Ədəbiyyatımızın vaxtsız ötən xoruzları

Ədəbiyyatımızın vaxtsız ötən xoruzları
17 iyul 2013
# 13:49

Xalq arasında belə bir deyim var: “Vaxtsız banlayan xoruz uğursuzluq gətirər”. Bu gün ölkəmizdə hər sahədə olduğu kimi ədəbiyyat aləmində də vaxtından əvvəl banlayan xoruzlar var. Səsləri cır olduğundan dincəlməyə, yatmağa imkan vermilər. Amma, bir atalar sözü də var; “Nağaranın səsi içinin boş olmasındandır”. Avazları yaxşıdır, oxuduqları Quran olsa. Banlayır qoy banlasın. Nə deyirik. Xalqımız onsuzda vaxtsız banlayan bu xoruzları uğursuz sayıb, hətta irəli gedərək ikinci bir deyim də yaradıb: “Vaxtsız banlayan xoruzun başını kəsərlər”. “Başını kəsərlər” dedim yadıma nə düşdü.

Uşaq vaxtı yay tətilimi babamgildə keçirərdim. O vaxtlar nənəm toyuq saxlayar, cücələr böyüdüb dəyər dəyməzinə satardı ki, əyin-başımızı təzələsin. Bir gün təmiz havada, ağac altında oturub samovar çayından içirdik. Birdən ovuc boyda, qanadları yeni-yeni çıxan dördaylıq beçələrdən biri banladı. Babamla nənəm təəccüblə bir-birinə baxdılar. Həmin dəqiqə elə bil kişinin başına bir qazan su tökdülər. Yerindən dik atıldı, iki ayağını bir başmağa dirədi ki, vaxtından əvvəl banlayan bu beçəni kəsəcəm. Nənəm də yalvarıb yaxardı ki, ay kişi, etmə eləmə güclə böyütmüşəm, əmək sərf eləmişəm. And-aman verəndən sonra kəsmədi. Elə o gündən sonra kişi beçəylə ləj düşdü. Yaşından-başından utanmırdı. Hər dəfə bu xoruzu “küncdə-köşədə” görəndə əlinə baltanı alıb, sanki insanla danışırmış kimi öldürməklə hədələyirdi. Doğrusu babamı qınamırdım, o günün səhəri vaxtsız banlayan xoruzların sayı çoxaldı. Kişi az qala başın itirəcəkdi. Nə isə, bunu burda saxlayım...

Sözümün canı ondadır ki, bu gün ədəbiyyatımızda vaxtsız banlayan xoruzlar var. Bapbalaca boyları var, formalaşmamış qələmləri yoxdur, cır səsləri qulaqlarımızı deşir. Hamını təəccübləndirirlər. Elə bir hal yaranıb ki, ədəbiyyat İlhamə-Nazpəri davasından fərqlənmir. Hər gün sosial şəbəkələrdə biri-birinə atmacalarını görürük. Facebookda ədəbiyyatımızın qocaman yazarları haqqındqa ağızlarına gələni yazmağı hünər bilib gündəmi zəbt etməklə məşğul olurlar.

Hər nə qədər bunu istəməsəniz belə Azərbaycanda şəxsiyyət anlayışı möhkəm mövqeyə malikdir. Bu ədəbiyyatda da belədir, digər sahələrdə də. Şəxsiyyətiniz alçalırsa, yazdığınız da dəyərsizləşir. Sonra da biri müsahibəsində deyir: “Bizim oxucularla ünsiyyət o qədər də rahat deyil. Onlar özlərini əmin etmək istəyirlər ki, yazı yazmağa başlasam, səndən yaxşı yazaram”.

Əlbəttə belə də olmalıdır. Ciddilikdən kənar, söz ataraq, bu gün bir, sabah başqa bir üzlə xalqın içərisində olanda, oxucu yazarın qələminə güvənməz. Təhqirləri bir-birinə yağdırıb, sonra da kabab masaları arxasında qədəh qaldırıb, şəkil çəkdirəndə də oxucu sizin yazdıqlarınızın səmimiliyinə inanmaz. Səndən də yaxşı yazar, o birindən də.

Bir-iki nəzm nümunəsi yazmaqla özünü yuxarıdan aparıb, səni yuxarıya daşıyanlara təhqir dolu yazı yazsan sonunuz da nənəmin vaxtsız banlayan xoruzu kimi olar; daima babamın ölüm hədəsində qalarsınız... Ya da Mirzə Cəlilin “Pirverdinin xoruzu”ndakı Piriverdi kimi ömrü boyu nəinki xoruz üzünə, hətta banına belə həsrət qalarsınız.

# 8075 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #