Sizin də Saqqız əminiz olubmu?

Sizin də Saqqız əminiz olubmu?
30 aprel 2013
# 14:52

İnci Azərdüşt

Saqqız əmi

Hekayə

1995-96-cı illər idi. Baş verən sosial, siyasi, ictimai proseslərdən asılı olmayaraq M. qəsəbəsində həyat öz axarı ilə davam edirdi. Nə bozumtul, pessimist həyatın, nə şəhid qanlarının, nə ölkədəki çaxnaşmaların yaratdığı gərginlik bu axarı saxlamaq əzmində deyildi və ola da bilməzdi. Hermesin öz əlləri ilə yapdığı fələyin dəmirdən möhkəm çarxlarına çomaq soxmağa kimin cəsarəti çata bilərdi ki?

Keçid dövrü olduğundan ölkə əhalisi ərzaq qıtlığından əziyyət çəkirdi. Bütün zamanlarda olduğu kimi, varlılar yenə gizlicə xımır-xımır yeyir, kasıblar da saatlarla sıraya durub, mədələri curuldaya-curuldaya həsrətlə çörək növbələrini gözləyirdilər. Ölkənin hər yerində, o cümlədən M. qəsəbəsində də eyni mühit yaşanırdı.

Amma bütün bunlara baxmayaraq, bu qəsəbənin şən uşaqlarının əyləncəsinə heç nə mane ola bilmirdi. Gündüzlər yorulmaq bilmədən oynayır, axşamlar tv-nin önünə yığışıb, mənasız, yorucu, siyasi verilişlərin nümayiş olunduğu bomboz efirə zilləşirdilər.

Mənasını anlamasalar da hər halda onlar üçün maraqlı və qeyri-adi idi. Başına qapazla vurduqları köhnə televizorları da indi zirzəmilərin hansısa küncündə yatmaqdadır.

Demək olar hər gün yenidən eyni hadisələr təkrar olunur, yenidən eyni günlər yaşanırdı. Ancaq uşaqlar nə bu eyniyyətin və yoruculuğun, nə də digər problemlərin fərqində deyildilər. Özləri də dərk etmədən təbiətin zəruri prinsiplərinə uyğun, yeyir-içir, oynayır, yatır, inkişaf edir, yaşayır, böyüyürdülər. Cocuqları böyüdükcə, televizordakı proseslər çərxi-fələyin zaman burulğanında itib, yox olur, yaxud da yaddaşlarının hansısa küncündə ilişib qalırdı.

Günlərin belə əhval-ruhiyyədə davam etdiyi bir zamanda bu balaca qəsəbənin, balaca sakinləri içində yeni sima, yeni adam peyda oldu. Qısa bir zamanda isə uşaqların sevimlisinə çevrilməyi bacaran bu adam, 40-47 yaşlarında, azacıq dolu, çox şirindil bir kişi idi.

Demək olar, iki-üç gündən bir, qəsəbənin məhəllələrində peyda olurdu. Həmişə də eyni vaxtda, günortadan xeyli keçmiş görünürdü. O küçədə görünən kimi uşaqlar cəld bir-birlərinə xəbər edərək qaça-qaça bu adamın başına toplaşırdılar. Heç vaxt hədiyyəsiz gəlməzdi. Cocuqların ən çox xoşuna gələn şirniyyatlardan gətirirdi. Saqqızlar da ki, öz yerində.

Bu adam uşaqların hər şeydən çox, saqqıza önəm verdiklərini müşahidə etmişdi. Ona görə də hər gələndə saqqızlarını bol edirdi.

Ancaq heç kəs yeni peyda olan adamın adını bilmirdi. Uşaqlara bolluca saqqız payladığından, özləri ona ad qoymuşdular - “Saqqız əmi ”.

Həmişə də maşınla gəlirdi. Deyəsən özünün idi. Uşaqlar Saqqız əminin maşınına da yaman bağlanmışdılar. Çünki adam, hər gələndə həmin maşından şirniyyat, saqqız dolu ovucla çıxırdı. Saqqız əmi gətirdiyi hədiyyələri heç vaxt paylamazdı, qəfildən tullayardı uşaqların üstünə. Kim nəyi qapdı, qapdı. O kişi gəlməyəndə uşaqlar çox darıxırdılar. Özlərini inandırmağa çalışırdılar ki, tezliklə gələcək. Uzaqdan sevdikləri maşını görəndə isə, “Saqqız əmi gəldi” , “ Saqqız əmi gəldi” deyə qışqırışaraq sevinclə atılıb-düşürdülər.

Saqqız əmidən gördükləri qayğını və mehribanlığı heç kimdən görmürdülər. Valideynləri də heç Saqqız əmi qədər onları başa düşmürdü. Ölkədə hökm sürən siyasi-psixoloji gərginliyin abu-havası hamının üzündə sezilirdi. Gərgin, əsəbi, iş axtaran, dalaşan valideynlər uşaqların sevgi payını, qayğı tələbini ödəyə bilmirdilər.

Belə bir zamanda Saqqız əmi kimi varlığın meydana çıxması uşaqlar üçün göydəndüşmə olmuşdu. Saqqız əmi onları həm mehriban sözlərlə məzəli danışığı ilə əyləndirir, həm də, rəngbərəng hədiyyələrlə sevindirirdi.

Uşaqların sevinci isə heç kimin eyninə deyildi, hamı bu yeni peyda olan adamdan danışırdı. Hərə bir söz deyir, bir cür fikir səsləndirirdi Saqqız əmi barədə. Kimi deyir, bu adam fərli başlı birinə bənzəmir, kimi deyir, uşaq oğrusudur, kimi deyir yox yaxşı adamdır, uşaqları sevindirir və sair. Bütün məhəllələrə səs düşmüşdü. Hər kəs Saqqız əmidən danışırdı. Və heç kim bu yeni adamın nə üçün, nə məqsədlə gəldiyini anlamırdı.

Yaxınlaşıb maraqlanan da olmamışdı heç. Ağıllarına təkcə bir fikir hakim kəsilmişdi: “Bu adam çox pis işlərlə məşğuldur, mütləq uşaqlara zərər vurmaq üçün gəlir”. Guya Saqqız əmi kimlərinsə tapşırığı ilə cürbəcür xəstəliklər, infeksiyalar yayırdı. Qəsəbənin sakinləri çoxlu düşünüb-daşındıqdan sonra axırda belə qərara gəldilər ki, uşaqların saqqız əmisini bu qəsəbədən hədələyərək qovsunlar.

Bir gün yenə Saqqız əmi qəsəbəyə gələndə qəsəbənin arvadları hücum çəkərək, kişini nalayiq sözlərə, ən bəd söyüşlərə “ qonaq edərək ”, qəsəbədən qovdular. O gündən uşaqlar bir daha Saqqız əmilərini görmədilər.

Günortalar bir yerə yığılaraq xəlvətcə, saqqız əminin gələcəyi barədə müxtəlif fərziyyələr uydururdular. Ta undulanadək...

Üç aydan sonra Saqqız əmi artıq hamının yadından çıxmışdı.

# 2176 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #