Övladını erməni qadına bağışlayan azərbaycanlı – Elçin Hüseynbəylidən yeni hekayə

Övladını erməni qadına bağışlayan azərbaycanlı – Elçin Hüseynbəylidən yeni hekayə
18 aprel 2020
# 14:11

Kulis.az yazıçı Elçin Hüseynbəylinin yeni yazdığı “Sükutda hıçqırtı” hekayəsini təqdim edir.

Artırmada arvadı su tökür, o da əlinin mazutunu yuyurdu. İşdən təzəcə gəlmişdi. Başını qaldırıb arvadının üzünə də baxmadı. Eləcə dəsmalı alıb üz-gözünü sildi.

Bayırdan öskürək səsi gəldi. Atasıydı. Demək istəyirdi ki, özlərini yığışdırsınlar.

Arvadı dal otağa keçdi.

Atası qaradinməz adam idi. Siqaret çəkməkdən bir az da qaralmışdı. Anasının sözləriydi:

- Az çək o zəhrimarı, özün qarasan, bəs dəyil, hələ bir tüsdülədirsən də!? Tir kimi qaralmısan!

Atası siqaret əlində içəri keçdi, eyvandakı köhnə divanda oturdu. Bir-iki ağız öskürdü. Siqareti əlində o tərəf-bu tərəfə fırlatdı. Sözlü adama oxşayırdı.

Zahir onun nə demək istədiyini təxmin elədi, dalağı sancdı.

- Gəlini göndər getsin, - atası siqaretin filtrini ağzında çeynəyə-çeynəyə, oğlunun üzünə baxmadan dedi.

“Arvadını göndər” demədi. Bu o demək idi ki, hara getsə, yenə də onun gəlinidir.

Ata-bala susdular. İçəridən körpənin səsi gəldi, bir ağız ağladı, tez də susdu. Yəqin anası körpənin səsini kəsmək üçün döşünü onun ağzına saldı.

Bir azdan anası artırmada göründü. Gözlərinin qızartısından başa düşdü ki, ağlayıb. Anasının ürəyi yumşaq idi, göz yaşı da ovcunda. Qucağında dəsmala bükülü nəsə vardı. Balaca qazana oxşayırdı. Anasının xasiyyəti beləydi, əliboş gəlməzdi. Özü də çox zaman onun xoşladığı kələm dolması gətirərdi.

- Arvadın əli uşaqlıdı, ona görə də sənə yemək gətirdim, - dedi, əlindəkini stolun üstünə qoydu, gəlib onun yanında oturdu. -Başına dönüm, - oğlunun boynunu qucaqladı, - odey, Şirvanlıda da yüz ilin arvadını dədəsi evinə göndəriblər. Allah qırsın Qarbaçovun belini. Aranı o qarışdırıb deyirlər. Ara sakitləşəndə gedib gətirərsən.

Nə cavab verəcəyini bilmirdi. Ermənilərlə ara son zamanlar qızışmışdı. Hər iki tərəf haça təpəlikdə post qurmuşdu. Azərbaycanlılar burdan, ermənilər də ordan. Hərdən atışırdılar da. Elə-belə, bir-birilərini qorxutmaq üçün. O da günaşırı posta gedirdi, amma heç kimin üzünə düz baxa bilmirdi.

Kəndin ayağında Mehbalının evini arvad-uşaq qarışıq yandırandan sonra ermənilərə qəzəb və nifrət artmışdı. Qonşu kəndin simsar erməniləri and-aman edib, söz göndərmişdilər ki, Mehralı kirvənin evini onlar yox, İrəvandan gələn saqqallılar yandırıb, aranı da qızışdıran onlardır.

Atası:

- Mehralıgilin müsibətindən sonra erməni haxçilərinin hamısını dədəsi evinə göndərirlər. Bu gün də belə qərar verdilər, dedilər ki, biz erməni ... – sözünün dalını gətirmədi, yəni “qancıq” sözünü dilinə gətirmədi, əvəzində siqaretdən bir qullab aldı, - kənddə saxlaya bilmərik.

Dal otaqda yenə də körpə ağladı.

- Bəs uşaq?! - deyə Zahir uzun sürən pauzadan sonra dedi, daha doğrusu, inildədi.

- Uşaq, əlbəttə, bizdə qalacaq! - atası ötkəm səslə belə dedi, -erməniyə uşaq umud eləmək olar!?

- Uşaqdı da, qadan alım, - anası söhbətə qarışdı, - bir az ağlıyıb kəsəcək. Aşağı obada Zalxagilin keçiləri təzə balalıyıb, keçi südü ana südündən də yaxşıdır.

- Bəs anası?

- Anası da bir az ağlayıb-sıtqayıb, sakitləşəcək. Bir də gördün Kamal yekə kişi olub.

Bütün bu danışıqları Siranuş eşidirdi, amma səsini çıxarmırdı. Eləcə xısın-xısın ağlayırdı. Uşağı özünə bərk-bərk sıxır, üz-gözündən öpürdü. Uşaq da, sanki, həyəcanlanmışdı, hərdən ağzını anasının döşündən ayırır və ağlayırdı. İri, qara gözləriylə anasına baxır, xırdaca əllərini anasının üzündə gəzdirirdi.

- Bu gecə gəlini apar yola sal, ürəyin gəlmirsə, qardaşın aparsın, - atası dedi və siqaretini tüstülədə-tüstülədə getdi.

O boyda qaradinməz və sərt kişi də kövrəlmişdi deyəsən, çünki bu sözləri deyəndə səsi titrədi...

- Dur, qadan alım, dur, bir tikə çörək ye, qaranlıq düşəndən sonra apararsan, - anası ağlamsına-ağlamsına dedi, - sənə heç kim heç nə deməz.

Nə edəcəyini bilmirdi. Onsuz da son zamanlar iştahı tamam küsmüş, yuxusu qaçmışdı.

Anası ayağa durdu, gəlin olan otağa tərəf baxdı, deyəsən, ora girmək istədi, amma fikrindən daşındı.

- Dədən də narahatdı, gedim görüm, neynir, dərd eləməsə, yaxşıdı, eləliyinə baxma, ürəyi yumşaq adamdır, - dedi, təzədən oğlunun boynunu qucaqladı, bir müddət başını sinəsində saxladı, sanki gəlinini yox, oğlunu uzaq səfərə yola salırdı.

- Yaxşı, sən get, - deyə Zahir başını anasının qolları arasından çıxardı, - narahat olma, bir şey fikirləşərəm.

Anası ayağını sürüyə-sürüyə getdi.

O isə dal otağa girdi və küncə sığınıb ağlayan arvadının ayaqlarının ucunda oturdu.

İşıqlar yenə də sönmüşdü, içəri ala-qaranlıq idi. Siranuş lampanı da yandırmamışdı.

Körpə anasının qucağında, arxası üstə yatırdı. Bir əlini qarnının üstünə, o birini qulağının dibinə qoymuşdu...

Bir müddət dinmədilər. Sanki hər ikisi uşağın mışıltısını dinləyirdi.

Siranuşu səkkiz il əvvəl yamacda yer şumlayanda görmüşdü. Dünyanın düz vaxtıydı, ermənilərlə aralarında heç bir ədavət yox idi, canbir-qəlbbir yaşayırdılar.

Zahir həmin gün briqadir Arzumanın torpaq sahəsini şumlayırdı və yamacın aşağısındakı bulağa enəndə qızın əvvəlcə ağ baldırlarını gördü, sonra başını qaldırıb üzünə baxdı, ala gözlərinə vuruldu. Siranuşun iri burnu gözünə görünmədi...

Siranuş adını eşidəndə atası əvvəlcə başını tutdu, sonra gözünü yumub ağzını açdı, evdən çıxıb qaçan oğlunun dalınca bir selba da tulladı... Amma anası bu işə razı oldu. Hətta toy tədarükü də gördü.

Qızı bir həftə sonra, elə bulaq başındaca kirvələri Dəmirin köhnə “Moskviç”inə basıb apardılar.

Onu sevirdimi ya yox, bilmirdi. Yeddi il uşaqları olmasa da, Siranuşu boşamamışdı.

- Bu erməni haxçisi, deyəsən, qısırdı, boşayın getsin. - İnişil rəhmətə gedən babası belə demişdi.

- İndi neyləyəssən? - Siranuş ağlaya-ağlaya soruşdu və ala, nəm gözləriylə ona baxdı. - Bu körpədir axı, səkkiz aylıqdır, burda qalsa, sizinkilər yola verəcək?

Əvvəlcə çiynini çəkdi, sonra inamsız halda:

- Yəqin verərlər, - dedi.

Belə dedi, amma dediyinə özü də inanmadı.

Siranuş göz yaşlarını boğa-boğa:

- Deməzlərmi ki, erməni südü əmib? – deyə bildi.

Dinmədi.

Bir müddət susdular. Bir-birilərinin gözlərinə belə baxmadılar, sanki utanırdılar: biri erməni olmağından, biri də azərbaycanlı.

- Dur, hazırlaş, - Zahir handan-hana arvadının üzünə baxmadan dedi.

Siranuş bir anlığa donub qaldı, nə edəcəyini bilmədi. Bilirdi ki, getməlidir, kənd camaatı, qaynatası və qaynanası da belə istəyir, amma Zahirin belə tezliklə razı olacağına inanmırdı, bəlkə də inanmaq istəmirdi.

- Uşağı apar qoy yerinə, - Zahir alçaq səslə dedi.

Siranuş ayağa durdu. Uşağı yerinə elə qoydu ki, sanki maşının banına kartof torbası atır. İncəvardan körpə oyanmadı.

Zahir bildi ki, arvadı uşağı oyatmaq üçün belə edir. Amma dinmədi.

Siranuş sandıqda bir az eşələnəndən sonra körpənin yanına gəldi, onun əl-ayağından, yanaqlarından, saçlarından öpdü.

Zahir bütün bunları görmürdü, amma duyurdu, Siranuşun ala gözlərindən, qızarmış yanağından süzülən göz yaşlarını da, göz yaşlarının duzunu da hiss edir, amma başını qaldırmırdı. Əlacsızlığına, həyat yoldaşını qoruya bilmədiyinə görə için-için göynəyirdi...

Siranuş da ərinin tərəddüdlərini anlayır, onun əlacsızlığına həm acığı tutur, həm də yazığı gəlirdi.

Ortaya ağır bir sükut çökdü. Lap uzaqlarda ara-sıra güllə səsləri eşidilirdi.

- Hansı yolla gedəcəyik? – Siranuş, sanki ərini vəziyyətdən çıxarmaq üçün dedi.

- Aşağı yolla, - Zahir də könülsüz cavab verdi.

Siranuş qəhərdən boğula-boğula:

- Mən hazıram, -dedi.

...Darvazanı açıb doqqaza çıxdılar. Şər çoxdan qarışmışdı. Siranuş darvazanın ağzında durub evə tərəf baxdı və qəfildən hönkürdü. Zahir istədi onun boynunu qucaqlaylb ovutsun, əlləri qalxmadı, eləcə bir siqaret yandırdı.

- Gedək, - pıçıltıyla dedi.

Kəndin yuxarısında it hürdü, aşağısından da cavab gəldi. Kiminsə inəyi böyürdü, qoyun-quzusu mələşdi.

Kəndin aşağısı kolxoz bağı idi. Çəkillik qaranlıqda keçilməz meşəyə oxşayırdı. Burda heç kim onları görə bilməzdi. Çünki postlar lap yuxarıdaydı.

Heç biri dinmirdi. Hərə dərdini öz içində çəkirdi. Bir zamanlar dərd-sərlərini bölüşən ər-arvad, sanki bir anın içində yadlaşmışdılar.

Zahir fikirləşirdi ki, vaxtında instituta qəbul olsaydı, nə traktor sürər, nə də Siranuşa rast gələrdi. Yəqin paytaxtın hansısa bir məhəlləsində işıqlı mənzildə yaşayırdı. Orta məktəbi yaxşı oxumuşdu, amma çox yuxarı yerdən yapışmışdı: hüquqdan.

Atası elə-belə də demişdi: “Bala, ora sən girən kol deyil, gəl müəllimdən-zaddan ol. Gücün çatmasa, danadan-dunadan satıb birtəhər yoluna qoyarıq.” Amma Siranuşun ala gözləri onu yoldan çıxardı: nə prokuror oldu, nə də müəllim...

Siranuş isə heç nə fikirləşmirdi. Fikri-zikri balasının yanındaydı və hərdən öz ürəyində “Moskviç”ə minib qaçdığı günə lənətlər yağdırırdı...

Bağ qurtarandan sonra şumluq sahə başlayırdı. Bura şərik torpaq sahəsiydi. Ara-sıra ermənilərlə onun üstündə dava da düşürdü. Sahənin kənarından maşın yolu keçirdi. Siranuş ora çatanda dayandı. Bu o demək idi ki, burdan o yana tək də gedə bilər. Amma Zahir dayanmadı və Siranuşu kəndlərinin ayağına qədər ötürdü, arvadının arxasınca baxmadı da...

- Geriyə baxma, - Siranuş dedi və getdi.

Evə necə çatdığını bilmədi.

Qulağına ilk gələn körpənin çığırtısı oldu. Körpələr hamısı eyni cür ağlasa da, Zahir öz uşağının səsini dərhal tanıdı.

Kamil nənəsinin qucağındaydı və durmadan ağlayırdı. Zahirin bacısı da ordaydı və nə illah edirdilərsə, körpə kirimirdi. Atası ilə qardaşı postaydılar. Bu axşam onların növbəsiydi.

Evdən çıxanda körpəni yatılı qoymuşdular. Zahir anasına arxayın idi. Bilirdi ki, Kamil durub ağlasa, eşidəcək.

Zahir içəri girəndə anası uşağı ona verdi.

- Bax, dədən də gəldi, - dedi.

Kamil atasını görüb bir az toxdayan kimi oldu, ancaq qışqırtısı yenidən aləmi başına götürdü.

Ağlamaqdan uşağın bədəni qıc olmuşdu, qara gözləri ora-bura qaçır, anasını axtarırdı.

Anası qızına:

- Qaç, Siranuşun paltarını geyin, bəlkə sakitləşə...

Bacısı dal otağa keçdi və Siranuşun bir ay əvvəl qardaşının toyuna geyindiyi paltar əynində qayıtdı.

Körpə bir anlığa duruxdu və birdən özünü bibisinin qucağına atıb, onun yaxasını dartışdırmağa başladı:

- Al bu əmziyi yaxandan keçir, elə bilsin ki, anasının məməsidir, - anası dedi, Zahirin üzünə baxdı, - keçid südüdü, - deyə əlavə elədi, - Zalxagildən almışam.

Amma körpə yad qoxunu duydu, duruxdu və azacıq tərəddüddən sonra əmziyi ağzına aldı.

- Demişdim axı, heç nə olmaz. Bir az ağlayıb kiriyəcək, - anası özünə bəraət qazandırırmış kimi Zahirə baxıb dedi.

Bir anlığa araya sükut çökdü. Körpə yenidən ağladı. Südün tamını xoşlamadı, deyəsən. Əvvəlcə nənəsi uşağı qucağına aldı, onu oxşamağa, sakitləşdirməyə başladı, hətta çölə çıxıb buzovları, qoyun-quzunu da göstərdi. Kamil bir ara sakitləşdi, amma yenidən çığırtısı aləmi başına götürdü.

Zahir bildi ki, körpə kiriyən deyil, əslində anası da bunu bilirdi, amma deməyə ürəyi gəlmirdi.

- Onu ver mənə, - Zahir acıqlı-acıqlı dedi və uşağı qucağına aldı.

- Bir az ağlayıb kiriyəcək, - anası çəkinə-çəkinə, oğlunun üzünə baxmadan dedi. – Yorulub yatacaq.

Uşaq yatmaq bilmirdi. Elə hey ağlayırdı. Amma bir azdan anası deyən kimi oldu, uşaq səsini kəsdi.

- Yatdı, deyəsən, - Kamilin bacısı dedi.

Anası:

- Ehmalca yerinə uzat. Elə elə ki, oyanmasın. Bəlkə özümlə aparım, istəyirsən sizdə qalım, anası suçlu nəzərlərini oğluna dikdi.

- Ehtiyac yoxdur, - Kamil dedi və uşağı aparıb yerinə uzatdı. Sonra qayıdıb divanda oturdu və başını əllərinin arasına aldı...

Anası evdən çıxanda bir Zahirə, bir də nəvəsi yatan otağa tərəf baxdı:

- Gəlinin döşü gəlməsə yaxşıdı.

Zahir bilirdi ki, bir azdan körpə yenə də duracaq və anasını axtaracaq. Onun da ürəyi dözməyəcək. Ona görə də nəyin bahasına olur-olsun uşağı anasının yanına aparmalı və əmizdirməlidir.

Körpəni qucağına alıb yola çıxdı. Uşaq yatırdı. Hər tərəf sakitlik idi. Yazın sonlarıydı. Gecə böcəkləri təzə-təzə cırıldamağa başlamışdılar.

Siranuşgilin həyətlərinə necə çatdığını bilmədi: körpənin oyanacağından qorxduğuna görə həm sürətlə yeriyir, həm də olanları və olacaqları götür-qoy edirdi.

... O, artırmanın qapısına çatanda arvadı da artırmaya çıxdı. Sanki ürəyinə dammışdı. Bununla belə, ərini görəndə duruxdu, özünü uşağın üstünə atdı. Yuxulu uşaq diksindi, oyandı və anasını görən kimi xırdaca əllərini onun yaxasına atdı. Gəlin utanıb-eləmədən döşünü uşağın ağzına saldı.

Siranuşun anası da çölə çıxmışdı. Kürəkənini görəndə qımışan kimi oldu. Təmiz azərbaycanca “Xoş gəlmisən, Zahircan - dedi, - evə keçsənə.”

Arvadı bir əli ilə uşağı tutmuşdu, o biri əli ilə də Zahirin qolundan tutub evə dartdı.

Amma o etiraz elədi. Əslində, arvadı ilə görüşmək, bir yataqda yatmaq ürəyincə idi, amma ayıb elədi.

- Uşaq əməndən sonra aparacam, - Zahir astadan dedi.

- Aparma, Zahircan, aparma! Qorxma, mən onu heç kimə vermərəm!

Siranuş Zahirin üzündəki tərəddüdü görəndə daha da coşdu:

- Heç kimə vermərəm! Heç sənə də! Heç kimə!

Zahir bu sözlərdən tutuldu, udqundu, sanki deyəcəyi sözlər boğazında ilişib qaldı. Eləcə anasının qucağında şirin-şirin mışıldayan uşağa baxdı. Və heç bir söz demədən artırmadan çıxdı. Gözücü Siranuşa baxdı. Arvadı körpənin üzünə baxıb gülümsəyirdi.

Gəldiyi yolla da geri qayıtdı. Getmirdi, ayağını sürüyürdü...

Atasının sözləri qulağında cingildəyirdi: “Erməniyə uşaq umud eləməy olar?!”

Gecənin səssizliyində kimsə hıçqırırdı.

Fevral-aprel, 2020

# 23245 dəfə oxunub

Müəllifin son yazıları

# # #