Kiçik şəhərin böyük insanları

Kiçik şəhərin böyük insanları
19 oktyabr 2016
# 16:02

Xumar Ələkbərova

Bəlkə də planetin hansısa şəhərləri ilə müqayisədə sən qat-qat böyüksən, şəhər, amma sənin sakinlərinin böyüklüyü qarşısında çox cılızsan. Sakinlərin böyüklüyü deyincə, onlar nəhəng cüssələri, böyük işləri ilə səni kiçik etməyiblər. Onların qayğısı, dərdi, problemi böyükdür. Hər günləri bir tarixdir bu insanların. Həm də kiçiksən ona görə ki, gölün böyükdür. Bəli, dünyanın ən böyük gölünün sahilində yerləşən kiçik bir şəhərin böyük adamlarından danışmaq istəyirəm. Bu insanlar hər günü ilə tarixin bir səhifəsinə çevrilirlər...

Şəhər səhəri intihar xəbəri ilə açdı. İntihar edən riyaziyyat fakültəsinin son kurs tələbəsi idi. Tələbələr belə danışırdılar ki, imtahanlardan kəsirləri çox olduğundan universitetdən xaric olunurmuş artıq. Ödənişli təhsil aldığı üçün neçə illərdir ödədiyi az olmayan məbləğ də beləcə puça gedəcəkdi. Yaxın dostları isə intihardan öncə valideynləri ilə mübahisələri olduğunu danışırdılar. Hələ keçən həftə başqa bir tələbə bahalı telefonunu metroda cibindən oğurladıqları üçün intihar etdiyindən bugünkü hadisədən sonra institutda həftədə bir dəfə tələbələrlə psixoloqların işləyəcəyini bildirdilər. Bu yaxşı oldu. Çünki son bir neçə gündür onun da düşündüyü yalnız intihar idi.

Auditoriyaya daxil olan kimi dörd bir yandan sorğu-sual başladı ki, üz-gözünə nə olub. Sifətində yumruqdan açılan yaralar hələ təzəcə qaysaqlamış, üz-gözünün göyü, qançırı çəkilməmişdi. “Kişinin başına iş gələr” deyib onların suallarını bağladı. Ümumiyyətlə, heç kimlə yaxınlıq etmirdi, heç kim onu dərindən tanımır, dərdini bilmirdi. Və heç kəs bilmirdi ki, fikrində ancaq inihar dolanır. Səhər aldığı intihar xəbəri bu fikrini möhkəmləndirsə də, tələbələrlə mütəmadi işləmək üçün universitetə psixoloqun gəlməsi xəbəri az da olsa onun bu fikrini laxlatdı. İlk iki dərsi intihar fikrindən demək olar ki, tamam daşındı. Son dərs təxirə salındı. Belə ki, həmin dərsdə psixoloq onlarla söhbətə gələcəkdi.

Tənəffüsə də çıxmadı. Dərsə zəng çalınanda auditoriyaya daxil olan uşaqlar yenə onu sorğu-suala çəkdilər. Ata-anası sağ olsa da, onları tanımayan, nənə himayəsində böyüyən Lütfinin qayğılı və səmimi verdiyi “Nə olub axı sənə?” sualının ardınca, o biri tələbə yoldaşları da başına toplaşdı. Biri yarızarafat, yarıciddi “Üz-gözün bu gündədirsə, indi içalatın lap dağılıb ki...” dedi. Digəri “Nahaq dərsə gəlmisən. Yerindən qalxa bilmirsən ki...” deyib qayğılandı. Arxa sırada oturan alçaqboylu, dolu bədənli olduğu üçün “Şarik” çağırdıqları Şahin isə məsləhət verdi ki, “Mütləq həkimə göstər özünü”.

Auditoriyaya kənar adamın daxil olduğunu görüncə isə uşaqlar onun ətrafını boşaldıb yerlərinə çəkildilər. O da ətrafından dağılışan tələbələrin arxasınca asta, amma eşidiləcək səslə “Səhər pis hiss edirdim özümü. Artıq yaxşıyam” deyib insani münasibətdən az kövrəlib, qabırğaları ağrısa da, köksü dolusu nəfəs aldı. Və hamı kimi baxışlarını içəri daxil olan yeni adama, psixoloqa tərəf çevirdi. İnana bilmədi. Zənn etdi ki, həqiqətən heç kimin yox, məhz onun həkimə, psixoloqa ehtiyacı var. Çünki qarşısındakı insanı ötən həftə onu təpik-yumruqla söyüb-təhqir edən insanın cildində görürdü. Amma sonra həmin şəxs danışdı. Səs də həmən səs idi. Həmən şəxs bu gün ona və başqalarına psixoloji dayanıqlıq, güclü iradə barədə mühazirə-söhbət edəcəkdi.

Psixoloq olan orta yaşlı bu şəxs danışa-danışa tələbələr oturan sıraların arası ilə gəzişməyə başladı. Onun əyləşdiyi sıraya yaxınlaşdıqca ürəyi sanki boğazında döyünməyə başladı. Boğulduğunu hiss etdi, dərindən öskürməyə başladı. Bu halı ilə yoldaşlarının deyil, psixoloqun da “vaxtından əvvəl” diqqətini özünə cəlb etmiş oldu. Onu boğan öskürək gözlərini yaşartdı. Gözlərinə dolan yaşın arxasından psixoloqun ona doğru gəldiyini gördü. Sonra gözləri tamam duman gördü, bəmbəyaz duman. Bədəni də sanki çəkisini itirib bu dumana qovuşdu. Son hiss etdiyi o oldu ki, müvazinətini itirdi. Bir də psixoloqun adekolonunun acı ətrini yaxınlığında hiss etdi. Bu qoxu hələ burnunda idi.

Ayılanda özünü fakültənin dekanatlığında dəri divanın üstündə gördü. Ətrafına baxdı - üzlərində həm təşviş, həm qayğıkeş təbəssüm olan müəllim və qrup yoldaşlarının onun üçün narahat olduqları hiss olunurdu.

Başının üstündə isə həmin psixoloq dayanmışdı. Çox təəssüf ki, psixoloq da onu tanımışdı. “Əlac, dərman umduğum adama bax” düşünüb gözlərini bir də yumdu. Üstü qaysaqlamış yaraları, içalatının ağrıları yenə oyandı. Ələxsus da qıvrılıb yumağa döndükcə böyrəklərinin üstünə, qabırğalarına vurulan təpiklərin yeri canını göynətdi. Dünyaya gəlişinə, qayğısız uşaqlıq çağlarına, məktəb həyatına, ilk sevgisinə, hətta onu tək xoşbəxt edən anasına da nifrət etdi. Onun əsl simasını tanımayan, ətrafına yığılıb adını çağıran insanların səmimiyyətinə tab gətirməyib, ilk yumruqları dadan qançırlanmış bəbəklərini ağır olsa da azca araladı. Çağrılan təcili tibbi yardım maşınını səbirsizliklə gözləyən, səmimi narahatlıq dolu baxışlar arasında onun iç dünyasını, yaşamının görünməyən tərəfini bilən bir kəsin bic-bic baxan gözləri də var idi. Psixoloqun ifşaedici baxışları onun mərhəmət diləyən gözləri ilə toqquşub sanki əks qütblərin cərəyanını yaradırdı.

Gözlərini qırpmadan onu izləyən bu baxışlardan hacət, mərhəmət ummağın yersiz olduğunu anladı. Az əvvəl nifrət etdiyi o xoş anlarını, ətrafına toplaşan bu insanların səmimi münasibətini qorumalı, ona inanan insanları, anasını utancdan qurtarmalı idi. Necə etməli, nə etməli idi? Qərar verdi. Təkcə ötən həftə canına dəyən təpik-yumruqların ağrısını deyil, 20 illik ömründə yaşadığı ən cüzi ağrıları belə bədənində hiss etsə də, son taqətini toplayıb dikəldi. Psixoloqun onu izləyən baxışlarından gözlərini yayındıraraq dikəlməsinə sevinən müəllim və yoldaşlarının üzünə baxdı. Son anda xatirində yalnız bu insanların simasını, münasibətini saxlamaq istəyirdi. Ayağa durdu. Ətrafındakı adamlar onu sıxmamaq üçün geri çəkildilər. Haqlı idilər, həqiqətən elə bil udmağa hava çatmırdı. Başı fırlanır, ürəyi bulanırdı. Otağa göz gəzdirdi. Otağın açıq qapısının arxasında da tələbələr toplaşıb təşvişlə onu izləyirdilər. Açıq qapıdan çıxıb qaçmaqla hər şey unudulsa, o anlarını, özünü, anasını, gələcəyini xilas edə bilsə nə vardı ki?.. Yox, mümkün deyildi. Tək çıxış yolu neçə gündü düşündüyü intihar idi. Bunu düşünüb gözlərinin altından psixoloqa baxdı. Nə qəribə - səhər onu həyata bağlayan psixoloqun gəlişi, indi əzrayıl olub ölümə çəkirdi. Ani düşündü, qərar verdi. Amma cəld hərəkətə taqəti yox idi. Ağrıyan vücuduna son əziyyəti də verib, dərindən nəfəs aldı. Köksünü hava ilə doldurub qapıya tərəf yox, açıq pəncərəyə tərəf qaçdı. Otaqdakılar nə baş verdiyini anlayana qədər pəncərəyə çıxıb özünü aşağı atdı.

Artıq heç bir ağrı hiss etmirdi, demək qurtuldu canı. Gözlərinə dolan qanlı duman arxasından pəncərədən aşağı boylanan baxışların arasında psixoloqun baxışlarını da sezdi. Tək canı qurtulmadı, ömrünün tək-tük xoş anlarını, anasını, özünü də xəcalətdən qurtardı. Psixoloqun qorxu dolu baxışlarından sezirdi bunu. Rahat gedə bilərdi bu həyatdan. Əlbəttə, arxasınca çox söz danışılacaqdı, fikirlər irəli sürüləcəkdi. Bu söhbətlər anasını incidəcəkdi. Sonra ondan öncə öz səbəblərinə görə intihar etmiş yoldaşları kimi onun da intiharı ilə bağlı özünüöldürmə həddinə çatdırma maddəsi ilə istintaq işi açılacaqdı. Dostları, tanışları, müəllimləri, hətta bu psixoloqu da sorğu-sual edəcəklər əlbət. Əmin idi, psixoloq da özünə görə qorxaraq heç kəsə bir kəlmə soz deməyəcək. Və o, bu sirri, utancı ilə təkbaşına, anasını, gələcəyini, arzularını bu dünyada tərk edərək gedəcək.

Ağzından laxta ilə dağılan qan qulaqlarına doldu. Ətrafına yığılan insanların səsi artıq kəsildi, qanlı duman arxasından onların yalnız ayaqlarını görə bilirdi. Bu ayaqlar ötən həftə yaşadığı dəhşəti yenə bəbəklərinə doldurdu. Xırıltısında, bir anlıq böyüyən bəbəklərindəki dəhşətin ölümlə deyil, ötən həftə yaşadıqları ilə bağlı olduğunu əlbəttə ki, heş kəs bilmədi...

...Fərqli olduğunu məktəbə gedəndən sonra sezməyə başladı. Oğlan dostlarından zahiri fərqi olmasa da, yaşa dolduqca hisslərindəki fərqi yaşamağa başladı. Dostları məktəbdəki qızlara təmiz uşaq sevgisi ilə böyüyərkən, o, dostlarına qarşı başqa hisslər yaşadığını hiss edir, nəsə anlaya bilmir, özü-özündən vahimələnirdi. Sonra böyüdü. Bu qəribə, anlamadığı hissləri də böyüdü. Özü dəyişdi, amma hissləri dəyşmədi... Hiss etdiklərini, qorxularını hec kəslə bölüşə bilmir, anlada bilmir, soruşa bilmirdi. Həyata gözünü açandan hey yanında olan insan – anasına da hec nə anlada bilmirdi. Və üşüdüyünü, ac olduğunu bir baxışdan bilən anasının onu tanıya, anlaya bilməməsi onu daha çox üzürdü.

...Ötən həftə tək getmişdi həmişə getdiyi kafeyə. Onu anlayan dostları gəlməmişdilər. Bir az musiqi dinləyib qalxmağa qərar verdi, səhərə dərsləri çox idi. Kafedən çıxandan onun izləyən addım səslərinin heç kəsilmədiyini yarı yolda küçə dalana dirənəndə hiss etdi. Geri çevrildi. Üç nəfər idilər.

- Gedək bizimlə.

- Hara?

- Hara istəyirsən ora.

- Sizi başa düşmürəm.

- Özünü tülkülüyə vurma.

Demək onun necə biri olduğunu bilən kəslər idilər.

- Mən sizi tanımıram.

- Biz səni kimiləri yüz addımlıqdan tanıyırıq. Nə sülənirsən küçələrdə?

- Mənlə belə danışmayın.

- Düz deyirsən, sənlə danışmağın mənası yoxdu. Sən insan dili bilməzsən, heyvan davranışı sənə tanış olar.

Elə bunu demişdilər ki, gözünün üstünə dəyən yumruqdan yerə yıxıldı. Sonrası yadında idi, heç unuda bilmədi ki... lakin heç olmasa indi - bu son anında unutmaq istəyirdi, amma yenə onların sifətlərini, yumruqlarını, söyüş və fiziki təhqirlərini unuda bilmirdi. Onların arasında həmin psixoloq da var idi...

# 2158 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #