Bizə öz arzumuz kimi gələn xeyli şey başqasında, yaxud reklamda gördüklərimizdir - Qismət

Bizə öz arzumuz kimi gələn xeyli şey başqasında, yaxud reklamda gördüklərimizdir - Qismət
22 dekabr 2023
# 14:06

Kulis.az Qismətin "Arzularımız nə qədər bizə məxsusdur?" adlı məqaləsini təqdim edir.


Rene Jirarın 1961-ci ildə çap olunan “Romantik yalan və romansal həqiqət: ədəbi mətndə “Mən” və “Özgə” kitabı modern ədəbi tənqidə təsir etmiş ən ciddi mətnlərdən sayılır.

Jirar nəzəriyyəsini “üçbucaq arzu” anlayışı ilə izah edir: üçbucağın bucaqlarında arzulanan obyekt (nəsnə), arzulayan subyekt (insan) və arzunun vasitəçisi (mediatoru, katalizatoru) var.

Jirar yazır ki, sadəlövh baxış bucağına görə əsas nəsnədir, yəni insan arzusunun səbəbi də, qaynağı da odur. Bir az daha az sadəlövh düşüncəyə görə, əsas nəsnə yox, arzulayan adamdır. Arzulayan adam axtarıb öz nəsnəsini tapacaq, tapmasa da yaradacaq. Bu mənzərədə üçüncü tərəf yoxdur, münasibətlərin həndəsi qarşılığı üçbucaq yox, düz xəttdir. Jirar həmin üçüncü gizli tərəfi, üstü örtülmüş katalizatoru ortaya çıxarır: İnsan hər hansı bir şeyi başqası da həmin şeyi arzuladığı üçün arzulayır, yəni arzularımız özümüzə aid deyil, onlar mahiyyətcə başqalarını rol model seçirlər.

Həmişə arzularımızı “dölləndirən”, hərəkətə keçirən başqa biri var - o, örnəkdir, modeldir. Jirar buna “mimetik arzu”, “metafizik arzu”, “başqasına görə arzu” deyir. Alimin fikrincə, romantik-romansal ayrımı da burda ortaya çıxır: bir tərəfdə subyektin (insanın) muxtariyyətini, azad seçimini və arzunun spontanlığını göylərə qaldıran romantik əsərlər var, o biri tərəfdə isə göylərə qaldırılan həmin anlayışı sual altına alan, onu mübahisələndirən, aldanışın mexanizmlərini ortaya çıxaran, beləcə, arzunun təqlidçi (mimetik) təbiətini faş edən romansal əsərlər...

Jirar deyir ki, hər arzu başqasının arzusudur. Məsələn, Don Kixot ilə can atdığı, arzuladığı cəngavərlik arasında düz xətt yoxdur, burda görünməyən üçüncü tərəf var: Qalliyalı Amadis. Don Kixot onun adını zikr edir, deyir ki, onun kimi olmaq istəyir. Amadis bu üçbucaqda vasitəçi-katalizatordur. Tənqidçi Stendalın “Qırmızı və qara” romanından da tipik bir sitat gətirir: əsərin əvvəlində bələdiyyə sədri və arvadı gəzişə-gəzişə söhbət edirlər, ər arvadına deyir ki, Julyen Sorelin iki oğluna müəllimlik etməsini istəyir. Amma bunu oğullarının gələcəyi, yaxud elm sevgisinə görə istəmir. Onun arzusu özünə aid deyil. Ər-arvad arasındakı dialoq arzu mexanizmini açıqlayır:

“– Valenod uşaqlarına müəllim tutmayıb.

– Bu müəllimi əlimizdən ala bilər.”

Valenod şəhərin ən varlı adamlarından biridir və bələdiyyə sədrinin arzuları rəqibinə görə formalaşır.

Jirarın nəzəriyyəsi çağdaş dövrdə yenidən aktuallaşdı.

Bu gün sosial şəbəkələr başqalarının həyatından müxtəlif anları fasiləsiz şəkildə bizə təqdim etdikcə, üstəgəl, irili-xırdalı şirkətlər internetin operativliyindən, vizuallığından istifadə edərək bizi dalbadal reklam atəşinə tutduqca, “arzu sənayesi” bütün gücüylə işə düşür. Bizə öz arzumuz kimi gələn xeyli şey başqasında, yaxud reklamda gördüklərimizdir.

Çağdaş insan – arzu təqlidçisidir.

Mən Jirarın “üçbucaq arzu” nəzəriyyəsini “Günah keçisi”, “Zorakılıq və müqəddəs” və digər kitablarında genişləndirərək qurban seçmək, linç etmək, qara qışqırıq salmaq kimi bizim cəmiyyətə də xas olan fenomenlərə ustalıqla tətbiq etdiyi əsərləriylə bağlı söhbəti sonraya saxlayıram.

# 1064 dəfə oxunub

Müəllifin son yazıları

# # #