Necə zombiyə çevrildim

Necə zombiyə çevrildim
28 sentyabr 2016
# 12:13

Bəsti İsrafilova

Bəzən musiqi danışır... Bəzən o, elə sözlər danışır ki, onu ağlına gətirməkdən belə qorxursan... Bəzən sətirlər gizlədir. Elə dərində, elə qaranlıqda ki, onları səndən başqa heç kim anlaya bilmir. Bəzən sən susursan və musiqinin danışdığını sətirlərdə gizlədib özünü axtarırsan. Bəzən isə sən özünü axtaran zaman başqa insanlar səni tapır. Bu sətirlər isə böyük kütlə üçün deyil. Bunu yalnız mənim həyatıma bənzəyən həyatları olan insanlar anlayar. Bunu yalnız məni yarı sözdən anlayanlar anlayacaq. Amma cəmiyyət də anlayacaq ki, dünyada onun anlamadığı insanlar var. Bu, mənim dünyamdı, dünyama xoş gəldiniz.

Bəzən hardansa başlamaq lazımdır...

Məsələn heç gözləmədiyin zaman baş verənlərdən, yaşananlardan.

Əslində insanın ən böyük düşməni hissləridir. Məhz bu səbəbdən insanlar çox zaman, çətinə düşməkdən, daha doğrusu, sevməkdən qorxurlar. Elə bu səbəbdəndir insanlar kimi sevgilər də müxtəlif olur. Bəziləri dostlarını, bəziləri qohumlarını, bəziləri heç bilmədikləri, tanımaqdıqları birini sevər.

Bəli. Heç bilmədikləri birini sevər bəziləri.

Ətrafından birini sevmək bir başqa, uzaq lap uzaq , heç əlinin çatmayacağı qədər uzaq birini sevmək isə tamamən başqa olur.

Bəzən birisini yoxluğu ilə sevərsən. Heç olmayacağı, heç gəlməyəcəyi halda həm də çox sevərsən...

Belə bir mahnı var, Sezen Aksu oxuyur:

Ben seni deyil,

Seni sevmeyi sevdim.

Eşq qəribə hissdir, dinlədiyin hər mahnıda, gördüyün ən gözəl mənzərədə onu görürsən. Kimsəni görməyəcək qədər gözün kor, kimsəni duymayacaq qədər qulağın kar, dilin isə ondan başqa hər kəsə lal olur.

Səsini minlərlə səsin içindən seçəcək qədər çox sevərsən.

Bəzən yaxın ətrafın səni anlamaz, ya da sən anlata bilmərsən, hansı durumda olduğunu.

Bir zamanlar qarşımda məqsədim vardı, planlarım vardı. Qanadımı hiss edirdim balaca çıxırdı sanki, uçmağa tələsirdim... Çox uzaqlara uçacaqdım...

Məni uzaqlara uçuran sevgim.

Heç təəssüflənmirəm.

Bilirsiz nəyə görə?

O sevginin sayəsində qazanılan uğurlar da var. Və birdə O, var.

O, bir məşhurdur. Çoxları platonik sevgi dedi. Bəziləri anladı, bəziləri anlamadı, ya da anlamaq istəmədilər. Gülənlər də çox oldu.

Hisslər hələ illər öncə başlamışdı. Qəribə hisslər idi. Sanki asılılıq kimi.

Bəs kimdən?

Heç bilmədiyim birindənmi asılı idim? Bəs sevgi?

Axı niyə güləsiz ki, mənə?!

Hər birimiz önümüzə məqsəd qoyduğumuz zaman çətinliklə olsa belə ona çatırıq.

Və uzun illərdən sonra onun çalışdığı şirkətə təsadüf nəticəsində təcrübə keçməyə göndərildim. Onunla isə ilk dəfə dar dəhlizdə qarşılaşdım. O, ötüb keçdi, mən isə donub yerimdə qaldım. Bir-iki addım atdım , ayaqlarım sanki daşlaşdı, yerimdən tərpənə bilmədim. Ardınca ətrafda olan hər şey fırlanmağa başladı, gözüm qapandı. Fikirlər, düşüncələr, illərlə içimdə bəslədiyim sevgi gözümün önündən keçdi. Qəribə bir hiss bürüdü bədənimi. Sanki üzümdə kiçik təbəssüm çiçək açdı.

Daha sonralar bir neçə dəfə qarşılaşdıq. Amma cəsarət edib heç birində üzünə baxmadım.

Əslində heç nə, heç də göründüyü kimi deyildi. Mən artıq “hə”si verilmiş bir qız, o isə nişanlı, gənc və məşhur aparıcı idi.

Mənim dünyam bu dünyaya uyğun deyildi . Xəyal dünyasından çıxıb gərçəklərlə qarşılaşanda insan qəribə olur. Cəmiyyətdən, siyasətdən kənar , dindən kənar. Hər şeydən kənar deyə bilərsiz mənə .

İndi özümə baxıram güzgüdə, hər kəsin üzünə yalandan gülməkdən qırış olmuş gözlərimin altı, hərəkətlərim başqalarının şərhlərinə əsasən formalaşmış, simam başqalarının zövqünə görə dəyişmiş... Başqalarını məmnun etmək üçün susmuş halım... Və bir də səssiz ruhum... Hamı bu halımdan məmnun, bir tək mənim özümdən başqa. Hərdən çox istəyirəm kimsə məni görsün, mənə özümdən danışsın, çünki mən özümü unuduram... Mən kim olduğumu unuduram... Ən qorxduğum isə - mən illər öncəsinə dönürəm, istəmədiyim şeyləri edirəm sırf başqaları xoşbəxt olsun deyə, özümün nə istədiyimi isə unutmuşam... Azad ruhum sındı, param-parça oldu, indi başqalarından asılı qalıram, başqalarının qanunlarına uyuram. Qanadlarımsa yox oldu və mən istəmədən sevmədiyim, lağ etdiyim insan tipinə dönüşdüm. Xəyallarım ki vardı, içi fantaziyalarla dolu, sağ olsunlar sayələrində onu da itirdim. Mənə heç bir şey qalmadı. Sadəcə, bu nəticədən başqa. Unutmayın, həyatda, mövcud olduğumuz yaşamda heç bir möcüzə yoxdur. Əgər düşünürsünüzsə ki, bir gün partlayış edəcəksiniz, dünyanı dəyişəcəksiniz, lütfən ağlınızdan atın bunu. Nə qədər çox xəyallarınız olsa, o qədər çox düşəcəksiniz, sınacaqsınız. Həyat sadəcə doğulmaq və ölümdən ibarətdir. Arasında qalan məsafə isə insana zülm etməkdən başqa bir şey deyil. Əgər əlinizdə imkan varsa, sevginizi zamanında etiraf edin. Kimliyindən asılı olmayaraq. Yox əgər yoxdursa, o zaman qaçın. Bir məşhuru sevməyəcək qədər uzaqlara qaçın. Lap uzaqlara, özünüzdən uzaq yerlərə və bir daha qayıtmayın. Mən çox heyf ki, qaçırdım bu şansımı və gənc ikən gəncliyimi itirdim sanki... Və beləcə zombi həyatına başladım, bəziləriniz kimi...

# 1660 dəfə oxunub

Müəllifin son yazıları

# # #