Kulis.az gənc şair Elçin Astangilin yeni şeirlərini təqdim edir.
Şairlər surəsi
(ayə həyy)
Tanrı Mənimlə danış arada,
Günahsızam, məndən qorxma...
Mərmi səslərinə yuxudan atılır adamlar,
Ölür qorxudan adamlar,
Sənə deyəcəyim çox söz var -
Mənlə danış...
(ayə fəyy)
Kilsə zənglərindən
Azan səsinə qədər,
Bütün gəlmişlər və keçmişlər,
Bütün ölmüşlər və getmişlər,
Ağrılar və hüznlər sənin bildiyin kimi deyil...
Bir az mənə tərəf əyil,
Qulağına deyəcəyim çox söz var -
Adamlar ölür, adamlar...
(ayə fil)
Nə fil deyil,
Nə də əbabil quşları...
Bütün anaların qarğışlarını bir yerə yığsaq,
Güllələr açılacaq üzü göylərə sarı -
Ayə-ayə güllələr,
Surə-surə güllələr...
Sən ki yaxşı bilirsən,
Doğulanlar necə ölürlər...
Tanrı mənimlə danış arada,
Günahsızam, məndən qorxma...
Anan öldümü?
Ağaclarınız yarpaqsız qalsın,
Bu bahar,
Üzündəki gülüşlərdən xəbərsiz qaldım...
Qapınızı çiçəklər döyüdümü?
Həyətdəki balaca küçük böyüdümü?
Anan öldümü?
Ölmədisə necə dözdü atana?
Eşq ayini
Sevgili!
Dimdiyi ilə dən döyən sərçələrin ayinlərini bilirsənmi?
Yuvaların səs-səsə verməyini,
Ağacların adamlara sarılmağını,
Çiçəklərin arılarla dil-dil ötməyini,
Kimi öldürür bu eşq, kimi,
Bilirsənmi?
Yeddi kəfən geyməyimi,
Yeddi bədən ölməyimi...
Allah,
Fəna-fillah!
Sənin yəqinliyin gözlərimin gördüyü qədərmi?
Yoxsa dənizlərdəmi Hallacın yuxuları?
Sevgili,
səni sevmək gül üstündə şeh titrəyən yerdimi?
Bilməm,
Mən ki, Şəms deyiləm?!
Uca-uca göylərindən yuxusuzun ahı köçər
ciyərlərimə bir nəfəslik,
Ah- çəkərəm, bir ol-səslik!
Yeddi günəş işığı,
Yeddi ay üzü,
Yeddi sərsəm səmun kimi gəlib keçərəm qərinələrdən,
Mən ki Musa deyiləm?!
Sevgili,
Səni sevmək ağıl işi…
Sənə divanə olmaq,
Su səsinə titrəməkdi...
Sevgili,
Adəm kimdi,
Həvva nədi?
İsa kimdi,
Yusif dedi?
Kimi öldürür bu eşq, kimi,
Bilirsənmi?
Yeddi kəfən geyməyimi,
Yeddi bədən ölməyimi...
Axşam ağrıları
Qəfil gedər adamlar,
Qəfil gedər harasa...
Yağışdan da gedərlər,
Bulutdan da uzağa...
Qəfil gedər adamlar,
Güldən-çiçəkdən gedər,
Axşam ağrılarıyla
səhər ürəkdən gedər...
Gedər gözüm işığı,
Qəm eləmə qurbanam.
Gedənə bir şeirlik
özüm elə qurbanam.
Adamdı da gedir lap,
Ömrdən-gündən gedir.
Getməyə yer olmasa,
Uzağı ölümnən gedir.
Qəm eləmə ay arım,
Məndə çiçək açmaz ki?!
Mən ki yuva deyiləm,
Məndən bala uçmaz ki...
Görürsən də, necədir?
Adamlar ölür tək-tək.
Cüt doğulmamışıq ki,
İkimiz birdən ölək...
Bu zəhrimar xəstəlik,
Bu siqaret, bu adam,
Özündən küsüb gedir,
Allahdan sənə yadam...
Qəfil gedər adamlar,
Güldən-çiçəkdən gedər,
Axşam ağrılarıyla
səhər ürəkdən gedər...
Qollarında darıxdığım necəsən?
Bir ümidlik sabahlarda sevgili,
Göyüzünün darıxmağı keçəcək.
Bir gün baxıb görəcəksən bu adam,
Əllərindən yuva qurub, köçəcək.
Köçəcək e, əllərinin istisi,
Köçəcək lap baxışları üzündən.
Deyəcəklər, "gül kimi sevirdi də,
Niyə belə uzaq tutdun özündən?"
Qollarına darıxdığım necəsən?
Bilirsənmi mən necəyəm, bilirsən?
Gözlərindən öpüb kirpiklərini,
Sayıram ki, yuxuma da gələsən.
Görəsən ki, görəsən ki gəlmişəm,
Gözün döyür ay işığı kölgəmə.
Bir dəniz də gətirmişəm özümlə,
Gedib məni o sahildə gözləmə.
O pəncərə, o ev bir də, o küçə,
Bir o axşam, bir o yağış, o gecə.
Şam yandırıb işıq tutub gizlicə,
Üzündəki xalı öpüm görəsən?
Bir ümidlik sabahlarda sevgili,
Göy üzünün darıxmağı keçərmi?
Əllərinə yuva quran əllərim,
Heç köçərmi yuvasından, köçərmi?
Görəsən ki, görəsən ki gəlmişəm,
Gözün döyür ay işığı kölgəmə.
Bir dəniz də gətirmişəm özümlə,
Gedib məni o sahildə gözləmə.