Canavar baş əyir indi qoyuna

Canavar baş əyir indi qoyuna
20 fevral 2013
# 14:33

Anar Məcidzadənin şeirləri

Bilmirəm

Bilmirəm nədəndir a zalım qızı,
Baxışların soyuq, sönükdür sənin.
Bilsəydim sevməzdim səni dünyada,
Bilmədim o üzün dönükdür sənin.

Gülüşün yalanmış, baxışın yalan,
İndən belə sənə kim inanacaq?
Sənə həsr etdiyim hər ötən günə,
Ürəyim od tutub, od tək yanacaq.

Bu acı sevginin, acı hisslərin,
Əsiri olmuşam… Peşmanıyam mən.
Duyğum, düşüncəm də qəm verir mənə,
Kim məni ayırar bu düşüncədən?

Yaxşı ki bu yollar uzun olmadı,
Nə yaxşı çatmışıq biz artıq sona.
Mənə etdiyini bağışlayıram,
Girmə bundan sonra gündə bir dona.

Özünü qoru sən saxta nə varsa;
Gülüşün, baxışın saxta olmasın.
Həyatda səni çox sınaq gözləyir,
Çalış ki, saçını külək yolmasın.

Dönüb bu dünyanın çərxi-fələyi

Bilinməyir hardan əsir küləklər,
Səmtini dəyişib xəzri küləyi.
Yaman daşlaşıbdı sevən ürəklər,
Dönüb bu dünyanın çərxi-fələyi.

Bilinməyir nə dovşanı, quzğunu,
Əxlaq dərsi keçir indi pozğunu.
Allah, itirmişik hissi, duyğunu,
Dönüb bu dünyanın çərxi-fələyi.

Məcnunlar bəyənmir indi Leylini,
Leylilər Məcnuna salmır meylini.
Dünyanın gədalar görür xeyrini,
Dönüb bu dünyanın çərxi-fələyi.

Bu dünyanı kim salıb bu oyuna,
Canavar baş əyir indi qoyuna.
Naxələf çıxırlar çoxu soyuna,
Dönüb bu dünyanın çərxi-fələyi.

Çoxu namusunu, arın tulladı,
Hər yerindən duran indi molladı.
Salam almaq, salam vermək pulladı,
Dönüb bu dünyanın çərxi-fələyi.

Heyif ki, inanmır qardaş-qardaşa,
Kişilər əl açır namərd, oğraşa.
Anar indən belə gəl ki sən yaşa,
Dönüb bu dünyanın çərxi-fələyi.

Sən mənim dünyada arzum niyyətim

Sən mənim dünyada arzum niyyətim,

Mən səni görəndə arzular daşır.

Bilmirəm nədəndir hər görüşəndə,

Əllərim titrəyir, dilim dolaşır.

Sən mənim çiçəyim, ətirli gülüm,

Qoy ellər eşitsin, duysunlar xəbər.

Bu dünya bizimdir, sevgi bizimdir,

Mən səni sevirəm, mənəm bəxtəvər.

Unudaq bir qədər qəmi-qüssəni,

Dünyanı bəxtəvər bilib, yaşayaq.

Olmasın əzizim, bu gözlərdə qəm,

Sevinək, şad olaq, gülüb yaşayaq.

Dünya yaranandan budur qanunu,

Leyliyə qısqanıb yazıq Məcnunu.

Kaş ki bu sevginin xoş olsun sonu,

Sevgimiz geyməsin ayrılıq donu.

Sən yadıma düşürsən

Bahar qonur hər daşa,

Çiçəklər açır qoşa.

Könül bənzəyir quşa,

Sən yadıma düşürsən.

Mənəm dərdə dözməyən,

Səndən əli üzməyən.

Ay çiçəyə bənzəyən,

Sən yadıma düşürsən.

Onsuz da bilən bilir,

Ayrılıq, hicran nədir?

Hər gün, hər saat, hər il,

Sən yadıma düşürsən.

Neynirəm bu baharı,

Yoxdur könlümün yarı.

Anarın arzuları,

Sən yadıma düşürsən.

# 2535 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #