"Ağrının çəkisi yoxdursa, Elza Seyidcahan var..." - Məqsəd Nur

"Ağrının çəkisi yoxdursa, Elza Seyidcahan var..." - Məqsəd Nur
25 iyul 2023
# 11:14

Kulis.az Məqsəd Nurun "Cin ayrı, milli mətbuat ayrı" yazısını təqdim edir.

Hamı deyir milli mətbuatı diriltmək üçün müəllif yazıları lazımdır. Haydı, gəlin yazaq! Hara yazaq? Necə yazaq? Nə cür yazaq? Hamı da bilir ki, yazmaq üçün peşəkar platformaların sayı məhdud, şərtlər isə qəlizdir. Və bunu bilə-bilə yenə istəyirik yazaq. Əslində gerçək vəziyyət də elə budur. Anesteziya altında yaşamaq, kliniki ölümdən ayılıb ara-sıra gözlərini açmaq və ümid etmək ki, hər şey yaxşı olacaq.

Milli mətbuatımızın ümumi vəziyyəti belədir ki... müəllif ölməyib, yazı "ölüb". Soruşulur, bəs sosial mediada yazdığımız bu qədər statuslar nədir, müəllif yazısı deyil? Mütləq sayt, qəzet olmalıdır? Hə, bax burada keşişi ağlamaq tutur. Əlbəttə, peşəkar platforma, fikir və düşüncə ətrafında birləşmiş intellektual çevrələr, nəhayət, bütün bu işlərə görə qonorar ayrılmalıdır. Qonorar isə yoxdur. İndi qonorarı ya dövlət baba təklif edir, ya da sosial medianın Qərbdə və Şərqdə oturan ağaları. Orada isə şərtlər çox qəlizdir.

Əslində, media bir nəfərin, beş nəfərin işi deyil. Media güzgüdür. Sadəcə indiki zaman kəsiyində "bu ayinədə" hər şey əyri görünür. Açıq və gizli sözün bütün şifrələri təkcə müəllifdə deyil, sözün özündə, didəsində, "məmmədqulusu"ndadır. Müəllif kimdir? Sözgəzdirən! Gəzdirdikcə ağrısını çəkən! Bu ağrının çəkisi yoxa çıxanda ortalığa meyxana, votsap qruplarındakı xalalar və Elza Seyidcahan çıxır. Həmişə belə olub, fikrin mənası, enerjisi dəyişib, bir vaxtlar dediyiniz sözün missiyası, rəngi, mesajı, şifrələnməsi dəyişib. Axı mətnin tutarlığını təkcə müəllif deyil, həm də sözün enerjisi, yüklülüyü, mənası müəyyənləşdirir.

Tik-tokdan şikayət edirik. Adi, geniş kommunikasiya imkanları olan populyar platformadır. Pul qazandırır. Bəs orada önə çıxan azərbaycanlılar kimdir? Vaxtilə yalnız krassvord-qəzetlərə, indi isə futbol qumarları üçün köşkə qaçan kütlənin mənəvi davamçıları. Krassvordu populyarlaşdıran və intellektual print-media layihələrini bazardan vurub çıxaran media "kapitan"larımızı isə hamınız yaxşı tanıyırsınız. İndi onlar da ağlaşır ki, vaveyla, milli mətbuat bərbad olub.

Vəziyyət dəyişməyəcək. Daha doğrusu, bizim aramızdan çıxan heç kim gerçək durumu dəyişdirə bilməyəcək. Zaman və yeni nəsil isə məcburi qaydada yeni şərtlər, yeni platformalar yaradacaq. Öz ağlınız, təcrübəniz və kapitalınız hesabına vəziyyəti dəyişdirə bilmirsinizsə, tutduğunuz yerdən imtina etməyi, getməyi bacarın, prosesin təbii axarına mane olmayın. Yox, gedə bilmirsinizsə, susun.

Fikrimcə islahatlara jurnlistika peşəsinin (o cümlədən bu adda fəaliyyət göstərən fakültələrin) adının, peşə sıralamasında idensifikasiya kodunun dəyişdirilməsindən və media-kommunikasiya (ilətişim) ilə əvəzlənməsindən başlanmalı idi. Yeni nəsil "jurnalist"ləri (müəllifləri) müəlimlərinin əruz sancılarından, ustadvari maarifçi təşəbbüslərdən, şair, yazıçı, tərcüməçi, publisist və bu kimi tayfalardan uzaq tutmağın vaxtı çoxdan çatıb. Jurnalistikanı müəllif kateqoriyasında saxlayıb media və kommunikasiyanı bu jurnalistlərdən tamam ayırmaq lazımdır.

Təəssüf ki, milli mətbuatımızın müstəqil mediaya (o cümlədən sosial mediaya) inteqrasiya mexanizmləri iflic edilib. Niyə? Həm də ona görə ki, XX əsrin sonuna doğru media tədrisimizi (şərti olaraq jurnalist ixtisasını) təşkil edənlərin əksəriyyəti filoloqlar, şairlər, yazıçılar, maarifçilər oldu. İndi hamı jurnalist deyəndə əlində mikrofon tutan zavallı müxbiri, operatoru, yaxud blogeri nəzərdə tutur, onu qınayır. O cümlədən "klassik jurnalistlər" də. Digərlərinə isə haqlı olaraq "zurnalist" deyirlər. Çünki, status yazanda da qeybət janrında yazır. Qeybət janrı yaxşıdır, pisdir, hər halda "Molla Nəsrəddin" məktəbinin satirik üslubuna daha yaxındır, bir növ onu yamsılamaqdır. Amma bu milli-mifoloji üslub da öz mənasını itirib, boyatlaşıb.

Necəki meyxanaçılar Aqşin Yeniseyin həmkarı deyil, jurnalistlər də media və kommunikasiya sahəsində çalışanların həmkarı olmamalıdır. Onları AYB kimi bir qurumda toplayıb müəllif statusu vermək lazımdır. Müəllif media və kommunikasiyanın nə edəcəyini, necə edəcəyini şərtləndirə bilməz! Əldəqayırma "jurnalizm"in və tədrisinin patiriarxları hələ də gənclərə stalinizmdən qalma anlayışlar öyrədir, tövsiyələr verir, reportyor yetişdirməkdənsə yazıçı, şair, publisist - bir sözlə özünə davamçı yetişdirir. Sovet dövründə də jurnalistikanın dərdi həqiqətləri və SÖZü palazın altında gizlətməkdən ibarət idi. Lakin sovet dağıldı, reportyorluq, xüsusilə foto və videoreportyorluq önə çıxdı. Bu mənada yaxşı təcrübələrimiz, tariximiz və ənənlərimiz var. Bircə bu jurnalistika deyib haray salanlar könüllü şəkildə media mətbəxindən uzaqlaşsalar, yeni mərhələyə daha asanlıqla və ağrısız keçmək olar.

Gənc media və kommunikasiya işçilərinə isə əsasən ekstremal vəziyyətlərdə işləməyi, yeni istiqamətləri mənimsəməyi, dil və texniki bilgiləri daim təkmilləşdirməyi, milli-mənəvi kontentləri yaxşıca mənimsəməyi və İNSANı sevməyi öyətmək lazımdır. Onların nəyi, necə edəcəklərini biz müəyyənləşdirə bilmərik. Media və kommunikasiyanı daha çox təcrübədə, qısa, yığcam kurslarda və sertifatlaşmada tədris etmək lazımdır.

Bu yazını yazarkən 1991-ci ildə Nəcəf Nəcəfovla ilk görüşümü xatırladım. Ağdərədən reportaj yazmışdım, dedi əla yazırsan, amma hekayə yazma, reportaj yaz, ürəyinin ağrısını da qoy cibinə. O gündən mən ədəbiyyatla mətbuatı birdəfəlik ayırdım. "Jurnalistika" anlayışı ilə media və kommunakasiya anlayışı da beləcə ayrılmalıdır - sözdə deyil, təcrübədə. Media şüşədə saxlaya bilməyəcəyimiz cindir. Müəllif isə cinbala ola bilməz.

Qaynarinfo

# 1187 dəfə oxunub

Müəllifin son yazıları

# # #