Qəpik-quruşa satılan yeni dünya - Şəhla Nihanın hekayəsi

Qəpik-quruşa satılan yeni dünya - Şəhla Nihanın hekayəsi
1 iyul 2020
# 12:38

Kulis.az Şəhla Nihanın "Palimpsest" hekayəsini təqdim edir.

(çaparaq)

Hər yeni tsikl həmin yerdən, amma başqa qatdan başlar.

Divarlarda heç nə yox idi, nə divar kağızı, nə şəkil. Ev əşyalarının da hamısını pəncərədən tullamışdı. Nəyə lazımdılar axı? Bir tək masa saxlamışdı, iri bir masa. Onu da üzərindəkinə görə saxlamışdı. Bir də kətil vardı, yaşamaqdan yorulanda oturmaq üçün.

İndi yaşamaqdan yorulmuşdu, tarixi izləməyə qərar verdi ki, görsün haradan başlayıb və niyə başlayıb?

Masa üzərindəki nataraz bir tablo idi. Qalın, qədim, qızıl tökməli çərçivəsinin ağırlığından masa insan səsiylə inildəyirdi altında.

Rekonstruktor

Tabloya doğru əyilmişdi. Uzun qara saçları üzünə tökülərək şəkli nəzərdən keçirməyə mane olurdu. Sancağı açıb saçını onun altına yığdı. Cod saqqalını tumarlaya-tumarlaya fikrə getdi. Bir vaxtlar kəfkirli divar saatı asılmış yerə nəzər saldı. Saat atrıq yox idi, divarın çirkdən bozarmış bulanıq fonunda ağımtıl uzunsov yeri qalırdı. Başqa əşyalardan nə səbəbə can qurtardığını artıq unutmuşdu, amma saatı vicdansız zamanı dayandırmaqdan ötrü tullamışdı, bunu yaxşı xatırlayırdı. Divardakı boş qalmış yerə baxıb vaxtı müəyyənləşdirdi - saatın tullandığı zamanı göstərirdi. Çoxdandı ki, əqrəblər getmirdi, amma tələsmək lazım idi. Tələsməyin əqrəblərlə bir əlaqəsi yox ki... insan hər zaman tələsər, eləcə, tələsmək xatirinə.

Gecdi artıq...

Cibindən mastixinə bənzər iti uclu şpatel çıxarıb tablonun səthini qaşımağa başladı.

- Səni and verirəm müqəddəs Stiks sularına, Odlu çaya, Dan ulduzuna, Süleymanın açarına! Açıl!

Səyahət

Tabloda ilkin itən müasir dünya görüntüsü oldu. O itərkən rekonstruktor bədənində qəribə küt ağrılar müşahidə etdi. Sonra biləklərinə güc gəldi, gözləri işıqlandı, kirəcləşmiş dizlərinə taqəti qayıdırdı sanki, səhhəti bərpa olunur, təmiz, zəngin qan sürətlə hüceyrələri qidalandır, onlar da azca əvvəl yaşamaqdan yorulduqlarını unudurdular.

Başını geri çevirməsə də evdə kimlərinsə gəzişdiyini aydın hiss edirdi. Vurnuxub özlərini divarlara çırpır, buranı ələk-vələk edib nələrisə müsadirə etmək istəyirdilər, di gəl bir şey tapa bilmirdilər. Sonra repressiyaya məruz qalmışların fotoşəkilləri yapışdırılmış şəxsi işləri tezləşdirilmiş kino kadrları kimi keçdi gözləri önündən. Kommunizm kabusu doldu otağa.

İyirminci əsrin iki böyük qovğası – dünya müharibələri sərgiləndi. Qan suyu əvəz etdi masa üzərində, süzülüb yavaş-yavaş otağı doldurmağa başladı. Tankların altında əzilmiş insan əzalarından, sındırılmış sümük səslərindən ürəyi bulandı, əsir düşərgələrindəkilərin ümidsiz görkəmindən, süngünün qabağına salınıb güllələnməyə aparılanların miskin çöhrələrindən xoflandı. Otağı anlaşılmaz dillərdə danışıq səsləri bürüdü, burnunu barıt qoxusu dolduranda kürəyinə tüfəng lüləsi dayadıqlarını hiss etdi. Bir əlini təslim işarəsi kimi yuxarı qaldırıb bu dəhşətdən qurtarmaq üçün ikinci əli ilə tələsik tablonu qaşımağa davam etdi.

İntibah dövrünə çatanda rahat nəfəs aldı. Evi təzətər çiçəklərin, qönçələrin rayihəsi, yenilik aurası başına aldı. X.Kolumbun ekspedisiyaları, buxar mühərriki, sənaye inqilabı.

Sonra orta əsrlərə müncər oldu, ilk kitab çapını gördü. İnkvizisiya qurbanlarına dolugözlü ağladı. Autodafelərdə iştirak etdi. Kütləvi edamlarda ölüm tonqallarını barmağı ilə basıb söndürmək istədi, əlləri yandı, od sönmədi. Müxtəlif yaşlı, görünüşlü, səviyyəli, milli mənsubiyyətli qadınların cadugər damğası vurularaq yandırılmasının şahidi oldu. Evi diri-diri yandırılanların ağlı başdan alan çığırtısı, yanan insan ətinin bürüştə iyi bürüdü. Bu, istənilən kişinin qadından yox cavabı aldığı üçün ona böhtan atıb şeytanla əlbir olmaqda günahlandırılmasına şərait yaradan, ağıllı və gözəl qadınlara qarşı soyqırımın tətbiq olunduğu, cəmiyyət tarixinin ən qanlı biabırçı səhifələrindən biri, insanlığın xəcalətdən ölüb yerə girə biləcəyi çürük və xronoloji təqvimlərdən cırılıb atılmağa layiq üzdəniraq dönəmi idi.

Qədim Amerika sivilizasiyaları – atstek, mayya, ink mədəniyyəti ilə tanışlıq.

Ölkələri boşaldan epidemiyalar. Dinlərin yaranışı.

Antik dünyaya səyahət. Roma imperiyası, Çin dinastiyası. Süqut, kulminasiya. Eradan əvvəllər. Böyük ipək yolu.

5000 il qabaq.

Dəclə-Fərat, Nil sahillərində qədim insan sivilizasiyaları. Arabalar, hərbi texnika.

Ondan 1000 il öncə Mesopotamiya, şumer məskənləri, ticarətin inkişafı.

7000 il önə - neolitə,

12000 il önə - mezolitə,

1 milyon il önə - paleolitə qədər qaşıdı.

200 000 il tarixi olan qayaüstü rəsmləri gördü.

3 mln il bundan qabaqlar – daş dövrü. Hominidlər. Od alınması, ilk əmək alətləri.

7 mln il qabaq – Afrika savannaları, Şimalı Amerika preriyaları (düzənlik) açıldı önündə. Çöllərin üstünlüyü. Meşə örtüyü yerini müəyyən qədər düzlərə verir, primatlar ağaclardan düşüb yer səthi ilə gəzməyə məcbur olduğundan dik yerimə vərdişi yaranmağa başlayır. Bir az qədim primatları müşahidə edib onları da qaşıdı.

10 mln il əvvələ getdi. Dağ əmələgəlmə prosesini izlədi.

Məməlilərin inkişafı. Onlardan əvvəl 160 mln il Yer üzündə hegemonluq etmiş dinozavrların kütləvi qırılması baş verdi. Səbəbini anlamadı. 65 mln il əqdəm asteroidin Yerlə toqquşmasına yazdı iri məməlilərin ölümünü.

Buzlaşma dövrünə çatdı. Dişi dişinə dəydi. Qulaqlarından və burnundan sırsıralar sallandı. Əlləri tam donmamış bu qatdan da azad oldu.

Yeganə kontinent – Pangeyanı da gördü.

500 mln il qabaq – ilk balıqların yaranışı gəldi göz önünə. Ozon qatı əmələ gəlib atmosferi radiasiyadan xilas edir və Yer üzündə bitki örtüyü yaranır, müxtəlif növ flora yayılır.

3 milyard 800 mln il qabaqlara qayıdış. Bakteriyalar. Qədim okeanda hidrogen, karbon, azot kimi elementlərə təsadüf edilən vaxtlar. DNT spiralı. Həyatın əmələ gəlməsi.

4 milyard 400 mln il əvvəllər – okean yaranır.

Yer qabığı və özəyi formalaşır.

Günəş – Saman Yolunun allahı doğulur. Aftabı da siləndə ulduz partlamalarına çatdı, ayrılan enerjidən ağır metallar – mis, qızıl, uran və s. əmələ gəldi. Daha əvvəllər də sərgiləndi gözləri önündə - planetlərin yaranışı. Hidrogen, helium, dəmir, karbom atomları ilə zəngin kosmik fəza. İlk ulduzların – elementlər fabrikinin doğulmasını seyr etdi.

Sonra ilkin atomlar əmələ gəldi. Qaz, toz kumulyasiyası, təzyiqin və temperaturun artması.

13 milyard 700 mln il əvvələ gəlib yetişdi. Artıq prosesin inkişaf edib, daha doğrusu geriləyib hara dirənəcəyini bilirdi. Şəklin yuxarısındakı displeydə işçi rejimində yanıb-sönən tabloda tarixi göstərən rəqəmlər dəyişən kimi əlini atıb masanın siyirməsindən üstündə qədim Çin simvolu olan mürəkkəbqabını götürdü. Pəncərədən eşiyə boylanıb göy üzünü buludların məngənəsində gördü.

Bulud havada gedər

Qələm davata gedər.

oxuyub, qabın yan tərəfinə taxılmış quş lələyini çıxartdı, hər damlası sonsuzluq və dualizm rəmzi daşıyan qoloqramik mürəkkəbin içinə saldı. Lələyi yuxarı qaldırıb ucuna baxdı. Nazik saplağından asılaraq titrəyən yetişmiş armudu xatırladan yekəqarın mürəkkəb damlasında qədim simvol bənövşəyi-qara parıltıyla bərq vururdu. Ehmalca onu gətirib düz şəklin ortasına damızdırdı. İntişar edib genişlənmiş kainat yığılıb atomdan kiçik nöqtəyə toparlanaraq saniyənin milyonda bir hissəsində vəhşi sürətlə partlamaq əzmindəydi ki, o bir gilə mürəkkəb 14 milyard il Varlığın enerjisindən yararlandığı həmin o Böyük Partlayışın qarşısını aldı.

İndi nə olacaqdı? Hər şeyin səfi pozulacaqdımı?... Ya Olum başqa qanunlar çərçivəsində baş tutacaqdı?

Rekonstruktor alnında puçurlanmış təri ətəyinə silib gözlərini şəkildən çəkmədən Adəmlə Həvvanın gəlişini gözləyirdi. Amma gözlədiyinə rəgmən yenidən müasir dünya təsviri gəldi masa üzərinə.

Kanva

Maraq götürdü onu. Tsikl tamamlanmış demək. Bunun altında nə gizlənib görən?... Əlindəki alətlə bu qatı da siyirib atmaq istəyəndə başı üzərində havada çarpazlaşan iki qol açıldı. Əllər tablonun ortasından yapışdı. Sağ əl geri, sol əl irəli dartdı onu. Müasir dünya tən ortasından ikiyə bölündü.

Dünyanı parələyib rekonstruktorun marağını gözlərində öldürən kobud, qabarlı əllər kağız qırıntılarını qamarladı, anidən peyda olduğu kimi anidən də itib çəkilib getdi. Tinin başında, yerdə köhnə kilim parçasının üstündə bardaş qurub oturan yöndəmsiz tumsatan qadının çiyinlərinə qayıtdı qollar. Qadın qolların özününkü olduğunu yoxlamaq üçün çarpazladı onları qoynunda. Tam onunku idilər. Arxayınlıq duyğusu soyuqdan çatlamış dodaqlarına xəfif təbəssüm qondurdu. Sonra qollarını qoynundan açıb cırdığı müasir dünya təsvirlərini konus kimi bürmələdi, qucağında tutduğu vedrəyə basıb tumla doldurdu və şəstlə müştərilərə - qarşısındakı qızla oğlana təqdim etdi.

- Alın.

- Sağ ol.

Oğlandan aldığı qəpikləri kirli cibinə tökdü. Müasir dünyanı satdı tumsatan qadın... Çox ucuz satıldı dünya, quruşlara... Bir neçə dəfə də satsaydı dünyanı, bulka pulu düzələcəkdi. Qadın ac idi, yemək istəyirdi. Böyük mətləblər, dərin platformalarla işi yox idi. Aclıq ona güc gələndə ali və ülvi adına nə varsa, hər şeyi yox etməyə qadir idi.

Yoxa çıxmış dünya

Kətildən qaıxdı rekonstruktor. Cibini eşələyib siqaret tapdı. Yandırıb damağına qoydu və var-gəl etməyə başladı. Nə edəcəkdi? Bundan sonra nə ilə məşğul olacaqdı? Yaşamaqdan da yorulmuşdu axı... Otağın enini addımlarıyla sayıb qurtardıqdan sonra eşiyə çıxdı. Küçənin uzununu saymağa başladı. Tindəki tumsatan qadını gördü. Qadın da onu gördü, amma məhəl qoymadı, fikri öz quruş biznesində idi. Evə qayıdanda nəzərini ikinci mərtəbədən, onun mənzilinin pəncərəsindən atılmış və küçədə qalaqlanmış ev əşyaları, köhnə mebel cəlb etdi. O da tezcə baxışlarını yayındırıb özünü görməzliyə vurdu, fikirləri bayaqkı qadının quruş biznesinin yanında idi.

Tsikl tamamlanmışdı.

Mənzilinə qalxıb qapının zəngini basdı. Açan olmadı. Qapını yüngülcə taqqıldatdı. Evdə heç kim yox idi demək. Fikirlərini yavaş-yavaş küçədən yığıb başına cəm etdi, yadına düşdü ki, evdə tək yaşayır və indi qapının bu tayındakı özüdürsə, o tayda bir kimsə olmamalıdır, məntiqlə. Qapını açıb içəri girdi. Eyvana keçib küçəyə nəzər saldı. Tanımadı elə indicə qoyub gəldiyi məkanı. Daha doğrusu tanımalı bir şey qalmamışdı. Küçə bomboş idi. Eyvanın altındakı əşyalardan tutmuş digər evlər, maşınlar, ağaclar, insanlar, mağaza, dirəklər, ora-bura atılmış şirə və su qabları – hər şey süpürlənib itirilmişdi. Bir tək boşluq vardı, bir də bayaq gördüyü qadın – Aclıq. Aclıq Boşluğu yenidən doldurub cana gətirməkçün vardı.

Qadın daha tum satmırdı, tumlar, kağız konuslar, hər şey yoxa çıxmışdı. Qadın dilənirdi. Əlini boşluğa açmışdı. Boşluq onun ovcunu yalayıb keçirdi. O, yalanmış ovcunu üzünə yaxınlaşdırıb qoxlayır, sonra yenə irəli uzadıb dilənməkçün açırdı.

Tsikl tamamlanmışdı. Hər yeni tsikl keyfiyyət dəyişiklikləri gətirir. İndi hər şey başqa cür olacaqdı, nə əvvəlki, nə onun antipodu kimi. Hər şey tam fərqli olacaqdı... Eyni olan yeganə şey oydu ki, hər şey yenə sıfırdan başlayacaqdı. Kim bilir neçə dəfə nəhayət və neçə dəfə başlanğıc olub. Hər dəfə hər şeyin fərqli başladığı ehtimalı elə təxminən hər şeyin eyni cür başlayıb eyni cür bitməsi ehtimalına bərabərdir. Kim bilir... Və neçə dəfə yenidən başlanılmalı ki, bir dəfə yeni başlanğıca köhnənin davamı deyilsin?..

Bu yekəlikdə düzü-dünyada, bu nəhayətsiz, biintəha boşluqda ikisi qaldı, o və qadın. Başlanğıc/inkişaf və Aclıq/maraq. Diqqətlə qadına baxmaqda davam edirdi. Qorxurdu ki, gözlərini çəksə o da yox ola bilər. Qadının “tək müşahidəçisi” o idi. (Berkli). Qadın başını qaldırıb yalvarıcı nəzərlərini ona dikdi. Baxışlar “baxma mənə, saxlama, qoy yox olum” deyirdi. O, gözlərini qapatdı...

# 5369 dəfə oxunub

Müəllifin son yazıları

# # #