Quş bazarı - Seymur Baycanın hekayəsi

Quş bazarı - Seymur Baycanın hekayəsi
7 yanvar 2020
# 18:30

…Hərdən, Davisito, elə olur ki, çoxdan içində dəfn olunan təəssüratlar, epizodlar suvağı tökülmüş divarın, qoxunun, sözün, baxışın, ya nəğmənin sayəsində üzə çıxır. Davisito, belə xatirələrin böyük hissəsi bizimlə qəbirə gedəcək. Çünki həmin nəğmə, həmin baxış, həmin söz, həmin qoxu rastımıza çıxmayıb ki, onları tərpədib oyada.

Migel Delibes, “Sərsəm” əsərindən...

İsani metrostansiyasının lap yaxınlığında yerləşən balaca parkda hər həftənin şənbə günü gül bazarı açılır. Əgər xüsüsi, vacib bir işim yoxdursa, şənbə günləri səhər obaşdan (el dilində desəm qancıq it tayadan düşməmiş) parka gedib skamyada otururam, bazarın açılmasına, canlanmasına baxıram, uzun müddət gül alanları, gül satanları müşahidə edirəm. İnsanların xoş məramlı məşğuliyyətlərinin, hobbilərinin olması nə qədər gözəldir.

Hər dəfə gül bazarına baxanda yadıma tamam başqa bir bazar, quş bazarı düşür.

Hərbi məktəbdə oxuyanda həftəsonları şəhərə gəzməyə gedirdik. Şəhərə gəzməyə gedirdik sözü burda bir az təmtaraqlı səslənir. Şəhərə gəzməyə gedirdik deyəndə indi siz əsasən bu əməlləri təsəvvür etməlisiniz. Şəhərə gedib o dövrün oyun avtomatlarında oyunlar oynayırdıq, videozalda karate, döyüş filmlərinə baxırdıq, kakao içib, buterbrod yeyib, üç-dörd siqaret çəkib, saqqızdan, konfetdən alıb geriyə qayıdırdıq. Belə bir mənasızlıq. Xatırlayanda adam xəcalət çəkir.

90–cı illərin əvvəllərində bir həftə sonu avtobusla Zığ qəsəbəsindən şəhər mərkəzinə getdiyim vaxt "Qaqarin körpusü"nün sağ tərəfində, aşağıda, açıq meydançada bir dəstə adamın qaynaşdığını gördüm.

O vaxtlar mitinqlər, nümayişlər, fabrik və zavodlarda tətillər bütün ölkəni bürümüşdü. Dünən haqqında poemalar, romanlar yazılan inqilabçıların heykəlləri götürülür, uçurulur, küçələrin, rayonların adları dəyişdirilir, adamların ölkənin gələcəyi ilə bağlı arzuları getdikcə daha çox pərvazlanır, bu arzular çox vaxt reallığın sərhədlərini aşaraq absurdlaşırdı. Hər yerdə siyasi söhbətlər baş alıb gedirdi. Adamlar səhər yeməyini tələsik yeyib təzə xəbərləri öyrənmək üçün bir-birinin yanına qaçırdılar. Onlar hər eşitdiyi sözə, şayiəyə inanır, eşitdiklərini öz quraşdırmaları ilə təkmilləşdirir və başqalarına ötürürdülər. Hər kəs bir millət kimi birləşməyin, milli həmrəyliyə nail olmağın vacibliyindən danışır, “Tarix şəxsiyyəti yetişdirir, yoxsa şəxsiyyət tarixi?” sualına elə hey cavab axtarır, bu sual ətrafında hər yerdə qızğın, uzun-uzadı müzakirələr aparırdılar. Sovetin az qala bütün mükafatlarını almış, ömür boyu sanatoriyalarda, kurortlarda, yaradıcılıq evlərində kef çəkmiş şair və yazıçılar utanmadan, qızarmadan, həyasızcasına özlərini dissident adlandırır, dünənə qədər cibində kommunist partiyasının biletini daşıyanlar millətçilikdən, milli qürurdan dəm vururdular.

Hadisələr sürətlə bir-birini əvəz edirdi. Adamlar mövzu qıtlığı çəkmirdilər. Əksinə, mövzu bolluğundan əziyyət çəkirdilər. Bir hadisəni düz-əməlli müzakirə etməyə macal tapmamış başqa, daha maraqlı, daha əcaib hadisə baş verirdi. Adamlar koma-koma toplanırdılar, sonra yenə də əriyib yox olurdular, təzədən toplanırdılar, təzədən əriyirdilər. Danışırdılar, danışırdılar, danışırdılar… Hər tərəfdə bir-birinin ardınca mitinqlər, piketlər, yığıncaqlar təşkil edilirdi.

İctimai-siyasi motivli hadisələrlə maraqlanmağa (hər şeyi öz adı ilə çağırsaq, burnum girməyən yerə başımı soxmağa) erkən yeniyetməlik dövrümdə başlamışam. Ona görə də açıq meydançada adamların qaynaşmağı, burnu girməyən yerə başını soxmağa artıq alışmış bir yeniyetmənin diqqətini cəlb etməyə bilməzdi. Avtobusun pəncərəsindən açıq meydançada adamların qaynaşdığını gördükdə o dövrün ab-havasının təsiri ilə istər-istəməz ağlıma gələn fikir bu oldu; kimsə başına adamları yığıb yığıncaq təşkil edib.

Növbəti həftə sonu avtobusla şəhər mərkəzinə gedərkən "Qaqarin körpüsü"nün sağ tərəfində, aşağıda, açıq meydançada yenə də bir dəstə adamın qaynaşdığını gördüm. Bir belə, iki belə, üç belə, dörd belə… Nəhayət, adamların hər həftənin sonu körpünün sağ tərəfinə, açıq meydançaya piket, yığıncaq keçirmək üçün yığışmadıqları necə oldusa mənə çatdı. Məsələylə maraqlananda məlum oldu ki, açıq meydançaya yığışan adamlar quşbazdılar. Hər həftənin sonu yığışıb quş alıb, quş satırlar. Ölkədə hər cürə hadisələr baş verirdi. Müharibə gedirdi, hakimiyyətlər dəyişirdi, onların, quşbazların isə heç nə vecinə deyildi. Onların öz balaca dünyaları vardı, orda yaşayırdılar. Hər həftənin sonu avtobusla şəhər mərkəzinə gedərkən körpünün sağ tərəfində, aşağıda qaynaşan adamları görəndə özümə söz verirdim ki, gələn həftənin sonu şəhər mərkəzinə yox, mütləq birbaşa quş bazarına gedəcəm, gedib orda quş alan, quş satan adamlara yaxından baxacam. Lakin nədənsə özümə verdiyim sözü unudurdum. Özümə verdiyim sözü avtobusun pəncərəsindən quşbazları görəndə xatırlayırdım və özümə verdiyim sözü unutduğuma görə kədərlənirdim. Avtobusdan düşüb geriyə, quş bazarına qayıtmağa artıq həvəsim olmurdu. Bu isə kədərimi bir az da artırırdı. Beləcə həftəni həftəyə satdım və öz günahım, tənbəlliyim üzündən o təlatümlü günlərdə quş alıb, quş satan adamları yaxından görmək, onları yaxından müşahidə etmək mənə qismət olmadı.

Kim idi o adamlar? Onlar necə geyinirdilər? Onlar necə danışırdılar? Saçların necə darıyırdılar? Niyə quş alıb, quş satmaq üçün məhz ora yıqışırdılar? Kim oranı quş bazarına çevirmişdi? Bu ideya ilk dəfə onlardan hansının ağlına gəlmişdi? Suallar çoxdur və belə sualların ağırlığından adamın beli bükülür. Pas dəmiri yeyən kimi belə suallar da adamı yeyib bitirir.

Belə başa düşülməsin ki, təlatümlü günlərdə quş alan, quş satan adamları siyasi proseslərə töhfə vermədiklərinə, ictimai-siyasi hadisələrə baş qoşmadıqlarına görə qınamaqdayam. Yox, bunu əsla ağlınıza gətirməyin. Bu haqqı özümə tanımaq sırf qudurqanlıq olardı. Onu da iddia etmirəm ki, o təlatümlü günlərdə quş alan, quş satan adamlar ictimai-siyasi motivli proseslərin belə biabırçı, mənasız sonluqla bitəcəyini əvvəlcədən hiss etdiklərinə görə proseslərə baş qoşmurdular. Xeyr, onlar bu qədər ağıllı ola bilməzdilər. Sadəcə o təlatümlü günlərdə quş alıb, quş satan adamların ictimai-siyasi motivli hadisələrə qarşı olimp etinasızlığı, olimp laqeydliyi, heç nəyə fikir verməyərək öz balaca dünyalarında yaşamaqları məni indi dəhşətli dərəcədə heyrətləndirməkdədir və bircə dəfə quş bazarına gedib o adamlara yaxından baxmadığıma görə dərin peşmanlıq hissi keçirməkdəyəm. Niyə buraxdım bu səhvi? Axı işimin-gücümün adı nə idi? Bax bunu özümə hec cürə bağışlaya bilmirəm.

***

İsani metrostansiyasının yaxınlığında yerləşən balaca parka lap tezdən getmişdim. Özümlə kiçik termosda kofe götürmüşdüm. Skamyada oturub qara şokoladla kofe içirdim. Hava buludlu idi. Arada damcılar düşürdü, amma bu damcılardan narahat olmurdum. Köhnə, yamaqlı-yumaqlı, rəngini müəyyən etməkdə çətinlik çəkdiyim, arxa oturacaqları çıxarılmış bir “Jiquli” asqıra-asqıra, öskürə-öskürə parka girdi. Bu artıq maşın deyildi, dəmir-dümür yığnağı idi. “Jiquli”dən köhnə dəblə, amma təmiz, səliqəli geyinmiş, yaşlı, qırmızısifət bir kişi düşdü. Balaca ağzının küncündən qara rəngli, uzun siqaret sallanmışdı. Kişi əvvəlcə narazı-narazı göyə, sonra da maşının salonundakı bəzək kollarına baxdı. Dəyəsən yağış yağacağından qorxurdu. Ona görə də maşındakı bəzək kollarını yerə boşaldıb-boşaltmamaq qərarı verməkdə çətinlik çəkirdi.

Mən də bayaqdan fikirləşirəm bu camaat hardadı belə. Görəsən niyə bazara gələn yoxdu. Adətən artıq bu vaxtlar ən diribaş adamlar yavaş-yavaş parka gəlib gülləri, bəzək kolların yerə düzməyə başlayırlar. Deməli havanın tutqun olması, yağış yağması ehtimalı adamları qorxudub. Heç gör bu ağlıma gəlib?

“Jiquli”dən düşən kişi başına qara rəngli panama qoymuşdu. Bu cürə qara rəngli panamaları mən orta məktəbdə oxuyan zamanlarda müəllimlər başlarına qoyurdular. O müəllimlər ki, onlarla məktəbdən kənarda istənilən yerdə qarşılaşanda adam çaşıb qalırdı. Bilmirdin yaxınlaşıb salamlaşasan, yoxsa sakitcə sivişib aradan çıxasan.

Qonşu skamyaya təxminən 55-60 yaşında bir dəri, bir sümükdən ibarət olan, qayçıya oxşayan bir kişi yaxınlaşdı. Bel çantasından iri yamaqları, iri cibləri olan, alabəzək kombinezon çıxarıb içinə girdi. Burnuna çəhrayı rəngli burun taxdı. Bir neçə yerdən şişib formasını itirmiş başına da kamali-ehtiramla qotazlı, ulduzlu papaq qoydu. Yaşlı bir adam üç-dörd dəqiqənin içində döndü oldu klassik kloun. Bu çox maraqlı mənzərə idi. Razılaşaq ki, hər gün belə maraqlı mənzərələrlə qarşılaşmırıq. Kimdir bu adam? Niyə bu adam üç-dörd dəqiqənin içində özünü könüllü surətdə klassik klouna çevirdi? Ən əsası, bu adam özünü klouna çevirmək əməliyyatını elə sakit yerinə yetirdi ki, sanki belə də olmalı idi. Onunla söhbət etmək, bu suallara cavab tapmaq istəyirdim, amma bilmirdim söhbətə hardan, necə başlayım. "Sən kimsən, niyə özünü könüllü surətdə klouna çevirdin?", sualı versəydim, xətrinə dəyə bilərdim. Yaxşı ki, kişi özü söhbətə başladı. Daha doğrusu məndən bıçaq istədi. Onun məndən bıçaq istəməsi heç xoşuma gəlmədi. Nə gizlədim, açığı bir az da qorxdum.

– Məndən niyə bıçaq istəyirsiz? Bəyəm mən cinayətkara oxşayıram?

Sualıma cavab vermədi. Əynindəki alabəzək, iri yamaqları, iri cibləri olan kombinezona çox maraqla baxdığımı görüb niyə kloun cildinə girməsinə aydınlıq gətirdi:

“Burda, məktəbdə şənlik var. Məni də çağırıblar. Fikirləşdim gedib orda geyinmək yaxşı olmaz. Burda geyinib hazır getsəm daha yaxşı olar. Uşaqlar sürprizi sevirlər”.

Onun danışığında bir az lovğalıq hiss olunurdu. Elə bil sözlərini başa düşməyəcəyimdən qorxurdu, ona görə də məcburən sadə formada danışmağa çalışırdı. O, bel çantasından yumru, qıraqdan yumuşaq görünən çörək çıxartdı. Çörəyin arasına iki ədəd balaca sosis dürtdü. Sosislər çörəyin arasında itdi. Sifətindəki ifadədən onun öz işindən razı qaldığını başa düşdüm. Mənə də çörək təklif etdi. Ac olmadığımı deyib ona təşəkkürümü bildirdim. Kloun çörəyin qırağından dişləyib, boğazın hinduşka boğazı kimi irəli uzadıb dedi: “Putinin reytinqi yaman aşağı düşüb. Mənə elə gəlir, Rusiya harasa hücüm edəcək…”

Beləliklə biz beynalxalq siyasət haqqında söhbət etməyə başladıq. İrandan, Turandan girib, Amerikadan, Avropadan çıxdıq. Birdən səhnənin səfehliyi, axmaqlığı mənə çatdı. İki əhəmiyyətsiz adam beynəlxalq siyasətdən danışır. Biri daha səmimidi, konkret kloun cildindədi. O birisi kloun paltarı geyinməsə də mahiyyətcə elə o da kloun kimi bir şeydi. Nəyinə lazımdı bu iki adamın beynəlxalq siyasətdən danışmaq? Onlar nəyə görə narahatdır? Bundan absurd səhnə olarmı? Lap günü sabah üçüncü dünya müharibəsi başlasa, bunun bu iki əhəmiyyətsiz adama nə istisi, nə soyuğu olacaq? Onlar nə itirəcəklər? Bu barədə düşünə-düşünə yenə də klounla beynalxalq siyasət haqqında danışmağa davam edirdim.

Kloun çörəyi yeyib qurtardı. Siqaret çəkdi. Sonra da sağollaşıb getdi məktəbdəki şənliyə. Mən isə bəzi ərzaq məhsulları almaq üçün üz tutdum "Samqori" bazarı tərəfə. Bazardan qayıdanda gördüm kloun dayanıb məktəbin qabağında. Məktəbə girib-çıxan balaca uşaqlara bülbül, şeypur, burun, alabəzək şarlar satır. Uşaqlar yaxınlaşıb onunla şəkil çəkdirirdilər. Bəzi valideynlər buna görə ona pul verirdilər, bəziləri vermirdilər. Baxır adamın mərifətinə. Hara yozursansa yoz, xeyri yoxdu, bu çox kədərli mənzərə idi. Klounun məni görməsini istəmədim. Ona görə də yolun obiri tərəfinə keçməyə məcbur oldum və bunun nəticəsində yolum bir qədər uzandı.

azlogos.eu

# 4022 dəfə oxunub

Müəllifin son yazıları

# # #