Hüseyn Cavidə böhtan atan yazıçılar - Akif Əli yazır...

Hüseyn Cavidə böhtan atan yazıçılar - Akif Əli yazır...
4 may 2020
# 18:33

Kulis.az fəlsəfə doktoru, yazıçı-publisist Akif Əlinin "Cavid əfsanəsi" yazısını təqdim edir.

Ədəbiyyatın ən ağrılı səhifələrindən biridir Cavid əfsanəsi. Romantik ədibin həyatı həqiqətən bir əfsanəyə bənzəyir. Dramaturgiyada mənzum faciə janrını yaratdığı kimi, taleyin qismətindən özünün şəxsi həyatı da faciələr içində keçib.

Milli səhnə mədəniyyətinə yeni istiqamət verən "Cavid teatrı"nın qızıl repertuarındakı "Şeyx Sənan", “Peyğəmbər”, "Topal Teymur","İblis", "Səyavuş", "Xəyyam" pyeslərində ədibin fəlsəfi düşüncələrinin əsas istiqaməti İdealla Reallıq arasındakı ziddiyyətlər, Həqiqət axtarışları, Xeyir və Şərin mübarizəsi, Mədəniyyət və Əxlaq problemləri idi.

Sovet rejiminin "fövqəladə nailiyyətlərindən" yazmağı qələminə rəva bilməyən Hüseyn Cavid bütün iradlara rəğmən “proletar yazıçılara” qoşulub mədhiyyə qoşmadı: nə Mərkəzi, nə də yerli kommunist-bolşevik rəhbərlərə. Elə bu qüruru da şairin “suçu” oldu. Yarınmağa daxili ehtiyac duyan miskin qələmlər açıq və gizli şəkildə onu “linç etməyə” başladılar. 1920-ci illərdə haqqında "Qafqazın ən məşhur və ən şöhrətli şairi", "Azərbaycanın ən qüdrətli şairi" kimi sözlər yazan mətbuat, az sonra haqdan dönüb qüdrətli şairə iyrənc damğalar vurdu. Dünənə qədər qarşısında baş əyən həmkarları himə bənd imişlər kimi, kütləvi psixozla dahi ədibi “ifşa etməyə” girişdilər. Və nəhayət, ənənəvi eyforik coşqu içində onu NKVD (DTK) zirzəmisinə göndərə bildilər. Hətta Rusiya alimləri də hesab edirdilər ki, repressiya dövründə həbs olunmuş yazıçılar arasında ən nüfuzlusu Hüseyn Cavid olub. Ancaq Azərbaycan Proletar Yazıçıları İttifaqında yazıçının dəyəri ədəbi istedadla yox, külək əsən tərəfə əyilmək istedadı ilə ölçülüb.

“Xalq düşməni” qarabasmasından əziyyət çəkən bisavad N.Yejovdan manyak L.Beriyaya miras qalan repressiya planına əsasən, hər respublikanın pambıq, üzüm, tərəvəz öhdəliyi kimi, “ifşa” öhdəliyi də vardı. Bu öhdəliyə uyğun olaraq, qapıların bir-bir döyüldüyü vahiməli 1937-ci ilin 3 iyun gecəsi indiki Əlyazmalar institutunun yerləşdiyi binada yaşayan Hüseyn Cavidin də qapısı döyüldü. Cavid Əfəndinin, Müşkünaz xanımın, uşaqları Turanın və Ərtoğrulun yuxusuna haram qataraq, Xüsusi İdarənin zabiti Pavlovun arxasınca içəriyə doluşan “qara meşin kurtkalı” NKVD əməkdaşları sorğu-sualsız evi ələk-vələk edilər. Fəqət müqəddəs “Səma Şairinin” evində qələm-kağızdan başqa nə tapılacaqdı ki?! Elə bu əlyazmalar, qələm-kağızlar da “cinayətin” sübutu üçün “veşşdok” kimi müsadirə olunub şairin özü ilə birlikdə qara “M-1”də gedər-gəlməzə aparıldı.

Gallery

Bir ilə yaxın aramsız işgəncələrdən, üzədurmalardan, donoslardan, şər-böhtanlardan sonra toplanan “dəlillər” əsasında Hüseyn Cavidə Cinayət Məcəlləsinin iki ağır maddəsi üzrə ittiham irəli sürüldü. Halbuki romantik şairin içindəki insan sevgisindən başqa “cinayəti” yox idi!

Qəribədir ki, şairin “Delo”su Moskvaya Xüsusi İdarəyə göndərilsə də, orda işə baxılmadan geriyə, Bakıya qaytarılmışdı. Hətta paytaxtdakılar da “Cavid və cinayət” məfhumunu qəbul etməmişdilər. Bakıda isə düşünüblər ki, yəqin iki cinayət maddəsi az olub. Ona görə donosların arasından əlavə daha bir “təkzibolunmaz” ittiham tapıb “Delo”ya yükləyiblər. Sən demə, Sovet quruluşunu və rəhbərliyi bəyənməyən “ocaq başındakı bu düşmən” həm də “Türkiyənin və Almaniyanın casusu imiş”! Beləliklə, "əksinqilabi əlaqələrdə", "müsavatçılarla müsavatçı söhbətləri aparmaqda", "ətrafına millətçi gənc şairləri toplayıb müsavatçılıq ruhunda yetişdirməkdə" “casusluq fəaliyyətində” günahlandırılan şairi Sibirə sürgün edirlər.

Hüseyn Cavidin həbsindən sonra Müşkinaz xanım uşaqları ilə birgə yaşadıqları mənzildən çıxarılır, ailənin məşəqqətli günləri başlayır. Günəşli Azərbaycana layiq bilinməyib buzlaqlar səltənətinin taxta baraklarında yaşamağa məhkum edilən “Səma Şairi” orda şiddətli şaxta-çovğuna dözməyib 1941-ci il dekabrın 5-də dünyadan köçür.

Aradan 15 il ötəndən, ölkədə saray çevrilişi baş verəndən sonra, Ali Məhkəmə 1956-cı ildə Hüseyn Cavidə bəraət verir. Daha 25 il sonra isə, - 1982-ci ildə şairin nəşi uzaq Sibirin İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndindən tapılaraq yenidən Günəşli Azərbaycana gətirilir. Naxçıvanda öz evinin qarşısında dəfn olunur. Məzarın üstündə ucaldılan əzəmətli məqbərədə yenidən Cavid Əfəndinin ətrafına toplanan ailə üzvləri burda əbədi rahatlıq tapır...

Məqbərənin açılışında Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev deyir: “Tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin cənazəsi də Sibirdən öz Vətəninə gətirildi, onun adı yüksəldi.”

Gallery

Bəli, tarix öz sözünü dedi. “Səma Şairi” qürbətdən Vətənə qayıtdı. Adı yenə yüksəklərə ucaldı. Qələmindən çıxan əsərlər Dövlətin varidatı hesab olundu.

Vaxtilə şairi qürbətə yollayan miskinlərin isə özləri lənətləndiyi kimi, yazdıqları da unuduldu getdi...

***

Müəmmalarla dolu repressiya illərindən çox yazılıb və hələ arxivlər açıldıqca, yeni faktlar üzə çıxdıqca daha çox yazılacaq. O dövrün hadisələri bir sıra məsələlərlə bağlı olduğu kimi, həm də mədəniyyət amilinə bağlı idi. Baş verən amansızlıqlar bütün digər nüanslarla yanaşı, bəlkə də ən çox cəmiyyətin mədəni inkişaf səviyyəsini bəlli edir. Həmin inkişaf hansı səviyyəyə qədər qalxa bilirsə, toplumun davranışı da o səviyyəyə uyğun olur. Törədilən kütləvi ölüm-itim, qan-qada, qırğın, donos, xəyanət, satqınlıq, zor, güc əməlləri onu sifariş verənlərin də, icra edənlərin də, əl çalanların da səviyyəsinin göstəricisidir. Humanizmin və demokratizmin haralarda olduğuna işarədir.

Adətən gələcəyini düşünən ağıllı dövlətlər cəmiyyətin mədəni inkişafı üçün ziyalılıq institutunun qurulmasına, elmi-yaradıcı zəkaların qorunmasına diqqət yetirir. İntellektual və mənəvi potensial daşıyıcısı olan ziyalılığın əhəmiyyəti barədə təkcə onu demək kifayətdir ki, hər bir cəmiyyətdə baş verən bütün növ aşınmaların (siyasi, iqtisadi, hüquqi, sosial, mənəvi) səbəbi ilk növbədə əxlaqi-etik və mədəniyyət ənənlərinin dağılması, ziyalılıq anlayışının deformasiyası, humanist dəyərlərin ayaqlar altında qalmasıdır...

Repressiya zamanı “banka sədrlik edən matroslar” məhz bu institutu dağıtdılar. “Yeri səhv düşən” adamların qaynaşdığı o qaranlıq illərdə Hüseyn Cavid sözügedən ali dəyərləri dağıdanları nəzərdə tutaraq yazırdı: Rəqsi təlim ediyor axsaqlar, / Əzəmət düşkünüdür alçaqlar...”. Bu cür qara-qura elementlərin, “iş görən yerdə söz əzbərləyən” gərəksiz rudimentlərin şəxsi maraq naminə kor qoyduqları mənəvi-mədəni mühiti sonradan dirçəltmək - bir dəlinin bir quyuya atdığı daşı, min ağıllının yığışıb çıxartmaq cəhdi qədər çətin olur. O pisliklərin vicdanlı aydınlara vurduğu ziyanı isə düzəltmək mümkünsüz...

Yeni “Sovet ziyalısı” yetişdirmək xəyalı ilə “köhnə ziyalılar” məhv edilir, qədim xalqların klassik irsi yeni “proletar gəmisindən” kənara atılırdı. Hətta “ziyalı” («интеллигенция») sözünə istehzalı izahat verilərək məfhum sinfi mübarizə predmetinə çevrilmişdi. Şüurlara “burjua” və “proletar” ziyalısı kimi absurd anlayışlar kultivasiya edilirdi. Gənc entuziastlardan olan Nikolay Buxarin 1925-ci ildə “Sosializmin yolu” əsərində yazırdı: “Bizə lazımdır ki, ziyalı kadrları müəyyən ideoloji manerada yonulsunlar. Bəli, biz zavod dəzgahlarında ziyalı ştamplayacaq, onları fabriklərdə yetişdirib çıxaracağıq.”

“Dəmir pərdələr” arxasında utopik cəmiyyət qurmağa dirəşən belə sərsəmlər təkcə öz əraziləri ilə kifayətlənmir, zirehli qatarlarla girdikləri ətraf regionların əhalisini də eksperiment alətinə çevirirdilər. Döyüb-döyüb “bolşevik” edə bilmədiklərini yerindəcə güllələyirdilər. Nəticədə zavallı rus intelligentləri ilə yanaşı, digər xalqların, o cümlədən, Azərbaycan xalqının da əsrlər boyu formalaşan intellektual zümrəsi darmadağın edildi. Minlərlə dəyərli ziyalı “aclar və qullar” kütləsinin süfrəsində sümürüldü getdi...

Hədəfdə əsas etibarilə vətəni, xalqı, milləti sevən aydın şəxslər, istedadlı yazıçı və şairlər idi: Hüseyn Cavid, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli, Mikayıl Müşfiq, Əhməd Triniç, Vəli Xuluflu, Əli Razi, Ömər Faiq Nemanzadə, Sultan Məcid Əfəndiyev, Hacı Kərim Sanılı, Tağı Şahbazi, Qantəmir, Seyid Hüseyn, Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Əmin Abid, Əli Nazim, Salman Mümtaz və b.

Gallery

Amerikalı tarixçi-alim Tadeuş Svetoxovskinin sözlərinə görə Azərbaycanda repressiyanın əsas qurbanları ziyalılar oldu. O dövrdə ümumən qətlə yetirilən 100 min civarında Azərbaycan vətəndaşının 29 mini ziyalılar idi. 1937-ci ildə SSRİ-nin Elm, təhsil, maarif, ədəbiyyat, incəsənət, səhiyyə sisteminə nəzarət edən Baş Siyasi İdarəsinə Azərbaycandan 69 min donos getmişdi. Hətta Mərkəzin özü də “Papadan artıq katolik olan” milli “təəssübkeşlərin” bu qədər “məhsuldarlığından” bezib şər, böhtan, iftira dolu məktubların çoxunu “araşdırmaq və tədbir görmək üçün” geriyə qaytarırdı. SSRİ XDİK-nın Azərbaycan şöbəsində çalışan T.Borşev, X.Qriqoryan, Y.Sumbatov-Topuridze, R.Markaryan, S.Yemelyanov, A.Atakişiyev kimi “mətin bolşeviklərin” isə NKVD (DTK) zirzəmilərində necə “araşdırma” apardıqları və hansı “tədbirləri” gördükləri artıq məlumdur. Əsasən rejimə təhlükə sayılan intellektuallar aradan götürülür, millətin “qaymaqları” məhv edilir, milli düşüncənin qarşısı alınırdı.

Cavid Əfəndinin həmkarlarının çıxışları və ittiham dolu məqalələri ilə, həmçinin o dövrün mətbuatı, arxiv sənədləri ilə tanış olduqda, açıq-aydın görünür ki, əslində H.Cavid heç də yaradıcılığına görə yox, yalnız həyata fərqli baxışına görə ittihamlara tuş gəlib. İfrat siyasiləşmiş cəmiyyətdə savadsız kütlənin eyforik coşqusu ilə üzbə-üz qalıb.

Adətən xüsusi istedadı ilə seçilməyənləri bacarıqlı yaradıcı şəxslərə paxıllıq edən, kin-küdurətlə yanıb-yaxılan gördük. Açıq rəqabət müstəvisində yenə bilmədiklərini örtülü xəyanət üsulları ilə ləkələyib sıradan çıxartmaq, öz yollarını təmizləməyə can atmaq - repressiv NKVD üsulunun miskin zəkalarda hələ də yaşayan atavistik əlamətidir.

O illərdə də Vətənin düşmənlərinə söz demək cəsarəti çatmayan əskik adamlar, qəlbində Tanrı nuru gəzdirən incə rübablı, zərif ruhlu cavidləri, cavadları, müşfiqləri hədəfə alıb vicdan əzabı çəkmədən ağlagəlməz yarlıqlar yapışdırırdılar. Elə bil insanların içinə İblis qonmuşdu. Bir-birlərinə qarşı açıq təhqirlərin, hədyan və uydurmaların həddi-hüdudu yox idi. Bu iblisanə kampaniyaya qoşulmayıb ləyaqətini qoruyan az adam tapılardı. İnsanlar sanki İblisin caynağında yaşamaq uğrunda çaba döyür, sağ qalmaq üçün hamı məmnuniyyətlə bir-birini satırdı...

Əlbəttə, bu mövzudan danışanda vahiməli dövrün yuxarıdan gələn məcburi direktiv və diktələrini, şantaj və hədələri, psixoloji basqıları, ailə-uşaqla qorxutmalarını, ağır işgəncələri və s. də istisna etmək olmaz. Eyni zamanda Kommunizm ideyalarına səmimi inanan, Leninizmin utopik xəyallarına aldanan, Stalinin şəxsiyyətinə qəlbən pərəstiş edən vicdanlı adamların da mövcudluğu nəzərə alınmalıdır. Bununla yanaşı, dövrün mənzərəsini obyektiv canlandırmaq, mühitin ab-havasını dəqiq çatdırmaq və möhkəm iradəli H.Cavidin əzab-əziyyətlər qarşısında sınmadığını, əqidəsindən dönmədiyini göstərmək üçün oxucuların diqqətini bəzi sitatlara yönəltmək yerinə düşərdi.

Hələ 1934-cü ildə Azərbaycan Şura Yazıçılarının (AYŞ) I qurultayında görkəmli dramaturq Cəfər Cabbarlı deyirdi: “…Mən bir neçə kəlmə Cavid yoldaş haqqında demək istəyirəm. Qurultayımız Hüseyn Cavidə böylə bir sual verməyə haqlıdır: “Siz Cavid yoldaş! 14-15 il içərisində yaranan həyatı, onun böyüklüyünü görmək istəyirsinizmi? Cavid yoldaşdan yeni əsərlər tələb edənlər, əlbəttə, haqlıdırlar. Cavidin verdiyi əsərlər, bu günün tələbini ödəyə bilməyir... Onun “Peyğəmbər”i bu günə yaramır. Bu günün tələbi başqadır. “Şeyx Sənan”ı alalım... Sənanın sözlərini bu gün Lök Batanda oxuyacaq olsanız, sizə gülərlər. Bizim Şura yazıçılarımız bu coşqun həyatın sürətini addım-addım təqib etməli, onun inkişafına yardım etməlidirlər. Şura yazıçısının nəbzi böyük quruluşun hərəkəti ilə bərabər döyünməlidir. Mən öz sosialist vətənimin səadəti üçün bugünkü böyük quruluşun, bu coşqun həyatın tələblərini təmin edəcək əsərlər yazıram və yazacağam.”

İki il sonra Şura Yazıçılarının 26 mart müşavirəsində digər bir görkəmli qələm sahibi Səməd Vurğunun çıxışını qəzetlərdən oxuyuruq: “Müşavirəni açan AYŞ katibi, ordenli şair Səməd Vurğun yoldaş “Pravda” qəzetinin incəsənət sahəsində ifşa etdiyi formalizm və naturalizm elementlərinin Azərbaycan ədəbiyyatında da olduğunu və yazıçıları burjua məfkurəsinə doğru sürüdüyünü, beləliklə də əməkçi xalq kütləsindən uzaqlaşdırdığını, sosializm quruluşu cəbhəsində həqiqi sosialist realizmi əsəri yaratmağa mane olduğunu göstərmişdir.

Səməd Vurğun yoldaş... Hüseyn Cavidin geridə qaldığını, Azərbaycan xalqının həyat və məişətindən, tarixi inkişaf həqiqətindən yazmadığı ilə xarakterizə etmişdir. Hüseyn Cavid yaradıcılığının Azərbaycan xalqı ilə bağlı olmadığını, bunun Cavidi formalizmə sürüklədiyini göstərmişdir”.

Bu minvalla repressiyaqabağı artan dalğalar getdikcə bütün ölkəni bürüyürdü. Dalğanı gücləndirən sifarişli yazılar çap olunur, iclaslarda alovlu nitqlər söylənir, bəlağətli çıxışlar edilirdi. Məhvedici dalğaya güc verən, ictimai fikri “lazımi” istiqamətə yönəldən, dövrün xarakterik pafosunu özündə ehtiva edən baş məqalənin müəllifi Azərbaycan Yazıçılar İttifaqının o zamankı sədri Seyfulla Şamilov “Kommunist” qəzetinin 12 mart 1937-ci il tarixli sayında yazırdı: “...Azərbaycan Sovet Yazıçıları İttifaqı sıralarında, ciblərində Maksim Qorkinin imzası ilə üzvlük kitabçasını daşıyan ikiüzlüləri də ifşa etmək lazımdır... Əxlaq pozğunluğu və sərxoşluğa tutulan Əli Nəzmi ilə qələm yoldaşı olan Əli Razi, 1919-cu ildə kontrrazvedkada çalışmış, vaxtı ilə Müsavatın orqanı olan “Azərbaycan” qəzetində daimi muxbirlik etmiş, kontrrazvedkanın naçalniki Şıxzamanovun ən yaxın dostu, məşvərətçisi olub, Azərbaycan xalqını soymaq işində və milli qırğını qızışdırmaqda bu murdar quldurlara və müsavat juliklərinə vaizlik etmişdir. Bu düşkün və xalq düşməni yazıçı maskası altında xeyli müddət Yazıçılar İttifaqının Kirovabad filialına rəhbərlik etməyə müvəffəq olmuşdur... Böyükağa Talıblı, rəsmən Yazıçılar İttifaqında üzv olmadığına baxmayaraq, hər yerdə aferistcəsinə öz millətçi fikirlərini və millətçilik ideyası ilə zəhərlənmiş əsərlərini dərs kitablarına və jurnallara soxmağa çalışmışdır. Başqa zaman isə, yazıçılar arasında qeybətçilik, araqarışdırma ilə məşğul olmuşdur. Bu adamın ədəbiyyatımız haqqında və xüsusən revolusiyadan sonra yaradılmağa başlayan gənc qızıl qələmlər haqqındakı fikirləri hər bir yazıçıya məlumdur. O zaman B.Talıblı - Səməd Mənsurları, Cabbar Əfəndizadələri, Əhməd Cavadları və b. öz qanadı altına alaraq, sovet ədəbiyyatının və gənc qızıl qələmlər ittifaqının baş tutmayacağını iddia edirdi. O, ədəbiyyatdakı sinfi mübarizəni qətiyyən anlamayaraq, ədəbiyyatımızın böhran içində olduğunu həyasızcasına söyləyirdi... Nəhayət, məlum oldu ki, B.Talıblı öz alçaq, mürtəce millətçilik fəaliyyətini Sovet Azərbaycanına və Azərbaycan xalqına qarşı yönəldərək, ölkəmizdəki sosializm quruluşunun sarsılmasına çalışırmış. Azərbaycan xalqının bu ikiüzlü düşmənləri nihayət öz layiqli cəzalarını almalıdırlar.

Lakin Yazıçılar İttifaqı bu üç nəfərin ifşa edilməsi ilə öz vəzifəsini bitmiş hesab edə bilməz. Azərbaycan yazıçıları bu gün bütün sovet xalqları ədəbiyyatının müəyyən aktiv bir hissəsi olduğunu unutmayaraq, ədəbiyyatımızın inkişafına mane olan və öz ikiüzlü fəaliyyətləri ilə ədəbiyyatımızın inkişafına zərbə vuran elementlərin hamısını ifşa etməlidir.”

Adları nəinki tarixdə, heç öz dostlarının da yadında qalmayan qələm adamlarından Əsəd Əyyubi adlı birisi yazırdı: "Biz bu cəbhədə qəti vuruş, döyüş hərbinə keçməliyik. Bu, Müsavata da, Cavada, Cavidə quyruqluq edənlərə də zərbə, fəqət bizim üçün əzici, qurtarıcı bir zərbədir. Çünki biz bu zərbə ilə Müşfiqi sapqınlığından qorumasaq belə, müşfiqləri qurtarırız".

Ə.Əkbər imzalı başqa biri deyirdi: "Necə ola bilər ki, Əhməd Cavadın, Hüseyn Cavidin yuvasından çıxmış riyakar, əclaf Müşfiq ittifaqın plenumunu və "Ədəbiyyat qəzeti"ni öz tribunasına çevirmişdir... Ədəbiyyatda xalq düşmənlərinin bütün qalıqları axıradək ifşa olunmalı, böyük sosializm quruluşumuza qarşı azğıncasına kin və ədavət bəsləyən müsavatçı və trotskist quduzlar yox edilməlidir".

Nəhayət, həbs edilib istintaq altında olan H.Cavid haqqında şair Mikayıl Rzaquluzadə belə ifadə vermişdi: “...Hüseyn Cavidlə yaxınlıq etdiyim gündən onu bir əksinqilabi, burjua-millətçi kimi tanımışam. O ədəbi yaradıcılığını Türkiyəyə tərəf yönəltdiyini bildirmişdi. Azərbaycanda Sovet hakimiyyəti qurulanda H.Cavid yazıçı, şair və dramaturq kimi yazılarında sovet həqiqətlərini düzgün əks etdirmir, əsərlərini bir əksinqilabi, millətçilik ruhunda qələmə alaraq, sovet mövzusunun əksinə yönəldirdi. O, “Peyğəmbər”, “İblis”, “Siyavuş”, “Topal Teymur” və s. kimi əsərlərini panislamizm, pantürkizm şəkildə yazmış, Osmanlı ideologiyasını həmişə tərifləmişdi. Onun bu əsərlərini Türkiyə mətbuatı xüsusi diqqət mərkəzində saxlayırdı… H.Cavid “İblis” əsərində Türk ordusunu tərifləyib. H.Cavidi xırda burjua şairi adlandıranda əsəbiləşər və deyərdi ki, o xırda yox, görkəmli burjua şairidir. Yazıçılar İttifaqı və başqa təşkilatlar ondan tələb edirdilər ki, sovet dövründən yazsın. Lakin o etiraz edərək, böhtancasına təsdiq etməyə çalışırdı ki, guya sovet ölkəsində daimi qəhrəman yoxdur, onlar hər an dəyişirlər. H.Cavidə öz bədii yaradıcılığında dəyişiklik etmək məsləhət bilinsə də o əksinqilabi, millətçi baxışları ilə: “Mən çəkməçi deyiləm ki sifariş qəbul edəm!” - deyər, sovet mövzusunda əsər yazmaqdan imtina edərdi. H.Cavid mənimlə hər söhbət edəndə ÜİK(b)P və Sovet dövlətinə qarşı böhtanlar atar, Azərbaycan ədəbiyyatına və onun yaradıcılarına “rusifikasiya” siyasəti apardığını qeyd edirdi.”

Dövrün mənzərəsi bu idi... Sanki Həyat Teatrında real insanların oynadığı faciəli tamaşada daim pərdə arxasından “İblisin” təntənəli qəhqəhələri eşidilir:

İblis!.. O böyük ad nə qədər calibi-heyrət!
Hər ölkədə, hər dildə anılmaqda o şöhrət.
Hər qülbədə, kaşanədə, viranədə İblis!
Həp Kəbədə, bütxanədə, meyxanədə İblis!
Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət,
Hər kəs bana aciz qul ikən, bəslər ədavət.
Lakin bəni təhqir edən, ey əbləhü miskin!
Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,
Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,
Daim ayaq altında sönüb məhv olacaqsın.
Bənsiz də, əmin ol, sizə rəhbərlik edən var:
Qan püskürən, atəş savuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
Altın və qadın düşgünü divanə bəbəklər.
Bin hiylə quran tülkü siyasilər, o hər an
Məzhəb çıxaran, yol ayıran xadimi-ədyan;
Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,
Onlar duruyorkən bəni təhqirə nə hacət?!
Onlar, əvət onlar sizi çiynətməyə kafi,
Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...
Bən tərk edərim sizləri əlan nəmə lazım!
Heçdən gələrək, heçliyə olmaqdayım azim.
İblis nədir?
- Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir?
- İblis...

Gallery

Mükəmməl mətn! Və çətin ki, dünya ədəbiyyatında bu mövzuda daha mükəmməl bir mətni kimsə yaza bilə! “İblis nədir? – Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? – İblis...” Bu, Hüseyn Cavidin dahiyanə kəşfi idi.

Çox sonralar Moskvada həbs edilən Bakı repressiyalarının iştirakçısı olan bir Təhlükəsizlik zabitinin ifadələrindən görünür ki, şair və yazıçıların əleyhinə ifadə vermək üçün öz həmkarları, Azərbaycan Yazıçılar İttifaqının üzvləri az qala növbəyə dururmuşlar. Zabitin sözlərinə görə, təkcə Mikayıl Müşfiqin əleyhinə AYİ-nin 26 üzvü könüllü ifadə vermişdi. AYİ-çilər böyük “yaradıcılıq entuziazmı ilə” bir-birlərinə quyu qazır, şəstlə tribunaya qalxıb istedadlı qələm yoldaşlarına açıq təhqir yağdırır, böyük məmnuniyyətlə güdaza verirdilər...

Ancaq o ağır, dəhşətli illərdə az da olsa, başqa nümunələr də olub. Məsələn, 1937-ci ilin yazında Müşfiqə təklif ediləndə ki, Hüseyn Cavidin məsələsi artıq həll olunub, bu gün-sabah tutulacaq, sən özünü xilas etmək üçün onun əleyhinə bir-iki yazı yaz, Müşfiq təklifi rədd edərək demişdi: “Əgər mənim sağ əlim Cavidin əleyhinə bir yazı yazsa, sol əlimlə onu baltalayaram”.

Çağdaş dünyanın mədəni münasibətlər kontekstindən baxanda, həqiqətən anlamaq çətindir ki, yazıçı, jurnalist, şair, alim necə bir mənəviyyat sahibi olmalıdır ki, öz məsum həmkarına ləyaqətsizcəsinə şər-böhtan ata, "faşist", "qudurğan", "alçaq", “düşmən”, "vətən xaini" - deyib onu yadlara sata?!

Görünür hətta kriminal aləmdə belə ən bağışlanmaz qəbahət sayılan satqınlıq (“sukalıq”) adamların peşəsindən yox, qanından gəlir...

Dövrün müəmmaları fonunda çox suallar yaranır. Məsələn, doğrudanmı konyukturçu “bir neçə şair, neçə şair kimilərin” (M.Ə.Sabir) ölkə rəhbərinə ithaf etdikləri “Ey bizə doğru yol göstərən”, “Ey sənətin böyük dostu ulu rəhbər”, “Ey elimin xilaskarı”, “Stalin tək bir atan var, öyün xalqım” və s. kimi ifrata varan mədhiyyələr Stalinin xoşuna gələ bilərdi?! Axı, üç yüz illik Çar imperiyasını yıxan, nəhəng Sovet dövlətini yaradıb uzun illər idarə edən, Dünya Müharibəsindən qalib çıxıb dünyaya meydan oxuyan nəhəng güc sahibinin uzaq əyalətdə söylənən bu sayaq cılız təriflərə nə ehtiyacı var idi?! Xüsusən, onun özünün çox güclü yumor hissinə malik, hazırcavab, savadlı, ağıllı və sayıq bir insan olduğu deyildiyi halda, bu cür şit tərifləri bəyənə biləcəyi inanılmaz görünür. Bəs onda bu difiramblar kimə lazım idi? Bəlkə həqiqətdən uzaq pafoslu izharlar yerli hökumət və ictimaiyyət nümayəndələri arasında yarınma həvəskarlarının könüllü özfəaliyyəti idi? Ya bu tələb Kremldəki savadsız ideoloqların “qamçı və şokolad” təlimi ilə rejimi qorumaq üsulu idi? Axır ki nə idisə, reallıq olduğu kimi görünməyib və ya göründüyü kimi olmayıb... Hər halda çox mürəkkəb dövrün bu gün üçün anlaşılmaz müəmmaları çoxdur.

Ancaq bütün hallarda dəqiq olan bir xüsusiyyət var: hər işin əndazəsi, ölçü-biçisi fərdlərin mental şüuruna bağlıdır. İstər yuxarıda, istər aşağıda. Xüsusən, yaradıcı adamlara hətta sifariş yuxarıdan gəlsə belə, ona yanaşma və icra tərzi hər kəsin mənliyinə, xislətinə, əqidəsinə bağlı olur... Fahişəlik kimi, ondan da betər satqınlıq, xəyanət, yaltaqlıq əməlinin dərəcəsi və forması fərdlərin özündən asılıdır, hər əməl sahibinin mentalitetinə, düşüncə tərzinə, həyata baxışına, şüur yetginliyinə bağlıdır...

Bu məntiqlə heç kim bu gün ağlının ucundan belə keçirməz ki, məsələn, kaş H.Cavid də “İblis” əvəzinə bir “Beriya” mədhiyyəsi yazaydı; M.Müşfiq “Oxu, tar” əvəzinə “Çal, balalayka” poeması qoşaydı; Ə.Cavad “Türkün bayrağına” yox, “Kommunizmin bayrağına” baxaydı... Və canlarını qurtarıb sağ-salamat qalaydılar... Kimsə bunu düşünməz, çünki bu bir əqidə məsələsidir. “Desəm öldürərlər, deməsəm ölləm” ruhudur!

Hər kəsi və hər şeyi yerbəyer edən Zaman bir daha göstərdi ki, Şər nə qədər qəhqəhə çəksə də, sonda təntənə Xeyrindir. Bəşəriyyətin inkişaf yolu İblisin qanlı-qadalı şər-böhtan yolu deyil. İnsanlığın tarixi dar ağacları, edam kötükləri, inkvizisiya tonqalları, repressiya maşınları, qaranlıq zindanları quranların tarixi deyil. İnsanlığın tarixi o dar ağaclarının altında, o kötüklərin üstündə, o tonqalların içində, o maşınların ağzında, o zindanların qaranlığında işıqlı həqiqəti ucadan deyə bilənlərin tarixidir. Bu tarixi şər-böhtanı, yalanı, saxtakarlığı ləyaqətinə sığışdırmayan qürurlu insanlar yaradır. Vicdanını satıb milli mənafeyi qurban verən aşağılıqlar yox, “qırx il boyunduruq altında yaşamaqdansa, bir gün azad yaşamağı” üstün tutan uca İnsanlar!

Nə xoşbəxt ki, o ucalar arasında Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad imzaları da var...

Gallery

# 24782 dəfə oxunub

Müəllifin son yazıları

# # #