Hikmət Rəhimovun ifasında Eminqueyin şeiri - VİDEO

Hikmət Rəhimovun ifasında Eminqueyin şeiri - <span style="color:red;">VİDEO
18 iyul 2018
# 14:45

Kulis.az gənc şair Eminquey Akifin şeirini tanınmış aktyor Hikmət Rəhimovun ifasında təqdim edir.

Əllərinin qabarında taleyi çirkab adam

ey sən,

əllərinin qabarında taleyi çirkab adam,

bilirəm,

əllərin ciblərindəki qəpiklərlə kasıblığın tutur ritmini,

çıxırsan Tarqovıya,

o qoca Sveta məğrur yerişlərlə gəzdirir itini,

forsu yerə-göyə,

Fordu yollara sığmır,

tənhalıq da belədir,

qollara sığmır,

sığsaydı qucaqlaya bilərdik boşluğu.

lənətə gəlmiş pul,

şəhərin başdanxarab küləyi kimi hər budağından bir adam aparır,

qızın rütubətdən qaralan divar kağızlarını qoparır,

qadının yuma bilmir

"filankəsin əri bir ailəni də saxlaya bilmir" deyən ağızları.

açırsan televizoru,

" ölkəmizdə yeni həbsxanalar açılır" deyib gülümsünür xəbərçi qız,

gülürsən,

hə qadası,

"söz veriblər ki, hamıya iş də verəcəklər"

açılış sonrası.

indi bilirəm ki, qarışqa yuvaları

bir-birinə qarışmır,

insanlar torpaq uğrunda yarışmır,

ölüm uğrunda yarışır.

insanların pis vərdişləri olur,

məsələn, şokoladı yeyib qurtarırlar,

amma çay qurtarmır.

yəni, ömrün şirin anları tez,

acıları gec bitir...

bilirsən,

yer də qumar masasındakı dəyirmandı,

hamının ömrü bir dəfə də olsa "bankrot"a tuş olur,

atam deyirdi, bil ki,

hədiyyələr hamıya xoş olur,

əgər o qara "çamadan"dan çıxmırsa

yəni, hədiyyələr həmişə sevindirmir.

ey sən, əllərin qabarında taleyi çirkab adam,

bu həyatın dilini bilməlisən,

həyat həmişə insanı ana dilində dindirmir...

# 1743 dəfə oxunub

Müəllifin son yazıları

# # #