Sudanlı qızla evlənmək istəyən nazir – HEKAYƏ

Sudanlı qızla evlənmək istəyən nazir – HEKAYƏ
9 avqust 2016
# 16:03

Kulis.az Alpay Azərin “VİP nazir və qeyri-VİP prezident” hekayəsini təqdim edir.

“Siyasi-psixoloji tipajlar” silsiləsindən

(kino üçün hekayə)

VİP ölkənin İqtisadiyyat və Ticarət naziri, zati-aliləri, cənab Muhəmməd ibn Ömər ibn Səid Əl-Obeydat başda olmaqla nümayəndə heyətinin olduğu təyyarənin beynəlxalq hava limanına enməyinə saat yarım qalmışdı. Hardasa yeddi saat əvvəl, hələ təyyarə göyə qalxmamış nazirin protokolçusu (protokol xidmətinin rəisi) cənab Musa Əbu Səid əl-Muğir telefonla enəcəkləri ölkənin prezident aparatında işləyən həmkarına nə qədər dil töksə də, istədiyinə çatammırdı. Telefonun o başındakı cənab həmkar (mister colleague) tez-tez qol saatına baxaraq:

– ...Cənab Əl-Muğir, rica edirəm, bizi düzgün başa düşün. Bizim ölkədə ancaq dövlət başçılarını, bir də, baş naziri təyyarənin trapının ağzından maşınla götürüb birbaşa iqamətgaha, ya otelə aparırlar. Zati-aliləri Əl-Obeydat hansı markalı maşın istəyirsə, onun üçün ayıra bilərik. Amma dediyim kimi, cənab nazir, eləcə də nümayəndə heyəti trapda onlar üçün ayrılmış mikroavtobusa minəndən və nəhayət, nazir VİP salonuna daxil olub çölə çıxandan dərhal sonra, qapının ağzında istədiyi maşına minəcək və o, yol polisinin müşayiəti ilə Hilton otelinə çatdırılacaq.... Cənab əl-Muğir... Sona qədər məni dinləyin, lütfən.... Yəni bu prosedur tək sizə yox, bizim ölkəyə səfər edən ABŞ, Böyük Britaniya kimi ölkələrin istənilən nazirlərinə, onlarla bir yerdə gələn nümayəndə heyətinə də tətbiq olunur. Sizin istədiyiniz protokol qaydası isə dediyim kimi, ancaq ölkə başçılarına, bir də baş nazirlərə tətbiq olunur....

Əl-Muğirsə cavabında, – o da tez-tez gah qol saatına, həyəcanlandığından dalınca divardakı saata baxırdı, – deyirdi ki, cənab nazir mikroavtobusa minib VİP zaldan keçmədən, birbaşa trapın ağzından maşına minib otelə getməyi israrla xahiş edir:

– ...Yenə də deyirəm, biz nümayəndə heyətindən tək cənab nazir üçün bu proseduru istəyirik. Qalan üzvlər üçünsə problem yoxdu, yəni dediyiniz kimi, biz mikroavtobusla aeroportun VİP salonundan keçəcəyik, nazirin pasportu isə məndə olacaq, yəni... Əks halda təyyarəmizlə öz ölkəmizə geri qayıtmağa məcbur olacağıq və açığı, bu, dövlətlərarası münasibətlərdə xoşagəlməz bir hadisə kimi yadda qalacaq.

Son cümlələri deyəndə, Əl-Muğir beş dəfə “öldü-dirildi”, dəsmalla tərləyən alnını sildi, çünki yaxşı bilirdi ki, krallığın naziri, ya nazirləri ABŞ, Fransa, Böyük Britaniya kimi dövlətlərə uçanda, bu cür danışıqlarda “Bu bizim protokol tələbimizdi”, “Nazir israrla tələb edir” kimi ultimatumlardan nəinki istifadə edirlər, heç bunu ağıllarına belə gətirmirlər. Düzü, yazıq Əl-Muğiri qınamaq da olmazdı, nazirin əmriydi, ən qısa zamanda yerinə yetirilməliydi.

– Cənab əl-Muğir, mən sizə indi bir də zəng edərəm, – qeyri-VİP həmkarı dedi və telefonun dəstəyini yerə qoyub deyinməyə başladı. – Bunun dediyi sözə bax, biz bütün nümayəndə heyəti üçün istəmirik, tək nazir üçün istiyirik bu proseduru. Gəl hələ bütün nümayəndə heyəti üçün də istə.

VİP krallıqdakı həmkarıyla telefonla danışa-danışa məsələni prezidentin müşaviriylə məsləhətləşmək ideyası ağlına gəlmişdi...

Əl-Muğir təbii ki, öncə uçacaqları, yəni konfrans keçiriləcək ölkənin iqtisadiyyat və ticarət nazirliyində işləyən həmkarına zəng etmişdi. Həmkar buna deyəndə ki, istəyinizi həyata keçirmək heç cürə mümkün deyil, Əl-Muğir məsələylə bağlı öz xarici işlər nazirliyinə müraciət etmişdi, nazirlik də öz növbəsində qeyri-VİP ölkədəki eyni nazirliyə bir növ xahiş notası göndərmişdi. Qısası, axırda məsələ gedib çıxmışdı VİP krallıqdakı nazirliyin protokolçusuyla konfrans olacaq ölkənin prezident aparatının protokolçusu arasındakı əsəbi telefon söhbətlərinə...

Təyyarə artıq aram-aram buludların arasıyla uçurdu. Nazir, zati-aliləri Əl-Obeydat təyyarənin onun üçün ayrılmış xüsusi otağındakı çarpayıda uzanıb, tavana baxa-baxa uçüncü dəfə hansı ölkədən arvad alıb evlənmək probleminin əlində girinc qalmışdı. İki arvadı ağdəriliydi, üçüncü seçimində qalmışdı qıyıqgözlü ilə dərisi qəhvəyi rənglinin arasında. Fikirləşib-fikirləşib ikincinin, – sudanlının üstündə dayandı. “Xartumda nazirlərin konfransı olsaydı, gedərdim ora”. Üstəlik, Sudanın iqtisadiyyat naziriylə dost idi, beynəlxalq tədbirlərin birində tanış olmuşdular. Xartumda bir konfrans olsaydı, gedərdi ora, konfrans naharlarının birində arzusunu dostuna deyərdi. Sözsüz ki, sudanlı nazir layiqli qız tapmaq məsələsində VİP ölkədən olan dostuna kömək edərdi. Qız xoşuna gəlsə, ən əsası, evlənəndən sonra yaxşı arvad çıxsaydı, Əl-Obeydat Sudana güzəştli kredit verərdi, dostuna isə bahalı hədiyyə alardı.

Ayfonunu götürüb, sudanlı dostuna belə bir sms yazdı: “Qardaş, ölkəndən bir xanımla evlənmək istəyirəm, necə baxırsan bu məsələyə? Muhəmməd Əl Obeydat” Sonra bir müddət telefonu əlində saxladı, cavab sms gəlmədi deyə, qoydu çarpayının üstünə.

Fikirlərə dalmış nazir qəfildən yerindən qalxdı, hamam-tualetə keçdi. Qızıl çərçivəli güzgünün qabağında dayanıb özünə baxdı, kranı açıb sifətinə su vurdu, özündən razı halda qalstukunu bərkitdi. Sonra güzgünün qabağındakı darağı götürüb saçını daramağa başladı. Bu vaxt təyyarə turbulentliyə düşdü deyə bərk silkələndi, özündən razı nazirin əhvalı, rəngi qəfil dəyişdi, tez dua oxudu. Hamam-tualetdən çıxıb masa arxasında əyləşdi, yarımçıq qalmış şaftalı şirəsini borucuqla az qala birnəfəsə içdi, stəkanın dibindəkini sümürdü. Bu vaxt ayfonuna sms gəldi, həvəslə ayağa durub çarpayıya tərəf getdi, götürdü, gülə-gülə gələn sms-i açdı. “Getdiyin yerdən qıyıqgözlü arvad alsan, sənin gözlərini dartıb balacalaşdıracam, onunkunu isə kor edəcəm”, dalınca qəzəb işarəsi. İkinci arvadından gəlmişdi sms, nazir qımışdı. Pəncərədən bir müddət buludlara baxdı. Sonra belə bir sms yazıb göndərdi ikinci arvadına: “Bu mənim bir müsəlman kimi haqqımdır”, ayağa durdu, ümumi salona keçdi, tez təyyarədəki nümayəndə heyəti ayağa qalxdı. Nazir az öncə dizlərinin üstündəki baxdığı kağızları ayağa durduğundan yerə salan protokolçusuna yaxınlaşdı:

– Əbu Səid, o kağızları sonra götürərsən. Nə oldu dediyim məsələ?

– Dedilər ki... çalışacayıq... məsələ, – protokolçu kəkələdi.

– Çalışacayıq, dedilər ki, məsələ, – ağzını əydi, – Bu olmadı ki, – gözüylə təyyarənin divarından asılmış peyk telefonunu göstərib, – bir də zəng elə, mənə konkret cavab ver, “hə” ya “yox”, – deyib öz otağına qayıtmaq istəyəndə ayfonuna yenə sms gəldi.

”Yəqin arvaddandı, – fikirləşdi, – bayaqdan fikirləşirmiş nə cavab yazım”. Açıb oxudu. “Böyük məmnuniyyətlə. Bircə gəlməmişdən bir həftə əvvəl xəbər etməyi unutma. Ömər Əl-Hüseyni”. Sms sudanlı nazir dostundan gəlmişdi. Az öncə aerpoportda qarşılanma məsələsinə görə nazirin sifətinə təbəssüm qondu. Bu sifətlə də otağına qayıtdı.

Qıpqırmızı qızaran protokolçu Əbu Səid az əvvəl yerə düşən kağızları yığıb oturacağa atdı və divardan asılan peyk telefonuna yaxınlaşdı. Dəstəyi götürəndən sonra pıçıltıyla, yalvarışlı tonda dua oxuyub əli əsə-əsə nömrələri basmağa başladı. Nömrəni səhv yığdı deyə, hirslə-zərblə dəstəyi yerinə qoyub yerdəki həmkarını bir də yığdı.

* * *

Qitələrarası Yardımlaşma Təşkilatına üzv dövlətlərin iqtisadiyyat və ticarət nazirlərinin iki günlük konfransının keçiriləcəyi, diplomatiya diliylə desək, ev sahibliyi edən ölkənin protokolçusu, – o da telefonla danışa-danışa on beş dəfə “ölüb-dirilmişdi”, – məcbur olub məsləhətləşmək üçün iki mərtəbə aşağı prezidentin xarici siyasət məsələlərinə baxan müşavirinin otağına düşdü.

– ...Qalmışam belə, nə qədər deyirəm, başa salıram bizim protokol qaydalarını, ölkələrdən misal gətirirəm, xeyri yoxdu, dediklərim Əbu Səidin boş başına girmir.

– Əbu Səid kimdi? Nazir?

– Yox, protokol xidmətinin rəhbəridir. Nazirin adı Muhəmməd Əl-Obeydatdır.

– Ayıb olsun, adına bax, elədiyi hərəkətə bax. Təsəvvür elə, Məhəmməd peyğəmbər Şam şəhərinə səfər edir və əvvəlcədən Roma imperatorunun ordakı canişininə xəbər göndərir ki, şəhərin girəcəyində mənim üçün ağ dəvə təşkil eliyin, mən qara dəvədən düşüb ağ dəvəyə minib səninlə görüşə gələcəm. Dediyimi eləməsəz, qara dəvəmlə Məkkəyə qayıdacam.

Protokolçu gülməyə başladı, dalınca müşavir də güldü. Müşavir soruşdu:

– Yaxşı, nə unltimatum verir bunlar? Bir halda ki, təyyarə artıq göydədi, gəlirlər.

– Düzdü, göydədilər, – protokolçu şəhadət barmağıyla göyü göstərdi. – bizdən cavab gözləyirlər.

– Cavab gözləyirlər? – müşavirin təəccübdən gözləri bərəldi, – ordan da zəng eləmişdilər?!

– Hə, – yazıq-yazıq gülümsədi. – Təyyarənin peyk telefonuyla.

– Hmm, başa düşmədim, tutaq ki, bunlara cavab veririk ki, bağışlayın sizin istəyi yerinə yetirə bilməyəcəyik, neyləyəcək bu nazir? Primakov kimi təyyarəni havada geri döndərəcək*?

– Birbaşa elə deməsə də, dediyindən belə çıxdı, – protokolçu yenə yazıq-yazıq gülümsədi.

– Hmm, işlər onda ciddiymiş ki. Off, – müşavir dərindən ah çəkdi, – yaxşı, qoy onlar istədiyi kimi olsun. Düzü, bu dövlət indiyə qədər bizim ölkəyə üç milyard dollara yaxın investisiya qoyub. Bir dəyqə... – deyib, kompyuterində “Tərəfdaş dövlətlər” qovluğuna, ordan isə “Bizə səsverən dövlətlər” faylına girdi. Əliylə monitoru göstərərək: – Hə, üstəlik, bunlar BMT-də keçirilən illik yekun səsvermələrdə həmişə bizim xeyrimizə səs verirlər. Sən elə indi öz otağına düşəndə, bizim hava yollarının prezidentinə zəng edib, mənim adımdan danış, məsələni izah elə, xahiş et ki, krallıq deyən kimi olsun, istədikləri maşın trapdan götürsün onları aparsın otelə. Yeri gəlmişkən, o nazirin qaldığı nömrə hansındandı?

– Kral otağı.

– Aydındı, o, yəqin arvadlarını, cariyələrini də özüylə gətirir.

– Oldu, mən qaçım zəng edim, – protokolçu artıq aralanmaq istəyirdi.

– Sən qaç, yoxsa təyyarə göydə geri dönər. Hə, bir dəyqə, amma hava yollarına zəng edəndə, mütləq de ki, informasiya məxfidir, işçilərinə də tapşırsın ki, bunu orda-burda danışmasınlar. Bu, elə sənə də aiddir, informasiya mətbuata sızsa, özün bilirsən necə skandal ola bilər.

– Əlbəttə, arxayın ol, hər şey sən deyən kimi olacaq.

Az sonra protokolçu sevincək otaqdan çıxdı, yenə geri qayıtdı.

– Nə oldu? – müşavir təəccüblə soruşdu. – Bayaqdan tələsirdin?

– Heeç, – deyib protokolçu ağlına gəldiyini deməyi lazım bilməyib tez otaqdan çıxdı və sürətlə, sevincək pilləkənləri aşağı düşməyə başladı.

* * *

VİP ölkənin dünyanın bir çox ölkələrində səfirlikləri var, səfirlər bağlı-bağatlı iqamətgahlarda qalır, təmiz bal, varsa balıq kürüsü yeyir, bulaq suyu içirlər, filtr aparatının təmizlədiyi su ilə çimirlər, qüsl alırlar. Qaldıqları yerin ekzotik yeməklərindən, meyvələrindən, imkan düşəndə, gizlincə “ekzotik” qızlarından da təam edirlər.

Konfrans başlayan dövlətdə VİP krallığın səfiri də özünü belə şeylərdən məhrum eləmirdi. Üstəlik, Hilton otelində günü iki min avro olan Kral Qonaq Otağını (King Hilton Guest Room), Ritz Carltonda isə elə təxminən bir o qədər qiyməti olan Prezident Lüks Otağı (Presidential Deluxe Room) altı aylığa icarəyə götürmüşdü, – yəni öncədən cənab səfir həmin otellərin hesabına 366 min Avro pul ödəmişdi. Altı ay içində Ritz Carltonla Hiltonun həmin ən bahalı otaqlarından on dəfə istifadə ediləydi, ya yox, bir krallıqdan qonaq gələndə, – iki-üç gün qalırdılar orda, – bir də, cənab səfir orda yüksək səviyyəli yerli ya xarici qonaqlarını qəbul edəndə. Hər iki oteldəki nömrələrə böyük, işıqlı, şəhərin gözəl panoramına baxan qonaq və yataq otağı üstəgəl cakkuzili böyük hamam-tualet daxiliydi. Səfir adətən öz ölkəsinin naziri-filan gəlməmişdən üç-dörd gün əvvəl o otellərdən birinə gəlir, bir-bir otaqlara baxıb otel menecerinə son tapşırıqlarını verirdi.

Qarşılıqlı Yardımlaşma Təşkilatı ölkələrinin İqtisadiyyat və Ticarət nazirlərinin iştirak edəcəyi konfransdan bir həftə əvvəl isə səfir Hiltonun Kral Otağında menecerə pəncərənin qırağına fikus gülünün yerinə orxideya və bənövşə güllərinin, yazı masasına isə yaşıl örtüklü lampa qoyulmasını tapşırdı. “Hovuz suyunun temperaturu 28 dərəcə, saunada istiliyin tempraturu 60 dərəcə olsun, qulluqçular hamısı ağdərili olsun,” ¬– sonuncunu təbii ki, pıçıltıyla dedi səfir. Otel meneceri səfirə qulaq asa-asa başını tərpədib okey deyir, yanındakı köməkçisi isə sol əlində tutduğu qeyd dəftərçəsinə VİP ölkə nazirinin və nümayəndə heyətinin istəklərini-kaprizlərini yazırdı.

Ingilislərin, fransızların, ya yaponların təzə təyin olunmuş səfirlərindən biri hansısa nazirləri o şəhərə gəlməzdən bir ay əvvəl Hilton, ya Ritz Carltonda kral qonaq otağını üç günlüyə götürmək istəyəndə, otelin gülümsər sifətli meneceri mədəni şəkildə deyirdi ki, bağışlayın, amma o otaq artıq tutulub. Onda ingilis, ya yapon səfiri bir az dilxor olsa da, gedib həmin otağı başqa beşulduzluda tapırdı.

* * *

Zati-aliləri, cənab Muhəmməd ibn Ömər Əl-Obeydat öz yüksək səviyyəli məmurlarıyla (senior officials) maşınlardan düşdü. Yerli nazir öz müaviniylə konfrans başlayan sarayın qapısında uzun, ağ cülbab (Bəzi ərəb ölkələrində kişilərin geyindiyi əbaya bənzəyən baş örtüyü ilə birgə ənənəvi geyim) geyinmiş VİP həmkarını qarşıladı. Üç dəfə bir-birinin yanaqlarından yüngülcə öpüb “Salam-əleykum, xoş gəldiniz”, “Necə gəldiniz?”, “Qaldığınız yerdən razısınızmı?” kimi sual-cavabdan sonra zala girdilər...

Nəhayət, konfransın moderatoru kimi yerli nazir çıxış üçün sözü zati-alilərinə verdi. Zati-aliləri qarşısındakı mikrofonun düyməsini basdı:

– Bismilləhir Rəhmənir Rəhim, assalamu aleykum və rahmatullahu və bərəkətuhu, – təşəkkür və gəldiyi ölkədə olmaqdan şərəf duyduğunu bildirəndən sonra: – Çıxışıma Qurani-Kərimin “Əl-Bəqərə” surəsinin 148-ci ayəsiylə başlamaq istərdim: Əuzubilləhi minəş-şeytanir- rəcim, bismilləhir-Rəhmənir-Rəhim. Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın. Harda olursunuzsa olun, Allah sizi bir yerə toplayacaqdır. Həqiqətən Allah hər şeyə qadirdir! Bu gün sürətlə qloballaşan dünyamızda müsəlman ümməti bir sıra problem və çağırışlarla üzləşməkdədir...

Sonra nazir ənənəvi olaraq bəzi ölkələrdə yaşayan müsəlmanların problemlərindən, oralarda yaşayanlara krallığın yardımlarından danışdı, məlum oldu ki, son iki ildə o ölkələrə krallıq beş milyard yarım dollar humanitar yardım edib, son on ildə isə onların iqtisadiyyatının inkişafına on iki milyard dollar yatırım qoyub. Ən axırda ölkəsində Ümumdaxili Məhsulun, adambaşına düşən gəlirin artmasından, sosial proqramlardan-filandan danışdı və gözünü kağızdan çəkərək son cümləsinə nöqtə qoydu:

– Diqqətiniz üçün təşəkkürümü bildirirəm. Vəssalamu aleykum və rahmətullahu və bərəkatuhu.

Çıxışını bitirib masanın üstündəki proqrama baxdı, daha beş nazirin çıxışına qulaq asdı, – onlardan ikisi qonşu neft-qaz olan ölkələrdən gəlmişdi, üstəlik, biriylə dost idi. Nahar fasiləsində yerli nazirin hədiyyəsini məmnuniyyətlə alıb təşşəkkür elədi VİP nazir: bu, onun ayaqüstə ənənəvi-milli geyimdə təsviri olan, qıraqları naxışlı böyük bir portret xalça, araqçın və zolaqlı uzun xalat idi.

Konfransa ev sahibliyi edən ölkənin protokolçusu ikinci dəfə qətnamə qəbul olunanda böhran keçirdi. Konfransın ikinci günü, günün ikinci yarısıydı, krallığın protokolçusu Musa Əbu Səid əl-Muğir hövlnak zalda iclas gedə-gedə özünü katiblik yerləşən otağa yetirdi. Orda bu vaxt iki böyük printer şaqqaşaq nazirlərin müzakirəsinə veriləcək, ənənəvi olaraq yekdil səslə qəbul ediləcək yekun qətnaməni çap edirdi. Əl-Muğirin əlində A4 formatında kağız vayırdı, kağızda isə bunlar yazılmışdı: “Üzv-ölkələr Krallığın son zamanlar təşkilatın gücləndirilməsi, eləcə də üzv-ölkələrin iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi tədbirləri, xüsusilə, bununla bağlı ayırdığı 10 milyard dollar həcmində maliyyə yardımını alqışlayır”.

VİP protokolçu əlindəki kağızla katibliyə başçılıq edən, dayanmadan qətnaməni çap edən printerə xoşbəxt-təbəssümlü nəzərlərlə baxan qaradərili məmura yaxınlaşdı və əlavənin yekun qətnaməyə salınmasını xahiş etdi:

– Cənab Əl-Həsəni, – Əl-Muğir məmurun boynundan asılan bədcə baxıb soyadını dedi.

– Buyurun, – təbəssüm cavab verdi.

– Lütfən, mümkünsə, krallığımız adından bu əlavəni qətnaməyə salardız. – o biri təbəssüm yalvarışlı baxışlarla dedi.

Katibliyin başçısı gülərüzlü Əl-Həsəni ondan kağızı alıb baxdı, oxudu və qəfildən gizli qəzəbə döndü:

– Mümkün deyil, cənab Əl-Muğir, gecdir artıq, – təkliflər yazılmış kağızı ona uzatdı. – Baxın, printerərimizin ikisi də qətnamələri çap edir. Bir də, siz bilirsiz ki, katiblik dörd ay əvvəl üzv-dövlətlərə, o cümlədən, sizin nazirliyə nota göndərib. Orda yazmışıq, xahiş etmişik ki, bir ay müddətində yekun qətnaməylə bağlı bütün təkliflərinizi göndərəsiniz. Siz isə...

– Biz nota almamışıq.

– Axı bu mümkün deyil, cənab Əl-Muğir, – Əl-Həsəninin səsindəki əsəbilik daha da artdı. Qaradərili olmasına baxmayaraq əsəbiləşdiyindən qara dərisindəki qırmızılıq az da olsa sezildi. – İstəsəniz, mən bu dəqiqə öz noutbukumda rəsmi elektron ünvanından sizə, nazirliyin rəsmi emailinə gedən notanı, göndərilmə tarixi, nömrəsiylə bir yerdə göstərə bilərəm. İkincisi, həmin o notada yekun qətnaməylə bağlı təklifləri yazıb göndərmələrini xahiş etmişik. İndi, – katibliyin başçısı qol saatına baxıb, – saat üçdür, iki saatdan sonra sənəd qəbul olunacaq, siz bir vaxtda, üstəlik, elə bir məzmunda əlavə gətirmisiz ki, onu əlavə etmək heç cür mümkün deyil. Üstəlik, bu əlavədə həssas məqamlar var.

– Hansı həssas məqamlar?

– Bilirsiz ki, üzv-ölkələr arasında kifayət qədər təşkilata yardım edən dövlətlər var və indiyə qədər bu tipli sənədlərdə göstərilən yardımın rəqəmi bir yana, heç ayrıca dövlətin adı belə göstərilmir. Bu baxımdan, sizin tələbiniz...

– Tələbimiz yox, xahişimiz.

– Olsun xahişiniz. Bir sözlə, xahişiniz təşkilatın prosedur qaydalarına uyğun deyil.

– Axı bunun təklif kimi irəli sürülməsində nə problem var ki?

– Mümkün deyil, cənab Əl-Muğir.

Elə bu vaxt VİP ölkənin protokolçusu qəfildən printerdən çıxan yekun qətnamələrdən birini götürüb tez otaqdan çıxdı, katibliyin başçısı “Siz neyniyirsiz?” – deyib Əl-Muğirin arxasınca getdi. Konfrans zalında sanki qaçdı-tutdu oyunu gedirdi. Katibliyin başçısı addımlarını yeyinlədərək “Bir dəyqə dayanın” deyib protokolçuya çatmaqdaydı.

Sonda hər ikisi eyni vaxtda konfransa ev sahibliyi edən ölkənin özünü asmağa hazır olan protokolçusuna yaxınlaşdı. Əl-Muğir əlindəki kağızları həmkarına göstərib məsələni tez izah elədi. Dalınca katibliyin başçısı dedi ki, bu, mümkün olan şey deyil: “Mən cənab Əl-Muğiri heç cürə başa sala bilmirəm ki, verdiyi təklif prosedur qaydalarına uyğun deyil. Əgər bu gün biz krallığa bu hüququ versək, sabah başqa ölkələr də eyni təkliflərlə çıxış edəcək və nəticədə yersiz mübahisələr yaranacaq. Bəlkə, siz izah edəsiz məsələni?” Qeyri-VİP ölkənin protokolçusu da bu sözlərə dəstək oldu:

– Cənab Əl-Muğir, bizi başa düşməyə çalışın, biz sizin ölkəyə hörmətlə yanaşırıq, təşkilata göstərdiyi dəstəyi yüksək qiymətləndiririk, amma siz də öz növbənizdə prosedur qaydalarına gərək riayət edəsiz...

Yenə mübahisə başladı, qızışdı, axırda qeyri-VİP ölkənin protokolçusu əlində kağızlarla öz ölkəsinin iqtisadiyyat nazirinin yanına gedib krallığın xahişini ona çatdırdı. Nazir kağızları qabağına qoydu, gah qətnamə layihəsinə, gah da krallığın iki cümləlik təklifinə baxdı. Axırda qələmini götürüb, 10 milyard dollar rəqəminin üstündən xətt çəkərək dedi: “İzah et de ki, bu, yeganə kompromis variantdır. Əgər razılaşmasa, desə ki, iclası tərk edərik, deyərsən ki, bu, sizin öz işinizdir, necə istiyirsiz, elə də edin. Hədə-qorxu gəlməklərinə baxma, inanmıram iclas qurtaran gün rədd olub gedələr. Əslində, biz gərək heç onların trapdan qarşılama xahişini də yerinə yetirməyəydik”.

Protokolçu əlində kağızlar məsələni kompromis yoluyla həll edə bildiyi üçün üzündə sevinc ifadəsi Əl-Muğirə və katibliyin başçısına yaxınlaşaraq, onlara əl işarəsiylə ardınca gəlməyi işarə etdi. Hər üçü katiblik olan otağa girdi. Kompromislə tanış olan VİP protokolçu 10 milyard dolların silindiyini görüb burnunu salladı. Yerli protokolçu heç nə demədən burnunu sallayan həmkarının gözlərinə sərt nəzərlərlə baxdı: yəni ay əclaf, sən və nazirin dünən göydə bizi bezdirirdiz, indi də yerdə, nə deyirsiz eliyirik, indi utanmaz-utanmaz ağız büzürsən, heç olmasa, indi zəhmət çək, təşəkkür elə və deyilənlə razılaş”. Bu sərt baxışda həm də “Əlacım olsa, səni güllələyərdim” yazılmışdı. VİP protokolçu mübahisənin yersiz olduğunu başa düşüb: “Okey, siz deyən olsun,” – deyib onları tərk etdi. Bunu eşidən kimi, Əl-Həsəni uca səslə işçilərinə dedi: “Qətnamənin çapını dayandırın!”

* * *

Zati-aliləri Əl-Obeydat axşam ziyafətində konfransın keçirildiyi ölkə prezidentinə yaxın yerlərdən birində oturmuşdu, şirin-şirin söhbət edirdilər. Prezident naziri burda görməsindən çox məmnun olduğunu, ölkəsinə qoyduğu investisiyalara görə ona dərin təşəkkürünü bildirdi. Əlavə elədi ki, naziri ən yüksək səviyyədə qarşılamaq onlar üçün xoşdur, bir növ işarə vurdu ki, sizin birbaşa təyyarənin trapından maşınla götürülüb otelə gətirilmək istəyinizin yerinə yetirilməsindən xəbərim var. Sonda isə krala salamını göndərdi və onu öz ölkəsində görməkdən həmişə məmnunluq və şərəf hissi keçirdiyini bildirdi. Bu xoş sözlərdən sonra nazir etika xatirinə gülümsədi, hər cümlədən sonra başını tərpədə-tərpədə göstərilən “hörmət və iltifata” görə təşəkkürünü bildirdi, qarşılıqlı münasibətlərdən danışdı, ilk dəfə səfər etdiyi bu ölkəni, xüsusilə, milli yeməklərini, – başıyla masaya işarə edərək, – bəyəndiyini dedi. Prezident elə hey VİP nazirə xoş sözlər deməkdəydi, hətta çaşdığından iki il əvvəl krallığa elədiyi səfər zamanı “möhtəşəm qədim tarixi yerləri görməyindən” məmnun olduğunu dedi. Halbuki möhtəşəmşiyi bir yana, o ölkədə “qədim tarixi yerlər” yox dərəcəsindəydi. Nazir isə nə eşitməyindən asılı olmayaraq, məmnun-məmnun başını tərpədirdi, – qıraqdan baxan elə bilərdi ki, VİP ölkədən gələn prezidentdi, ona xoş sözlər deyən isə nazirdir.

Zati-alilərinin sol tərəfində oturmuş yerli nazir prezidentin tapşırığıyla sözarası qeyd elədi ki, gələn il ölkəmizdə qaz emalı zavodunun tikintisi planlaşdırılır. Beş yüz milyon dollar faizsiz, uzunmüddətli kreditə ehtiyac var, əvəzində isə hazır olacaq zavodun səhmlərinin iyirmi beş faizi krallığın aparıcı neft-qaz şirkətlərindən birinə verilə bilər. Yerli nazir həm də sanki həmkarına bunları çatdırırdı: “Gözlərimin içinə diqqətlə bax, oxu baxışlarımı, sənə görə protokol qaydamızı pozmuşuq, səni az qala kralınız səviyyəsində qəbul elədik, sən də zəhmət çək, kredit məsələsində bizə kömək elə, üstəlik, iyirmi beş faizlik səhmdə sənin də payın ola bilər”. Əl-Obeydat deyəsən, onun gözlərindəkini oxudu, cavabında gülümsəyə-gülümsəyə quruca, protokolcasına dedi ki, təklifə baxarıq, dəyərləndirərik, əlaqə saxlayarıq.

Hələ ki, şam ziyafətində prezidentin son iki gündə telefonda ölüb-dirilən protokolçusu xoşbəxtiydi, həvəslə həmkarı Əl-Muğirə qulluq edirdi, – masanın yanında əmrə hazır əsgər kimi dayanan ofisianta heç nə buyurmadan özü VİP ölkənin protokolçusunun qabağına tərəvəzli plovdan, qızardılmış qoyunun bel ətindən qoya-qoya deyirdi: “Bundan da yeyin. Bu, bizim ən məşhur milli yeməyimizdir”. Elə bil iki gün əvvəl əsəbini güclə boğaraq, birbaşa trapa maşın gətirmək ultimatumuna görə az qala göydəki təyyarəyə aviaqəza qarğışı edən, dünən qətnaməyə əlavəyə görə isə onu konfransın katibliyində “güllələməyə” hazır olan özü yox, başqasıydı. (Üstəlik, vidalaşanda, ölkəsinin tarixi abidələrindən birinin suvenir maketini VİP protokolçuya verdi).

Yenə prezidentin tapşırığıyla yerli nazir Əl-Obeydatı restoranın çıxışına qədər yola saldı, qarşılıqlı üç-dörd bəzəkli-düzəkli vida cümləsindən sonra yüngülcə qucaqlaşıb, üç dəfə yanaqlarıyla öpüşüb sağollaşdılar.

Ziyafətdən qayıdan VİP nazir iki-üç yaxın əyanıyla otelin hovuzunda çimdi, saunada buğ qəbul elədi və kral otağına qayıtdı... Pəncərədən işıqlı şəhərə, sonra qol saatına baxdı, bir az qaz emalı zavoduyla bağlı kredit, səhmlər təklifi barədə fikirləşdi, başını qaşıdı. Düzü, səhmlərdən bol idi, – ABŞ-da, Almaniyada, İtaliyada, bir də Çində qaz, tikinti, telekommunikasiya şirkətlərində onun da payı varıydı. Amma yenə fikirləşirdi: bəlkə dəyər.

O biri otağa keçdi, səccadənin üstündə şam və işa namazlarını birləşdirib səfər namazını qıldı, rukuda ucadan və ürəkdən “Allahu-Əkbər”, səcdədə isə ürəkdən “Subhanuhu və rabbil-alə” dedi ki, Allahın köməkliyi ilə sağ-salamat vətənə dönsün. Namazını qılıb, dualarını oxuyandan sonra böyük otaqda Əl-Cəzirə kanalıyla Suriyada gedən qırğın reportajlarına baxdı. Durub yazı masasının arxasında oturdu, yaşıl abajurlu masaüstü lampanı üç-dörd dəfə yandırıb söndürdü, rənginə, klassik dizaynına görə bu cür lampaları sevirdi deyə, səfər etdiyi bütün ölkələrə özüylə aparırdı.

Daha sonra lampanı söndürmədən yenə qayıdıb divanın üstündə oturdu, gah televizora, gah da tez-tez maraqla masanın üstündə yanmağa davam edən yaşıl işığa baxdı, təsəvvürünə gətirdi ki, o, nazir yox, artıq kraldır, onu xarici səfərlərdə kral kimi qəbul edirlər, özünün şəxsi təyyarəsi var, dövlət başçılarıyla, BMT-nin, NATO-nun baş katibiylə görüşür, – ən əsası, ABŞ prezidenti ilə görüşüb regiondakı geosiyasi məsələləri həll edir və nəhayət, dünya bazarında krallığın maraqlarına uyğun neftin qiymətini əldə etmək üçün OPEK-in fövqəladə iclasında iştirak edəcək neft və energetika nazirinə kabinetində tapşırıqlar verir. Nəhayət, təsəvvürlərindən “çıxıb” səslə əsnədi, sonra köməkçisinə zəng elədi:

– Əbu Əli.

– Buyurun, cənab nazir.

– De, mənə sulu qəlyan hazırlasınlar.

– Hansından, cənab nazir?

– Alma dadı verəndən.

– Oldu, cənab nazır.

Sonra nazir qol saatına baxdı, protokolçusuna zəng etdi:

– Otur, Əbu Səid, – kreslonu göstərdi. – Sən dönməyimizlə bağlı burdakı protokol rəisiylə bir də danışmısanmı?

– Bəli, cənab nazir, danışmışam. Maşın sizi birbaşa trapa aparacaq, bütün yolasalma məsələləri bizim istəyimizcə həll olunub.

– Lap yaxşı. Onda... Hə, yaxşı yadıma düşdü, sən yekun qətnaməni götür, gəl otağıma.

– Oldu, cənab nazir, – səsində həyəcan hiss olundu.

Az sonra protokolçu nazirin qapısını döydü, qapı açıldı, o içəri keçdi.

– Əbu Səid, çay, yoxsa qəhvə istəyirsən?

– Təşəkkür edirəm, cənab nazir. Az öncə qəhvə içmişəm.

– Onda ver qətnaməyə baxım, – yekun qətnaməni götürüb baxdı. – Bizim təklifimiz.... Hə tapdım. – yavaş səslə bəzi sözləri buraxaraq oxumağa başladı, – krallıq... on milyard.... dəstək... Əla, Əbu Səid, sənə gələn ay maaşdan əlavə pul mükafatı yazacam.

– Təşəkkür edirəm, cənab nazir.

– Gedə bilərsən.

– Oldu, cənab nazir...

...Yox, üzv-ölkə nazirlərinin qəbul etdiyi yekun sənəddə “10 milyard dollar” göstərilməmişdi. İclas vaxtı dizinin üstünə qoyduğu noutbukunda kağıza baxa-baxa qətnamə mətnini yenidən yığan Əl-Muğir necə deyərlər, özbaşına rəqəmi ora əlavə eləmiş, sonra faylı fləşə, yəni daşınan yaddaş kartına atıb, oteldə printerdən çıxarmışdı. İnanmırdı ki, nazir nə vaxtsa Qarşılıqlı Yardımlaşma Təşkilatının saytına girib, həmin sənədi ordan oxusun və on milyard dolları görməyib, onu yanına çağırıb soruşsun ki, nə məsələdi, niyə burda rəqəmi yoxdu. Elə bir olsaydı, nazirə deyəcəkdi ki, təklifi verən vaxt artıq sənəd çapa getdiyindən katibliyin işçiləri o rəqəmi yazmağı unudubmuşlar. “Bəs, sən hara baxırdın?” – nazirin danlaq tondakı sualını eşitsəydi, “Cənab nazir, dediyim kimi, mən güclə təklifi qətnaməyə saldıra bildim” – cavab verəcəkdi Əl-Muğir və əlavə edəcəkdi ki, tələsiklik olduğundan printerlərə birləşən kompyuterə baxmaq ağlına belə gəlməyib. (Nazirin “Axı o gecə oteldə mənə gətirdiyin sənəddə on milyard dollar yazılmışdı” deyəcəyinə də inanmırdı, fikirləşirdi ki, rəqəm məsələsi yadından çıxmış olar).

Otağına düşən Əl-Muğir özündən razı halda fit çalmağa başladı, – maaşdan əlavə ən azı, beş min dollar-filan mükafat alacaqdı. Gedib soyuducunu açdı, ordan Pepsi-Cola çıxardıb divana tərəf gəldi, qəfil masanın yanında dayandı. Pepsi-Colanı masanın üstünə qoyub, həmkarının ziyafət vaxtı ona bağışladığı suveniri götürdü, bahalı keramikadan olan tarixi abidənin maketinin çəkisini yoxlayırmış kimi qaldırıb-endirməyə başladı. Sonra diz üstə oturub təkərli çemodanını açıb, hədiyyəni ora dürtməyə başladı. Çemodan doluydu deyə, ağzı heç cürə bağlanmırdı. Axırda hirsləndi, tarixi abidənin maketinə işıqda o tərəf-bu tərəfinə baxdı, dolabı açıb içinə qoydu və çemodanı bağladı.

Yeri gəlmişkən, qeyri-VİP ölkənin məlum orqanları protokolçuyla hava şirkətinin prezidenti arasında olan telefon söhbətini, eləcə də yekun qətnaməyə əlavə təklifin salınmasında onun göstərdiyi canfəşanlığı prezidentə çatdırmışdılar. Konfrans bitəndən bir ay sonra prezident İtaliyaya rəsmi səfərində baş nazirin verdiyi axşam ziyafətində protokolçunun qulağına pıçıldamışdı: “O düzdür ki, birbaşa VİP krallığın nazirinin təyyarəsinə zəng vurub məsələ həll eləmisən?” Gözləmədiyi sualdan çaşan, eyni zamanda telefon söhbətinin izlənildiyini başa düşən protokolçu boğazını arıtlayıb məsələni olduğu kimi, – telefon zənglərindən tutmuş müşavirlə məsləhətləşməyə qədər olan detalı açıb demişdi. Prezident isə eşitdiklərindən sonra bunları demişdi: “Axırıncı dəfə olsun belə şeylər. Beynəlxalq qaydalar var, bütün dövlətlər də o qaydalara əməl etməlidirlər”. Protokolçu günahkarcasına başını bulayaraq: “Baş üstə” demişdi, ürəyində sevinmişdi ki, bu məsələyə görə ölkə başçısı onu bərk danlamadı.

-2-

Xorvatiyanın xarici işlər naziri Qoran Mesiç öz prezidentinin qəbul otağında oturmuşdu. Gah tavana, gah da saatına baxırdı, hiss olunurdu ki, narahatdır. Axır ki, prezident onu qəbul etdi.

– Necəsən, Qoran?

– Sağ olun, cənab prezident, yaxşıyam. Siz necəsiz?

– Çox narahatam, çox.

– Niyə, cənab prezident? – təşvişlə soruşdu.

– Qoran, bilirsən, bir həftə sonra Berlinə uçuruq. Az əvvəl kanslerlə görüşümə aid qeydlərimə baxırdım. Əslində ciddi bir problem olmamalıdır. Özün də bilirsən, hər şey nazirliklər və protokol xidmətləri səviyyəsində razılaşdırılıb, prinsipcə almanlarla heç bir problemimiz olmayacaq, yəni danışıqlar öz qaydasında gedəcək və nəzərdə tutduğumuz müqavilələr imzalanacaq. Məni narahat edən yeganə şey bizim generalların, Qotovinanın, Çermekin və Markaçın** Haaqa Tribunalına təhvil verilməsi məsələsidir. Bu ildən Almaniya Avropa İttifaqına rəhbərlik edəcək və sözsüz ki, kansler danışıqlarda o məsələni qaldıracaq. Keçən ay onların o gey naziri... Nə idi adı?

– Qido Vestervelle.

– Hə, o Qido mənim qəbulumda olanda, generallar məsələsinə toxundu.

– Düzü, məni də bezdirib. Hər dəfə zəng edəndə, mütləq soruşur ki, niyə generalları Haaqa tribunalına təhvil vermirisiz.

– Səni toyuna çağırmamışdı, Qoran? – prezident ciddi-ciddi soruşdu.

– Yox, cənab prezident. Yəqin bilir ki, bizdə hökumət başdan ayağa homofob nazirlərdən ibarətdir, – nazir başa düşmədi prezident bu sualı ciddi şəkildə verir, yoxsa zarafat edir, ona görə sualı eşidəndən sonra bilmədi gülsün, gülümsəsin, yoxsa ciddi sifət göstərməyə davam eləsin, ona görə üzündə bir az çaşqınlıq ifadəsi yaratdı.

– Nəysə, o naziri qoyaq qırağa. Qoran, bilirsən ki, bizdə beş ay sonra parlament seçkiləridir. Biz generalları Haaqa Tribunalına təhvil versək, partiyamız ən azı, beş-yeddi faiz səs itirəcək.

– Bəlkə də on.

– Elədi. İndi sənin təklifin nədir? Mən kanslerlə görüşümdə nə deyim?

– Hmm, əslində mən hiss etmişdim ki, siz bu məsələylə bağlı məni çağıracaqsınız. Mənim iki variantım var. A variantı, seçkiyə qədər müxtəlif bəhanələrlə generalların təhvil verilməsini uzadırıq. Qanunvericilikdə boşluqlar tapırıq, yoxdursa, o boşluqları yaradırıq. Bir müddət onların xaricə çıxmasına şərait yaradırıq, yəni bu ideal olan variantdı. A variantı alınmasa, yəni təzyiqlər dözülməz mərhələyə gəlib çıxsa, onda B variantı...

– Dözülməz, yəni necə?

– Məsələn, əgər Avropa İttifaqı, ya Almaniya hökuməti bu məsələdə dirəniş göstərsə, dediklərimizi bəhanə kimi qəbul eləsə və Aİ-yə üzvlüklə bağlı generalları təhvil verməyimizi şərt kimi irəli sürsələr. Və yaxud bu beş ay müddətində Avropa Parlamenti generallarla bağlı daha sərt qətnamə qəbul etsə, onda B variantı işə düşür, onda biz Çermakla, Markaçı Haaqaya təhvil veririk, Qotovinaya isə şərait yaradırıq ölkədən çıxsın, bir müddət gizlənsin xarici ölkələrdən birində.

– Bilirsən, Qoran, – az öncə yandırdığı siqaretin tüstüsünü havaya üfürdü. – Sənin hər iki təklifin özlüyündə pis deyil, rasionaldı. Amma sən məni başa düşmədin. Mən kanslerlə danışıqları deyirəm, mən axı ona deyə bilmərəm ki, beş aydan sonra bizim ölkədə seçkilər olacaq, generalları təhvil verə bilmərik, versək, seçkidə səs itirə bilərik. Sadəcə, absurddu belə bir şeyi demək.

– Başa düşdüm sizi, cənab prezident. Söhbət vaxtı siz sadəcə, üstüörtülü şəkildə seçki məsələsinə toxuna bilərsiz və söhbətin gedişatından asılı olaraq, dediyim B variantına keçə bilərsiz, yəni deyə bilərsiz ki, biz qısa zamanda generalların bir neçəsinin Haaqa tribunalına verilməsinə nail olacayıq. Təbii ki, generalların adlarını çəkmədən.

– Ehh, Qoran, sən elə bil almanları tanımırsan. İstədiklərinə nail olmaq üçün, dediklərindən əl çəkmirlər. Deyirsən, kansler konkret ad çəkməz. Yaxşı, birdən ad çəksə, məsələn, Qotovoninanı tələb etsə? Onlar ad da çəkər, hələ üstəlik, kəşfiyyat məlumatlarını, xəritnə masanın üstünə qoyub deyərlər ki, bax, burda gizlənir filan, general, zəhmət çəkin, gedin həbs edin.

– Onda demək olar ki, biz bu məsələylə məşğul olacayıq və ölkəmizə qayıdan kimi, məsələni kabinetin qapalı iclasında müzakirəyə çıxardıb müvafiq qərar qəbul edəcəyik.

– Hmm, oldu, Qoran, – qol saatına baxdı, – mən bu məsələni hələ müdafiə naziri və hərbi təhlükəsizlik və kəşfiyyat idarəsinin sədriylə də müzakirə edəcəm... Bir də ki, – tərəddüdlə, – özün də yaxşı bilirsən, istər bizim hökumət olsun, istərsə də müxalifət, onsuz da gec-tez istənilən iqtidar bu generalları Haaqaya təhvil verməyə məcbur olacaq, – kədərli-kədərli nazirinin üzünə baxdı. – Okey, Qoran, gedə bilərsən....

* * *

Xorvatiya prezidenti idman paltarında Mariott otelinin on birinci mərtəbəsindəki Prezident Lüks Otağında əlini arxada çarpazlayıb, pəncərədən Berlinin panoramına baxa-baxa sabah kanslerlə rəsmi görüşdə toxunacağı məsələlər barədə fikirləşirdi. Masaya yaxınlaşdı, qeyd dəftərçəsini götürüb açdı: “1. Almaniya hökümətinə dəvətə görə xoş sözlər, qarşılıqlı ticarət dövriyyəsi haqqında statistik məlumatlar, son illərdə Xorvatiya iqtisadiyyatına etdiyi yatırımlara, (mötərizədə statistik rəqəmlər), öz ölkəsinin Avropa İttifaqına üzv olması prosesində göstərdiyi dəstəyə görə dərin təşəkkür, 2. Generalların təhvil verilməsi məsələsi. (altından qırmızı xətt çəkilib). 3. Zaqrebdə tikilən neft emalı zavodu və sənaye şəhərciyinin salınmasıyla bağlı güzəştli kreditlərin istənilməsi 4. Kansleri Xorvatiyaya rəsmi dəvət etmək. 5. Anekdot (vəziyyətə, ovqata uyğun).”

Telefonu götürüb protokolçusunu yığdı:

– Stipe.

– Eşidirəm sizi, cənab prezident.

Prezident birdən dayandı, nəyisə deməyə tərəddüd etsə də, sonda dedi:

– Stipe, mən sənə sonra zəng edərəm, – telefonun dəstəyini yerinə qoydu.

Sonra mobil telefonuyla xarici işlər nazirini yığdı, ekranda “Qoran XİN” göründü:

– Qoran, gəl otağıma... On birinci mərtəbə, otaq 1027... Bir az tez ol.

Sabah kanslerlə görüşlə bağlı məşq edirmiş kimi, iri addımlarla, təbəssümlü sifətlə sağ əlini irəli uzadaraq güzgüyə tərəf getdi, qəfildən dayandı və sabah görüşəcəyi kanslerin əlini sıxırmış kimi almanca güzgüyə dedi: “Guten Morgen, Herr Kanzler. Ich habe Ehre ihr Land zu einem offiziellen Besuch eintreffen” (Sabahınız xeyir, cənab Kansler. Sizin ölkənizə rəsmi səfər etməkdən şərəf duyuram”.) – dedi. Sonra vərəqə baxıb gördü ki, eintreffen yox, einzutreffen deməliymiş, güzgüyə baxaraq, bu sözü iki-üç dəfə tələffüz (ayntsutreffen) etdi. Sonra güzgüyə baxaraq yalançı qəzəblə:

– Başa düşdün? Eintreffen yox, einzutreffen.

Güzgüyə baxa-baxa bunları fikiləşdi: “Və kansler öz dilində deyəndə ki, oo, siz almanca danışa bilirsiz, tez deyirsən ki, in der Schule ich beherschte Deutsche besser (Məktəbdə alman dilini daha yaxşı bilirdim.) və xorvat dilinə keçib tərcüməçini verirsən qabağa,” – bunlar ekranda subtitrlərlə, həm də səslə verilir. Və prezident bu fikirlərdən sonra yenə güzgüyə şəhadət barmağını uzadıb soruşdu:

– Okey?

Bu vaxt qapı astaca döyüldü, prezident özünə verdiyi suala “okey” cavabı verib qapını açmağa getdi. Gözlükdən baxıb gördü ki, qapını döyən az öncə çağırdığı xarici işlər naziridir, qapını açıb onu içəri buraxdı.

– Necəsən, Qoran?

– Sağ olun, cənab prezident, yaxşıyam. Siz necəsiz?

– Mən belə, bir az narahatam.

– Niyə, cənab prezident? Uçuşa görə?

– Yox, o barədə hər şey qaydasındadır. İndi səbəbini deyəcəm. Əvvəlcə mənə de görüm, çay, yoxsa qəhvə?

– Qəhvə, mümkünsə.

– Hansından, late, espesso?

– Late.

Prezident telefonu götürüb protokolçusunu yığdı:

– Stipe, kafe-barla danış, bizim otağa iki late qəhvəsi, bir də, – prezident telefonun danışan yerini əliylə tutub, – desert nə istəyirsən?

– Fərq etməz, siz nə sifariş eləsəz, mən də ondan, – xarici işlər naziri cavab verdi.

– İki dənə də şokoladlı çizkeyk. Onlara tapşır ki, bir az tez hazırlasınlar dediklərimi, – deyib dəstəyi yerinə qoydu. – Qoran, əslində mən bu məsələni hələ on gün əvvəl səninlə görüşəndə müzakirə etməliydim...

Bu vaxt nazir başı ilə masanın üstündəki mobil telefonu göstərdi, yəni kəşfiyyat bizə qulaq asa bilər. Prezident işarəni başa düşdü, telefonu götürüb söndürdü. Nazir yenə “yox” deyirmiş kimi başını tərpətdi, yəni bu kifayət deyil. Prezident isə heç nə başa düşməyibmiş kimi qaşlarını yuxarı qaldırdı. Birdən ağlına hansısa ideya gəldiyinə işarə vuraraq, şəhadət barmağını qaldırdı və işarəylə onun ardınca gəlməyi bildirdi. Hamama girdilər. Prezident kranın həm isti, həm soyuq suyunu gur rejimdə açdı, dalınca havadəyişmə qurğusunun düyməsini basdı və əlini qulağına aparıb mobil telefon işarəsini göstərərək pıçıltıyla soruşdu:

– Səninki üstündə deyil?

– Yox, öz otağımda qoymuşam.

– Bunu düz eləmisən, Qoran. Bu suları isə, – başı ilə krandan gur gələn suyu göstərib, – açdım ki, səsimizi radiodalğalar tutmasın.

Birdən prezident nə fikirləşdisə, az öncə açdığı isti və soyuq suyun hər ikisini, sonra havadəyişmənin səsini kəsdi. Bundan heç nə başa düşməyən nazirin təəccübdən qaşları yuxarı qalxdı.

– Qoran, – prezident dilləndi, – yəqin on gün əvvəlki söhbətimizi xatırlayırsan?

– Yadımdadı, cənab prezident.

– Əslində, elə onda mən gərək sabahkı görüşlərlə bağlı bütün suallara aydınlıq gətirəydim. Sadəcə işlər çox oldu deyə, unutdum səni bir də iqamətgahıma çağırmağa. Nəyi demək istərdim, səncə imzalayacağımız müqavilələrdən əlavə, deyək ki, kanslerdən aşağı faizlə beş milyard dollar kredit istəsəm, diplomatik etiketi pozmaram ki?

Xarici işlər naziri təəccüblə prezidentə baxdı, deyəsən, belə bir sualı gözləmirdi ondan, cavabında istədi desin ki, etiketi pozmuş olarsız, fikirləşdi ki, pis çıxar, başqa cür dedi:

– Məncə, təklif bir o qədər münasib çıxmaz, cənab prezident. Çünki almanlar, bildiyiniz kimi, belə şeylərdə çox punktualdırlar. Yəni əgər hər şey əvvəlcədən razılaşdırı...

– Başa düşdüm, Qoran, – nazirin sözünü kəsdi, – əslində, elə mən də sənin kimi düşünürəm, sadəcə istəyirdim hər ehtimala qarşı səninlə də bir məsləhətləşim. Bir də, sənə bir etiraf edim, bilmirəm, bu, məndə kompleksdi, ya yox. Sən də bilirsən, doxsanlarda, bizim serblərlə müharibə vaxtı almanlar bizə lazımi qədər dəstək göstəriblər, elə də çox vaxt keçməyib, elə bilirəm bundan sonra almanlardan nəysə artıq şey istəmək, sən dediyin kimi, siyasi etikaya...

Bu vaxt otaqdan telefon zənginin səsi gəldi. Prezident nazirə sual dolu nəzərlərlə baxıb otağa girdi, dalınca nazir də hamamdan çıxdı. Prezident dəstəyi götürdü:

– Alo... Okey...., – dəstəyi yerinə qoyub, – Qoran, zəhmət olmasa, qapını aç, qəhvələrimiz gəldi.

Nazir cəld irəli keçib qapını açdı, ofisiant sifariş olunanları təkərli sinidə gətirib masaya düzdü. Prezident əliylə arabanı göstərib ofisianta ingiliscə dedi: “Bunu burda qoyun, sonra götürərsiz”. Ofisiant “okey” deyib otaqdan çıxdı. Prezident qəhvəni və çizkeyki götürüb yenidən təkərli siniyə qoyub hamama tərəf sürərək, başıyla Qorana da ardınca gəlməyə işarə etdi. Nazir tez irəli keçib: “İcazə verin mən aparım”, – prezidentə bu işdə kömək etmək istədi. Prezident etiraz etmədi, onlar hamama girdi.

– Hə, daha nəysə də deyəcəkdim sənə, qoy yadıma salım, – prezident çizkeykdən bir dişləm, qəhvədən bir qurtum aldı.

– Bir dəyqə, – nazir dilləndi, qəhvə dolu fincan və çizkeykləri diş fırçası və sabunun qoyulduğu şüşənin üstünə qoydu, təkərli sinini isə sürə-sürə hamamdan çıxarıb otağın küncünə sürüb apardı və prezidentin yanına qayıtdı:

– Cənab prezident, kəşfiyyatçılar səsyazma qurğusunu ilk baxışdan diqqəti çəkməyən arabaya da birləşdirə bilər.

Bu vaxt qonaq otağından telefon zəngi eşidildi. Prezident dilləndi:

– İmkan verməzlər danışaq. Amma bu zəngə mütləq cavab verməliyəm, zəng edən Vlaxodur.

– Vlaxo? Axı siz mobil telefonunuzu söndürmüşdüz?

– O şifrəli mobil telefonuma zəng edir. Bu telefonun dinlənilməsi mümkün deyil, – deyib tez otağa keçdi.

Vlaxo Xorvatiyanın hərbi təhlükəsizlik və kəşfiyyat idarəsinin başçısıydı.

– Alo, eşidirəm səni, – prezident telefona cavab verdi.

– Qaçıb?.... Necə qaçıb?... Nə vaxt, saat neçədə?!... Bəs, sərhəd xidməti hara baxırdı?! – telefonla danışan prezident təşvişlə soruşdu. – Təcili tədbirlər görün, qısa zamanda müəyyən edin hansı ölkəyə qaçıb, heç olmasa, bilək hansı ölkədir, görək onlarla qarşılıqlı ekstradisiya haqda müqaviləmiz varmı? Oldu, ölkədə operativ vəziyyətlə bağlı ciddi bir şey yoxsa, hələlik... Oldu.

– Cənab prezident, kim qaçıb? – hamamdan otağa çıxan Qoran soruşdu. Sonra pıçıltıyla: – Bizə qulaq asa bilərlər, gəlin hamama.

– Ante Qotovina qaçıb. – prezident onun “hamama gəlin” təklifini qulaqardına vurdu. –Tərsliyə bax, Qoran. Belə bir məqamda sən işə bir bax. Səncə, bu kimin işi ola bilər, Qoran?

– Hmm, ağlıma bir şey gəlmir, cənab prezident.

– Sabah məlumat dünya mətbuatına çıxacaq, almanlar da yüz faiz elə biləcək ki, Qotovinanın qaçımağını qəsdən mən təşkil eləmişəm. Tərsliyə bax.... Okey, onda kansler sabah bu məsələyə toxunsa, nə deyim?

– Siz deyin ki, bu, Xorvatiyaya qarşı provakasiyadır və söz veririk ki, qısa zamanda Qotovinanın tutulub Haaqaya verilməsi üçün bütün imkanlarımızdan istifadə edəcəyik.

– Əslində almanlar dərindən fikirləşsələr, anlayarlar ki, Qotovinanın bu məqamda ölkədən qaçması bizə heç sərf etmir. Ehh, Qoran, səncə desəm ki, bu bizə qarşı iyrənc bir provakasiyadır, kansler mənə inanacaq? – qol saatına baxdı. – Oldu, Qoran, artıq gecdir, sən get yat, ağlına bir ideya gəlsə, mənə sabah yolüstü deyərsən.

– Oldu, cənab prezident.

– Gecən xeyrə qalsın, Qoran.

– Sizin də gecəniz xeyrə qalsın, cənab prezident.

Xarici işlər naziri otaqdan çıxana qədər gözlərində bir müəmma var idi, sanki o, bu suala cavab tapmaq istəyirdi: görəsən, bu, nə oyundur və bu oyundan doğrudan prezidentin xəbəri yoxdur, yoxsa özünü bilməməzliyə vurur? Mən ona deyəndə ki, bizə qulaq asa bilərlər, hamama gəlin, niyə gəlmədi?

Qoran otaqdan çıxandan sonra prezident minibara yaxınlaşdı, qapısını açdı, ordan bir pivə götürüb iki qurtum içdi. Daha onra Avronyusun xəbərlərinə qulaq asdı, pivəsini içə-içə idman kanalında gedən Çelsiylə Bavariyanın Çempionlar Liqasındakı final oyununa baxdı. Birinci hissədə Bavariya iki qol vurandan sonra kefi pozuldu, (Çelsinin azarkeşiydi) qol saatına baxdı, artıq üçə işləyirdi. Əsnədi, paltarını soyunub yerinə girdi, tezcə də yuxuya getdi.

İki saat sonra ayağında nəmlik hiss edib yuxudan oyandı, masaüstü lampanı yandırdı, yorğanın ayaqlarını örtən tərəfinə baxdı, nəm idi. Yorğanı üstündən atıb, alt paltardaca gedib otağın çilçirağını yandırdı. Tavandan hər dörd-beş saniyədən bir su damcısı yorğanın ayaq tərəfinə düşürdü. Güldü: ”Hmm, almanlardan çıxmayan iş”. Sonra ağlına nə gəldisə şübhəli-şübhəli o yerə baxmağa davam elədi: “Axı bu, niyə belə olsun?”

Bir müddət tavandan sallanıb yorğana düşən damcılara baxdı. Sonra çarpayısına yaxınlaşıb, əlini tavanın altında saxladı, ovcuna düşən üç damcıdan sonra əlini burnuna tərəf apardı, bir şey başa düşməmiş kimi çiyinlərini çəkdi. Sonra gedib hamamda əlini yuyub quruladı. Hamamdan qayıdanda, damcılar daha yorğana düşmürdü. Çantasından balaca binokl götürüb tavandakı həmin yerə baxdı, elə bir şübhəli şey gözünə dəymədi, yenə təəccüblə çiyinlərini çəkib öz-özünə dedi: “Heç nə başa düşə bilmirəm”.

Qonaq otağında interyer üçün qoyulmuş keramik qablardan birini gətirib çarpayının üzərinə qoydu. O, qaba dəyən damcı səslərindən ləzzət alırdı. Uşaq vaxtı kəndə, babasıgilə gedəndə, ildırım çaxandan sonra kirəmit damın üstünə aramsız düşən yağış damcılarının səslərindən aldığı qorxu qarışıq ləzzət hissləri yadına düşdü. O zaman yağış taqqıltılarına qulaq asa-asa uşaq orta əsrlərin döyüş səhnələrini təsəvvürünə gətirirdi: gur yağış yağır, atlılar, piyadalar üzlərindən su axa-axa döyüşürlər, bir zərbəylə başlar kəsilir, nizəylə bir atlı o birisini atdan yerə salır, yerdə yağış suyu qanla bir-birinə qarışırdı, – hansısa filmin təsirindən idi bu uşaq fantaziyaları... 90-larda öz ölkəsində qanlı döyüşlər baş verəndə, həmin uşaqlıq fantaziyaları yadına düşürdü, əti ürpəşirdi, qovurdu onları özündən. NATO-nun köməkliyi ilə də olsa müharibəni udmuşdular deyə, şüuraltı hiss etdi ki, indi oteldə, lüks otaqda, nəmlənmiş yatağında belə uşaqlıq vaxtı olduğu kimi döyüş səhnələrini rahatlıqla xəyalı gətirir.

Hamamdan dəsmal götürüb, iki dəfə zərblə tavanın həmin yerinə atdı ki, yenə damcılar düşsün, – üçcə damcı keramik qaba dəyib taqqıltı səsləri çıxartdı. Yaş yorğanı divanın üstünə atıb şifonerdən təzəsini götürdü. Bavariya pivəsindən üç qurtum alıb yerinə girdi, az sonra üzündə təbəssüm yuxuya getdi.

Səhər avtomobil oteldən yola düşəndə, arxa oturacaqda prezidentin yanında tərcüməçi də oturmuşdu. Prezident ona:

– Çantadan bir kağız çıxart, almanca belə bir cümlənin tərcüməsini yaz, zəhmət olmasa. Belə şeylər istənilən ölkədə baş verə bilər, düz demirəm, cənab kansler?

– Oldu, cənab prezident.

Tərcüməçi dizinin üstündəki çantanı cəld açıb, içindən bir ədəd A4 kağızı, kostyumunun döş cibindən qələmini çıxartdı və prezidentin dediyi cümlənin tərcüməsini yazdı və ona uzatdı. Prezident kağızı ortasından iki yerə qatlayıb alman ləhcəsiylə oxumağa çalışdı:

– Solche Ereignisse passieren auf jedem Land, nicht wahr, Herr Kanzler? Necədir tələffüzüm?

– Əla, cənab prezident.

– Və çox güman ki, kansler də cavabında deyəcək ki, əlbəttə, haqlısız.

– Bağışlayın, cənab prezident, başa düşmədim.

– Heeç, uzun söhbətdi, Almaniya-Xorvatiya münasibətlərində baş vermiş tarixi bir hadisəylə bağlıdır.

* * *

...Kanslerlə görüşdə qeyd dəftərində yazdıqlarına uyğun Almaniyanı təriflədi, yaxın zamanlarda bu ölkənin Avropa İttifaqına rəhbərlik edəcəyi ilə bağlı onu təbrik etdi və bunun “İttifaqın güclənməsinə xidmət edəcəyinə şübhə etmədiyini” bildirdi, qarşılıqlı münasibətlərdən razı qaldığını bildirdi, ticarət dövriyyəsinin ildən-ilə artması, investisiyalar, gələcək planlardan danışdı. Sonra kansler Xorvatiya haqda xoş sözlər dedi... Dövlət başçılarının iştirakı ilə iqtisadiyyat nazirləri müqavilə imzaladı: Almaniya bu balaca Balkan ölkəsində tikiləcək neftayırma zavodu üçün 5 milyard avro investisiya, eləcə də Avropa İttifaqına yaxınlaşmaq üçün islahatlara 2 milyard avro aşağı faizli kredit ayırdı.

Xorvatiya prezidenti rəsmi danışıqlarda kanslerin soyuq təbəssümlə ona baxıb: “Yuqoslaviya müharibəsi zamanı hərbi cinayət törətmiş üç xorvat generalının Beynəlxalq Haaqa Tribunalına təhvil verilməsi ilə bağlı Avropa İttifaqının tələbini yerinə yetirməyi gecikdirmək olmaz” tələbinə görə kefi pozulmadı, hələ bir az da sevindi ki, kansler ad çəkmədi. Xorvatiya prezidenti isə guya milli qürurunu sındırmamaq üçün sifətinə soyuq protokol təbəssümlü ifadə verib: “Bu məsələyə yaxın zamanlarda bir də baxarıq,” – dedi. “Məsələnin tezliklə həll olunmasına ümid edirik. Mən bu məsələylə bağlı Serbiya təcrübəsini öyrənməyi tövsiyyə edərdim*** ,” – deyən kansler isə şüşə baxışlarıyla bunları deyirdi: “Baxarıq yox, həll edərik. Və həll edəcəksiniz də”.

Və danışıqlar vaxtı kansler əlavə edəndə ki, Almaniya hökuməti Avropa İttifaqı vasitəsilə əlavə kreditlərin də verilməsinə çalışacaq, Xorvatiya prezidentinin həm həyəcanlandığından, həm də sevindiyindən boğazı qurumuşdu. Boğazını yaşlamaq üçün stəkandakı sudan bir qurtum almış, əlavə kreditlərə görə kanslerə təşəkkürünü bildirmişdi. “Qoranı gecə yanıma çağırmağın yeri var imiş,” – ani fikirləşmişdi.

Xorvatların prezidenti üzündəki protokol təbəssümüylə danışıqlar apara-apara gözəl bilirdi ki, ölkəsinə qayıdan kimi, məsələni hökumətin qapalı iclasında müzakirəyə çıxaracaq. Həm almanların vəd etdiyi kreditlərə, investisiyalara, həm də günü-gündən artan təzyiqlərə görə, nazirlərin bəziləri utandığından susub başlarını aşağı salsalar da, bəziləri isə Avropa İttifaqı qarşısında bilə-bilə yetirilməsi mümkün olmayan tələblər irəli sürsələr də, sonda prezident başda olmaqla yekdil qərarla generallardan ikisini seçkilərə qədər, xalq arasında məşhur olan Qotovinanın**** isə bir müddət sonra hansısa xarici ölkədə tutulub, Xorvatiyaya qaytarılıb beynəlxalq tribunala verilməsinə göz yumacaqlar. Və Xorvatiya prezidenti hamının qərarın lehinə səs verməyə çağıranda, guya günahkarlıq kompleksi keçirdiyi üçün boğazını arıtlayıb: “Cənablar, sizin narahatlığınızı yaxşı başa düşürəm, amma nə etmək olar, inteqrasiya qurban tələb edir,” – hardansa oxuduğu sevimli aforizmini deməyi də unutmayacaqdı.

İndi isə smokinq geyimdə Xorvatiyanın prezidenti ona və ölkəsinin nümayəndə heyətinə verilən axşam ziyafətində çəngəl-bıçaqla şnitseldən yeyir, arada pivə içirdi. Tezcə kansleri Bavariyanın qələbəsi münasibətiylə təbrik etdi və xoş gəlmək üçün yalandan dedi ki, o da dünən oteldə oyuna baxa-baxa Bavariyanın qələbəsini bərk istəyirmiş. Sonra bloknotundakı qeydə uyğun anekdot danışdı. Kansler sonda bərkdən güldü, daha sonra Xorvatiya prezidenti ona gecəyarısı oteldə başına gələnləri duzlu-məzəli şəkildə çatdırdı, – keramik qabı nəyə görə damcıların altına qoymasını, dəsmalı zərblə tavana atmasına qədər, ¬– sözarası kanslerdən çox-çox xahiş etdi ki, söhbət ikisinin arasında qalsın, istəmirdi “bu kiçik insidentə” görə otel rəhbərliyinə söz gəlsin:

– Solche Ereignisse passieren auf jedem Land, nicht wahr, Herr Kanzler? (Belə şeylər istənilən ölkədə baş verə bilər, düz demirəm, cənab kansler?) – ikinci yarımlitrlik bokal pivədən sonra kefi bir az da yüksələn prezident soruşdu.

– Ha-ha-ha, – bərkdən güldü. – Ja-ja, natürlich, es kann in Paris, London, oder Washington passieren. Und ich halte nicht es für eine Tragödie. (Hə, elədir, belə şeylər Parisdə də baş verə bilər, Londonda da, Vaşinqtonda da. Və mən bunu faciə hesab etmirəm.), – gülməkdən yanaqları qızarmış kansler həvəslə başını tərpədə-tərpədə dedi.

Xorvatiya prezidentinə elə gəldi ki, alman onun öncə danışdığı anekdotu başa düşmədi, eləcə etika xətrinə güldü. Damcılar, qab, tavana dəsmal atma məsələsinə görə isə kanslerin ürəkdən güldüyünə inandı.

Yeri gəlmişkən, Xorvatiya prezidentinin xarici işlər nazirini otağına çağırması, hamamda beş milyard dollarlıq əlavə kreditin kanslerdən istəməyi məsələsi, az sonra Hərbi Təhlükəsizlik və Kəşfiyyat İdarəsi rəisi Vlaxonun zəng edib general Ante Qotovinanın “qaçmasını xəbər eləməsi” əvvəlcədən qurulmuş plana uyğun həyata keçmişdi. Prezidentin bu xəbəri eşidib guya şok olması, “Qaçıb? Necə qaçıb?” – təşvişə düşməsi onu dinləyəcək alman kəşfiyyatı üçün “nəzərdə tutulmuşdu”. Məqsəd isə əgər almanlar görüşdə israrla hər üç generalın təcili şəkildə Haaqa tribunalına təhvil verilməsini tələb etsəydi, heç olmasa seçkiyə qədə Marçeklə Çermakı təhvil vermək idi. Prezidentlə Hərbi Təhlükəsizlik və Kəşfiyyat İdarəsi rəisindən başqa heç kəsin bilmədiyi bu plana görə, məhz prezidentin xarici səfəri zamanı Qotovinanın ölkədən qaçması almanlara inandırıcı gəlməliydi.

Prezidentin hamamda isti və soyuq suyu açıb, havadəyişmə qurğusunu işə salıb, az sonra hər ikisini keçirməsi spontan yaranmış qərarın nəticəsi deyildi. Bu da danışılmış planın tərkib hissəsiydi: məqsəd yenə də kəşfiyyatdan məlumatı alacaq Almaniyanın siyasi rəhbərliyini çaşdırmaq idi, – yəni bilin, əvvəlcə istəmirdim söhbətə qulaq asasız, ona görə suyu açmışdım, havadəyişmə qurğusunu işə salmışdım, sonra hər ikisini qəsdən keçirdim ki, söhbətin əlavə kredit məsələsindən getdiyini biləsiz: bir sözlə, iz azdırmaq məsələsi.

Amma hər ikisi onu da nəzərə almışdılar ki, almanlar bütün ¬bunların əvvəlcədən qurulmuş oyun olduğunu anlaya bilərlər. Yəni kanslerlə təkbətək görüşdə böhran yaransaydı, Xorvatiya prezidenti yazıq görkəm alıb bunları deyəcəkdi:

– Cənab kansler, bizi başa düşməyə çalışın, beş ay sonra bizdə parlament seçkiləridir. Yenə də deyirəm, bütün bunlar bizim iqtidara qarşı bir provokasiyadır. Amma söz veririk ki, Ante Qotovina daxil olmaqla, generalların hamısının həbs olunub Haaqa Tribunalına təhvil verilməsi üçün əlimizdən gələni edəcəyik.

Amma az əvvəl dediyimiz kimi, kansler görüşdə konkret ad çəkməmişdi. Çünki yaxşı bilirdi ki, seçkiləri müxalifət belə udsa, Xorvatiya hökuməti sonda Almaniyanın, Avropa İttifaqının tələblərini yerinə yetirməyə yerinə yetirməyə başlayacaq.

15 iyul 2013, – 26 mart, 2015

Altıağac - Bakı

* 1999-cu ilin martın 24-də Rusiyanın baş naziri Y.Primakov rəsmi səfəri çərçivəsində Vaşinqtona uçarkən, Kosovo böhranı ilə bağlı NATO qırıcılarının serblərə hava zərbələrini endirdiyi xəbərini eşidəndə, Atlantika okeanı üzərində, - havadaca Moskvaya geri dönməsi haqqında qərar qəbul etmişdi. Bunu telefonla prezident B.Yeltsinlə razılaşdırandan sonra təyyarə Moskvaya dönmüşdü. Bu hadisə diplomatiya tarixinə “Atlantika üzərində geriyə dönmə” («Разворот над Атлантикой») hadisəsi kimi düşmüşdür.

** Söhbət Qərb ölkələrinin, xüsusilə, Avropa İttifaqının 1995-ci ildə Xorvatiyanın Serbskaya Kraina vilayətinin sebrlərdən azad olunmasında iştirak etmiş xorvat generalları Ante Qotovina, İvan Çerman, Mladen Markaçın dinc əhalinin öldürülməsində əlləri olduğuna görə Beynəlxalq Haaqa Tribunalına təhvil verilməsi tələbindən gedir.

*** Keçən əsrin 90-larında Bosniya və Hersoqovina ərazisində kütləvi qırğınlar törətmiş bir sıra serb generallarını keçmiş Yuqoslaviya Federasiyanın siyasi varisi olan Serbiya hökuməti Qərbin təzyiqi altında Haaqa Hərbi Tribunalına təhvil verməyə məcbur olmuşdu.

**** Bəhs edilən generallardan Ante Qotovina bir müddət müxtəlif ölkələrdə beynəlxalq axtarışdan gizlənsə də, 2005-ci ildə ispan polisi tərəfindən həbs edilrək Haaqa Tribunalına təhvil verilmişdir. 2008-ci ildə İvan Çermak və Mladen Markaçla birgə məhkəmələri başlamışdır. 2011-ci ildə Ante Qotovina 24 illik, Mladen Markaç 18 illik həbs cəzasına məhkum edilmiş, İvan Çermak isə bəraət alaraq məhkəmə zalından azad edilmişdir. Tribunalın Appelyasiya Palatası 2012-ci ildə Qotovina və Markaçın işinə yenidən baxaraq onların azad olması haqda qərar qəbul etmişdir.

# 1584 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #