Ölmüş arvadların qayıtmağı - Əkrəm Əylislidən yeni hekayə  

Ölmüş arvadların qayıtmağı - Əkrəm Əylislidən yeni hekayə  
14 may 2020
# 15:09

Dünyadan vaxtsız gedən yazıçı İkinci Mahmudun xatirəsinə

1.

Cabbara zəng eləyəndə professor Məmmədəlinin halı özündə deyildi. Telefonun dəstəyini götürüb, əlləri əsə-əsə, Cabbarın nömrəsini yığdı. Ümidsiz, heysiz səslə:

- Salam, Cabbar! - dedi. - Sənə işim düşüb, qardaş.
- Təki sənin mənə işin düşsün. Nədi, nə işdi ki?
- İş deyəndə, elə bir ciddi iş deyil, Cabbar. Oturduğum yerdə qulağıma səs gəlir.
- Çoxdandı?
- Çoxdan deyəndə ki, bir elə çoxdan deyil. Bu karantin məsələsi ortaya çıxandan 3-4 gün sonra başlanıb. Durduğum yerdə tez-tez adam səsi eşidirəm. Arvad səsi, Cabbar. 50-60 il bundan qabaq ölüb-gedən Əylis arvadlarının səsi qulağıma gəlir.

Cabbar ucadan güldü.
- Ə, sən kefdəsən ki! - dedi. -Yaxşı, səbr elə, gəlirəm.
Professor Məmmədəli hədsiz dərəcədə heyrətləndi:
- Gəlirsən?! Gələmməzsən axı. Biz yaşda adamları şəhərə buraxmılar.
- Orası sənə qalmayıb. Otur, gəlirəm bu saat.

Cabbarın gəlmək söhbətinə professor qətiyyən inanmadı. Elə bildi ki, Cabbar ya gop eləyir, ya da zarafat eləyir. O, Cabbarı çoxdan tanıyırdı. Məktəbdə bir sinifdə oxumuşdular. Kəndin dağ-daşında kəklik yuvası, kəklik yumurtası axtarmağa, kolxozun bostanından qovun-qarpız oğurlamağa həmişə ikilikdə getmişdilər. Diribaş, nikbin, gümrah - zarafatda, hazırcavablıqda da Cabbarın tayı-bərabəri yox idi.

Bakıda Tibb institutunu bitirmişdi. Sonra bir müddət də Tbilisidə oxuyub, ruhi xəstəliklər üzrə ixtisas almışdı. Özünə “psixoloq” deməkdən xoşu gəlirdi. Ancaq ona özündən savayı “psixoloq” deyən yox idi. Kimisi “Cabbar həkim” kimisi “dəli doxturu” deyirdi. Hərdən “şair Cabbar” deyənlər də olurdu, çünkü Cabbarın şairliyi də vardı: 3-4 şeir kitabı nəşr edilmişdi, bir neçə şeirinə mahnı yazılmışdı.

Nə yaxşı ki, Məmmədəlinin pessimist proqnozu düz çıxmadı. Telefondakı söhbətdən heç yarım saat da keçməmiş Cabbar qapının zəngini basıb, professorun coxdan lal olmuş, kar olmuş mənzilinə bir dünya Əylis səsi, Əylis havası gətirdi.

- Bu da mən, Məmmədli. Salam, qardaş! - Qapıdan girər-girməz ucadan bəyan elədi - Deyəsən, gözləmirdin axı. Gördün, nə tez gəldim.
- Ə, bəs necə gəldin? - Balacaboy, sısqa Məmmədəli ucaboy, qamətli Cabbara, aşağıdan-yuxarı, heyrətlə baxdı.
- Gəldim də, nə var gəlməyə. Mindim taksiyə, gəldim. Taksistim bizə yaxın yerdə olur. Evimdən bir-iki ev aralıqda. Qırx ildən çoxdu ki, məni hara desəm, aparıb-gətirir. Köhnə kişilərdəndi. İşini bilən adamdı.
- Bəs deyirdilər ki, taksistləri də şəhərə buraxmırlar.
- Hə də, icazəsi olmayanı buraxmılrlar. Mənimki icazə almağın qaydasın bilir.

İçəriyə keçib əyləşəndən sonra da Cabbar əsas söhbətin üstünə gəlməyə tələsmədi.

- Tək qalırsan? Qızın baxır sənə?
- İmkanı olduğu qədər baxır. İki gündən bir bazarlıq eləyib, gəlib baş çəkir mənə. Əhmədlidən bura gəlmək indi lap çətin olub. Qızımın öz evində də işi çoxdur. Əri, üç uşağı. Əlindən tutanı da yoxdu. Böyük qızı 13 yaşındadı, kiçiyinin 5 yaşı var. Yenə, sağ olsun, vaxt tapıb axşamtərəfi gəlib baş çəkir mənə. Dünən gəlmişdi. Bu gün axşamçağı yenə gələcək.
- Qoy gəlsinlər, burda öz yanında qalsınlar da. Üç otaqdı. İkisin verəsən qızına, birində özün qalarsan. Özün də, qızın da rahat olarsız.

Cabbara cavab vermək üçün bir müddət Məmmədəlinin dili söz tutmadı. Özünün də hər gün fikirləşdiyi elə buydu. Ancaq nə qədər götür-qoy eləsə də, heç bir qərar qəbul eləyə bilmirdi. Özünün bu məsələdəki qərarsızlığı, qətiyyətsizliyi də Məmmədəliyə o kənar səsələri eşitməyi qədər əzab-əziyyət verirdi.
- Ağrıyan yerimə toxundun, həkim. Orasını düz deyirsən, qızım yanıma köçsə, bu evə gəlib-getməyin əziyyətindən canı qurtarar. Ancaq, Cabbar, özün də bilirsən ki, arvad öləndən sonra mən bu evdə tək qalmağa öyrəşmişəm. Özüm çay qoymuşam özümə. Xorəyimi özüm bişirmişəm. Dükana, bazara da həmişə özüm getmişəm. Gedib, bir-iki saat bulvarda oturub, gəlib öz evimdə günü, pis-yaxşı, yola vermişəm. İndi, təsəvvür elə ki, qızım da yığışıb gəlib bura. Üç uşaq burda səhərdən axşamacan atılıb-düşür, oynayıb küştü vurur. Kürəkənimin bir xırda mer-meyvə dükanı vardı. Banandan-zaddan satıb evinin çörəyini çıxardırdı. İndi o da bekar qalıb. Təsəvvür elə ki, indi kürəkənim də gəlib mənnən bir evdə oturub. Mən onnan neynəməliyəm, domino oynamalıyam? Yox, Cabbar, alınmaz, qardaş, mənim üçün cox çətin olar. Təklik bilirəm ki, yaxşı şey deyil. Ancaq, neynim, tale belə gətirib. Nə mənim bir kəslə işim var, nə bir kəsin mənnən işi var. Öz guşəmə çəkilib oturmuşam. Tək özüm bilirəm ki, varam, ya yoxam.

Cabbarın gözləri nəmçəkən kimiydi. Deyəsən, dostuna bərk yazığı gəlmişdi. Nəyisə götür-qoy eliyədən sonra astadan ehtiyatla soruşdu:
- İndi buyur, de görüm, o nə səsdi səni narahat eləyir. Qulağına nə səs gəlir, kimin səsi gəlir?
Cabbarın sualına cavab vermək Məmmədəlini xeyli çətinə saldı: nə desin, nədən başlasın?..

Təxminən 10 gün bundan əvvəl axşamtərəfi oturub televizora baxa-baxa qızının gəlməyini gözləyəndə professor Məmmədəlinin qulağı inanılmaz bir səs eşitmişdi. Arvad səsi. Əylisdəki qapıbir qonşuları Qəndabın səsi. O Qəndab ki, həyətində çoxlu toyuq saxlayırdı və dünyanın müharibədən sonrakı o ac vaxtlarında 6-7 yaşlı Məmmədəli çox olsa 3-4 dəfə xəlvətcə hinə dürtülüb, Qəndabın toyuqlarının yumurtalarından bir neçəsini oğurlayıb, elə o hindəcə çiy-çiy içmişdi. Məmmədəlinin təxminən 10 gün əvvəl, ilk dəfə qulağına gələn o səs də elə həmin Qəndabın səsiydi: “Məmi, Məmi, toyuqların biri yumurtlayıb. Gəl götür iç, tülkü köpəyoğlu. Allah sənin bəlanı versin!..” Azı 40 il əvvəl ölüb getmiş Qəndab deyirdi. O qədər inandırıcı, o qədər aydın səslə deyirdi ki, elə bil arvadın səsini elə o vaxt maqnitofona yazıb, Məmmədəlinin beyninin içinə qoymuşdular.

Qəndabın səsini eşitməyi Məmmədəli üçün o qədər də təəccüblü deyildi: bir vaxt günah işlətmişdi, indi o günahın cəzasını çəkirdi. Bəs molla Məcnunun arvadı Təyyibənin səsi indi birdən-birə hardan tapılıb çıxmışdı?

Əzazil molla Məcnun arvadını həftədə bir-iki dəfə möhkəmcə döyüb, yazığın gözünün altını qaraldırdı. Döyüləndə cınğırını da çıxarmayan Təyibənin, evdən çıxan kimi, küçədə, çeşmədə, təndir başında - canının ağrısından sızıldaya-sızıldaya - ərinin ünvanına yağdırdığı qulaq qızardan qarğışı-söyüşü uzaq illərin arxasından Məmmədəlinin qulağına gəlirdi: “Otu da mənə biçdirir şorgöz oğraş. Həyətin suyunu da mənə suvatdırır yekədaşşaq köpəyoğlu. Nə damın qarını tökür, nə inəyin pox-püsürün yığışdırır. Əlindən bir o gəlir ki, gündə 3-4 dəfə basmarlayıb qayırsın məni”.

Həmişə may ayında dəliliyi tutan, kəndi küçə-küçə, qapı-qapı gəzib, böyüyə kiçiyə baxmadan, tumanını qaldırıb, ayıbını hamıya göstərən, oxuyan, oynayan Fatimə. Fatimənin “dəli” səsində tükürpədən qədim mahnı:

Bağa girdim üzümə,
Tikan batdı dizimə.
Əyildim çıxartmağa
Yar sataşdı gözümə.
Oxqay, uy-uy, uf-uf!..

Bəlkə öz yaxınlarının da çoxdan unutduğu bu adamların səsi dünyanın bu bəlalı zamanında görəsən Məmmədəlidən nə istəyirdi? Onun bu səsləri məhz indi eşitməyinin səbəbi nəydi, bunun sirri nədəydi görəsən?..

- Axı necə deyim, Cabbar. Səsdi də, adam səsidi. Əgər indi səslərini eşitməsəydim, bu adamların bir vaxt bu dünyada olmağı, inan, qardaş, heç ağlıma da gəlməzdi. Özü də, eşitdiyim səslərin hamısı nə ki var arvad səsidi. Əylisin heç bir kişisinin səsi bir dəfə də qulağıma gəlməyib.

- Ona görə ki, arvad səsi kişi səsindən qat-qat təsirlidi, azı 10 dəfə emosionaldı. Bir də, biz uşaq olanda Əylisdə kişi səsi yoxdu axı. Kişilərin hamısı müharibədəydi. - De görüm, səs eşitmək səndə əvvələr də olub, yoxsa bu birinci dəfədir?
- Yox, olmayıb, Cabbar. Belə şey heç vaxt olmayıb. Amma bir dəfə cinləri görmüşəm uşaqlıqda. Bir sürü cin, əlinə qazma götürüb, Əylisin hər yerindən görünən Arsı dağını sökürdü.
- Sən onu yuxuda görmüsən. Uşaq vaxtı belə şeyləri mən də çox görmüşəm.
- Cinə inanırsan, Cabbar?

- Heç vaxt inanmamışam. Ancaq indi, deyəsən, yavaş-yavaş inanmağa başlayıram. Cin yalandı, ya doğrudu - bunu heç kim bilmir. Ancaq burası da var ki, cini cin yaratmayıb, insan yaradıb. Yaradıb, sonra deyib ki, mən səni tanımıram. İndi cinin, deməli, haqqı var ki, insandan öz hüququnu tələb eləsin. Özünü insana bir də tanıtsın. Yekəxanalığına, saymazlığına görə insannan qisas alsın. İnsan, yarandığı vaxtdan, həmişə mistikaya meylli olub. Nağıllarda, əfsanələrdə, lap o Tövratın, İncilin, Quranın özündə də, axtarsan, yüz dənə cin-şeytan tapılar. Bu qırmızıpapaq Uhan mürdəşiri də elə o cinin-şeytanın nəslindəndir. Bizlərə təzə dərs verməyə gəlib. Beynimizə vəlvələ salmağa, ağlımızı çaşdırmağa gəlib. Bu ki belə həvəslə gəlib, işini görməmiş getməyəcək. Amma, Məmmədəli, xəstələnməkdən qətiyyən qorxub-eləmə. Biz bu xəstəliyi 70 il bundan qabaq keçirmişik: müharibənin qurtarmağından təxminən 6-7 il sonra. Əylisdə, bir həftənin içində, dalbadal 4 kişi öldü. Yadında qalmış olar: ikimiz də möhkəm qızdırmışdıq. Anam qatığa sarımsaq doğrayıb, gündə 3-4 dəfə qaşıq-qaşıq boğazıma tökürdü. Həkimlərin də heç biri bilmirdi ki, o nə azardı, necə xəstəlikdi. Biri deyirdi brusellyozdu, biri deyirdi malyariyadı. Əylisin yarıdan çoxu xəstəydi. Çoxları xəstəliyini ayaq üstə keçirirdi. Xəstə-xəstə həyətdə bel belləyib, özünə kərdi-külə əkənlər vardı, hər səhər yuxudan durub halsızlıqdan suzala-suzala kolxoz işinə gedənlər vardı. Biz o vaxt ölmədik, qaldıq, indi də ölmərik, inşallah. Bu qırmızıpapaq vələduzna bir dəfə öldürə bilmədiklərini bir də öldürməyi lazım bilmir. Sən o Əylis arvadlarının səsini eşitməyi özünə dərd eləmə. Nostalji hallusinasiyadı, sənə bir dərman verəcəyəm, yatanda bir tabletka atıb, yavaş-yavaş yaxşılaşacaqsan. Sənin azarın Əylisdi. Orda qoyub gəldiyin uşaqlığındı. Əylisin ruhi energetikası mənim də canımdan çıxmır. Əylis ayrı dərddi, Məmmədəli:

Dağların arasından,
Qəlbimin yarasından,
Dünyanın harasından
baxsan - Əylis görünür.

Cabbar ucadan, avazla şeir deyib, yerindən dik ayağa qalxdı. - İndi baxaq-görək yeməyə nəyiniz var, - dedi və Məmmədəlidən heç bir icazə-zad istəmədən özünü birbaş mətbəxə verdi.

2.

Professorun, srağagündən qalan, bir parça “zavodskoy” çörəyi mətbəxdəki yemək stolunun üstündə, sellofan torbanın içindəydi. Soyuducuda olanı bir banka ərinmiş kərə yağ, yarıqab zeytun yağı, beş-altı yumurta və bir-iki qac pendir idi. Məmmədəlinin qalan azuqəsi aynabənd balkondakı köhnə şkafdaydı: soğan, kartof, bir ovuc alça qurusu, bir banka zoğal mürəbbəsi.... Şkafdakı ağzısarıqlı bez torbanı görəndə Cabbarın gur səsindən balkondakı pəncərələrin şüşəsi cingildədi:

- Ə, Məmmədəli, nədi bu, quruddu? - Torbanın ağzını açıb, içindəkini həris-həris iylədi. - Bunun ətrinə bax! Ciyərimə dağların havası gəldi. Bu qurud burda nə gəzir? Bunu kim gətirib sənə?
- Keçən payız bacımın nəvəsi gətirmişdi. Qurudu mən də çox istəyirəm. Ancaq ha fikirləşdim, yadıma sala bilmədim ki, bunun xörəyin necə bişirirlər. Qızım da şəhər uşağıdı. Belə şeyləri bilmir.
- Mən bilirəm! - Cabbar sevinə-sevinə dedi. Qurudun yekələrindən bir neçəsini götürüb, qaynanmış suya saldı. Ucadan “nəh-nəh” deyə-deyə qurudu ikiəlli əzməyə başladı.

tarixin-ishiginda-eylis-foto

Məmmədəli bir tərəfdə oturub, Cabbarın qurud əzməyinə dinməz-söyləməz tamaşa eləyirdi.
Karantin başlanandan bu yana, hətta ondan xeyli əvvəlki vaxtlarda da Məmmədəlinin ürəyi heç vaxt bugünkü qədər rahat olmamışdı. Əvvəla, ona görə ki, Cabbar bu evə ayaq basandan, o nəqafil arvad səsindən, arvad naləsindən professorun qulağı dincəlmişdi. İkincisi, Cabbarın dediyi şeir Məmmədəliyə yaman təsir eləmişdi: ürəyinə işıq salmışdı, ruhunu təzələmişdi. Ölkənin adlı-sanlı psixiatrının indi onun evində qurud əzməyi isə Məmmədəliyə xüsusi ləzzət verirdi. Xülasə, deməyə söz, danışmağa mövzu çox idi. Ancaq nədənsə Məmmədəli, bunları bir tərəfə qoyub, bayaqkı cin söhbətini davam etdirməyi lazım bildi:

- Gör, indicə ağlıma nə gəldi, Cabbar, - dedi. - Bir adamın, o birindən xoşu gəlməyəndə, deyirlər, filankəsin filankəsi cini götünmür. “Dədəmi cinim götürmür”. “Qaynanamı cinim götürmür”. Əlini, Vəlini, Fatmanı, Tükəzbanı cinim götürmür. Biz bunu Əylisdə gündə yüz dəfə eşitmişik. Belə çıxır ki, hərənin bir cini var, düz demirəm? İnsanın kimə nifrət, kimə rəğbət bəsləməli olduğunu müəyyən eləyən də, belə çıxır ki, onun özü deyil, cinidir. İndi, gəl, baş aç görüm, cin bizim millətin həyatında niyə bu qədər populyar olub. Mən bilən, heç bir millətin dilində “cinim götürür” “cinim götümür” söhbəti yoxdur. Məsələn, rusca desən ki, “мой джинн тебя не выносит” rus bundan heç nə başa düşməz.

- Düz tapmısan, bizim cin başqa cindi. Bizim cinə cin çatmaz, calasan cini-cinə. - Cabbar şaqqanaq çəkib güldü. - Ama Hadı müəllimin cini əsil Əylis ciniydi. “HADI, HADI, KEFİN NECƏDİ?” tək bunu deyə-deyə yazığın belin qırdı. Hələ sən cinin punktuallığına bax: hər gün eyni vaxtda - Hadı müəllim məktəbdə dərsini deyib, evinə qayıdanda. Özü də eyni yerdə: Molla Məcnunun küçə qapısının qabağında. Yazığı o günə saldı ki, bir gün dərsin ortasında dalından səs buraxdı. Bundan sonra məktəbə gəlməyə üzü qalmadı. O cin Hadı müəllimin 60 illik müəllimliyinin axırına çıxdı. Amma əslinə qalsa, cin düz iş görmüşdü. Məsələnin optimal həllini tapmışdı. O vaxt Hadı müəllimin dərs deyəsi halı qalmamışdı. Qocalıb, tamam haphaplamışdı. Köhnə qaloşlarını ayağında zorla sürüyürdü. Onunku dərs demək deyildi, gündə yarım saat sinifdə yatmaq idi. O cin də pis iş görmədi ki, dedi, get, evində yat. Cin insanın həmişə ehtiyac duyduğu mistik dünyanın ən simpatik sakinidir, əzizim Məmmədəli. Müdrikdir, ağıllıdır, zarafatı, adam dolamağı sevir. O, bizim naqis əməllərimizi bizdən yaxşı görür.

Məmmədəlidən səs çıxmadı. Bəlkə, gözlərini yumub xəyala getmişdi, bəlkə oturduğu yerdə 5-10 saniyə mürgüləmişdi. Gözlərini Cabbarın səsinə açdı:

- Qurudumuz hazırdı! - Cabbar əzib qatıq elədiyi qurudun üstünə bir az da qaynar su töküb, pilətənin qazını yandırdı. - Get, ordan bir-iki soğan gətir.

Cabbar ərinmiş kərə yağda soğan qızardıb, buğlanan qatığın üstünə tökdü. Əylisin ən sadə xörəyinin mətbəxi doldurmuş ətri hər iki Əylis bakılısının yağ kimi canına yayıldı.

- İndi bir təndir lavaşı olsaydı, bunun dadından doymaq olmazdı. - Cabbar “zavodskoy” çörəyi xörəyə doğraya-doğraya dedi. - Burnuma Əylisin iyi gəldi, Məmmədəli! Dədəm dostlarını evə çağıranda anama həmişə qurud əzdirərdi.

Cabbarın atasının evə qonaq çağırmağı balkondakı şkafda bir şüşə araq olduğunu Məmmədəlinin birdən yadına saldı.

- Orda bir şüşə tut arağı var. Mənim, bu halımda, araq içməyə zorum çatmaz. Bəlkə sən içmək istəyirsən?
- O araq hardadı ki?
- Balkondakı şkafdadı. Bayaq özün baxırdın.
- Mən orda araq görmədim axı.
- Var, yaxşı baxmamısan.

Məmmədəli yarımlitirlik araq şüşəsini gətirib Cabbarın qabağına qoydu. Cabbar şüşənin ağzını açıb, arağı iylədi:

- Pəh-pəh, bu ki can dərmanıdı, Məmmədəli! Xalis aslan südüdü. Bunu da bacın nəvəsi gətirib?
- Hə, o gətirib. Mənim bacım qızına əlim çatmır. Amma sağ olsun, o məni yaddan çıxartmır. Əylisdən hər il pay göndərir mənə.
- Mən bundan 50 qram içəcəyəm. Bəlkə sən də 30 qram içəsən. İç, qorxma, həkimin yanındadı.

Cabbar Məmmədəli üçün təxminən 50 qram, özünə yarım stəkan araq süzdü. İçməyə tələsmədi. Professorun içməyini gözlədi.
Arağı içəndə Məmmədəlinin az qaldı nəfəsi kəsilsin. Ancaq beş dəqiqə keçməmiş halı düzəldi, ovqatı yaxşılaşdı:

- Dədənə min rəhmət, Cabbar! Doğrudan ləzzət verdi.

Cabbar yarım stəkan arağı birnəfəsə içib, şüşənin ağzını bağladı.

- Bəsimizdi, - dedi. - Bunu da saxlayaq, bu adamyeyən Uhan əcinnəsi işini bitirib gedəndən sonra özünün sağ qalmağına sevinən, ağdərili, qaradərili - bütün dəlilərin sağlığına içərik. Mən qabaqda sevinməli bir şey görmürəm. - Cabbar əsnəyə-əsnəyə dedi. - Çayı sən qoyursan, yoxsa mən durum qoyum?

Məmmədəlinin çay qoyub, çay dəmləməyi çox çəkmədi.

- De görüm, yatmağın necədi? - Cabbar çayını içə-içə soruşdu. - Yatanda çox yuxu görürsən?
- Çox, Cabbar, həddən ziyadə! Gördüyüm də həmişə Əylis yuxusudu. Düz 65 ildi ki, Bakıda yaşayıram, ancaq onun bir tinin, bir dalanın yuxuda görmək mənə indiyəcən bir dəfə də nəsib olmayıb. Tələbəlik vaxtlarımdan bu günəcən yuxuda hər gecə Əylisi gəzirəm. Hələ də gəzib qurtara bilmirəm. Cavanlıqda kəndi yuxuda görəndə həmişə yüngülləşirdim. Könlüm açılırdı, dərdim dağılırdı. İndi yuxu da adama əlavə dərd gətirir. Gecələr pis yuxu görəndə adamın gündüzlər də hövsələsi açılmır. Bu yaxında bir qəribə yuxu gördüm, Cabbar. Çoxdan belə yuxu görməmişdim. Dikin başında durub, çaya baxırdım. Çay da - nə çay: ayna kimi dumduru! Bir də gördüm ki, çayın qırağıynan üzüyuxarı bir cavan oğlan gedir. Baxıram: o da mənəm. Əvvəl qorxdum, bərk xoflandım. Sonra yuxuda olsam da, ağlım kəsdi ki, belə şey mümkün deyil: bir dünyada iki Məmmədəli ola bilməz. Məndən qabaqda da bir adam gedirdi. Qız idi. Başında sarımtıl-çəhrayı rəngli kəlağayı vardı. Çayın qırağı eyzən bənövşəydi. O qız da bənövşə dərə-dərə, yavaş-yavaş çayyuxarı gedirdi.

Məmmədəli babatca keflənmişdi. Cabbar onun sözünü kəsib, kefini pozmaq istəmirdi. Professor sözünə ara verən kimi Cabbar fürsət tapıb, söhbətə qarışdı:

- Demək, yuxuda Sərəni görürmüşsən, ay xatakar! Ancaq o sarımtıl-çəhrayı kəlağayı məsələsində yuxun aldadıb səni. Əylisdə kim görmüşdü ki, Sərən başına kəlağayı bağlasın.

Məmmədəliyə elə gəldi ki, Cabbar “Sərən” sözünü həddən çox rahat dedi. Nə içi göynədi, nə səsi titrədi. Onun Sərəni sevdiyini o vaxt kənddə hamı bilirdi. Ancaq necə sevdiyini hələ də heç kəs bilmirdi. Bu, Məmmədəlinin həyatının yeganə sirri idi - azı 70 ilin sirri!... İndi birdən-birə Məmmədəli bu sirri açmağa ürəyində bir qəribə - vaxtı çatmış - ehtiyac duydu.

- Mən Sərəni indi də sevirəm, Cabbar. Sərənsiz bir günüm olmayıb. Mən o vaxt sənə heç nə demirdim. Ancaq nə gündəydim - Allah bilir. Az qala dəli olurdum. Bəlkə də dəli olmuşdum, heç kəsin xəbəri yox idi. O, bir gün məktəbə gəlməyəndə dərsdə otura bilmirdim. Tənəffüslərdə sinifdən çıxmağım gəlmirdi. Sərənsiz məktəb məktəbliyindən, dünya dünyalığından çıxırdı. Dünyada gözəl nə varsa, mənim nəzərimdə hamısı Sərənə bənzəyirdi: dağların laləsi, həyət-bacanın yasəməni, süsəni, qızılgülü. Sərəngilin həyətindəki zoğalı görmüşdün? Zoğal ağacların hamısından tez çiçək açır. O ağacın sarımtıl-çəhrayı çiçəyinə uzaqdan tamaşa eləməkdən doymurdum. Elə bilirdim, Sərəni görürəm.

Cabbar gördü ki, Məmmədəli bərk doluxsunub, indicə ağlaya bilər araya söz qatmağa lazım bildi:

- Kələyinin üstü açıldı, Məmmədəli. Demək sən məktəbə elm öyrənməyə getmirmişsən, adaxlıbazlığa gedirmişsən. Səninki dərs oxumaq deyilmiş, ömürlük məcnunluq azarıymış.

Cabbar istədiyinə, az da olsa, nail oldu. Məmmədəli bir qədər toxtadı. Ancaq öz nakam sevgisinin tarixini danışmaqdan birdən əl çəkə bilmədi:

- Çoxdanın söhbətidi: 15 il bundan qabaq Əylisə 5-10 günlüyə dincəlməyə getmişdim. Sərəni küçədə gördüm: toydan gələn bir dəstə arvadın arasında. İnan, Cabbar, dizlərim qurudu. Bədənim daşa-dəmirə döndü. Sərən kefimi soruşdu, halımı xəbər aldı. Gedib-gedib, birdən dayandı. Heç vaxt inanmazdım ki, Sərən mənə söz atar, mənnən zarafat eləyər. Amma gör mənə nə dedi: “Deyirlər, arvadı boşayırsan, Məmmədəli. Bəs sənin elçilərin bizə nə vaxt gələcək?” O gecə, səhərəcən, qulağıma Sərənin səsi gəldi. Nəfəsi canımı aldı. Elə bildim, gəlib yanımda uzanıb
- Yaxşı kef eləmisən. - Cabbar gülə-gülə dedi. - Heyif ki, niyyətin axıracan baş tutmayıb. İndi bir nazənin gəlib yanında uzansa, de görüm, o niyyət baş tuta bilər?
- Sərən olsa, baş tutar. - Məmmədəli inamla dedi.
- Onda sənə zaval yoxdu. Möhkəm dur, qorxub eləmə, sənə heç bir virus bata bilməz. Əylisdəki arvadların səsin də vecinə alma. Təki kişi qulağına arvad səsi gəlsin. - Cabbar içində ağ həblər olan xırdaca flakonu cibindən çıxarıb stolun üstünə qoydu. - Yatanda bir dənəsin atarsan.

Məmmədəli elə bildi ki, Cabbar durub getmək istəyir. Tələsik araya söhbət saldı:

- Əzranın erkək pişiyini vurub divardan aşırmağın yadındadı? Yekə də pişik idi - porsuq boyda. Gündüzlər kəndi ev-ev gəzib, qarnını doydurandan sonra axşamüstü gəlib divarın üstündə tonquyurdu. O divarın bir tərəfi Əzra arvadın həyəti, o biri tərəfi bizim axşamçağları həmişə söhbətə yığışdığımız balaca meydan idi. O pişik də həmin vaxtda tapılıb, gəlib düz həmişəki yerində otururdu. Gözü də - həmişə bizdə. Elə bil, bizim hər sözümüzə diqqətlə qulaq asırdı. Sənin də əlin dinc durmadı, daşı götürüb, ilişdirdin təpəsinə. Heyvan divarın başından şappıltı ilə yerə gəldi. Elə bildik ki, ölüb. Ancaq ölməmişdi. Durub bir-iki addım gedəndən sonra yıxılıb öldü. Yazıq ölə-ölə bir mövuldamaq movuldadı ki, elə bil pişiklərin Allahına səndən şikayət eləyirdi. O movultu yadındadı?

- Elə şey yaddan çıxar? O bədheybət pişik səsi qulağımdan bir ay getmədi.
- Ondan sonra Əzra arvad oyun qalmadı ki, çıxartmasın. Gah yuxarıdan başımıza qaynar su əndərirdi, gah hardansa yaş peyin gətirib, oturduğumuz yerə yaxırdı. Meydandan ayağımızı kəsmək istəyirdi.
- Elədi, yaman kinli arvad idi. Evinə beş şələ odun apardım, gedib beş kərə həyətini suvardım. Amma o pişiyin ölməyini özü ölənəcən mənə bağışlamadı.

Çoxdan görmədiyi köhnə dostunu yanında görüb, xatirəni xatirəyə calayan Məmmədəlinin beynində bayaqdan bəriydi ki, nəsə dolanırdı. O, Cabbardan nəsə soruşmaq istəyirdi. Nəhayət soruşmaq istədiyi yadına düşdü:

- Bayaq sən bir bənd şeir dedin. O şeiri təzə yazmısan?
- Mən, Məmmədəli, 10 ildi şeir yazmıram. Əylis ürəyimdə qövr elədi, onu bədahətən dedim.
- İndi yadında qalıb?
- Orda yaddançıxası nə var ki:

Dağların arasından,
Qəlbimin yarasından,
Dünyanın harasından
baxsan - Əylis görünür.

Bu dəfə Cabbar o bir bənd şeiri ucadan, pafosla demədi. Astadan, ahəstə, qəmli-qəhərli səslə dedi.

Məmmədəli üzünü əlləri arasına alıb, için-için ağlayırdı.

Epiloq

O gün, axşamtərəfi, Bakıda küləkli-çovğunlu yağış başladı. Və Cabbar, yatmazdan qabaq, evinin pəncərəsindən o yağışa-çovğuna baxa-baxa özü üçün yəqin elədi ki, Əylisdə şıdırğı qar yağır.

O gecə Cabbar yuxuda qar gördü. İlin son qarıydı, aram-aram, lopa-lopa yağırdı.

Cabbarın gördüyü yuxuda dağların qarı qardan ağ idi. Damını qar örtmüş evlərin pəncərə şüşələri - yaxından-uzaqdan - elə bil biri-birilə sirli-sirli baxışırdı. Qar məktəbin uca hasarlarının üstünü hər tərəfdən ağappaq ağartmışdı. Məktəbin uzun, enli eyvanı boyunca həyətdə yan-yana düzülmüş ağaclar təzəcə gəlin paltarı geymiş bakirə qızlar kimi başlarını aşağı salıb, sanki dünyanın bəmbəyaz paklığından xəlvətcə həzz alırdılar. Kənd - ağaclı-budaqlı, evli-eşikli - cınqırını çıxarmadan - qarın yağmağına tamaşa eləyirdi. Əgər qarğaların, sağsağanların haray-həşiri olmasaydı, bəlkə evlərin bacalarından çıxan tüstünün də səsini eşitmək olardı...
Cabbar qəfil pişik səsinə yuxudan oyanıb, uzaqdan-uzağa mətbəxdəki arvadına səsləndi:

- O pişik bura hardan dürtülüb? Səsi aləmi götürüb.
Arvadı özünü tez yetirdi:
- Nə olub, nə qışqırırsan. Mənim evimdə pişik nə gəzir? Deyəsən, qocala-qocala ağlın azalır.

Aprel, 2020

# 20018 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #