Qan qoxulu Kolizey  - Şəhla Nihandan yeni hekayə

Qan qoxulu Kolizey  - Şəhla Nihandan yeni hekayə
27 mart 2020
# 16:41

Qızmar Roma günəşinin yandırıcı hərarətindən başındakı enlikənar şlyapa qoruya bilmirdi onu. Günəş avqustla sıx dostluq yaradıb turistləri qonaqpərvər şəhərdən qovmaq istəyirdi. Şəhərin bu sazişdən xəbəri olmadığından gələnləri canla-başla qəbul edib qoynundakı yüzilliklərin xarabalığını sərgiləməkdən usanmırdı.

İstinin təsirindən ləms halda Kolizeyə doğru addımlayır, əynində futbolka və trapes əvəzinə qədim italyan qadınlarının geydiyi nazik və sərin kətan don olmasını arzulayırdı.

Bu da həmin məşhur tikili. Üçdə ikisi uçub dağılsa da qalan hissələrindən Kolizeyin əzəli əzəmətini duymaq çətin deyil. Flavi amfiteatrı. Romanın fəxri.

Antik dünyanın ən iri və möhtəşəm stadionu.

Flavi imperatorlar dinastiyası tərəfindən bünövrəsi bizim eranın 72-ci ilində qoyulub, 8 ilə inşa edilmiş Kolizey qədim Roma aristokratiyasının zövq-səfası, əyləncə və istirahəti, həmçinin qüdrət nümayişi üçün tikilmişdi.

Bu sahədə əvvəllər imperator Neronun əsrarəngiz bağla əhatə olunmuş daş-qaş işləməli altun kaşanəsi dururdu. Saraya yaxın yerdə özünəvurğun imperatorun bürüncdən tökülmüş heykəli vardı. Onun qənşərində dərin bir dərə qazıb duzlu su ilə doldurmuşdular. Neron heykəlinin dənizdə qoyulmaq arzusunu bu yolla reallaşdırmışdı. Bir müddət sonra imperator özünə qəsd etmiş, onun yerinə keçən Vespasian imarəti sökdürüb, heykəli əritmək əmri vermişdi. Suni dəniz qurudulmuş, həmin yerdə Kolizeyin bünövrəsi atılmışdı.

3 yarusda 80 arka, 36 lift, 64 giriş qapısı olan bu mastodont tikili 60 mindən 70 minə qədər adam sığışdırırdı. Dördüncü yarus arkasız idi. Təxminən 20 sıra oturacağı olan birinci yarus aristokratiya, 16 sıralı ikinci yarus orta zümrə Roma vətəndaşları, üçüncü yarus yoxsullar üçün nəzərdə tutulmuşdu. Onlardan yuxarıda liftləri hərəkətə gətirən qullar otururdu. Lap yuxarıda isə imperator hərbi donanmasının dənizçiləri yerləşirdi. Onlar stadionun enli dirəklərinə kanatlar və müxtəlif qurğularla bərkidilmiş nəhəng qalın kətanı bağlayıb-açmaq üçün burada idilər. Kətan adətən oturacaqların üstünü çətir kimi dövrələyirdi, yağışda, yaxud qızmar istidə bütün arenanın örtülməsi mümkün olurdu.

Kolizeynələr görməmişdi? Nahaqdan deyildi qanlı Kolizey adlandırılması. Bu arenada qladiator döyüşlərindən, vəhşi heyvanların bir-birinə hücumundan, insan-heyvan tutuşmasından ta müxtəlif cür oyunlara qədər hər növ döyüş, idman, əyləncə təşkil olunardı. Qladiatorlar arasında qadınlar da az deyildi. Bəzən arena su ilə doldurulub qayıqlar buraxılır, publikanı əyləndirən dəniz savaşları keçirilirdi. Döyüşlər ərzində burada 1 milyon heyvan, yarım milyon adam öldürülmüşdü. Roma publikası ölümə sevinməyə, qəddarlıqdan həzz almağa vərdiş etmişdi.

Qladiatorlar əsasən əsirlərdən, qul və cinayətkarlardan təşkil olunurdu. Bəzən tam müflisləşmiş şəhər sakinləri də könüllü olaraq and içib bu sıraya qatılırdılar ki, bunun da əsas səbəbi savaşı udub pul mükafatı qazanmaq, dolanışığı düzəltmək idi. Qalib tərəf adətən palma budağı, gümüş sinidə pul və tacla mükafatlandırılırdı. O məşhurlaşıb qadınların sevimlisinə çevrilirdi. Dəfələrlə döyüşdən qalib çıxana azadlıq bəxş olunurdu.

Heyvanla döyüşən qladiator ona yenilirdisə və vəhşi heyvan onu elə yerindəcə parçalamırdısa döyüşçünün həyatı bitmiş hesab olunur, o, yarımcan halda vəhşilərin qəfəsinə atılırdı.

İldə 2-3 dəfə keçirilən döyüşləri pretorlar təşkil edirdi. Qladiatorlar daim öldürülüb sıradan çıxdıqları üçün bu insanlar müntəzəm olaraq döyüşçülərin cərgəsini doldurmaqda idilər. Müharibədə ələ keçirilən əsirlər məhz pretorlar tərəfindən saf-çürük edilir, fiziki cəhətdən ən sağlam və davamlıları seçilib imperatorun qladiatorlar məktəbinə cəlb olunur, ciddi nizam-intizama alışdırılır, lanistlərlə (qladiator məktəbində məşqçiər) müntəzəm məşq edib döyüş texnikasına yiyələnirdilər. Döyüşçülərin qidası və onlara göstərilən tibbi xidmət yüksək səviyyədə idi. Qladiatorlar daim mükəmməl fiziki formada və döyüş ruhunda olmalıydılar. Döyüşdən qabaq onlara publika tərəfindən pul qoyulurdu. Ümumiyyətlə, bu “əyləncə” növü külli miqdar vəsait qazandırdığına və əhali arasında populyarlığına görə hakim dairələrə çox sərfəli idi.

***

İfrat həssaslığını ətrafdakılar dəfələrlə qeyd etmişdi, razılaşmışdı deyilənlərlə. Sədləri aşan intuitivliyindən xəbəri vardı. İndi bu qədim tikilidə qızmar günəş altında dayanıb barmaqlarını daşların üzərində gəzdirir, 20 əsr əvvəlin ab-havasını duymağa çalışırdı. Bircə bu yuxarı-aşağı axışan insan seli olmasaydı... Mane olurdular daşların yaddaşına nüfuz etməyə.

Gözlərini arenadan çəkə bilmirdi. İtaliya bazilikalarında (antik məbəd) olan qüdsiyyətə burda rast gəlinmirdi. Burada torpaqdan qan iyi gəlirdi. Halı yavaş-yavaş dəyişirdi. Burnu gicişir, barmaqlarının ucu göynəyir, kürəyi qovuşur, nəfəsi təngiyirdi. Külək öz Eola arfasını onun başı üzərində yüngülcə ehtizaza gətirməklə ətrafdakı qələbəliyin unudulmasına, fikirlərin toparlanmasına, güclü intensiyaya səbəb olurdu.

Arenanın döşəməsi yalnız baş tərəfdə bir qırıq qalmaqda idi. Qalan hissə açılmış, Kolizeyin alt qatı, iç dünyası aşkarlanıb insanların mühakiməsinə verilmişdisə də buradakı bəzi mürəkkəb yeraltı konstruksiyaların, mexaniki qurğuların nəyə xidmət etdiyini təfsilatı ilə anlamaq mümkün olmamışdı. Uzun dəhlizlərdəki sağa-sola yuva/kameralar qladiator və vəhşi heyvanların saxlandığı yer idi. Labirintvari tunellər dekorasiyalar olan otaqlara aparırdı. Otaqların çoxu liftlə təchiz olunmuşdu. Lazım olan vaxt dekorasiyalar yuxarı, arena üzərinə qaldırılırdı. Döyüşçülər və heyvanlar da anidən yer üzərində məhz belə - liftlər vasitəsilə peyda olub tamaşaçıları heyrətə gətirirdilər. Qladiator məktəbi də burada, yerin altında yerləşirdi.

Gözləri önündəki qalın tor seyrəlməyə başladı. Zülmət üfüqi və şaquli millərlə, onlar ağır dəmir-daş blokları və sonuncular da qapılarla əvəz olundu. Görüntü aydınlaşarkən yeraltı Kolizeyə nüfuz etdiyi bəlli oldu. İçərisində əl-ayağı qandallı qladiatorlar gəzişən dəmir barmaqlıqlı kameralar, vəhşi heyvanlar saxlanılan qəfəslər təxəyyülünü məftun etdi.

Kameraların birində iki qladiator eyni pozada qabaq-qənşər torpaq üzərində oturmuşdu. Alınlar bir-birinə dirənmiş, gözlər yumulu, iri kobud əllər dost boynunu qucaqlamış... İkisi də əsir, ikisi də qul, ikisi də döyüşçü, ikisi də ölüm tanrısına kəsiləcək qurban... İnsan deyil, qladiator idilər. Dost idilər...

- Onlar mənim qardaş qanını axıtmamı görməyəcəklər. Məhrum edəcəyəm onları bu seyrin zövqündən!

Bu sözlərlə hesabında 55 qələbəsi olan Severus gözlərini açdı. Gözlərində yaş parlayırdı. Nisbətən cavan, lakin təcrübəli və cəsarətli, müxtəlif arenalarda döyüşüb 35 dəfə qələbə çələngi əldə etmiş iri cüssəli Oktavian döyüş bacarığı və çeviklikdə heç kəsdən geri qalmazdı. Amma bu oyunun xofu onu basmışdı. Qardaş kimi sevdiyi, qəlbən bağlandığı, bu cəhənnəmdə yeganə ürək qızdırdığı dostu ilə qətiyyən döyüş meydançasında tutuşmaq istəməzdi.

Oktavian ovcu ilə dostunun boynunu bir az daha bərk sıxıb pıçıldadı:

- Qazandığın pulları götürüb gedə bilərdin. Hər qələbəndən sonra çıxıb getmək şansın vardı, zəfərlərin kifayət qədərdi. Niyə getmədin axı? Niyə?! Bu günümü gözləyirdin?! Üz-üzə gəlməyimizimi arzulayırdın? Sənə onlarca dəfə demişdim, getməyinçün yalvarmışdım...

- Sənə görə...

Oktavian başını buladı.

- Məni ölümün pəncəsindən xilas edə bilməzdin. Buna heç kəs qadir deyil. Burdakıların heç birinin sabaha ümidi yox. Özünü fikirləşməliydin.

- Səni atıb getmək istəmədim. Gedə bilməzdim.

- Bu günü görürdüm. Bilirdim ki, bir dəfə üzləşdirəcəklər bizi.

- Hə - dedi Sevarus – hər ikimiz kifayət qədər məşhuruq. Dostluğumuzdan çoxunun xəbəri var. Bu, güman ki, pretorun kələyidir. Publikaya maksimum həzz yaşatmaqçun anasını da satar, əclaf. Amma yenə də deyirəm, onlar gözlədikləri kefi görməyəcək!

- Bu gün ikimizdən biri öləcək, Sevarus... Birimizin cəsədi “Porta libitinensis”dən (ölüm darvazası) sürütlənəcək.

- O darvazadan çıxarılan sən olmayacaqsan!!

- Sən də! – cavan frakiyalı qladiator səsini qaldırdı.

Dostu onun boynunu buraxıb dik gözünün içinə baxdı. Oktavian onu heç vaxt belə görməmişdi. Bu vəhşi baxışlarda dəlilik, üsyan və nifrət vardı. Hər şeyə nifrət! Və bir də bezginlik...

Birdən Oktavianın neçə gündən bəri qaralara bələnən fikir dünyasında sanki günəş doğdu, aləm işıqlandı.

- Gəl elə buradaca bir-birimizi məhv edək! Boğaq bir-birimizi! Onları, o qana susamış yırtıcıları yalnız bu yolla məyus edə bilərik.

- Yox. Sən qalib gələcəksən. Sən qalib olmalısan. Eşidirsən?! Mən yorulmuşam...

Oktavian yenə onun boynunu qucaqlayıb:

- Yox! Heç vaxt! – bağırdı.

- Qardaş... hər şeyi mənə burax. Mən bilirəm.

- Qardaş... – üzüntülü pıçıltıyla səsləndi.

***

Ac yırtıcıların nəriltisi, suvaqsız divarları cırmaqlayan iti caynaqların tükürpədici səsi girdi araya. Səslər səngiyəndə bu iki nəhəngdən birinin beynindən keçən fikri tuta bildi: “O da orda olacaq”. Və ardınca ikincinin gizlindən gizlin saxladığı arzusu daş-dəmir sərhədləri, zaman və tarixi adlayıb içinə doldu: “Onu görəcəyəm... Son dəfə...” Yenə burnuna qan iyi gəldi. İydən başı hərləndi. Gözlərini yumub “yer altından” çıxdı.

***

Göy üzündəki yanar kürənin şıltaq şüaları gözlərini qıdıqlayıb “aç” deyirdi. Gözlərini açıb amfiteatr cərgələrinə fokuslandı. Çoxlu tamaşaçı gördü orda. Turist deyildilər, köhnə dəblə geyinmiş Roma əhliydi. Basırıq, bütün yerlər tutulmuş... Dağıntı-filan yox idi, hətta yuxarı yarusda arkalar arasındakı heykəllər də yerindəydi. Kolizeyin qanlı bağrından bir daş belə düşməmişdi. Qulların qolu gücünə yuxarı-aşağı dartınan liftlərin cırıltısı eşidilirdi. Oturanların sıx sırasında parıltı dəydi gözünə. Onu gördü - Korneliyanı, o gözəl mələyi. Və özünü tanıdı, daxilindəki səsin “O sənsən” piçıltısından qabaq tanıdı. Tədricən özünü orda, tamaşaçıların yanında hiss etdi. Əynində varlı zümrə qadınlarının geydiyi ağappaq tunika, belində daş-qaşla bəzədilmiş ensiz kəmər, ayağında açıq samanı rəngdə, dizindən bir qarış aşağıya qədər iplərlə sarınmış səndəllər vardı. Tunika o qədər nazikdi ki, altından mərmər sinəsi görünürdü. Boynuna doladığı qırçınlı zərif ipək parçanın bir ucu sinəni gizlətmək üçün qabağa atılmışdı. Çiyinlərinə tökülmüş qızılı qıvrım saçlarında nəfis işləməli çəhrayı lent vardı. Bir qulağına dörd qızıl halqa keçirilmişdi. Zəncirlə bilərziklərə pərçim edilmiş ağır üzüklər, çiynindən dirsəyə qədər qoluna dolanmış gümüş ilan bir növ həmayil (qoruyucu, amulet) görəvini daşıyırdı sahibiyçün.

Birinci yarusda ön cərgələrin birində oturduğundan yüksək zümrəyə - aristokrat silkinə mənsub olduğu bəlli idi. İmperator da öz yaxın ətrafı ilə buradaydı. Onun həndəvərində dolaşan hündürboy, beli donqar, başının ortası daz kişini də gördü – pretoru. Atası idi. Ona duyduğu dərin nifrəti də hiss etdi.

Yenə görüntü və səslər bir-birinə qarışdı. Bir anlıq qatı qalın zülmət pərdəsi çökdü hər yerə. Hətta səntirləməməkçün divara söykəndi. Bir müddət beləcə dayandı. Divarın soyuğu yenə onu öz daş xatirələrinə alıb o əski dünyaya, qladiator döyüşünə apardı. Səslər çoxluğu dəhşətli kakofoniya yaradıb qulaqlarını dağıdırdı.

Qəddar, əyləndirici döyüş şousunun əvvəlində qladiatorların sıra ilə Roma aristokratiyasının lojası önündən keçib imperatoru salamlamasını gördü:

“Ave İmperator, morituri te salutant!” (İmperatora eşq olsun! Biz, ölümə gedənlər, səni salamlayırıq!)

Sonra çoxlu döyüş səhnələrinin şahidi oldu. Ömründə bu qədər qəddarlıq, qan, cənazə görməmişdi. Bu qədər say-seçmə, iri cüssəli pəhləvanın tutuşmasının, kəsilən baş, qol və digər əzaların, bunca ağrı-əzabın şahidi olmamışdı. Göydə fırlanan metal torların cingiltisi, başlar üzərinə qaldırılıb günəşdə bərq vuran polad qılıncların gözdələn parıltısı ağlını çaşdırırdı. Döyüşlər mahnı ilə müşayiət olunurdu. Döyüşün şiddəti artdıqca mahnının ritmi də sürətlənib qızmış qanları daha da coşdurur, yaralıların iniltisini eşidilməz edirdi.

Tamaşaçılar baş barmaqlarını yuxarı qaldırıb kiminçünsə “Mitte!” qışqıraraq onun əfv edilməsini istəyir, kiminçünsə barmağı aşağı endirib “Lugula!” bağırırdılar. Arenada qan-tər içində döyüşənlərin həyatı avara sibarit tamaşaçının əfv və ya edam kaprizindən asılıydı.

Qalibin qollarını havada oynadaraq bağırtılarla arena boyu qaçdığını, cərgələrdən insanların qalxıb onun üstünə gül çələngi atdığını gördü. Məğlubları isə qənarəyə bənzər xüsusi iri qarmaqlarla sürüyə-sürüyə ölüm darvazasından çıxarıb spolarium deyilən yerə aparır, peysərinə ya iri arteriyalarına yekun zərbələr endirirdilər ki, aqoniyadan qurtulsun.

***

Budur, iki nəhəng daha çıxdı. Addımlarından yer titrəyən şişman əzələli, mis rəngli bədən sahibləri, iki aslan arenanın qarşı tərəflərindən bir-birinə doğru irəliləyirdi. Bir əlində girdə qalxan, digərində qısa əyri qılınc, başında dəbilqə olan frakiyalı qladiator sekutor (döyüşçü növü) sayağı geyinmişdi. Dəbilqəsiz, bir əlində qolçaq, ayağında dizlik olan isə retiarium idi (döyüşçü növü. Qladiatorlar bir-birindən geyim tərzi və yaraq-yasağı ilə fərqlənməliydi). Silahdan dəmir toru, xəncəri və uzun üçdişi vardı.

Musiqi sədaları altında bir-birinə doğru gəlməkdəydilər. İkisindən birinin bu dünyadan sonuncu aparacağı bu musiqi olacaqdı. Əvvəl ənənə üzrə sparrinq (dostsayağı güləş məşqi) oldu. Sonra aralanıb uzaqlaşdılar. Xüsusi siqnal döyüşün başlamasına işarə verdi. Onlar silahlarını bir-birinə tuşlayaraq hücuma keçdilər.

Döyüş başladı. Bir müddətdən sonra hamı, hətta döyüş texnikasından başı çıxmayanlar belə anladılar ki, ölüm-dirim savaşı olmayacaq, qladiatorlar məharət və fənd yox, əvvəldən danışılmış oyun nümayiş etdirirlər. Bütün savaş manevrsiz-filansız klinçlərdən ibarət idi. Onların hər ikisinə böyük məbləğ pul qoyulmuşdu və pretor publikaya çox maraqlı və qanlı oyun vəd etmişdi. İndi istədiyini görməyən tamaşaçı öz narazılığını bildirir, tribunalardan arenaya qışqırıq, söyüş, hədə ilə bərabər lax yumurta və bütün gününü burda keçirmək ümidi ilə proviantını da özüylə daşıyıb gətirmiş romalıların müxtəlif ərzaq məhsulları yağdırılırdı. Səs-küy və uğultudan qulaq tutulurdu. Aldadıldığını görən publika ayaqlarını yerə döyüb bağırır, qızğın oyun tələb edirdi.

Bunu görən Oktavian nifrət dolu baxışlarını coşmuş tamaşaçı cərgələrində gəzdirərək dostundan aralandı. Yaraq-yasağını yerə atıb arenanın uzaq küncünə doğru irəlilədi. Pretorun köməkçiləri yolunu kəsib dəri şallaq və qızdırılmış dəmir çubuqlarla onu arenanın ortasına itələdilər. Başını qaldırıb birinci yarusda imperatora yaxın yerdə əyləşənlərin arasında Korneliyanı axtarıb tapdı. Məsafənin uzaqlığına baxmayaraq qızın təlaşını hiss etdi.

Arenada danışmaq olmazdı. Döyüşün öz qaydaları vardı və onları pozan cəzalandırılırdı. Yalnız jestlərlə nəsə anlatmaq olardı. Onlarınsa döyüşü artıq qaydasız döyüşə çevrilmişdi və heç birinin buradan sağ çıxmaq niyyəti yox idi.

Sevarus dostunun dəmir biləyini sıxıb pıçıldadı:

- Kütlə səndən hərəkət gözləyir.

- ...

- Mən səndən hərəkət gözləyirəm. Oyun sənindir!

- ...

- Di başla! Gəbərt qoca canavarı! Nə durmusan?!

Dostundan nə hərəkət, nə cavab alan Sevarus qətiyyətlə ondan uzaqlaşıb rəqibinin başına atmalı olduğu ağır dəmir toru və üçdişi kənara tulladı. Xəncəri irəli uzadıb sürətlə rəqibinin üzərinə hücuma keçdi.

Sevarusdan hücum gözləməyən Oktavian bir anlıq özünü itirdi. Sanki zaman yavaşımışdı. Getdikcə güclənən musiqi sədaları, kütlənin vəhşi hayqırtısı, xəncəri önə tuşlayıb bağıraraq üzərinə gələn, gözlərindən od yağan dostu... Oktavianın başında hər şey qarışmışdı, bu qarışıqdan bir tək ölü parıltı ilə işaran yaşam instinkti idi. Son anda toparlandı, azacıq kənara sıçrayaraq qılıncı Sevarusun silah tutmuş qoluna, çiyin nahiyəsinə endirdi. Güclü zərbə qolu qopardı. Dostunun üzünə güclə seziləcək təbəssüm qondu və elə həmən an Oktavian başa düşdü ki, bu, bir fənd idi, onu hücuma təhrik etmək üçün fənd və Sevarusun ona xətər toxundurmaq fikri yox idi.

Qanına qəltan olmuş qladiator kəsilmiş ağac kimi yerə sərildi. Bağırtı, sevinc, alqış səsləri stadionu başına aldı. Dəli baxışlarla Korneliyanı axtaran Oktavian onu üzünü əlləri arasına alıb oturmuş gördü. Ağlayırdımı? Onu mühakiməmi edirdi? Ya bəlkə olanları görməməkdən ötrü gizlətmişdi üzünü?... Oktavian qızın dəstəkləyici baxışlarını gözləyirdi... Görən anladımı halətini?..

Tamaşaçılar Sevarus üçün edam hökmünü təkid edirdilər. Onun taleyi indi indulgensiya barmağının şıltağından asılı idi. Vəziyyət onun xeyrinə deyildi, çoxluğun barmağı aşağı salınmışdı. Sevimli qladiatorunun qanına susamış publika, “Lugula! Lugula!” bağırmaqdan doymurdu. Sevarus onlarca dəfə qızmış quduz kütlənin, yırtıcı pərəstişkarlarının tələbini yerinə yetirmiş, öz rəqiblərini qətlə yetirmişdi. Dünən onu sevənlər, qələbəsinə çəpik çalanlar indi eyni hökmü onun üçün çıxarmışdılar. Bu qana susamış vəhşilərin tək istəyi əzab, ağrı və ölüm görmək idi.

Oktavian başa düşürdü ki, bu vəziyyət dostu üçün ölümdən betərdir, onu onsuz da sağ buraxmayacaqlar, qolsuz qladiator heç kəsə lazım deyildi.

Sevarus kəsilmiş qolunun yanında, qan gölməçəsində uzanıb çabalayırdı. Ölüm kölgəsi çökmüş gözlərini çətinliklə qaldırıb birinci yarusda əyləşənlərə tuşladı, içində, lap dərinlərdə gizlindən gizlin saxladığı sirr məhbusdan qurtulub beyninə doldu: “Onu son dəfə görmək...” Gözlərinin önündə sanki get-gedə ağırlaşmaqda olan pərdə vardı, heç kəsi seçə bilmirdi. Halsız halda Oktaviana fırlatdı nəzərlərini. Dostunun tərəddüdlə ona baxdığını görcək xırıltılı səslə “Bitir!” deyə bildi.

Oktavianın sanki ağlı başından çıxmışdı. Yerə çöküb dizlərini yumruqlayır, var gücüylə bağırırdı. Yenə onun qətiyyətsizliyini görən Sevarus son gücünü toplayıb yerə düşmüş xəncərinı qapdı və öz boğazına sapladı. Sallaqxanada it kimi gəbərdilməsini özünə rəva bilməyən, şərəfi hər şeydən üstün tutan mərd döyüşçünün son qərarı və son istəyi idi... Bu cəngavərlər üçün Busido kodeksi həyatın özündən önəmliydi.

Bilaixtiyar dostunun üzünə nəzər salan Oktaviana elə gəldi ki, o, müəmmalı tərzdə gülümsəyir, ölümqabağı gözlərinə çökən ağrı və dəhşətdən əsər-əlamət qalmamışdı, Sevarus çox rahat görünürdü indi. Bu mübhəm təbəssüm Oktavianın sanki daxilini silkələdi, qəribə bir təkan onu ayaqları üstə qoydu.

İndi o arena boyu qaçır, yumruqları düyülmüş əllərini başı üzərinə qaldırıb nəsə qışqırırdı, sanki don vurmuş qəlblərin sırsırasını əritmək istəyirdi. Dediklərini heç kəs eşitmirdi, heç kəs. İmperator da, döyüş təşkilatçıları da, tamaşaçılar da oyundan narazı qalmışdılar. Amma göylər eşitdi səsini. Dəqiqələr öncə yağış əlaməti olmayan aydın göy üzünü birdən buludlar qoynuna aldı. Sanki bütün İtaliya səmasının buludları stadionun üzərində toplanır, sıxlaşır, baş verənlərdən tutqunlaşıb bozarırdı. Anidən göydə parıldayan ildırım şaxəsi buludların yaxasını cırdı. Boşalan buludlar hamının əvəzinə ağlayırdı. Oktavianın göyə ucalan nifrini indi göydən yerə, hamının başına yağırdı. Ən yuxarı yarusdakı dənizçilər cəld əl-ayağa düşüb nəhəng qalın örtüyü stadionun üzərinə çəkdilər.

***

Oktavian dostunun cəsədinin qarmaqlarla ölüm darvazasına tərəf sürüdüldüyünü görməmək üçün üzünü kənara çevirdi. Qızı axtardı tamaşaçılar arasında, tapa bilmədi. Korneliya yerində yox idi. Pretorla imperator arasında deviant qladiatorun taleyini müəyyənləşdirən qısa söhbəti qız eşitmiş, ağlayıb qışqıraraq atasını lənətləmişdi. Pretor köməkçiləri üsyankar qızın müqavimətini qıraraq sürüyə-sürüyə stadiondan çıxarmışdılar. Bu olayı Oktavian görməmişdi.

Onu qalib elan etmədilər. İmperatoru, qonaqları və bütün Roma əhlini şoudan məhrum etmişdi. Yağışın islatmağa macal tapdığı, yorğun, mənən öldürülmüş, ruhən çökdürülmüş, ağlı azmış, gücü biləklərini tərk etmiş qladiator çaşqın halda arenanın ortasında donub qalmışdı. Pretorsa imperatorun qəzəblənmiş qonaqlarının və Roma zənginlərinin yanına qaçaraq, üzr istəyir, dağılışmamalarını xahiş edir, indi onlara başqa bir şou vəd edirdi - daha qızğın, daha maraqlı...

Aşağıda, yeraltında qəfəslərin qapısı şaqqıltıyla açılır, yırtıcıların nəriltisi bir-birinə qarışırdı. Liftlər hərəkətə gətirilir, arenanın iki müxtəlif yerində döşəmə qapıları aralanırdı.

Heç nədən xəbəri olmayan Oktavian çaşqın nəzərlərini qaldıranda önündə anidən peyda olmuş aslanı gördü. Arxasından gələn səsə qanrılanda üzərinə atılmağa hazır ac qaplanla üz-üzə gəldi.

***

Burnuna dolmuş qan qoxusundan başı hərləndi. Gözlərini möhkəm yumub bir müddət beləcə durdu. Özünü hardasa keçmişlərin emissarı (elçi) saydı və bu fikrindən özü də ürpərdi. Qollarında küt ağrı hiss edirdi. Atasının köməkçilərinin əl yerləri idi, iki qolundan yapışıb çığırda-çığırda onu stadiondan çıxartmışdılar.

Gözlərini açanda başqa bir səhnə sərgiləndi qarşısında. Ata evindən qaçmışdı. O vaxt qladiator döyüşləri İtaliyanın istənilən yerində məşhur idi və təşkilatçılara yaxşı gəlir gətirirdi. Bütün şəhərlərdə döyüşlər üçün arenalar tikilmişdi, hər yerdə qladiator məktəbləri fəaliyyət göstərirdi. Özünü arenada gördü və qəfildən döyüş texnika və fəndlərindən çox gözəl baş çıxartdığı əyan oldu ona. Qollarında qolçaqlar, dizlərində dizlik, əli silahlı...

Daha sonra önündə müəllimini – qladiator məktəbinin lanistini gördü və bu şəxsdə indiki yoqa təlimçisini tanıdı. Atasını da gördü, şəhərbəşəhər adam saldırıb axtarıb tapmışdı onu, pulla qızını satın almaq istəmiş, o isə razı olmamış, atasını qovlamışdı. Atasından qisasmı alırdı?..

Oktavian Kornelius adı altında döyüşürdü. Kişi adı ilə qadın qladiatorlar sırasına qatılmışdı. İştirakçısı olduğu döyüş səhnələri kino lenti kimi keçdi gözləri önündən. Bəzilərinə heç baxmaq istəmir, bəzilərinin təfərrüatına varmaq, tutub saxlamaq istəyirdi. Amma mümkün deyildi, kadrlar sürətlə bir-birini əvəzləyib çəkilib gedirdi. Görüntülərin birində qarın nahiyəsində kəskin ağrı hiss etdi, hətta əllərini möhkəmcə qarnına sıxdı da. Ağrı get-gedə şiddətlənirdi. Bu nahiyədə anadangəlmə iri, açıq qonur rəngli ləkə vardı. Ləkə nədən ağrısın ki?.. Axı heç vaxt belə bir şey olmamış, onunçün narahatlıq törətməmişdi. Ağrısı artıq dözülməz idi, hətta dayana bilmədi, dizləri bükülüb yerə çökdü.

Görüntüsündə onu qırmızıya bulaşmış qum üstdə sürüyüb ölüm darvazasına doğru apardıqlarını seyr etdi. Qarın nahiyəsindən aldığı dəhşətli yaradan həlak olmuşdu.

Gözlərini bərk-bərk yumdu. Ağrı onu tədricən tərk etsə də tərpənməyə ürək etmirdi. Bu vaxt lap yaxınından eşitdiyi səs onu zamanına və məkanına qaytardı:

- Sizə kömək lazımdır?

# 4645 dəfə oxunub

Müəllifin son yazıları

# # #