Bu yazını heç biz də başa düşmədik...

Kazım və Kazımoviç, şair

Kazım və Kazımoviç, şair

6 noyabr 2021
# 14:00

Kulis.az Kazım və Kazımoviçin “Gənc şairlər üçün tarix dərsi” yazısını təqdim edir.

Payızın bizim şəhərdə ləngidiyi zamandı, şair,

misralarının incə detallarına qədər səni xatırlayıram...

"Şeir nədir?" sualına – Elə bir mətndir ki, öz yazıldığı dilə belə tərcümə olunmur – cavabımı verməyim yadıma düşür, ardınca "Bunu başqası deyib" deməyin gəlir eynəkli gözlərimin önünə.

Mən səni unuda bilmirəm, ustad – unutsam nələri unudam gərək... Hüznlü fahişələrdən və yaşıl yarpaqlardan başım ayıldıqca səni düşünürəm, ey Azərbaycan Ədəbiyyatının Gələcək Tarixi!

Adını çəkməyi həyati məsələ hesab etmədiyim bir türk şairi deyib ki, "Şair gələcəyin dilində yazmalıdır". Nəfsindən arınmış gözlərimlə, nəfsin sükunəthalında iti nəzərimi indinin yazılmaqda olan tarixinə salıram, çaşıram, İlqar Fəhminin qəzəlinin oxşarına dönür situasiya;

Yaxındadır? Uzaqdadır? Özüm də açmıram ki, baş gedim yaxınlaşım bu tarixə, gəlim yaxınlaşım bu tarixə?! Mən isə özüm, öz dayandığım nöqtədə tarixə çevrilməkdəyəm, Gələcəyin Tarixinə. Tək gül ilə bahar olmadığı kimi, tək Kazımoviç ilə də tarix olmur. Ədalətli və inandırıcı sayılmaz gələcək nəsillər üçün təkcə mənim varlığım. Tarixin bu qızıl səhifələrinə başqaları da düşməlidir. Bu mənim son model qənaətimdir. Bəs "Onlar..." nə qənaətdədirlər, onu Süleyman bilir ancaq?! Adamlar (Oxuyun: Onlar) nə çevrilib keçmişə boylanmaq fikrindədirlər, nə də gələcəyə üz tutmaq. Özündən əvvəlkilərin 11-lik ( 11-lik – Burada şərti verilib, bu 12-lik, 13-lük, 14, 15 və s. ola bilərdi ) intonasiyasından xəbərsiz ola-ola eyni intonasiyada şeirlər yazır, öz aləmlərində özlərinə Nobel verib, ciddiyyət qalstuklarının düyününü bir az da bərkidirlər. Onlara söz demək olmaz, onlar müqəddəs və toxunulmazdırlar. Onlar gələndə yazır. Onlar çox həssasdır. Onlar payızı və sərçələri sevir, xəzana aşiq olurlar anbaan, saətbəsaət. Onlar öz aləmlərində bölgü oyunları, söz oyunları oynayarkən paralel dünyada tam başqa hadisələr cərəyan edir. Belə ki, Qərbdən doğub, Şərq səhralarının uzaq üfüqlərində qüruba qərq olan "sərbəst" Məcnunları Leyli həqiqətinin axtarışındadırlar... Toxunulmazlar Məcnunlardan gileylidir, Məcnunlar toxunulmazlardan. Odur, adamdı, gəncdi, geyimi keçimi Avropa standartlarına bədahətən cavab verir. Di gəl ki, adam keçmişin dili ilə gələcəyə nəsə anlatmaq çabasındadır. Niyə? Yazılan şeir – öz dövrünü heç bir hissəsində əks etdirmir, yaşını, məkanını və s. gizlədir. Bu nə utopiya sevgisidir? Hanı bəs ədəbiyyat, həm də tarixi poetik çatdıran sahə idi?

– Bəs mənim bir abbasım hara getdi!? – deyirlər adamlar kredit kartı, onlayn pul valyutaları olan dövrü-zəmanəmizdə. Kimlərin tənbehi bu senzuranı yaradır? Niyə məşhur deyimi qulaqlarından sırğa eləmir heç kim:

Başqalarından, onsuz da, var, sən özün ol! Özün ola bilmirsənsə, demə ki, yox imişsən zatən. Fərqi yaratmırlar, ya sən fərqlisən, ya da nə bilim.

Mənimlə razı deyilsinizsə, söhbətə "avtoritet" çağırım:

– Buyurun, hörmətli, Tolstoy bəy, söz sizdədir: Yazmayanda rahat yaşa bilirsinizsə, yazmayın! Təkcə yazdıqlarına görə deyil, yazmadıqlarına görə də şair olur şair. Vəziyyət o qədər qəlizdir ki, dillər əzbəri sözləri, söhbətləri gül kimi yazımın içinə çəkməli oluram.

Götürək elə bunu: Tənqid olmayan yerdə inkişaf olmaz! Bəs bizim dahilərimiz tənqidə açıqdırlarmı? Tutaq lap açıqdılar. Bəs nəticə çıxa bilirlərmi? Öz tənqid göz açılmayan hər kəs yazdığı nə olursa-olsun tənqid gözü açıq olan peşəkarlardan soruşmalı, tənqid edilməli, öz eqosunu tərbiyələndirməlidir. Bu riski edirlərmi? Yoxsa yazdıqları onlara ayə kimi gəlir, dəyişməyin mümkünsüzlüyündədirlər? Baş alıb hara gedir bu qatar? Təriflər, qızılgül dəstəli şərhlər, mat qalmalar, alqışlanmalar bəsirətindən pərdə asır, oyan, ey qafil, oyan! Əgər sizdə zər varsa onu zərgərə göstərin, dəqiq qiyməti o verəcək.

Ustadım, burda hava pis keçir. Yeniseyin yağdırdığı yağışın altında islanır gənclərin cızma-qaraları, Ramizin bu şəhərində cərəyan edir hadisələr, Salamın sinədağında yaylağa çıxılır, hamı zalım adam imiş sən demə, kamança! Həmidin fəlsəfəsində baş yorur "platon" lar. "Sənsiz" sözü deyilənə görə viza düzəldib, ölkəni tərk etmək istəyir, getmək diləyi var bütün gedən qadınların toplaşdığı yerə. "Darıxmaq" deyilənə görə neleqal yollarla qaçmaq istəyəndə sərhəddə saxlanılıb. Hələ bunun üslubu, fərqli cərəyanları var, özünə məxsus xitabı, forması, məzmunu var. Üstəgəl özün olmaq, plagiat etməmək. Və sair və ilaxır. Dərd ağır, mütaliə də pis, ara vermir lağ-lağı. Sənin cavabını Yəqub intizar ilə gözləyirəm, ustad! Gəl bu qırışığa bir ütü çəkək...

# 7082 dəfə oxunub

Müəllifin son yazıları

# # #