Kot-Divuarlı yazıçının hekayəsi: Avqust yağışı - Dilimizdə ilk dəfə

Kot-Divuarlı yazıçının hekayəsi: Avqust yağışı - Dilimizdə ilk dəfə
23 iyun 2020
# 18:20

Kulis.az Kot-Divuarlı yazıçı Fransisko Lopesin "Avqust yağışı" hekayəsini təqdim edir. Hekayəni dilimizə İlqar Əlfi tərcümə edib.

Çayın üzərindən şimşək ərəfəsində ağır yük kimi asılmış boğucu hava avqust yağışlarının gəlişini müjdələyirdi. Möhkəm bürkü vardı. Göy üzü elə bil, üfüq xəttində yerlə bir olur, səxavətli, bərəkətli, geniş torpaqlarla birləşir və bətnindəki sudan şişən saysız-hesabsız lopa buludlar dərənin üstündən qızmış öküz sürüsü kimi şıdırğı keçirdi. Amma yerə bir damcı da yağış düşmədi. Şimşək göyləri iynəli qırxayaq kimi sancır, çayın üzərində guruldayır, əks-səda onun səsini çoxaldır, şaqqıltıları güclənib qayalara çırpılır, onqat olub camaatın başına tökülürdü. Böyük Sıldırım da göyün dəhşətli nəriltisini yenə özünə qaytarırdı...

Simao Toka təpənin başında oturmuşdu, parlaq işıqdan qamaşan gözlərini qıyıb göyə baxırdı. Baxışlarını buludlara zilləyib, bir müddət yerindən qımıldanmadı - başını yüngülcə yana çevirib qulaq asırdı, elə bil, təbiətin yalnız ona bəlli olan bir dildə söylədiklərinə diqqət kəsilmişdi. Fikri indicə yağmağa başlayacaq avqust yağışının dilində idi. Simao Toka, əslində, bənddən nigaran idi. Torpaq dambaya bel bağlayıb, tarlasını düz subasarda salmışdı və indi əkdiklərini xilas etmək üçün arakəsməni yağışlar başlayana qədər bitirmək lazım idi. Yaxınlıqdakı kolluqda gəzişən iş icraçısı Andreni səslədi, o gəldi:

- Allah köməyin olsun nyo Simao, - deyib, əhvallı salamlaşdı.

Simao Toka cavabında nəsə anlaşılmaz bir şey mızıldanaraq, yerindən qımıldanmadı; elə bil, oturduğu kimi də donmuş, bir daş parçasına dönmüşdü – ayaqları aralı, bir əli çənəsinə söykək, digəri isə, düz qarşısında torpağa sancdığı qalın, düyünlü dəyənəkdə. Hannan-hana başını qaldırıb gözlərini Andreyə zillədi:

- Necə bilirsən, bəndi avqust yağışlarına qədər bitirə bilərik? Yox?

Andre ayağının birini götürüb digərini qoyaraq, çaşqın halda əlindəki kepkasını əzişdirirdi:

- İşlər tam sürətilə gedir, nyo Simao, nigaran qalmayın, - dedi. – Bircə qəliz məsələ var: özünüz bilirsiniz ki, şimal sahildə bənd üçün Cokinyo de Nyutonun torpaqlarından bir parça almalı olacağıq...

Simao Toka cümlənin bitməsini zorla gözləyə bildi və yerindən elə sıçradı, sanki itiyini tapmış, ağlına parlaq bir fikir gəlmişdi. Əlini çaya sarı uzadıb dedi:

- Ora bax, ay hərif, bax ora... aşağıya, qarğıdalı zəmisini deyirəm. Bir şey görmürsən? – Andre ona çaşqın-çaşqın baxır, sahibinin nə demək istədiyini qəti anlamırdı. – O qayanı görürsən? Bənd tikməyə o mane olurmuş, bilməmişəm! Yaxşı bir dinamit qoysaq, dağım-dağım olacaq. Yerə tökülsə, çay məcrasını dəyişəcək, onda heç, bənd qurmaq da lazın gəlməz.

Andre yalnız indi başa düşdü ki, ipə-sapa yatmayan Simao Toka nə fikirləşir və ürəksiz-ürəksiz, dili topuq vura-vura ona etiraz etməyə cəhd göstərdi:

- Amma nyo Simao, qayanın yanındakı qarğıdalı zəmisi Cokinya de Nyutoya məxsusdur. Elə bilirsiniz, qayanı partlatmaq fikrimizdən razı qalar? Heç inanmıram razılaşsın; mütləq dava çıxaracaq...

Simao Toka yenə əyləşdi, qəhqəhəylə güldü:

- Nə narazılıq, lənət şeytana! Cokinya de Nyuto mənim əlimdədir! – düyünlədiyi yumruğunu Andrenin gözləri qabağında silkələdi, sözlərini bir də təkrarladı, amma bu dəfə vurğunu son kəlməyə vurdu. – Bax, burdadır, ovcumun içində, anladın?

Kişinin getdikcə qızışdığını görən Andre, sahibindən icazə alıb aralanmışdı ki, Simao Toka onun dalınca səsləndi:

- Oğlan, sən bir sahil boyu gəz, camaata tapşır ki, vicdanla işləsinlər! De ki, xozeyin tələb edir, damba avqust yağışlarına kimi mütləq hazır olmalıdır.

Simao Toka yenə tək qaldı. O hər gün öz torpaqlarına baş çəkirdi, bu artıq onun üçün zəruri bir rituala çevrilmişdi. Keçi cığırları ilə dırmanır, təpənin başında üzü qərb tərəfə əyləşib, günəşin üfüqdə yox olmasını gözləyirdi. Batan günəşin son şəfəqləri altında qırmızıya boyanan təpəni şər qarışanda seyr etməkdən yaman xoşlanırdı. Onda kişi öz qüdrətini daha çox hiss edir, çəkdiyi zəhmətinin müqabilini alırdı elə bil.

Günəş dənizin arxasına indicə enmişdi. Qəflətən Simao Toka anlaşılmaz bir qüvvənin çağırışına yerindən sıçradı. Nəhəng malikanəsi indi ona nağıl kimi gəlirdi. Dörd bir tərəf al qırmızı alov idi; bu qırmızılıq sayrışaraq, çalardan-çalara keçir, göz işləyənə kimi uzanırdı. O, lap uzaqlara baxdı. Cokinyaya məxsus olan bir neçə xırda tikəni çıxmaqla, onun torpaqları bütün dərəni altına almışdı, Böyük Sıldırım öz yamaclarıyla yuxarı – banan meşəsinin qamışlıqlarla növbələşdiyi yerlərə dırmanırdı. “Bütün bunlar mənimdir, - qürurla düşünürdü. – Cokinyonun torpaqlarından başqa, hamısı mənimdir”.

Gecə tədricən çayı sıx duman pərdəsinə bələyirdi. Simao Toka təpəyə sonuncu dəfə nəzər salıb, yamacla aşağı fikirli-fikirli addımladı.

Səhərdən bəri iş otağında qıfıllanıb bir yığın kağız-kuğuz eşmişdi, qırmızı üzlü, mavi kağıza bükülü kitabının səhifələrində çoxlu qeydlər etmişdi. Arabir yazdıqlarını yoxlayır, tutuşdurur, sonra da, yenə kitaba baxırdı. Onun diqqətini bir cədvəlin “kredit” qrafası cəlb etdi və üzündə özündənrazı təbəssüm, əlindəki qılımlı həmin qrafaya kök sıfırları olan böyük-böyük rəqəmləri əyri-üyrü xətilə yazdı.

- Pedrinyo! – Simao Toka səsləndi.

Axır ki, kişi axşam saat altıya yaxın qırmızı ağacdan düşəlmiş iş masasının arxasından qalxmşdı. Sol ayağını zorla çəkə-çəkə seyfə yaxınlaşdı. Kağızları seyfin xüsusi bölməsinə qoyub, qapısını çırpdı – qapı şaqqıltı ilə bağlandı.

- Pedrinyo! – bir də çığırdı, üzünü ağrıdan bürüşdürüb elə ordaca, otağındakı yellənən kreslosuna çökdü. Eyvanın qapısı açıldı və aralıqdan Pedrinyonun qotur başı göründü; bir-birindən aralı sönük gözləri əmrə müntəzir şəkildə sahibinə baxırdı, sadəlövh gen təbəssümüdən ağzı aralı qalmışdı.

- Məni çağırırdınız, nyo Simao? – sözlərinin axırını uda-uda mızıldandı.

- Bu kağızı götür, apar Cokinyo de Nyutoya. Tez də qayıt. Bir də, unutma, - Simao Toka əlavə elədi, - birbaş Cokinyonun özünə verməlisən ha, şahid-filan olmasın!

Pedrinyo onun sön sözlərini artıq eşitmirdi. Otaqdan qaça-qaça çıxmışdı, yolüstü giriş qapısı ilə toqquşmuş, qapını itələyib açaraq, Cokinyonun evinə aparan yolla var gücüylə yüyürürdü. Pedrinyonun yolu buralara gec-gec düşürdü, amma elə ki, bir iş buyurdular, həmişə can-başla yerinə yetirirdi. Cokinyonun qızı Biukadan xoşu gəlirdi. Ötən dəfə bura gələndə, qız hovuzda paltar yuyurdu. Pedrinyo onu görən kimi, gizlincə yaxınlaşıb banan ağacının arxasında gizlənmişdi; yerdə uzanaraq, ağzını ayırıb, gözünü Buikaadan çəkmirdi, ağlına heç nə gətirməyən qız da paltarının ətəyini qaldırıb dizlərini hovuzun beton kənarlarına dirəyərək, paltarı toxaclayırdı. Amma qız az sonra duyuq düşüb, hirslənmişdi: “Bilirsən nə var, oğlan, bu dəqiqə rədd ol burdan... – demişdi. – Bir də belə qələt eləmə”.

Pedrinyonun yadına Biuki tərəfindən yaxalanması düşəndə, xəcalət təri basırdı onu. Amma hər dəfə qızı düşünəndə - bu, hər saatbaşı olurdu, - xəyalında onu elə hovuz kənarında gördüyü şəkildə canlandırırdı. Və onda bütün vücudunu qəribə bir titrətmə aparır, içindən niskilli bir gizilti keçirdi. Pedrinyo Biuka barədə fikirləşə-fikirləşə, ayaq saxlamadan yoluna davam edirdi. Görəsən, indi paltar yumur ki? Görəsən, ətəyini yenə qaldırıbmı? Cokinyanın evinə nə vaxt çatdığını da bilmədi. Qapını kişinin özü açdı. Pedrinyo cibini eşələyib məktubu çıxardı, ona verib getdi.

Sələmçinin məktubunu görəndə, Coakinyanın dizləri qatlandı. Özünü ayaq üstə zorla saxladı. Masanın altındakı kətili çəkib, birtəhər əyləşdi. Məsələnin nə erdə olduğunu başa düşmək üçün heç məktubu oxumasına da ehtiyac yox idi. Onu çox yaxşı tanıyırdı və sələmçinin niyyəti onun üçün heç gözlənilməz deyildi - nyo Simao adamın boğazından bərk yapışırdı. Bəlaya düşən insanlara həvəslə pul verir, sonra da dərisini soyurdu. Cokinyanın yaxşı yadındaydı ki, Joze Bebiano, Julinyo de Gida, bir çox başqaları da, torpaqlarını məhz belə itirmişdilər, həmin sahələr nyo Simaonun əlinə keçmişdi. Cokinya tir-tir əsirdi. Gözünün ucuyla evdə işini görən qızına baxdı – qorxurdu ki, atasının zəifliyini hiss edər. Qonşu otaqdan Şikinyonun zarıltısı eşidilirdi – Biukanı çağırırdı. Qız qardaşını sakitləşdirməyə getdi. Cokinya Biukanın qab-qacaq rəfində nəsə axtardığını hiss etdi. Sonra hər şey sakitləşdi, kişi fikirləriylə baş-başa qaldı. Başını qaldırmadan oturmuşdu, kağız əlində idi. İndi yadına rəhmətlik İzabel düşmüşdü – ömür-gün yoldaşı. Onsuz Cokinya özünü lap kimsəsiz, zəif hiss edirdi, içində elə bil zülmət quyu vardı. Arvadını xilas etmək üçün əlindən gələni eləmişdi, allahın iradəsi ilə vuruşmayacaqdı ki... O heç arvadı ilə əməlli-başlı vidalaşa da bilmədi. Hər şey çox qəfil oldu. İzabel otaqda yeri süpürürdü, o isə elə bu yerdə, elə bu kətilin üstündə oturmuşdu və hava qaraldığından neft lampasını yandırırdı. Birdən İzabel qəribə tərzdə xırıldadı və o, arvadının bərəlmiş, hədəqəsindən çıxmış gözlərini gördü. Qadın ağzını açıb nəsə deməyə cəhd edirdi, lakin üzündə dəhşətli bir əzab vardı. İzabel yerə yıxıldı, ağzı köpükləndi, bədəni qıc oldu, kərtənkələnin kəsilmiş quyruğu kimi çırpındı. Sonra gördü ki, qonşu otaqdan Biuka ilə Şikinyo qaranəfəs özlərini yetirdilər. Oğlan ağlaya-ağlaya bacısına sıxılmışdı. Biuka da, anasını görən kimi dəhşətli səslə çığırdı. O, hələ belə adam qışqırığı eşitməmişdi. Səs-küyə qonşular tökülüşüb gəldi. Kişi həkim Sant-Adanın dalınca kəndə yüyürdü...

İzabelin cançəkişməsi dörd gün sürdü, axırda allah rəhm edib, onu apardı. Doktor Sant-Ana sağ olsun, bütün bu müddət ərzində onun yanından çəkilmədi, amma, bahalı dərmanlara baxmayaraq, əlindən heç nə gəlmədi. Bax, onda nyo Simaoya ikinci dəfə müraciət etməli olmuşdu. Doktor da ona demişdi ki, bu xəstəliklə mübarizə aparmaq, yaraya peyin çəkmək kimi mənasız bir şeydir. Və budur, indi tək qalıb - İzabelsiz, iki uşaqla. Düzdür, Biukanın tezliklə on yeddi yaşı olacaqdı, lakin Şikinyo hələ çox kiçik idi və indi anasız böyüməyə məhkum olan oğlan yaman zəifləmişdi...

Cokinya məktubu tələsmədən açıb oxudu. Üzünün ifarəsi dəyişdi:

- Biuka, - ucadan çağırdı. Biuka otağın qapısından içəri boylandı. Şikinyo astaca inildəyirdi. – Mən gedirəm, bir məsələ var, nyo Simao ilə onu yoluna qoymalıyam.

- Yaxşı, ata, - qız cavab verdi.

Cokinya de Nyuto papağını götürüb, evdən çıxdı.

Cokinya ağasının əsas darvazası önündə ayaq saxladı. Yad adamın hənirtisini hiss edən Neron öz komasında qəzəblə hürməyə başladı, darvazaya sarı cumdu, qabaq pəncələrini alaqapının hasarına qaldırdı. Cokinya sövq-təbii qorxub geri sıçradı. Kimsə iti səslədi, heyvan sakitləşdi, amma boğuq səslə mırıldaya-mırıldaya nigaran baxışlarını ondan çəkmirdi. Evin pəncərələri çox işıqlı idi və Cokinya otaqlarda kölgələr görürdü. Qapıda Pedrinyo göründü. Cokinya de Nyuto ona yaxınlaşmayıb uzaqdan səsləndi:

- Bilirsən nə var, ay oğlan, mən mütləq sənin xozeyininlə danışmalıyam. Ona deyin ki, Cokinya de Nyuto soruşur.

Pedrinyo ağır qapıların arxasında görünməz oldu və elə o dəqiqə də qayıtdı, Cokinyanı içəri dəvət etdi. O, qapıdan girən kimi, nyo Simao ilə üz-üzə gəldi.

- Narahatlığa görə üzr istəyirəm, nyo Simao, - papağını başından çıxarıb, dilləndi. - Bağışlayın ki, sizi belə gec narahat edirəm, amma qərara gəldim ki, ən yaxşısı, elə bu gün gəlim, məktubunuz barədə sizinlə danışım.

Nyo Simao qırmızı ağacdan olan masanın arxasında oturmuşdu, Cokinyaya elə baxdı, sanki boş yerə baxırdı; stula işarə edib dilləndi:

- Bu iş ləngiməməlidir, dostum, amma bir belə tələsmək də lazım deyildi. Bu məsələni sabah yoluna qoya bilərdik...

Cokinya yanını stulun qırağına basdı, gözünü yerə zilləyib dizinin üstündəki papağını didişdirməyə başladı. Simao Toka ona məhəl qoymur, masanın üstündə qalaqlanmış kağızlarını eşələyirdi. Ortaya Cokinya üçün çox üzücü bir sükut çökdü.

- Bilirsiniz, nyo Simao, - özünü sərbəst göstərməyə çalışaraq, sözə başladı, - hərdən həyatda öz iradənin əksinə, nələrsə etməli olursan. Əgər iki il qabağın quraqlığı olmasaydı, çətin vəziyyətə düşüb, sizə borclu qalmazdım. Əlbəttə, günah məndədir ki, sözümə sahiblik edə bilmədim, faizlərinizi vaxtında ödəmədim. Amma, siz də ürəyigeniş olun, avqust yağışlarının sonuna kimi səbr edin, pulunuzu artıqlamasilə ödəyəcəm; gələcək məhsuldan bütün borcum ödənəcək.

Cokinya elə bayaqkı arxayın görkəmində idi, yüngülcə öskürdü, amma bununla kimsəni aldatmaq olmazdı. Nyo Simao onun üzünə diqqətlə baxırdı. O, qalxdı, bir əlini masaya, digərini qalın, düyünlü dəyənəyinə söykədı, iri bədəninin ağırlığı altında stulu geri sürüşdü.

- Cokinya, artıq vaxtdır, səninlə təmiz söhbət etməliyik. Gələnilki məhsul söhbəti lap zəhləmi töküb. Sən keçən il də eyni mahnını oxuyurdun... Mən indi çay üzərində bənd tikirəm, pul lazımımdı. Düzünü desəm, səninlə çəkişmək də istəmirəm. Amma, sabah mənim pulumu verməsən, elə hesab elə ki, torpaqların əlindən çıxdı.

Simao Toka susdu və diqqətlə Cokinyaya baxdı, sözlərinin təsirini üzündən oxumağa cəhd edirdi. Cokinya başını aşağı saldı. Simao Toka təntənə içində sonuncu hücumunu başladı:

- Sənə çox vaxt verə bilmərəm. Ancaq sabah səhərə qədər... Ödəyə bilmirsənsə, əgər pulumu verə bilmirsənsə, - nyo Simao iki dəfə təkrarladı və gözləri parladı, - qoy, Biuka bura gəlib sənin borcunu başqa cür ödəsin...
Simao Tokanın bütün nacinsliyi sifətindən yağırdı. Düz qəlbindən yara alan Cokinya bir kəlmə də cavab verə bilmədi; daha gücü yox idi cavab verməyə. Yaşadığı dəhşət və xəcalətdən özünü unudub, qapıya tələsdi.

Cokinya Nyuto küçələri boş-boşuna dolaşır, evə dönmək üçün özündə cəsarət tapa bilmirdi. Axırda kəndə aparan cığıra üz qoydu. Ağır fikirlərdən başı çatlayırdı, yerə girməyə hazır idi. Heç özü də bilmədən, qəsəbəyə gəlib çıxmış; sərxoş adamlar kimi səntirləyə-səntirləyə birbaş Kitonun dükanına yollandı. Kito onu bu halda görəndə, qorxdu:

- Allahın sənə rəhmi gəlsin, dostum. Nə olub belə? Bu nə haldır düşmüsən? Üzündə bir ifadə var, elə bil, ildırım vurub səni! Bir otur görüm, nə var? Yanını bas o kisənin üstünə, içki verim sənə. Onsuz da, yağış yağmaq bilmir, hamımız dərd içindəyik. Avqustda isə buralarda qayıqsız hərlənə bilməzdin...

Cokinya stəkanı başına çəkdi, dibində ancaq bulanıq çöküntüsü qaldı, boş stəkanı yerə atdı. Sonra yenə, yenə, yenə içdi, axırda başı gicəlləndi. Qalxdı və ayağı dolaşa-dolaşa aramla evinə tərəf getdi. Yağış çisəyir, ildırım çaxır, şimşəklər göyü işıqlandırırdı. Cokinya yağışdan talvarın altına sığındı.

Simao Tokanın təklifi heç cür beynindən çıxmırdı. İndi özü-özündən utanırdı. Təmiz hava onu ayıltdı, fikirlərində də bir aydınlıq yarandı. O torpaqlar ailəsinin var-yoxu, uşaqlarının pənahı idi – onun, Biukanın və Şikinyonun. Əgər nyo Simao torpağı alsa, işləri bitdi! Cokinyanı da Joze Bebianonun, Juliyo de Gidin taleyi gözləyirdi. Sələmçinin kəramətindən, onlar da ev-eşiksiz, ac qalmışdılar... Bəlkə, Biuka getsin? Onsuz da, heç kim bilməyəcək... Öz aramızda qalacaq bu söhbət. Biukanın özü də, heç kəsə deməz... Yox, bu barədə fikirləşməyə belə haqqı yox idi! Cokinya dəhşətə gəldi.

İlahi, bunu necə rəva bilirdi axı? Necə ağlına gətirirdi?.. Yox! O gərək, nyo Simaonun yanına qayıdıb ayaqlarına düşsün, avqust yağışlarına qədər gözləməsini xahiş etsin... Yox, olan deyildi. Nyo Simao amansız idi. O bir gün də gözləməyəcək. Cokinya onsuz da, sələmçiyə olan borclarından, onları gözləyən təhlükədən Biukaya danışmışdı. Yazıq qız ağzını açıb, bir kəlmə də dinməmişdi. Sakitcə qulaq asır, işin nə yerdə olduğunu gözəl başa düşürdü. Və birdən onun yadına Biukanın şikayəti düşdü - qız deyirdi ki, nyo Simao onu qucaqlayıb. Onda Cokinya buna elə böyük əhəmiyyət verməmişdi. Amma indi yadına düşdü ki, qız həmin hadisədən necə qorxmuşdu... Ondan sonra malikanəyə getməkdən də imtina edirdi. İndi qızı yumurta satmağa yollayanda, ancaq qəsəbəyə gedirdi, nyo Simaonun malikanəsinə yox. Və o an Cokinya başa düşdü ki, Biuka artıq böyüyüb; əvvəllər buna heç fikir vermirdi. Yəqin ona görə ki, hər gün görürdü onu. Biuka isə doğrudan böyüyüb, əsl qadın olmuşdu. Qızın enli budları, şux döşləri, xoşagələn sifəti vardı. Aman allah, İzabelə necə oxşayırdı!.. Cokinya yağışın səngiməsini gözlədi və ara verən kimi, yoluna davam etdi...

- Ata, harda qalmısan?! Yaman nigaran idim. Şikinyo bir az babatdır. Nyo Simao ilə danışdın? Almayacaq torpağımızı, eləmi?

Cokinya kəsə cavabdan yayındı.

- Gedək evə, qızım, - dedi, - orda danışarıq.

Ata qabaqda gedir, qız onun dalınca gəlirdi. Xırda yağış davam edirdi. Cokinya kətili çəkib əyləşdi, Biuka əllərini sinəsində çarpazlayıb divara söykəndi.

- Ata, sən nyo Simao ilə torpaq barədə danışdın?

- Hə, sənə torpaqdan deyim. Bu qəddar insan avqust yağışlarına kimi gözləmək istəmir. Sabah nəyimiz varsa, hamısını alacaq. Heç təsəvvür etmirəm ki, torpaqsız nə edəcəyik... Biuka, sən heç bilirsən o əclaf mənə nə təklif etdi? – Cokinya kətildən qalxıb çarpayısına uzandı. Evdəki bürküdən içkinin dəmi yenə başına vurmuşdu, - Bilirsən, nə dedi, o alçaq? – dili dolaşa-dolaşa bir də təkrar elədi. – Tələb edir ki, borcumuzu ödəməyə səni göndərim...

Sərxoş Cokinya bunu deyib, tamam əldən düşdü, səsini kəsdi, gözləri yumuldu.

- Biz hər şeyimizi... – sözünü bitirməyə gücü çatmadı...

Yağış elə bil, vedrədən tökürdü. Biuka bütün gecəni yatmamışdı. Atasının sözləri onun içində anlaşılmaz bir həyəcan qoparmışdı. Təpədə baş verənləri, nyo Simaonun ona sataşmasını xatırladı. İçini qorxu qarışıq nifrət bürüdü. Niyə kişilər qadınlarla belə davranır axı? Biuka Şikinyonun yanında sərdiyi yerinə girdi, düz səhərə kimi gözünü belə, yummadı. Nəhayət, xoruzlar banladı. Onda, qız qalxdı, pəncərəni açıb bayıra baxdı. Yağış kəsmirdi. Pəncərəni örtüb, qardaşına yaxınlaşdı – Şikinyo bərk yatmışdı. Üstünü ədyalla yaxşı-yaxşı basdırıb, barmaqlarının ucunda qapıya tərəf getdi. Başını örtüb evdən çıxdı.

Biuka Lape malikanəsinə çatanda, Pedrinyo eyvanda idi; qızın divardan tuta-tuta, həyətdə dolaşmağını görürdü. Biuka axırda nyo Simaonun yataq otağının pəncərəsi altında durdu.
Ətrafına göz gəzdirib pillələri qalxdı və qapının o üzündə yox oldu. Pedrinyo pillələrlə yüyürdü və birdən qətiyyətsizlik içində ayaq saxladı, təəccübdən gözü böyümüşdü, başa düşmürdü ki, qızı belə erkən saatda nyo Simaonun yanına gətirən nədir...

Yağış güclənirdi, üfüqü sıx bəyaz pərdə örtmüşdü elə bil. Pedrinyo hələ belə yağış xatırlamırdı. Avqust yağışları, nəhayət ki, başlamışdı...

# 3927 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #