“Karamazov qardaşları”nı türkcədən oxuyanlar

“Karamazov qardaşları”nı türkcədən oxuyanlar
5 dekabr 2012
# 17:41

Pərvin Rəhimov

Ədəbiyyat camiəsinin içində olmasam da ədəbiyyatı yaxından izləyirəm. İxtisasca hüquqşünasam. Hüquqşünaslar arasında özləri haqda məşhur bir deyim var: ”Hüquqşünas o kəsdir ki, qanunları pis bilsə də, tarixi tarixçidən pis bilmir”. Mən özümü ədəbiyyatçılar sırasına əlavə etməsəm də, fikirlərimi bildirmək üçün əsaslarımın olduğunu hesab edirəm. Digər tərəfdən yəqin ki, yazıçıların özləri üçün də belə desək, kənardan baxış maraqlı olardı.

Hörmətli yazıçıların, onların təbirilə desək yazarların, köşə müəlliflərinin müsahibə, məqalə, yazılarını izlədikcə artıq neçə ildir tez-tez türk yazıçısı Orxan Pamukun adını hallandırmaları, ondan misal gətirmələri və yeri gəldi-gəlmədi bu yazıçıya istinad etmələrini müşahidə etmişəm. Əvvəllər bu mənim kimi sıravi oxucuya təbii gəlirdi və hətta maraqlı idi. Lakin getdikcə bu insanda sual və qıcıq doğurmağa başladı. Məsələ heç də Pamukun 1915-ci il hadisələri ilə bağlı mövqeyindən getmir. Bu başqa mövzudur və dəfələrlə müzakirə edilib. Söhbət Orxan Pamuka bir etalon, az qala ideal kimi yanaşmaqdan da getmir. Sadəcə insanda belə bir fikir yaranır ki, bəzi müəlliflərimizin bir fikri, “ideya fiksi” var-Nobel, Pamuk. Elə bil başqa ədəbi müstəvi, nümunə, ədəbi hadisə yoxdur. Orxan Pamuk və Nobel. Yaxşı ki, bunları tanıyırlar-adam hərdən bunu düşünür düzü.

Bəs niyə belədir? Bəlkə səbəb bizim Türkiyə ilə yaxın münasibətlərimizdir. Axı, ölkəmizdə siyasətçidən tutmuş adi vətəndaşımıza qədər hamı bu ölkənin adını çəkəndə mütləq “qardaş” sözünü istifadə edir. Türkiyə bizə haqlı olaraq ən yaxın ölkə sayılır. Lakin biz Türkiyədən çox Rusiyanın mədəniyyət təsir dairəsində olmuşuq və elə bu gün də belədir. Rusiya, rus dili vasitəsilə dünya mədəniyyətini, ədəbiyyatını tanımışıq. Belə olan halda yazıçılarımızın Pasternak, Şoloxov, Soljenitsin kimi Nobelli yazıçılara yox, Pamuka müraciət etmələri qəribə deyilmi? Axı tariximizə baxsaq, məsələn, Soljenitsinin toxunduğu mövzuların (repressiya illəri, sovet dövlət maşınının insanlara təsiri və s.) bizə daha yaxın olduğuna şahid olmazmıyıq? Əgər bu gün istənilən savadlı türk bizlərə rus dilini bildiyimizə görə həsəd aparırsa, Tolstoyu, Çexovu orijinaldan oxuya bilməyimizə az qala möcüzə kimi yanaşırsa, türk yazıçıları rus ədəbiyyatını nümunə bilirlərsə, bizim bu yanaşmamızın səbəbi nədir? Orxan Pamuk 19-cu əsr rus klassiklərini özünə ustad saydığını dəfələrlə bildirib axı.

Belə bir səbəb xalqımızın 90-cı illərdən başlamış kütləvi türk mədəniyyətinə üz tutmasıdır? İbrahim Tatlısəslə, Mustafa Sandalla, Tarkanla, Polat Alemdarla gələn kütləyə hesablanmış pop-mədəniyyət yazarlarımıza da təsir etmişdir? Yox, Pamuk 20-30 ildir yazır. Və yalnız Nobel mükafatını aldıqdan sonra bundan əvvəl yalnız Qan Turalı və Həmid Herisçinin müraciət etdiyi Orxan Pamuk bizimkilərin “sitat dağarcığına” çevrilmişdir. Başqa sözlə, Nobel mükafatını aldıqdan sonra yazarlarımız onu oxumağa başlayıblar. Nə qədər təəccüblü görünsə də...

Əslində isə səbəb çox sadədir. Dəb, gündəm və dil bilgilərinin olmaması. Dəb və gündəm-konyuktura. Təəssüf ki, gənc (əslində üzdə olanlar da onlardır bu gün) yazarlarımız gündəmdə kimdirsə, onun ardınca gedirlər. Orxan Pamuk Nobel aldıqdan sonra hamı onu oxumağa, sitat gətirməyə, nümunə almağa başladılar. “Mən Azərbaycana Nobel gətirəcəyəm” deyən neçə gənc yazarlarımızın səsi eşidildi. Onların içində bir xanım bu yaxınlarda hətta buna təntənəli şəkildə söz verdi də müsahibələrinin birində. Onun bu sözlərinin internet məkanında, sosial şəbəkələrdə (1 news.az-da xüsusilə) nə qədər kinayə və yumşaq desək, çox da ciddi qarşılanmaması bir yana iddia yaxşı şeydir. İddialı olmayan şəxs çətin uğur qazana. Lakin unutmayaq ki, ədəbiyyat idman deyil. İdmanda insanlar yer qazanmaq üçün hədəflər qoyur, çalışırlar, məşq edirlər. Lakin idman bədənin və iradənin mübarizəsidirsə, ədəbiyyat hiss və intellektin təcəssümü sayıla bilər. Heç kim mən Nobel mükafatı alacağam deyə kitab yazmadı bildiyim qədər.

Əksinə, özümü ifadə edəcəyəm, nəsə demək istəyirəm fikirləriylə yazmağa başlayan yazıçılar sonda uğur qazanır, əsl ədəbiyyat yaradırlar. Təəssüf ki, Orxan Pamuku tez-tez misal çəkən həmvətənlərimiz Pamuku da məhz Nobel qazandığına, məşhurlaşdığına görə etalon kimi qəbul edirlər, nəinki nəyi isə ifadə etmək istədiyinə və etdiklərinə görə. Görünür xalqımıza məxsus praqmatizm xüsusiyyəti əslində “ruh adamları” hesab etdiyimiz yazıçılarımıza da yad deyil.

Digər məsələ bir sıra yazarlarımızın rus dilini bilməməsidir. Bir müddət əvvəl bir yazarımızın “Əli və Nino” kitab dükanından “Karamazov qardaşları” kitabını aldığının şahidi olmuş dostum təəccübünü mənə çatdıranda mən də az heyrətlənməmişdim. Kitab türkcə idi. Azərbaycan kimi ölkədə rus dili öyrənməmək azı orta, oxucu səviyyəsində bilməməyin ən azı ayıb olduğunu düşünürəm. Bir sıra yazıçılarımız ingilis, rus dillərini bilmədiyindən ancaq türkcəyə müraciət edirlər. Qonkur mükafatı, Pultser mükafatı haqqında bir cümlə də yazmamaları da qeyd edilməlidir. Ədəbiyyata, mədəniyyətə Türkiyə mövqeyindən baxırlar. Burada isə Nobel-Pamuk müqəddəs tandemi yenə də işə düşür...

Məsələ əslində Orxan Pamukla da bitmir. Son dövrlərdə də Elif Şafak etalonu yaradılmaqdadır. Yenə də bizə ən çox reklam olunan, uğurlu piar kompaniyası nəticəsində məşhurlaşan növbəti türk yazarı təqdim olunur. Köşə yazarları gündəmdə olan yazıçıdan sitat gətirir, onun qəhrəmanlarından bəhs edir, araşdırırlar. Əslində yeni qəhrəmanlar yaratmalı, heç olmasa az tanınan dünya ədəbiyyat nümunələri ilə oxucuları tanış etməlidirlər

P.S Yaxın günlərdə sufi mədəniyyəti haqqında ölkəmizdə bədii əsərlər yaransa heç də təəccüblənmərəm.

# 2514 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #