Sabaha bax, dünənisə unutma

Sabaha bax, dünənisə unutma
9 oktyabr 2017
# 17:45

Rəşad Xəzan

Zaman

Saniyələr qaçır saata dönür,
Saatlar günlərə, günlər illərə.
Elə bil borc alıb illərdən ömür,
Qaytarmaq qalıbdı təkcə bizlərə.

Bəzən bir saatı gözlərik il tək,
Bəzənsə il keçir göz qırpımında.
Çatacaqdı vaxtı hamının tək-tək,
Acizik zamanın biz qarşısında.

O, qovacaq bizi axıra kimi,
Alacaq sonuncu saniyəsin də.
Əl çəkməz torpağa gömənə kimi,
Ölüm var zamanın qafiyəsində.

Saat var gözlərik illər boyunca,
İllər var məhv olar saat içində.
Biri həyatını yaşar doyunca,
Biri əzab çəkər keşməkeşində.

Zaman qovur bizi, axı nə edək ,
Qaçmaqdan savayı nə çarəmiz var.
Arzular sonsuzdu ömürsə gödək,
Cavabsız qalıbdı hələ suallar.

Saat əqrəbləri qaçır aramsız,
Elə hey fırlanır, dayanmaq bilmir.
Zamanla olacaq bir vaxt davamız ,
Amma ki, zamanı hələ bilinmir.

Gecə

Yenə gecə düşüb göyün üzünə,
Qaranlıq ovudur soyuq qəlbimi.
Ay da elə bil ki, kəc baxır mənə,
Yəqin oxuyubdu sətirlərimi.

Zülmətlər içində bir şam yandırıb,
Yoluma zərrətək nur salaydım kaş.
İçimdə ağrımı ərşə qaldırıb,
İşıqlı ümidə bağlayaydım kaş.

Gecə tənhalığa sevgili olub,
Oxşayar könlünü ümmanlarıyla.
Soyuq nəfəsilə içinə dolub,
İsidər səhərə gümanlarıyla.

Gecələr uzundur, uzundan uzun,
Ömrün üçdən biri gecədə keçər.

Yorma gəl özünü, sevgili dostum,
Bitər bu qaranlıq, gecə də keçər.

Qızıma nəsihət

Qızım, gözüm, ay ətirli çiçəyim,
Qulaq as, mələyim, bir məni dinlə.
Oxu misraları, var deyəcəyim,
Yazıram səmimi ata qəlbilə.

On il yaşamısan qoca dünyada,
Hələ neçə on il yaşayacaqsan.
Vermə günlərini çalış sən bada,
Yoxsa ki, yerində sanayacaqsan.

Dünya görünəntək al-əlvan deyil,

Ağ-qara günləri, boz səması var.
Elmə, kitablara çalış sal meyil,

Həyatın səninlə öz davası var.

Nə qədər ki sağam, qorxma heç nədən,
Qollarına gücəm, çiyninə dayaq,
Xətrinə dəysəm də, bəzən bilmədən,
Qırmaram, yoluna olaram çıraq.

Çalış bacardıqca edib yaxşılıq,
Abırlı ol, eldə bir hörmət qazan.
Nəbadə heç kimə etmə paxıllıq,
Onsuz da yazıbdı bəxtini yazan.


Uzaq dur namərddən, mərdiməzardan,
Sayıq ol, özünə dəyməsin xətər.
Qorunsan yaxşıdı dərddən, azardan,
Yoxsa ki, olarsan betərdən betər.

Bir vaxt büdrəsən də, çalış yıxılma,
Yıxılana balta vuran çox olar.
Çətinlik görəndə bacar sıxılma,
Qanundu - var olan, bir gün yox olar.

Var-dövlət düşkünü olma heç zaman,
Elə şeylər var ki, pulla alınmaz.
Haram çörək yemə dərd verər yaman,
Kamillər heç vaxtı vara tapınmaz.

Mərd ol, danışanda de sözün düzün,
Yalan ayaq tutar, yeriməz amma.
Yoxsa utanarsan, qızarar üzün,
Kişi qızı kimi səhvini danma.

Az danış, çox dinlə, ehtiram göstər,
Zarafat etməyin bil qaydasını.
Əsl xanım olmaq tərbiyə istər,
Əməl et bunlara - gör faydasını.

Tələsmə bir şeyə qərar verəndə,
Deyirlər təndirə düşər tələsən.
Sözünə doğru ol vəd eliyəndə,
Yalançı çox getməz bunu biləsən.

Əsas odur, özünə qiymət verəsən ,
Yoxsa başqasından gözləmə qiymət.
Əvvəlcə özünü gərək sevəsən,
Hörmət et, sonra da görəsən hörmət.

Özünü kimsədən yuxarı tutma,
Təkəbbür göstərmək yaxşı sayılmaz.
Sabaha bax, dünənisə unutma,
Amma bu günü də unutmaq olmaz.

Yaltaqlıq, satqınlıq, xainlik etmə,
Sev öz vətənini, dilini sev sən.
Bilmədiyin işə göz yumub getmə,
Eşit sözlərimi, xeyir görərsən.

Uzaq ol qeybətdən, mənasız sözdən,
Ağızdan çıxan söz qayıtmaz geri.
Zəvzək insan, bil ki, tez düşər gözdən,
Bu belə olubdu əzəldən bəri.

Pis vərdiş özünə eyləmə adət,
Sağlamlıq qədrini bil sağlığında.
Canın sağ olarsa, ruhun da əlbət,
Sağlam olacaqdı tam varlığında.

Əl tutmağı bacar dosta-qardaşa,
Əlidən qalıbdır bizə əl tutmaq.

Sirrini ver ancaq yaxın sirdaşa,

Sənə əl tutanı olmaz unutmaq.

Elə vaxt olacaq ağlayacaqsan,
Qızım, bəzən ayrı yolun olmayır.
Göz yaşı içində qışqıracaqsan,
Bəzən saydığını fələk saymayır.

Atanın ananın sən qədrini bil,
Dünyanın ölümü-itimi vardır.
Heç bir şey həyatda əbədi deyil,
Hamı son gününü yaşayacaqdır.

Bir gün pərvazlanıb uzağa uçub,
Başqa bir ocağı isidəcəksən.
Gedəndə üzünü sən mənə tutub,
Bir xeyir-duamı istəyəcəksən.

Diqqət et sözümə, nicat taparsan,

Ata nəsihəti heç zaman solmaz.
Yoxsa ki, yolundan elə saparsan,
El gələr, çalışar, faydası olmaz.

Söz

Həyat öz əksini sözdə tapıbdı,
Düşüb qafiyəyə, düşüb rədifə.
Hərdən hecaları düz gəlmir onun,
Bəzən möhtac qalır bircə hərfə.

Sözlər aləmidi bürüyən bizi,
Bəndlərə düzülüb göz yaşlarımız.
Sözlər bir sevginin hicran səsidi,
Sözlə dolu olur duyğularımız.

Söz alar ilhamın başqa bir sözdən ,
Sözün özü boyda hikməti vardır.
Yerin dəyişərsən dəyişər aləm,
Söz birinə düşmən, birinə yardır.

Söz sözə calanıb, olub nur yolu,
Ucalar ərşlərə, Tanrıya çatar.
Bəzən də birinin qarşısın kəsib,
Əlacı olmayan dərdlərə salar.

Sözün hikmətini ariflər bilər,
Cahil adamların sözlə nə işi.
Hər söz bir gününü ömürdən silər,
Xəzan, tərgitməsən sən bu vərdişi.

# 1996 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #