Yaşamaq istəyi – Hekayə

Yaşamaq istəyi – Hekayə
9 iyul 2022
# 13:20

Kulis.az Cavid Quliyevin “Yaşamaq istəyi” hekayəsini təqdim edir.

Yenə bu səssizlik içərisində qalmışam. Bir az əvvəl oxuyub bitirdiyim kitabı kənara qoydum. Özümə beş gün vaxt qoymuşdum. Bu beş gün ərzində bu kitabı oxuyub bitirməli idim. Təəssüf, beş gündə yox, altıncı günün səhərində kitabı bitirdim. Amma bu o qədər də ciddi problem deyildi. Əsas odur ki, kitabı bitirmişdim və onun haqqında bir az düşünməyə də vaxt ayıra bilərdim. Hər kitabı bitirəndə daxilimə qəribə bir qüssə dolurdu. Sövq-təbii uzun yolda mənə yoldaşlıq edən bir kəslə vidalaşırmış kimi hiss edirdim; qısa müddətdə tanımışdım, qısa müddətdə də sağollaşmışdım və bu qısa səyahət məndə elə təsiredici, bəzən hətta təsvirəgəlməz hisslər oyatmışdı ki, bu qeyri-müəyyənliyin özündən qopmaq istəmirdim, onu tam anlamağa çalışır, həmin təsvirəgəlməz hissləri mənə yaşadan yol yoldaşı ilə bir az da söhbətləşmək istəyirdim. Əlbəttə, bu hissləri bədii kitablarda yaşayırdım, elmi kitablar məni sentimentallıqdan daha çox, müdrik insan olmaq yolunda irəli çəkirdi, onun verdiyi həzz, sadəcə bilməyin həzzi idi və o daha çox seks həzzindən doymaq bilməyən insan kimi məni növbəti kitaba cəlb edirdi. Bədii ədəbiyyatda isə bir kitaba bağlanmaqdan irəli gələn duyğusallıq ön planda olurdu. Şərq mentalitetindən çıxış edərək desək, bədii kitab adamın arvadı, elmi kitab fahişəsi idi; lakin iş burasıdır, bəzən fahişəyə də bağlanan insanlar olur. Nəysə, kitabı bağlayıb kənara qoydum. Masanın arxasına keçib komputerdə bir az başımı qatdıqdan sonra axşam yeməyinin vaxtının gəldiyini hiss etdiyimdən mətbəxə gedib yeməyə bir şeyin olub-olmadığını soruşdum, bir az yemək yedim, sonra başımı qatmaq üçün yeni bir vasitəyə - televizora əl atdım, ən axırda bir az da kitab oxuduqdan sonra gedib yatdım.

Hər günüm demək olar belə keçirdi. Evdəkilərin üzərimdə olan təzyiqi bu yeknəsəqliyin fonunda günbəgün daha da artırdı. Atam tez-tez söz düşdükdə iş tapmağımı tələb edir, anam atamın yanında məni müəyyən qədər qorumağa çalışsa da, təklikdə atamdan bir o qədər də fərqlənmirdi. Atamın başqa cür düşünməməyi, daha doğrusu, düşünə bilməməyi məni hərdə elə heyrətə salırdı ki, bu təəccüb içərisində ona yaxınlaşıb, yaxasından tutub onu silkələmək istəyirdim, oyan deyirdim, oyan, bu dövr, bu dövrün tələbləri tamam başqadır, insana azad seçim haqqı verilməli, tolerant davranılmalı, ona yeni dövrün həyat şəraitinə uyğunlaşmaq, bu şəraitdə özünü tapması üçün bir az zaman verilməlidir, hər şey göydən düşmə olmur, insanların öz seçimləri, öz baxışları var. Bütün bunları etmək üçün ona bir az vaxt verilməlidir. Bəzən elə insanlar var ki, onlar həyatda qazanmaq istədiyi mövqeyə bir anın içində çata bilmirlər; bunun ya yaşadığı ölkədən, ya da seçdiyi istiqamətin çətinliklərindən irəli gələrək bir sıra səbəbləri ola bilər. Amma bu kişinin bütün bunlar bircə qram da vecinə deyildi. Adamın dünyası iş yerindəki adamlarla, hərdən bir getdiyi xeyir-şər məclislərində ətrafını bürüyən özü kimi həyata dar pəncərədən baxan insanların düşüncələrindən inşa edilmişdi. İlahi, adam nə qədər bütün bunlara dözə bilər?! İnsan bu qədərmi cahilliyin pəncəsində olduğunun fərqinə varmaz. Sokrat elə ona görə “bir şey bilirəm ki, heç nə bilmirəm” deyib də. Adam bilmədiyinin şüurunda olmaqla öyrənməyə can atır. Yəni deyir bilmirəm, amma bilmədiyimi bilmək öyrənməyimə şərait yaradır. İyirmi birinci əsrdə isə iki min beş yüz il əvvəlki insandan əqli baxımdan geri olan insanlar var. Deməli, qardaş, zaman deyildiyi kimi, elə də çox şeyi dəyişmir. Başının içi dəyişməyəndən sonra otuz birinci əsrdə yaşasan çi fayda?! Bir də gəl bütün bu mərəkənin ortasında gələcək planların haqqında düşün, ay-hay, bu məqamda qonşuluqda az qala Oktyabr İnqilabını görmüş İnqilab kişinin sözü yadıma düşür: “Tfu sənin hərçi pətərinə a dünya!”. Sözə baxa – hərçi pətərinə, mənasını bilməsəm də müdrikanə səslənir, əsl yaşlı adam sözüdür.

Magistraturanı yenicə bitirmişəm və öz sahəm üzrə elmi araşdırma etmək üçün xaricə getməyə qərarlaşdırmışam. Sahəm də tarix sahəsidir, Yaxın Şərq tarixini araşdırmaq istəyirəm. Əvvəl ərəb ölkələrinin birinə getmək istəyirdim, lakin sonra fikrimi Avropaya dəyişdim. Nə etmək olar, Avropa elə bir yer idi ki,ora gedib Yaxın Şərq, Uzaq Şərq, Cənub, Şimal – hər yerin tarixini də, adət-ənənəsini də, sosiologiyasını da araşdırmaq olardı. Belə məqamda zavodda işləyən atam da hər gün gəlib, yeni iş tap, yaşın ötür, axır-əvvəl işləməlisən, magistraturanı da bitirdin bir zibilə yaramadın deyib, baş-beynimi aparırdı. İyirmi dörd yaş, düzdür, az yaş deyil. Amma qardaş, mən indi ingilis dili ilə məşğul oluram, xaricdə təqaüd proqramı tapmışam, ona hazırlaşıram, nə edim ki, bu yola həvəs salmışam. Bu axı restoran şəbəkəsində işləmək deyil ki, səhər evdən çıxım, axşam cibimdə pulla qayıdım. Hər bir insanın öz dünyasında öz xəyalları olur, bəziləri o xəyalları məqsədə çevirmək uğrunda cidd-cəhdlə çalışır. Mən də özüm üçün bu elm yolunu məqsəd olaraq seçmişəm və bir az məşəqqətlidir, xərc və zaman tələb edir. Atamın da bu tipli bir “məqsəd”lə əməlli-başlı arası yoxdur. Evin tək uşağını bunun üçün yetişdirməyib. Amma mən də öz bildiyimi atama verən deyiləm. Bu hədəfi özüm üçün müəyyənləşdirmişəmsə, axıra qədər getməliyəm, başqa yol yoxdur.

Dünən çöldən gələndə evdə olduğunu gördüm, nahar üçün gəlmişdi. Məni görən kimi üzündəki təhər dəyişib, yenə zəhrimara döndü:

– Hardaydın?

Ötəri cavab verib, oradan tələsik uzaqlaşmağa çalışdım.

– Heç, çöldə, uşaqlarla çay içirdik.

Onsuz da başqa işin yoxdu sənin. Ancaq uşaqlarla çay iç. – tənə ilə üzümə baxıb dedi. – Çay içməyə nə qədər verirlər? Heç olmasa, beş yüz-altı yüzdən-filan bir şey gəlir?

Heç nə demədən otağıma keçdim. Stolun üzərində keçən həftədən qalan bir kitab var idi, arasındakı əlfəcin gözüm sataşdı. Kitabı bitirməmişdim, yoxsa arasında əlfəcin olmazdı. Kitaba diqqətlə baxanda Çexovun hekayələri olduğunu gördüm, aralayıb baxdım; “6 nömrəli palata”nın hansısa səhifəsində qalmışdım. Belə bir hekayəni nəyə görə yarımçıq qoyduğumu da başa düşə bilmədim. Bədii ədəbiyyatı əsəblərimi korlayan, adamın həyat eşqini ölgünləşdirib, məqsədə doğru gedən yolda qarşıya çıxan dərin çalalardan birinə düşürmüş kimi atamın tamamilə mənə mənasız gələn söz yığınlarından qaçmaq, özü bir şey olmayıb ürəyi bulandıran milçək vızıltısına bənzər, öz aləmində bəşəri əhəmiyyətə malik nəsihətlərindən uzaqlaşmaq üçün oxuyurdum. Əlbəttə, işin ədəbi-bədii zövq məsələsində öz yerində qalırdı. Hətta hərdən oxuduğum əsərlərin bədii ruhundan təsirlənərək mən də bir şey yazmaq istəmişdim. Öz-özümə bəlkə həyatımı iflic etməyə çalışan ətrafımdakı adamları gələcək əsərimdə yazıb ifşa edim deyə fikirləşirdim. Amma nəyə lazım idi, həyatımın indiyə qədərki dövrünü bütün bu mənfur xislətli adamlardan uzaqlaşmaq üçün xərcləmişdim, yerdə qalan digər illəri də bu adamları ədəbi auditoriyaya qazandırmağa sərf edəcək qədər axmaq deyildim. Onsuz da həyatın inkişaf tempinə uyğunlaşmayan adamlar suda ölən balıq kimi üzə çıxırdılar, bir də onları ədəbiyyat dünyasında, vərəqlər üzərində yenidən kəşf etməyə ehtiyac yox idi. Həyatın real üzü ilə qarşılaşmış bəzi insanlar üçün ədəbiyyat sadəcə bir sıra həqiqətlərin verdiyi iztirablardan qaçma vasitəsidir. Hətta tam realist əsərlərə də bəzilərinin düşüncəsində həqiqətlə əlaqəsi olmayan nəsnələr kimi münasibət göstərilirdi. Sanki belə şeylər həyatda heç vaxt baş verə bilməzdi, çünki bütün bunlar sadəcə kimlərinsə təxəyyül dünyasının, utopiyasının məhsulu idi.

...Bu gün ingilis dili ilə bağlı gündəlik hazırlıqlarımı bitirmişdim. Hazırlıq xərcimi anam qarşılayırdı. Atam əsəblərinin zirvəyə qalxdığı zamanlarda onu dəstəkləsə də, o, ümidini məndən kəsməyən yeganə insan idi. . Ya da böyük ehtimal, o da mənim məqsədlərimlə bağlı heç nə başa düşmürdü, sadəcə övladını təmənnasız sevən ananın özünü büruzə vermə forması bu idi.

Təbiət etibarilə təkliklə barışmış bir şəxs olsam da, ümumi insan təbiəti mənim də hərdənbir cəmiyyət arasına qarışmaq ehtiyacımı meydana gətirirdi. Biraz çıxıb gəzişmək, dost-aşnayla (varsa sevgili ilə) görüşmək lazım idi. Həyatım çöldəki yeknəsəqlikdən qaçmaq və evdə adamı sıxan qırğın-qiyamətdən uzaqlaşmaq istəyi arasında mübarizə meydanına çevrilmişdi. Bu dəfə atamın evdə olmasının mənə verdiyi stimul ikincinin qalib gəlməsinə səbəb oldu. Telefonu götürüb Mahirə yığdım.

– Alo

– Alo, necəsən, hardasan?

– Heç, evdə, sən? – Yuxudan təzə durmuş adamlara məxsus ağır səs tonu ilə soruşdu.

– Dur gəl, bazarın yanındakı çayxanaya, oturaq bir az çay içək.

– Nə əcəb səndən? – yuxudan yavaş-yavaş ayılırmış kimi maraqlandı.

– Nə bilim, nəysə də, dur gəl, mən də çıxıram indi, on dəqiqəyə orda olaram.

Evdən necə çıxdığımı bilmədim. Məni çağıran da olmadı. Onsuz da axır vaxtlar evdən çıxanda məni səsləyən, haraya getdiyimi soruşan olmurdu. Bu da evdəkilərin mənə olan etibarlılıq dərəcəsinin göstəricisinə çevrilmişdi. Üzülən ümidlər bu cür xırda nişanələrlə özünü göstərirdi.

Yola çıxıb gecikmədən dayanacağa getdim. İyul ayının dözülməz istisində avtobusu gözləməyə başladım. Başımı döyəcləyən isti günəş şüalarının təsirilə alnımda əmələ gələn puçur-puçur tər getdikcə məni hövsələdən çıxarırdı. Çox keçməmiş avtobus özünü çatdırdı. Avtobusa minib kondisionerli salona daxil olduqda özümü yenidən evdən çıxırmış kimi hiss etdim – həm rahat, həm narahat. Arxaya keçib əyləşmək istəyəndə qarşımdakı oturacaqların birində ömrümdə avtobusda görəcəyimi təsəvvürümə belə gətirə bilməyəcəyim bir adamı gördüm. “Hərçi-pətərinə” ayaması ilə yadımda qalan İnqilab kişi sol tərəfdə pəncərənin yanında əyləşib çölə baxa-baxa gedirdi. Ona tərəf yaxınlaşmaqda olan adamları hiss edən sərnişinlərin avtomatik reaksiyası onda da var imiş, başını çevirib üzümə baxdı. Məni görəndə qaşları yuxarı qalxacaq şəkildə, üzünə qəribə bir təbəssüm qondurdu, salamlaşdıq.

–Ooo, qonşi səndən nə əcəb? – Yaşının çoxluğuna baxmayaraq, nəvəsi yaşında olan gənclərlə də yaşıdları kimi danışmağı sevirdi.

– Heç, dedim bir az çıxım çölə-bayıra, havam dəyişsin.

– Alə, havavı dəyişirsən lap yaxşı, hərdənbir evdəki şuluğun da (atamı nəzərdə tuturdu) havasını da dəyiş də. – hiyləgər nəzərlərlə gözümün düz içinə baxaraq dedi. – Sənin əlindən özünü asıcey axırda, elə ev-iş, iş-ev başı xərəb olub, çölə-bayıra da çıxmır.

“Sənin əlindən özünü asıcey” cümləsini özünəməxsus gülüş tərzi ilə dedi. Yəni zarafat edirəma, xətrinə dəyməsin, qonşuyuq da. Amma sonra sanki “lazımi sözü də zarafatla yeridərlər” baxışını da sezdim. Gülümsəməkdən başqa çarəm yox idi. Ümumiyyətlə, hazırcavablığı heç vaxt bacara bilmirdim. Kimsə qəfil iynəliyici, ya həqiqətən düşündürücü bir replika ilə danışanda ilk anda hiyləgər nəzərlərlə gülümsəməyə çalışmaqdan, qısa, şablon ifadələrlə cavab verməkdən başqa əl atmağa bir variant tapa bilmirdim. Bu qədər kitab da oxuyurdum, söz ehtiyatım da öz yerində. Niyə belə anlarda axırıncı dəfə kitabı əlifba bayramında belə açmağa ərinən adamların qabağında ağzıma su alırdım, özüm də başa düşə bilmirdim. Bəlkə də cəmiyyətin psixologiyasında irəli gələrək uşaqlıqdan üzərimdə olan ailə və yaşca böyük insanların təzyiqi məni bu cür formalaşdırmışdı. Amma hər halda, başqa cür də ola bilərdi.

Düşəcəyim dayanacaqdan əvvəl düşən bu laqeyd qoca qapıya doğru getməzdən əvvəl üzümə ötkəm bir nəzər salıb sürətlə bu sözləri dedi:

– Salamat qal, kişidən muğayet ol, denən ona hərdənbir məhləyə çıxsın, özün də o yazı-pozudan əl çək, işdən-zaddan tap. Elə şeylərdən xeyir çıxmaz. Kişinin də evdə oturmağının vaxtı çoxdan gəlib.

Bayaqkı gülümsəməylə birlikdə, başımla saxta təsdiq cavabı verməyə belə macal vermədi. Tez geriyə çevrilib avtobusdan düşdü.

...On dəqiqədən sonra çayxanada idim. Beş dəqiqə də keçdikdən sonra Mahir çayxanaya daxil olub, gəlib qarşımda əyləşdi.

Bir az bayağı söhbətlərdən, ikinci çaynikin sifarişindən sonra sanki içimdə yığılıb qalan bütün etiraz yanğısını püskürmək istəyirdim.

Mahir məni başa düşən, ya da başa düşməyə çalışan, tək-tük adamlardan biri, bəlkə də elə birincisi idi. Əslində o da anam kimi çox vaxt mənimlə razılaşırdı. Sadəcə sanki onun mənə görə yox, məhz məqsədlərimə hörmətlə yanaşması, sırf mənə yox, həyata baxışıma doğru sərgilədiyi ciddi mövqeyi məni hər dəfəsində həm sevincə, həm təəccübə boğurdu. Xaricə getmək, təhsilimi davam etdirmək, ölkəyə qayıtmamaq, müstəqil həyata qədəm qoymaq və s. onun bunların kimin etmək istəməsindən asılı olmayaraq onun üçün hörmət ediləsi, ciddi məsələlər idi.

– Nə əcəb səndən, bayaq telefonda da bir şey demədin? – yeni müzakirə mövzusu açmaq məqsədi ilə bir az əvvəl yuxulu başla soruşduğu sualı yenidən verdi.

– Heç, evdə sıxıldım, həm də kişi evə gəlmişdi, öz ampluasındaydı yenə. Hər şeydən bezmişəm. Çıxıb getmək istəyirəm.

– Qəbul tarixi nə vaxtdan başlayır? – Mahir həmişəki sualedici nəzərlərlə üzümə baxıb soruşdu.

– Əşşi, nə bilim e, – etinasız şəkildə cavab verdim, - inanırsan, hərdən özüm də bilmirəm nə edirəm, nə üçün bu qədər həngaməyə səbəb oluram. Hərdənbir fikirləşirəm, elə gedib bir dənə normal yerdə işə düzəlib, azdan-çoxdan bir şey qazanıb gətirib verərdim evə, həm özüm rahat olardım, həm də evdəkilər. İndi də məni evləndirmək hayına düşürlər. Daha doğrusu, anam o haydadı. Atamdan ümumiyyətlə, söz soruşmalı deyil. Gözünə görsənmək belə istəmirəm.

Mahir danışdıqlarıma qulaq asa-asa gözlərində elə bir ifadə yaranmışdı ki, sanki dediklərimi vecinə almır, beynində düzüb-quraşdırdığı sualını ünvanlamaq üçün səbirlə növbəsini gözləyirdi. Danışığıma fasilə verən kimi yenə sualını verdi, ümumiyyətlə, bu uşağın daim sual ünvanlamaqdan xoşu gəlirdi. Elə bil, dünyagörüşünü artırmaq, fövqəladə dərəcədə maraqlı bir məlumat öyrənmək istəyirdi.

– Qulaq as e, - yeni bir kəşf haqqında xəbər verirmiş kimi gözlərini qıydı, - bəlkə, deyirəm, gedib ən azı xırda bir iş də olsa, işləyəsən; ən azından evdəki narazılıq aradan gedənə qədər. Onsuz da çıxıb gedəcəksən, heç olmasa, evdəkilərdən xoşluqla ayrıl. Bələ də ki, qayıdıb gələcəksən də, bir dəfəlik getmirsəna.

– Yoxe Mahir, getsəm, elə deyəsən. bir dəfəlik gedəcəm. Gəlməyinə arada gəlib dəyəcəm evə, əlbəttə. Amma bura daimi yaşanılası yer deyil, ən azı, mənim kimi, elmi tədqiqat sahəsi-filan seçmiş adamlar üçün bura ümidsizlər ölkəsi kimi bir yerdir. İşləmək məsələsinə də qalanda, artıq bir neçə ay qalıb, gedib uzunmüddətli bir işə girəsi deyiləm, digər ofisiant, mühafizəçi kimi gündəlik işlər də mənlik deyile.

Bu məqamda cibimdə titrəyişə qoyduğum telefonun tərpənişi bir anlıq məni diksindirsə də özümə gəldim və Mahirə qulaq asa-asa telefonu cibimdən çıxarıb baxanda atamın zəng etdiyini gördüm. Yox, evdən elə bütün bu bezikdirici, usandırıcı danışaqlardan ötrü çıxmışdım, bir də telefondan ağızdolusu məzəmmət eşidəcək vəziyyətdə deyildim. Telefonu qapamaq istəmirdim, onsuz da evdə atamın aparıcılığı ilə başlayacaq konsertin proqramını bir az da genişləndirmiş olacaqdım. Bu səbəblə sadəcə məni narahat etməməsi üçün titrəyiş rejimini tam səssizə aldım.

Çayxanada əyləşdiyimiz masadan beş-altı metr aralıda domino üstündə bir-birinin boğazını üzməyə hazır olan yaşlı kişilərin səsi bütün salonu titrədirdi. İçərini bürüyən siqaretlə, ağızlardan çıxan qəlyan tüstüsü bir-birinə qarışaraq, sahəsi maksimum 40-50 kvadrat metr olan çayxananın onsuz da ürəyi sıxan havasını daha da boğanaqlaşdırırdı. Telefonu cibimdən çıxarıb masanın üstündə kənara qoymuşdum. Səssizə qoyduğumdan zəngin gəlməsi ilə ekran işıqlandı və yenidən baxışlarımı özünə çəkdi. Mahir sözünü kəsib:

– Götür cavab ver də! Təmiz cızığından çıxmısane sən də. – Təəccüb qarışıq məzəmmətedici baxışlarla dilləndi.

– İstəmirəm, evə çağıracaq, gedən də deyiləm, sonra bunun axşamı var.

– Belə də guya götürməyəndə nə olacaq? Axşam evə getməyəcəksən?

– Nə bilim, ay Mahir, baş-beynim xarab olub. Mən dədəmdən qaçıram, sən də elə tutdurmusan cavab ver. Elə danışası olsam, çıxıb bura gəlməzdim.

Mahir bu dəfə heç nə demədi, bir anlıq səssizcə üzümə baxdıqdan sonra nəzərlərini üzərimdən çəkib başımın üzərindən çayxananın salonuna yönəltdi. Bir anlıq nə oldusa, telefonu söndürmək fikrinə düşdüm. Halbuki bir az əvvəl telefonu atamın qulağına qapamaq belə istəmirdim ki, axşam yenə başımda turp əkəcək. Çox fikirləşməyərək telefonu söndürüb cibimə qoydum.

Mahir hələ də gözünü qapıdan çəkmirdi və bir andan sonra gözləri yavaş-yavaş hərəkətə gəldi, arxamda baş verənləri görməsəm də, bir nəfərin masamıza doğru yaxınlaşdığını başa düşmüşdüm. Geriyə çevriləndə Asifin bizə doğru yaxınlaşdığını gördüm. Məktəbdə 11 il parta yoldaşım olmuşdu. Amma həmişə ən arxa sırada əyləşən Mahirlə dostluğum daha səmimi köklərə əsaslanırdı, nəinki Asiflə. Atası polis polkovniki idi, hətta deyilənə görə bu yaxınlarda general rütbəsi də vermişdilər. Atası harasa düzəltmişdi bunu, işləyirdi, özü üçün başını qatırdı. Bu uşaqla həyata baxışlarımız fərqli idi, eyni dünyada yaşasaq da gözlərimiz fərqli baxırdı. Və ən xoşlamadığım insan tipi də Asif kimi yalnız öz həyat pəncərəsinin ən düzgün mövqedə dayandığını hesab edən insanlar idi. Ona görə insan həyatı yalnız Asifin yaşamaq istədiyi, Asifin fəxrlə barəsində danışdığı həyat ola bilərdi. İnsan gərək gələcək planlarını da onun görmək istədiyi şəkildə qura biləydi. Bütün bunlara görə arada bir rastlaşsaq, Mahirin və digər dostların vasitəsilə bir stol arxasında otursaq da, bu adamdan daim uzaq qalmağa çalışırdım. Belə insanlar adamın daxilində olub-qalan minimum stimulu da məhv edə bilərdi. Ona görə belələrindən uzaq qalmaq ən yaxşı seçimdir.

Çayxananın boğuq havası onsuz da buradan çıxıb təmiz havada gəzməklə bağlı fikirlərimi formalaşdırmaqda ikən Asifin də məclisə təşrif buyurmağı fikrimdə məni daha da qətiyyətli hala gətirdi. Boğanaq hava, boğucu adam - ikisinə bir yerdə tab gətirə bilməzdim. Son vaxtlar atamla olan qarşıdurmalardan doğan dözülməz iztirablar sanki bədənimlə birlikdə bütün ruhuma, varlığıma əzab verirdi.

Asif gəlib çıxana qədər Mahirə tez və aşağı səs tonuyla çölə çıxmaq istədiyimi dedim (Mahir Asifə qarşı olan münasibətimdən xəbərdar idi). Biz ayağa qalxana kimi Asif özünü yetirdi.

– Salam, necəsiz? – salamlaşdıq. – Hara belə, mən gələn kimi durursuz? – Təəccüb qarışıq narazılıqla dilləndi.

Asif sual verərkən mənim üzümə baxsa da, suala mənim yerimə Mahir cavab verdi:

– Dedik, çıxıb hava alaq, - əli ilə salonu göstərib, boğanaq havaya işarə etdi, - adamın ürəyi sıxılır burda. Sən nə yaxşı belə?

– Heç, elə mən də düşdüm aşağı, bu gün ev günümdür, bezdime evdə. Dedim, görüm, kim var, kim yox.

Gözüm Mahirdə idi. Onun bu adamdan tez xilas olmasını səbirsizliklə gözləyirdim. Gərək başqa bir şey uydurub, evə-filan gedəcəyimizi deyib rədd eliyərdi başımızdan. Lakin elə olduqda da sırtıq kimi bizi burada qalıb bir az söhbətləşmək üçün məcbur edəcəkdi.

Mahir gözünü Asifdən çəkməyərək məcburiyyət qarşısında qalıb:

– İstəyirsənsə, sən də gəl bizimlə, bəlkə gedib açıq havada oturub çay-zad içdik, – deyə təklif etdi.

Heç bir müdaxilə etməsəm də, artıq günün qalan hissəsinin də bərbad keçəcəyini düşüncəmdə proqnoz etmişdim. Ovqatım tamam təlx olmuşdu. Üzümə kefimin pozulmasından verdiyim əcayib görünüşə baxmayaraq, tez bu havası zəhər tamı verən məkandan uzaqlaşmaq istəyirdim.

Bəlkə çıxaq artıq, bir az da burda qalsaq, yəqinki tüstüdən zəhərlənəcəyik.

– Nə olub, qorxma ölməzsən! – Asif istehzalı gülümsəməsi ilə üzümüzə baxaraq dilləndi.

Bütün günümü çayxanaya getmədiyim üçün belə ağır havası olan yerlərə öyrəşməmişəm, ondadır yəqin. – Mahir bütün gün bu tərəflərdə avaralanan Asifə söz vurduğumu başa düşüb mənə nəzər yetirdi.

– Eşidən də bütün günü nə isə mühüm bir işlə məşğulsan deyər. – Hırıldayaraq cavab verən Asif Mahirə baxıb “cavabı belə verərlər” düşüncəsi ilə özü ilə fəxr edirmiş kimi sinəsini azca qabağa verdi. Üzümü turşudaraq heç bir cavab vermədim. Amma bunu elə etdim ki, özü də görmədi. Birlikdə çölə çıxdıq.

Çöldəki bürkü hava bir az öləzimiş, hərdənbir əsən sərin mehin miqdarı artmış və getdikcə artmaqda idi.

Asif bir az əvvəlki qalibiyyətindən ürəklənib, yeni mübarizəyə başlamaq arzusu ilə çölə çıxdıqda:

– Hə, danış görək e, nə edirsən, nə var, nə yox? – deyə cavabını bildiyi sualları mənə yönəltməyə başladı.

Onu yola verməyə çalışırdım.

– Heç, yaxşılıqdı. Sən necəsən?

Sualıma cavab vermədi.

– İşləyirsən, ya evdəsən yenə? – yüngül kinayəli səs tonu ilə soruşdu.

– Yox, evdəyəm – qısaca cavab verdim.

Üçümüz də yanaşı addımlayırdıq. Yol boyu getdikcə düşüncələrim evə getməklə burada qalmaq arasında gedib-gəlirdi. Bu adamla danışmaq, qısa da olsa, bir dialoqa daxil olmaq istəmirdim, lakin evə getmək də istəmirdim, bir az əvvəl zəng eləmişdilər, telefonu götürmədiyim azmış kimi, tamam söndürmüşdü.

– Ə, yenə evdəsən sən? Bəs deyil indiyə qədər bekar qaldığın? Niyə bir işdən-filan tapıb işləmirsən? Oxudun qurtardın nə oldu? Gördün ki, hamısı boş şeydi. O vaxt mən hələ sizə deyəndə bu qulaqdan alıb, o qulaqdan verirdiniz. İndi reallığı özün də görürsən.

Yenə öz ampluasında idi. Amma bu dəfə çox dözmək istəmirdim. İş burasında idi ki, həmişə bu cür müzakirələr başlayanda oturub cidd-cəhdlə bu və bunun kimi bir çox adamlara nəyi isə səbirlə başa salmağa çalışırdım. Bunun hərdən niyə etdiyimi də oturub fikirləşirdim, onsuz da bu cür adamların düşüncələrinə müdaxilə etmək mənasız cəhd idi və bunu etmək də hər hansı bir məqsəd güdmək də içi boş, faydasız fəaliyyət idi. Kimə, nəyi sübut etməyə çalışırdım? İstənilən insan, istənilən məfhuma inana bilərdi. İnandığın şeyin arxasınca getmək olduğu yerdə, bu inancın ətrafına yeni müridlər toplamağa nə ehtiyac var idi? Nəticə etibarilə, mən inandığım hər şeyi özüm üçün edirdim, kimlərinsə özüm üçün ideallaşdırdığım və ya az da olsa digər həyatlar içində daha yuxarı pilləyə yerləşdirdiyim həyatı yaşamasının mənim üçün heç bir mənası ola bilməzdi. Xüsusilə bunun kimi axmaqlar üçün dəyməzdi. Həyatda puldan, insan cəmiyyətinin içində yaşadığı süni sistemlər içərisində əslində real həyatla, azad təbiətlə heç bir əlaqəsi olmayan mövqe, saxta reputasiya müharibəsinin bir parçasına çevrilməyi özü üçün amal, məqsəd halına çevirmiş insanlarla mübarizə aparmaq ən azı mənim hədəflərimə daxil deyildi; məqsədlərim arasında bəşəri problemlərlə mübarizə apardığı iddiası ilə Nobel Sülh mükafatı alan insanlardan olmaq yox idi. İnsanların özü kimi olmayanlarla birlikdə yaşamaq zərurətinə məhkum olması həyatın qəbul etmədiyim tərəflərindən olsa da, bununla razılaşmaq məcburiyyətində idim. Məlum məsələ - bu, sadəcə bir məhkumluq idi.

– İnsan gərək bəzən reallıqla barışmağı bacarsın. – Asif uzun həyat təcrübəsinə sahib müdrik görünüşlü insanlara xas səs tonu ilə, yavaş-yavaş danışaraq sözünə davam etdi.

Heç nə demədim. Düz boşluğa baxıb, sadəcə xəfif gülümsədim. Bu, düşündüklərimi dilə gətirmədəki çarəsizliyimin, yoxsa qarşımdakı insanın mahiyyətini təpədən dırnağacan bilməyin simamda əks olunan müdrikcəsinə nümayişi idi – bilmədim.

– Mən getdim, sonra görüşərik – Mahirə tərəf baxıb, dedim.

– Hara belə? Nə oldu, bəs çölə niyə çıxdıq? – Mahir gözlərini təəccüblə bərəldib, cavab gözləyirdi. Asif əvvəl mənə baxsa da, sualdan sonra dönüb maraqla Mahirin üzünə baxdı. Sanki qəfil çıxıb gedən mən yox,o idi.

– Sonra danışarıq. – Bircə dəqiqə belə orada qalmaq istəmirdim, uzaqlaşmaq, çıxıb getmək, darısqal bir otaqdan xilas olmağa çalışan bir adam kimi çıxış üçün yer axtarırdım. Hara gedə bilərdim? Ev fikrini ağlımdan çıxarmağa çalışırdım. Çöldə etməyə də bir şey yox idi. Birdən telefonum yadımda düşdü; bir az əvvəl söndürmüşdüm. Cibimdən telefonu çıxarıb yandırdım, səssiz rejimdən çıxarıb yenidən cibimə qoydum. Yavaş-yavaş dayanacağa doğru addımlamağa başladım, özüm də istəmədən ayaqlarım məni evə aparırdı. Dayanacağa iyirmi metr qalmış birdən fikrimi dəyişdim, piyada gedəcəkdim, həm də bir az havamı dəyişərdim, bir az da evə gec çatmağım yaxşı olardı. Evdən uzaq qalmaq yaxşı idi, həm də bəlkə ona kimi atamın da biri işi-filan çıxardı, harasa getsəydi, başım dincələrdi. Keçib otağıma kitablarımla məşğul olardım. Bayaq evdə olanda yarımçıq qalmış Çexovun hekayələr kitabı yadıma düşdü. Bəli, gedib onu bitirməliydim.

Telefonumun zəngi qəfil çaldı. Ekrana baxdım; Mahir idi. Yəqin Asifi birtəhər yola salıb, məni çağırmaq istəyirdi. Amma bundan sonra getməyə heç halım yox idi, telefona cavab verdim.

– Alə, hardasan? – Təşvişlə, az qala qışqıraraq soruşdu. Nəfəsinin daraldığını hiss etdim.

– Bayaqdan səni axtarıram, arxanca gəldim dayanacağa, yox idin.

– Nə olub, piyada gedirəm evə.

– Alə, qaç evə tez, dədəvin halı pisləşib aparıblar xəstəxanaya. Əlli dəfə zəng ediblər, götürməmisən, dedim sənə açıq qoy da o zibili.

.... Atam həmin günün axşamı keçindi. Keçirdiyi ikinci infarkt sonu oldu. Anam dəfələrlə kömək üçün mənə zəng etsə də götürməmişdim. Təcili yardıma düşə bilməmişdilər. Sonra qonşuların köməyilə xəstəxanaya çatdırmışdılar.

... Evdə idim. Otağımdakı çarpayıda uzanmışdım, atamın dəfnindən 8 gün keçmişdi. Açıq pəncərədən içəri dolan xəfif yelin hərəkətə gətirdiyi pərdənin yanında, çarpayıda uzanıb gözlərimi yummuşdum; yatmırdım, nə isə haqqında düşünməyə çalışırdımsa da, düşünə bilmirdim. Beynimin funksiyalarını sanki nə isə dondurmuşdu, onu işə salmaq lazım idi. Başımı yana çevirdim. Çarpayının yanındakı stolun üzərində mavi haşiyəli kitab gözümə sataşdı. Ayağa qalxıb kitabı götürdüm. Çexovun hekayələr kitabı idi, o dəfə də oxuya bilməmişdim. “6 nömrəli palata”nı bitirmək üçün qaldığım yerdən oxumağa başladım. Hekayədəki baş həkim tez-tez 6 nömrəli palataya gəlib-gedirdi. Hekayənin əvvəli yadımdan çıxmışdı. Səhifələri geri çevirib yenidən başladım.

# 3417 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #