Yarım oldu yamalaq...

Yarım oldu yamalaq...
29 avqust 2014
# 10:43

Bütün gün danışır.

Səhər, axşam, günorta,

ev, bayır, bazar, bağça,

künc, qıraq- bucaq, orta demir,

danışır ki, danışır.

“Dünya dağılmaz ki, arada sussa!”

Amma, susmaz ki, susmaz..

Yasa gedirsən - danışır, toya gedirsən - danışır. Toya gedəndə yoxluqdan, evə gələndə toxluqdan gileylənir. Hələ qonşu masadakı Fatma xalanın boynundakı qızıl zəncirin halqalarını saymağını, qızları Aytənin ayaqqabısının timsah dərisi ilə Gültənin işləməli çantasının bər-bəzəyini süzdükdən sonra mənə atdığı o baxışdakı imaları demirəm. Sağ olmuş əlindəki tikələri elə didişdirir ki, elə bil toya gələn hər qadını bir-bir süfrəyə düzüb dişinə çəkir.

Evdən danışaraq yola salır, evdə danışaraq qarşılayır. Gün dəyişir, il dəyişir, vəziyyətimiz belə dəyişir, ancaq bu insanın danışmağı dəyişmir.

Üzündə hər zaman zəhrimar,

dilində giley, güzar.

Ağzını da açmağa qorxarsan ki, deyər “azzar!"

Oturtsan, dərdini soruşsan, bax onda susacaq.

Bu dəfə içindəkiləri səssiz- səssiz qusacaq.

Küləyin səsinə, günün istisinə, yağışın nəminə, qonşunun işığına danışır.

Yazın gəlişinə, payızın gedişinə, uşaqların ayaq səsinə danışır.

Ətrinin ətrinə, yorğanın içliyinə, armudun kalorisinə danışır.

Serialların vaxtına, Ferihanın gunahına, futbol verən kanallara danışır.

Qohumunun maşınına, hal-hazırkı yaşına, üzünün qırışına danışır.

Bıçağın itiliyinə, kreslonun yerinə, bananın əyrisinə danışır.

Metroda yer verməyənə: "ay uşaq, ay uşaq, cavan adamsan dur bir az da biz oturaq. Böyüyə hörmət etməyi öyrətməyiblər sənə?"

Məhəllədən iki dəfə keçənə: "Buralarda yaman gəzir, nəsə bir iş var bunun altında."

Üzünə gülümsəyənə: "Anana gül, atana gül, nəsil-nəcabətinə gül.

Mənim gülünəcək halım yoxdur." deyib danışır.

Arada nəsə söz deyirəm sonra lap peşman oluram. Deyirəm, kaş deməz olaydım. Başlayır yenə danışmağa. Danışır, danışır, danışır...

Evlənməzdən əvvəl dördcə dəfə üzünü görmüşdüm, o da ki yarım yamalaq.

Ağzından kəlbətinlə söz alırdım, səsini eşitməyə həsrət idim.

Danışanda da bir-iki kəlmə deyib, susurdu, dünya mənim olurdu.

İndi isə susmağına həsrət qalmışam.

Dedim evlənim bir yarım olsun,

Onda da yarım oldu yamalaq..

# 2344 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #