Barmağına süd əmizdirən Arzu - Yeni uşaq şeirləri

Barmağına süd əmizdirən Arzu - Yeni uşaq şeirləri
12 may 2020
# 18:53

Kulis.az Allahşükür Ağanın uşaqlar üçün qələmə aldığı yeni şeirlərini təqdim edir.


Dəli külək

Yatmır balaca Çiçək,
Deyir nə deyir külək,
Qapımızı döyərək,
Külək kimi istəyir?

Anası dedi ona,
Yatmayan uşaqları
İstəyir dəli külək.
Bağçaları, bağları
Titrədir dəli külək.

- Anacan qov küləyi,
Gedib uzaqda qalsın.
- Sən yat ki, mənim balam,
Külək də gedib yatsın.


Ağ çiçəklər

Sahil durub gördü ki,
Ağaclar ağappaqdı.
İnanmadı gözünə
Dayanıb baxdı, baxdı.

Oyatdı uşaqları
Quşlar qaçdı səsindən.
Bağçalara, bağlara,
Qış gəlibdi təzədən.

Sahilin hay-küyünə,
Gəldi qardaş-bacılar.
Gördülər ki, qar deyil,
Çiçəkləyib ağaclar.

Arılar

Mən çiçəkdən qorxuram
Üstündə arı olur.
Çiçəklər ağ olsa da,
Arılar sarı olur

Çiçəkləri görəndə
Arılar acır yaman.
Çiçəyi ləçəyindən,
Arılar sancır yaman.

Anası dedi, qızım
Unut bu dərdi-səri.
Mən səni istəyirəm,
Arılar çiçəkləri.


Çeçələ barmaq

Arzu lap çox istəyir
Çeçələ barmağını.
Gecələr üstə salır,
Balaca yorğanını.

Deyir hələ körpədi,
Sinəsində gəzdirir
Alıb süd şüşəsini,
Ona süd əmizdirir.

Qoy barmağım böyüsün,
Olmasın qanı qara.
Tez bir zamanda çatsın,
O biri barmaqlara.

Sahilin adı

Sahil adını yazıb,
Bir vərəqdə gəzdirir.
Gah gizlədir cibində,
Gah səbətdə gəzdirir.

Bilmir harda saxlasın
Ad yazdığı kağızı.
Hey Sahillə açılır,
Nənəsinin ağızı.

Nənə deyir, adını
Çox gəzdirmə əlində.
Bax, sənin adın bitib,
Nənənin öz dilində.

Sahilin arzusu

Sahilin ağlamağı,
Yenə tutub səhərdən
O quşları çağırır,
Quşlar uçurlar gendən.

Ağacdakı almaya,
Düş yanıma gəl deyir.
Alma gəlmir yanına,
Sahil də kiriməyir.

O buludu çağırır,
Bulud dönür yağışa.
Suya dönən buludu
Sahil heç düşmür başa.


Çay düşüb

Çox qəribə uşaqdı
Bizim dəcəl Mirbəşir.
Harda sarı görürsə,
Deyir göydən ay düşüb.

Axşam yağış yağanda,
Yaman təşvişə düşüb.
Həyətdə sel axırmış
Deyir göydən çay düşüb.

Çiçəkli don

Çiçəyin ağ donunda,
Neçə çiçək şəkli var.
Ona görə üstünə,
Gəlib qonur arılar.

Arıdan qorxur yaman,
Rəngi-ruhu sozalıb.
Deyir arı qonandan,
Donda çiçək azalıb.


Su

Suyla dolu vedrəni,
Sahil yenə aşırdı.
Su da üzü dərəyə,
Baş götürüb qaçırdı.

Sahil düşdü dalınca
Çatammadı heç suya.
Dərədən çay axırdı,
Gedib qarışdı çaya.

Sahil çaya çatanda,
Su çoxdan çatmış idi.
Küsdüm, siz tərəflərə
Bir də gəlmərəm - dedi.

Əllərinin səsi çiçək kimi tökülürdü pəncərədən... - Allahşükür ...

# 3171 dəfə oxunub

Müəllifin son yazıları

# # #