma üzdə dava-şava, müharibə gedir... İnandırım səni, ədəbi prosesin dinamikasında heç təfərrüatlar da az rol oynamır, ona görə də bu qədər maklatura var, – deyib şikayətlənmək düz deyil. Demək ədəbi prosesin daxili ziddiyyətlərlə aşıb-daşır və onların toqquşmasının yaratdığı qığılcımlar hələm-hələm sönmür. Daxildə təkamüllə inqilabi çağırışların yaratdığı qovğa bizə əsas hadisə və mətləbi anlamaqda maneçilik edir. Ona görə də ədəbi prosesdəki qalxma və enmələr təbiidir, əksinə olsaydı, ədəbiyyatımızın klassik dövrü, o dövrdə yaranan əsərlərin bədii siqləti ilə bu günün “ölüvaylığı” bir-birinə uyuşmazdı, yəni belə deyək, Füzulidən, Vaqifdən gələn ənənənin bu gün bu şəkildə “sönməsi” ölüm anlayışını bildirmir, burda bir az “fəza həndəsəsi”ni bilmək və onun, yaxud bir az da məntiqə zidd digər anlayışların təcrtübəsindən yararalanmaq lazımdır.

– Azərbaycanda hal-hazırda ədəbi prosesin öldüyünü deyənlər var, bu tezislə razısınızmı? Razı deyilsizsə, fikirlərinizi necə əsaslandırardınız?

– Artıq bu barədə bir az danışdım. Pandemiya şəraitində “ölmək” sözünü bu şəkildə, özü də ədəbi proseslə bağlı işlətmək olmaz, yaxşı şeyə oxşamır. İnsanlar, bütün canlı və cansız varlıqlar ölür, çürüyür, hardan gəlibsə, ona qarışır, millət ölmür, onu fasiləsiz olaraq ifadə edən nəsnələr də ölmür. Ədəbi proses də bu dairənin içindədir. Bəzi şeylər var ki, öldü bilindiyi yerdəcə dirilir, çünki o fasiləsiz nəfəsdir. Bir şey də deyim: indi Allah bilir, sənin bu sualının neçə yaşı var və o ilk dəfə kimin ağlına gəlib, belə şablon şeylərdən artıq əl çəkmək lazımdır.

– Bu gün ədəbi söhbətlərdə, yazılarda tez-tez “dünya səviyyəli əsər” ifadəsinə rast gəlirik. Sizinçün bu cür əsərlərin kriteriləri nədir? Sizcə, son 20 ya 10 ildə azərbaycanlı yazıçı və şairlər “dünya səviyyəli” əsərlər yaza biliblərmi?

– Məncə, boş söhbətdir. Bu ifadəni zarafatla işlədirlər, şübhəsiz içində ironiya da ən lazımlı elementdir. Bir çimdik duz kimi. Bu suala zarafatsız yanaşsaq, gərək idman terminləri ilə danışaq, amma zarafatla... hə, demək olar ki, indi vəziyyət pis deyil, hamı yazır, dayanmır, hərə bildiyini, hərdən də bilmədiyini yazır. Bilirsən, bizdə bir yaramaz (üzr...) xasiyyət var, yəni, bəlkə də, istənilən yazı adamında. Sən daha çox bilmədiklərinin aşiqi olursan, ondan yazmaq, onu ekrana gətirmək istəyirsən. Amma onu fəth etmədən, haqqında cüzi şeylər bilməklə. Yəni düşünürsən ki, əsas modeldir, onu qursam, içi asandır, nəticədə şablon alınır. Mən daha çox filologiya aləmində bilmədən yazanları görürəm, “müşahidə edirəm” demirəm, çünki hər şey ortadadır. Ömür qısadırsa, onu yazmaqla uzatmaq olmaz, bu eşqlə qələmə sarılanlar var, hətta xarici ölkələrdə çap edilirlər. “Xaricdəki əyalət”...


Baxın, biri “Ədəbiyyat nəzəriyyəsi” yazırsa, ardınca ən azı 10 nəfər də bu hadisəni yamsılayır. Nəyə lazımdır? İnsan əgər anlamadığı problemlərdən bir kitab bağlayırsa, onu nəşr etdirirsə, sonra da sinəsini qabağa verib sevinirsə, neynəmək olar? Belə də cahillik olar?

– Azərbaycanda ədəbi tənqidin indiki vəziyyətindən razısınızmı? Ədəbi tənqiddə nələr çatışmır?

– Duz və istiot ya lap çoxdur, ya da lap az... Ya da “yemək” hazır olandan sonra yada düşür.
Filoloji səviyyəsi yüksək olan tənqidçi və ədəbiyyatşünaslar var, bir də, yaza-yaza öyrənən, yaxud yaza-yaza bildiklərini də unudan, bir də, çox yazan, dayanmayan, düşünməyən qələm adamları.

– Hansı xarici tənqidçilərin yazılarını oxuyursuz və onların özəllikləri, bizə xas olmayan cəhətləri nədir?

– Oxuyuram, elə internetdən paylaşılan xarici ədəbi dərgiləri oxuyuram, arada çox fərq var, çünki problemlər çox fərqlidir.
Özəlliyi odur ki, o yazılarda artıq, problemə aid olmayan nələrdənsə bəhs edilmir, həm də dar ixtisaslaşma var, hər hansı elmi-ədəbi problemdən bəhs edən tənqidçi o məsələyə tam hakimdir, buna görə də yazıda akademizm üstünlük təşkil edir. O yazılarda əsəri, bədii mətni yalandan tərifləmə və yalandan tənqid etmək yoxdur, yalnız dərk, idrak etmək məsələsi öndədir, həm də oxucu üçün. Dar ixtisas elədir ki, bu təsadüfdə publisistik “vahə” olmur, yəni məsələni sənə ahəstə qandıracaq nəyisə tapa bilməzsən, bu səbəbdən o yazıları oxumaq üçün özün də hazırlıqlı olmalısan. Onların bir çoxunu bacardığım qədər tərcümə eləmişəm. Dünyanın harasındasa professor adi insandır, onu məşğul olduğu sahə tamamən “fəth edib”, sənətiylə bağlı o insanın xarakterində də səsdən çox sükut var, daha çox dinləmək, daha çox dinlədiyini, oxuduğunu anlamaq, mədəniyyətin içində onun yaratdığı qatları qaldıra bilmək üçün lazım olan bütün alətləri mənimsəmək.


Bizdə professor çox yazıq görünür, bunu düzəltmək lazımdı, bir insan bir neçə ali məktəbdə dərs deməz, məsələn Bakı Dövlət universitetinin, yaxud Xarici Dillər Universitetinin professoru yalnız imzası ilə tanınmalıdır. Bizdə məqalə, monoqrafiya və digər yazılarda ideya və problem olmur, metod yoxdur, yazan insan özünü görmür, ona görə məsələn, tənqidçi əlbəəl hansısa yazıçıdan asılı olur, tənqidçi, ədəbiyyatşünas hər şeydən öncə xarakter məsələsidir, belə deyək: keçən əsrin 50, bəlkə də 60-cı illərində Mir Cəlalın “Füzuli sənətkarlığı” monoqrafiyası çıxıb, keçən müddət ərzində bu sahədə hansı fundamental araşdırma meydana çıxıb? Öz gücünə, öz inadına bir-iki nəfər mükəmməl səviyyə qazana bilər, amma ümumən ali məktəblərdə filologiya bəhsini yüksək təfəkkürlü müəllimlər tədris etməlidirlər. Həm də filoloq bir sıra dilləri bilməlidir. Rus, ingilis, fransız, ərəb, fars, ivrit və sair... Bəlkə, “ardı var” yazaq? Yox, bitdi.

Söhbətləşdi: Alpay Azər

# 4757 dəfə oxunub

Müəllifin son yazıları

# # #