Mən bir sirrəm, sirri özüm açammıram

Mən bir sirrəm, sirri özüm açammıram
14 dekabr 2012
# 17:12

Yaqut Əliyeva

Bu gün şairə Xəzangül Hüseynova Borçalıdan başlayan ömur yolunun 65-ci baharını geridə qoydu. 7 kitab müəllifi olan şairə, həm də bu mənalı ömrünün 38 ilini Vətən övladlarının təsilinə, elminə, tərbiyəsinə həsr edib.

Xəzangül Hüseynovanın yaradıcılığının sərhədləri yoxdur. Ən gözəl sevgidən, ən böyük fədakarlıqdan, ən dözülməz ağrı-acıdan, ən bitməz çilədən yazır. Təkcə yazmır, yaşayır bütün bu hissləri, qəlbindən, ruhundan keçirərək misralara düzür...

Şeir səssiz bir nəğmədir ki, könül və ruhla yazılır.

Bir başqa dünya yaradır, şairə Xəzangül Hüseynova öz şeirlərində. Elə bir dünya ki, orada dahi Nizami ilə Mövlanəniın ruhu, iki cahana sığmayan sevgisi hökm sürür. O dünyada özü də bir rahatlıq içərisindədir, çünki orada hər şey görmək istədiyi, arzuladığı kimidir. Kin-küdurətdən, qan-qadadan, nifrətdən, düşmənçilikdən uzaq bir dünya. Barış var, sülh var, sevgi var, mərhəmət var Xəzangül Hüseynovanın şeir dünyasında:

Xəyalımda kainatı dolaşdım,
Gah Nizami türbəsinə yol açdım.
Gah Mövlana məzarına qol açdım,
Gəl, gəl,- dedin, Ya Mövlana, gəlmişəm...

Şairə Xəzangül qəlbində hər zaman böyük bir sevgi daşıyır. Özünün yaratdığı bir sevgi dünyası vardır, amma bu dünyada o, təkdir. O dünyaya kimsənin daxil olmasına icazə vermir. Və heç bir açar o dünyanın qapısını aça bilməz. O dünyaya nə vaxt girər, nə qədər qalar, buna yalnız şairə özü qərar verir:

Mən elə əzəldən tənhayam, təkəm.
İstədim dünyanı sevgiylə tikəm.

Şairə Xəzangül qəlbinin dərinliklərindən gələn müqəddəs bir duyğu ilə yazdığı şeirlərdə İsaq-Musaq quşuna dönüb sevgisini arayır, sevgisini haraylayır, axtarır:

Bir uca dağların dumanı, sisi,
Bir qərib bülbülün təklik nəğməsi.
Xəzangül qəlbində bir umu-küsü,
Hardasan, hardasan, hardasan deyir.

Milyon ildi axtarıram mən səni,
Milyon ildi hey çəkirəm qüssəni.
Soraqladı təpə səni, düz səni,
İsaq-Musaq quşu oldum tapmadım…

Tapanda isə sevməyə qorxur. Çünki sevmək - özundən imtina etmək deməkdir. Sevmək – sevdiyini bütün varlığın ilə mənimsəmək, ruhuna hopdurmaq deməkdir. Sevdiyinin aldığı nəfəs, gördüyü göz, çırpınan ürəyi olmaq deməkdir. Şairə Xəzangül gözünün bəbəyi kimi sevir sevdiyini. Ona görə də daha çox platonik bir sevgi yaşadır qəlbində. Reallığa yansıtmaq istəmir, maddiləşdirmək istəmir. Sanki yaxınlaşarsa, toxunarsa xəyalındakı o böyük, əlçatmaz, müqəddəs sevgini itirər:

Onda nəfəsin də gərək mən olam,
Onda hər kəsin də gərək mən olam.
Baxışa dönərək gözündə qalam,
Qorxuram mən səni sevərəm birdən…

Umu-küsüsünü, incikliyini, həsrətini də gecənin qaranlığında gizlədir şairə. Ürəyinin nisgili, gözlərinin dərinliyində saxladığı sirri ilə sirdaşı gecənin sirr yuvası köksünə sığınır:

Onun nəvazişindən doya-doya.

Qəlbinin hərarətini duya-duya.

Gecənin qolları üstə.

Gedirəm yuxuya...

Bəzən ədalət hissinin itirildiyi, insanların biri-birinə canavar kəsildiyi, on minlərlə günahsız insanın mənafe uğruna bir göz qırpımında məhv edildiyi bu dünyamıza özünəməxsus sevgi ilə yanaşır, bu həyatı hər halı ilə sevir:

Mən dünyanın balasıyam,
Bu dünyadan keçəmmirəm...

Pisliklərə üsyan edir, riyakarlığı, qorxaqlığı rədd edir şairə Xəzangül. Şeirləri, yaradıcılığı ilə mübarizə aparır və bu mübarizədə özünü gücsüz hiss edəndə yenə də içindəki insan sevgisini saxlayır, yenə də öz ruhunu qoruyur, Allaha üz tutur,

- Allah, məni daş elə, - deyir.

Şairə Xəzangülün yaradıcılığında Vətən sevgisi önəmli yerlərdən birini tutur. Vətəninə, elinə bütün varlığı ilə bağlanıb, şeirlərində onu ucalardan uca, müqəddəs və öz canından bir parça kimi ən ülvi duyğularla vəsf edir:

Dünya qədim yaşı sənsən,
O, bir üzük qaşı sənsən.
Toprağı sən, daşı sənsən,
Adım odur, sanım odur,
Damarımda qanım odur.
Ruhum odur, canım odur…

Qəlbinin dərinlikərindən süzülüb gələn ən gözəl, ən müqəddəs hissləri böyük bir ustalıqla qələmə alan gözəl şairəmiz Xəzangül Hüseynovanın yaradıcılığına qısa bir nəzər saldıq və bütün gözəllikləri onunla birgə yenidən yaşadıq. 65 yaş yaradıcı bir insan üçün ən məhsuldar, ruhani dövrdür. Gözəl şairəmizi bu gün münasibətilə təbrik edir, yaradıcılıq uğurları arzulayıram.

Ürəyində dünya boyda sirr daşıyan Xəzangül xanım, doğum gününüz mübarəkdi:

Mən bir sirrəm,

Sirri özüm açammıram.

Tale mənim taleyimdir,

Bu taledən qaçammıram...

# 2587 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #