Amma Anar bilməsin... – Gənc şairdən parodiyalar

Amma Anar bilməsin... – Gənc şairdən parodiyalar
17 yanvar 2020
# 18:03

Kulis.az Kazım Kazmocviçin tanınmış şairlərin məşhur şeirlərinə yazdığı parodiyaları təqdim edir.

Gənc şairlər üçün tarix dərsi

Vaxt var idi, əl təri yorulmaq simvoluydu:
vaxt var idi, yox idi fəhlənin durmağ haqqı.

Nəysə... ruhu şad olsun ümid və gümanların,
Heç çoxu yaşanmadı ötüb keçən anların,
Ey bizim əsrimizin müasir klonları,
filimdəki Jokerin qəmzələri necəydi?

Dalinin bığlarının vardı burulmağ haqqı?

Döşünə döymədilər qürrələnən çobanlar,
döydülər qaragözlü mallarının döşünə...
Sürtülməkdən yağ oldu Harrinin süpürgəsi
Gəncəvi Nizaminin darağının dişinə.

Səhranı anlamaqçün bax biçarə Məcnunun
yalın ayaqlarıyla möhtəşəm yerişinə.

Və bu boyda can atma çarpayıya, yatağa:
Şəhvət haqqı boydadı kürəyin cırmağ haqqı.

Göy üzü ərşə qalxan tələblərlə doludu.
Yer Aslana qurulmuş tələlərlə doludu:
Kür çayının sağ qolu Həmidin sol qoludu.
Vurur tibb bacıları Qanlıgölün qanını
Abşeronun lal olmuş Şah Dili damarına.

Bu dünyanın gərdişi İsrafilin suruyla
gör nə gözəl züy tutur Rəmişin gitarına.

Bəs şair Salam hanı... Sinəsinin dağında,
gün gələr enər ordan Sinəyaylağın tutar.
Gedişlərin mənası: bu sürüşkən ayaqlar
barmağın basdırmağa özgə başmağın tutar.

Və tutar dırnaq gözün tutulmuş başmağ haqqı.

O hansı böhtan idi – yeddi qapı arxada
bir elçini quyunun vedrəsində gözlədən?
O hansı nadan idi – natəmiz əlləriylə
xaliq saydığı bütü yaylıq atıb gizlədən?

O cütgözlü tanrının necoldu baxmağ haqqı?!

***

Sevmək - Sevdiyinçün darıxmaqdı da...
Darıxıb... O incə beli yığıram.
Qara qanlar keçir hey ürəyimdən,
Sinəmin üstünə zəli yığıram.
(Hərdən ayaqqabımın bağına düşüb,
səninçün ən gözəl gülü yığıram)

Nə keflənmək üçün, nə uymaq üçün,
Saqi, yüz araq süz, qoxumaq üçün,
Sənin ad günündə qab yumaq üçün,
Başıma tökdüyün külü yığıram.

Şəxsi saytını dağıdan xakkerəm,
Virus da düşdü mən düşən təsirə,
Səni axtarmağa feysə girrəm,
Başıma cürbəcür dəli yığıram.

***

Alın yazısında janr detektiv,
Kütləvi nəsrdi, oxumaq olmur.
Ən çox sevdiyin ətirləri də,
Özgə qadınlardan qoxumaq olmur.

Dayan! Bir status, bir şərh yaz mənə,
Hər gecə mesaj qutumda yatan qız.
Adamı dodaqlar ilə öpəllər,
Ay məni smayıllarla öpən qız.

Bu virus ömrə format vermək gərək...
Bizi eşq ötürər, "blok" qarşılar.
Bu da ki sonuncu kommentariyam:
"Mən sənsiz ölmədim, məni bağışla"

Gedək?

Gedək lağlağıdır mahal,
sarkazım olmayan yerə...
Nə Orxan Vəli, nə Camal,
nə Nazım olmayan yerə.

Qırılsın qızıl qəfəsim,
Gedək, hələ var həvəsim,
Bu şerim, sətrim, bu səsim,
Bu yazım olmayan yerə.

(Hər ili, hər ayı günah,
Hər günü, hər anı bir ah,
Bizi niyə qovdun Allah,
Bu lazım olmayan yerə?)

Adəm oğlu tap bir ara,
Nə vaxt çatsa növbə, sıra,
Kazımoviçi aparaq,
Bu Kazım olmayan yerə...

***

Milenaya məktub yazım Kafka da bilsin,
Orxan Pamuk romanından qoy Ka da bilsin,
Haqsız yerə güllələnən Lorka da bilsin.
Amma ANAR bilməsin, amma ANAR bilməsin...

İsa çarmıxda çəkdiyi ah xəbər tutsun,
Məryəm ana gah tutmasın gah xəbər tutsun,
Ata, oğul, ol müqəddəs ruh xəbər tutsun.
Amma ANAR bilməsin, amma ANAR bilməsin...

Nizami də öyrənsin xəbər-ətər bu işdən,
Fizuli mütləqdir ki, bilsin xəbər bu işdən,
Şekspir cənnətində yazsın əsər bu işdən.
Amma ANAR bilməsin, amma ANAR bilməəəəsin...

# 4508 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #