Qalımmmı, gedimmi? Sual budur, bu… - Anara şeir həsr etdilər

Qalımmmı, gedimmi? Sual budur, bu… - Anara şeir həsr etdilər
27 yanvar 2020
# 11:08

Kulis.az İldırım Ulusoyun “Müqəddəs Yаnuаr” drаmındаn Müqəddəs Yаnuаrın qurultаy öncəsi monoloqunu təqdim edir.

Müqəddəs Yanuar
(kabinetdə ağır-ağır var-gəl etdikdən sonra yorğun halda kreslosuna yayxanaraq qəlyanından dərin qullab vurur).

Qalımmmı, gedimmi? Sual budur, bu…
AYO*-nun dəhşətli məsxərəsinə;
Mağmın katiblərtək dözümmü görən,
Yoxsa üsyan edim bir ərizə ilə?
Ya istefa verim, ya sədr qalım?
İstefa! Hər şeyi tamam itirmək.
Bu sədr postunun min bir dadından,
Min bir ləzzətindən məhrummu olmaq?
Çəkilib Xəzərin sahilndəki
Möhtəşəm bağımda sərin guşəyə
Xəyallara dalmaq, hey mürgüləmək,
Bir kəsin yadına düşməmək daha...
Adi, təqaüdçü bir qoca kimi
Tutub nəvələrin totuq əlindən
Bayraq meydanında onlarla gəzmək…
Hər yoldan ötənin, abıvatelin
“Bu keçmiş sədrdir…” atmacasını
Vuraraq biveccə qulaqardına,
Qoşulub Bulvarda “pensonerlərə”
Başmaq seyrinəmi çıxmaq orada?
Bəlkə qapılaraq nostalgiyaya
Avtobioqrafik bir roman yapmaq?
Bir ərizə yazıb istefa vermək...
Düşmən tənəsinin, məsxərəsinin
“Ağır zəncirini qırıb qurtarmaq,
O gözəl, son məqsəd bu deyilmidir?”
İtirib bu ali hakimiyyəti
İstefasonrası, postsədr dövrü
Yataq dustağına çevirilərək
İnfarktmı, insultmu qazanmaq sonda?
Bax budur müəmma, bax budur cavab.
Yoxsa katiblərin boş vüqarını,
Birlik üzvlərnin cahilliyini,
Qapımda sürünən hər bir yaltağın,
Hər bir riyakarın, “hər bir rəzilin
Gözünün yalançı parıltısını”
Vurub birdəfəlik yox etmək üçün
Bir qələm, bir vаrаq kifayət ikən;
Kölgəmi durmadan hey qamçılayan
Cılız düşmənlərin namərdliyinə,
Dəyərsiz, talantsız qrafomanların
Tikanlı, zəhərli tənələrinə,
Acılı-şirinli sədr postunun
Siqləti altında sürüklənməyə
Məntək düz otuz il kim dözərdi, kim?
Ah, bütün bunları fikirləşdikcə
“…Solur bir gül kimi qətiyyətimiz.
Ağıl düşünməkdən dayanıb qalır.
Həyata keçməsi mümkün görünən
Ən böyük xəyallar, böyük arzular
Cəsarətsizlikdən həlak olur, ah!”
Yetər, şişdi başım! Nə vurnuxuram?
Sual «qаlım-gedim», cavabı bəlli.
Gələcək ədəbi nəsillər belə
Qoy məni hələ çox xаtırlаsınlаr,
Sən ey hər mənada son qurultayım…”

*Azad Yazarlar Ocağı

# 6106 dəfə oxunub

Müəllifin son yazıları

# # #