Xalis bal – Hekayə

Xalis bal – Hekayə
17 avqust 2019
# 14:22

Sara İbrahim

“Bal var, ball!”

Bal satanın gur səsi küçəni başına götürmüşdü. May ayının sonlarından başlayaraq hər gün səhər, dağ rayonlarının birindən bal satmağa gələn qırmızıyanaq, arıq kişinin səsiylə açılırdı. Onun aramla, musiqili səslə dediyi bu sözlər sübhün şirin, bal kimi yuxusunu gözlərimdən perik salar, yatağımda uzun müddət qurcalanmağıma səbəb olardı.

Çoxdan axtardığım, qohumları dağ rayonlarının birində yaşayan bir tanışımın tapdığı xalis balı tutiyə kimi mətbəx dolabının ən gözə dəyməyən yerində saxlayırdım. Kilosunu təxminən əlli manata aldığım balı hər səhər yuxudan duranda bir qaşıq ilıq suya qarışdırıb ac mədəyə içirdim. Bu resepti mənə yanına getdiyim qadın həkimim demişdi. Hamiləlik dövründə hər gün bal şərbətini acqarına içsəm həm özüm, həm də doğulan uşaq sağlam olacaqdı. Gələcək övladımın sağlam doğulması üçün eşitdiklərimin hamısını etməyə çalışırdım. Hərdən həyat yoldaşımın bala baxdığını görəndə ona nisbətən ucuz qiymətə aldığım baldan verirdim. O, bal xoşlayan deyildi, balaca nəlbəkidə qarşısına qoyduğum balı əliylə kənara itələyib:

- İstəmirəm, bunu da sən ye, hamiləlik səni acgözləşdirib,birdən ölkədə bal qıtlığı başlayar, səni necə ovundurarıq, - deyə zarafat edirdi.

Rusiyada yaşayan qardaşım bir neçə ay olardı ki, qayıdıb gəlmişdi. Son zamanlar özünü yaxşı hiss etmirdi. Yaşadığı şəhərdəki həkimlər ona vətəninə gedib bir müddət mühiti, haasını dəyişməyi məsləhət görmüşdülər. Rusiyadan gələndə bir aya yaxın bizdə - Bakıda qalıb, sonra öz rayonumuza getmişdi. Anamla hər gün telefonla danışırdıq. Qardaşımı soruşanda hər dəfə:

- Yaxşı yemir, tez-tez qızdırması olur, - deyirdi. Mən anama qardaşımı Bakıya gətirib onu burda yaxşı müayinə etmək lazım olduğunu desəm də, qardaşım bundan boyun qaçırır, gəlmək istəmirdi. Həyat yoldaşım da bir neçə dəfə qardaşıma zəng edib danışmışdı. Qardaşıma onu burda yaxşı həkimlərə aparıb yoxlatdıracağını deyəndə razı olmurdu:

“Elə ciddi bir şey yoxdu, soyuqlamışam, sətəlcəmdi, keçib gedəcək, narahat olmayın” deyirdi.

Onun gəldiyi vaxtdan aylar keçmişdi, amma hələ də yaxşılaşmırdı, anamın dediyinə görə günü-gündən zəifləyirdi.

Qardaşımın yaxşılaşmadığını görən anam, nəhayət, onu şəhərə gəlib həkim müayinəsindən keçməyə razı sala bildi. Qardaşımı görəndə tanımadım: bu iki ay ərzində xeyli arıqlamış, rəngi avazımışdı. Təbiətən zarafatcıl, deyib-güləniydi. Mənim onun üzünə zənnlə baxıb fikrə getdiyimi görəndə yenə zarafatından qalmadı:

- Orda qoyub gəldiyim qızların xiffətini edirəm, ona görə belə saralıb-solmuşam.

Anamgil gəldikləri günün ertəsi həkimə getməliydilər. Həyat yoldaşım özü onları tanıdığı məşhur bir həkimə aparacaqdı. Üç gün əvvəldən həkimin qəbuluna yazılmışdı.

Səhər tezdən durmuşdum. Həkimə gedənlər yuxudan oyanana qədər səhər yeməyi hazırlamaq istəyirdim. Mətbəxə keçəndə anamı ayaq üstə gördüm. Kənddə tezdən oyanmağa vərdiş eləyən anam, bizə gələndə də çox yata bilmirdi. Saat altı olmamış yatağından qalxıb mətbəxdə özünə bir iş tapıb başını qatırdı.

Anam çayı qaynadıb dəmləmişdi, indi də özünün gətirdiyi süddən bişirdiyi düyü sıyığını boşqablara çəkirdi. Anamın bişirdiyi sıyığı görəndə ağzım sulansa da, özümü saxladım: yeməkdən yarım saat əvvəl, bal şərbəti içməliydim. Dolabdan balı götürüb mizin üstünə qoydum. Su bardağına tökdüyüm ilıq suya bir qaşıq bal əlavə edib qarışdırmağa başladım. Anam bal tanıyan idi, mizin üstündəki balı götürüb baxdı, sonra qaşıqla baldan azca götürüb onun qaşıqdan qaba necə süzülməsinə diqqətlə tamaşa edib:

- Xalis çiçək balıdır, bala söz ola bilməz, - dedi.

Mən o biri qabdakı balı ona göstərib:

- Buna da bax, satan deyir ki, xalis baldı, - dedim. Anam ona verdiyim qabı alıb, bunu da bayaqkı kimi yoxladı. Qaşıqdan qırıla-qırıla qaba süzülən bala baxıb başını buladı:

- Bu da yaxşıdı, amma o birinə çatmaz, bunun bir az qarışığı var, o birisi isə yalnız arının çiçəkdən çəkdiyi şirədi.

Mənim heç kimə qıymadığım, üstündə əsdiyim balı göstərib əlavə etdi:

- Buna arını yemləmək üçün də təmiz bal veriblər, bir damcı da olsa, şəkər tozu qarışmayıb.

Anamdan eşitdiyim bu sözlərdən sonra balın qiyməti gözümdə birə-beş artdı. Hazırladığım bal şərbətini başıma çəkib ağzımı ləzzətlə marçıldatdım. Xalis balı dolabda bir az geriyə, o biri qabdakı balı onun qarşısına qoydum.

Anamın qardaşımla həkimə getməyinə etiraz edəndə o, “evdə neyləyəcəyəm, gedim yanlarında olum, bəlkə bir köməyim də dəyər”, deyib mənimlə razılaşmadı.

Onlar səhər tezdən evdən çıxsalar da, günortadan keçmiş evə qayıda bildilər. Həkim işə bir az gec gəlmişdi, növbədə də adam çox olduğundan, bir saatdan da çox vaxtı gözləməklə keçirmişdilər. Müayinələrin nəticəsini öyrənəndən sonra həkimin yazdığı dərmanları alıb gəlmişdilər.

Hər üçü gözümə fikirli, kədərli görünsələr də, “həkim nə dedi, analizlərin cavabı necə çıxdı?” sualıma anamla həyat yoldaşım:

- Soyuqlayıb, ciyərlərində azca problem var, müalicəylə keçəcək, - deyə cavab verdilər.

O zaman məni gözlədiyim ilk övladım, onunla bağlı arzularım, qurduğum xəyallar daha çox məşğul etdiyindən, onların kədərli olmalarına çox da fikir verib dərinliyinə getmədim.

Anamgil kəndə qayıtmaq istəyirdilər. Qardaşım nədənsə, bizdə qalmaq istəmirdi, kəndə getməyə can atırdı. Onlar bizə gələndə İyun ayının əvvəlləriydi. Qardaşımın ad günü də elə bu ayda idi; iyunun iyirmi beşində iyirmi səkkiz yaşı tamam olacaqdı.

Səhər onları yola salmağa duranda yenə anamı mətbəxdə süfrə hazırlayan gördüm.

Ümumiyyətlə, o bizi - özümdən böyük bacımla məni heç vaxt ağır işlərə buyurub kəndimizdəki digər ailələrin qızları kimi günəşin altında, işdə-gücdə yandırmamışdı. Ev işlərinin çoxunu özü edirdi. Bacımla yatıb yuxumuzu alandan sonra, həyət-bacada yüngül işlərdə ona kömək edərdik. Mən ailə qurub şəhərə gəldikdən sonra da bir əli üstümdəydi: gücü çatandan tez-tez pay göndərir, evimin ağır işləri olanda kənddə özünün işi başından aşsa da,vaxt tapıb özünü yetirirdi.

Anam hər şeyi mizin üstünə yığıb hazır etmişdi. Mən ona “ sabahın xeyir” deyib, mətbəx dolabının üstü oymalı naxışlarla bəzənmiş qapısını açdım. İrəlidəki dolu bal qabını yana itələyib,hər gün bal şərbəti düzəltdiyim xalis balı götürdüm, şərbət hazırlamağa başladım. Anamın mizin üstünə qoyduğum bala gözünün ucuyla, iti nəzər saldığı gözümdən qaçmadı. Şərbəti içib boş bardağı danqıltıyla mizin üstünə qoydum.

Anam tərəddüdlə üzümə baxıb astadan, çəkingən halda:

- Həkim Çingizə(qardaşıma) təmiz bal yeməyi məsləhət gördü; deyir səhərlər bir qaşıq bal yesə, ona xeyri olar, tez sağalar. O baldan bir balaca qabda qoysan, səhərlər verərdim yeyərdi. Özüm də alacam, mən axtarıb tapana kimi sənin verdiyini yesə, yaxşı olardı.

Mən ona özüm hər səhər istifadə etdiyim baldan verməyi heç ağlımın ucundan da keçirtmədim: o bal uşaq üçündür,ona toxunmaq olmaz!

Xalis balı götürüb dolaba qoydum, o biri baldan balaca bir qaba töküb anama verdim. Mənim hərəkətlərimi bayaqdan dayanıb sakitcə izləyən anam köksünü ötürüb balı qoyduğum dolaba baxdı. Mizin üstündə ona vermək üçün qoyduğum bala tərəf baxmadı. Əslində, onun hansı baldan istədiyini çox yaxşı bilirdim, amma onu verməyə əlim gəlmirdi. Bal tökdüyüm balaca şüşə qabı kağız salfetə səliqəylə büküb, anamın mətbəxin küncündəki yol çantasına qoydum. Anam hələ də fikirli-fikirli dayanıb xalis balı qoyduğum dolaba tərəf baxırdı. Arada boğazını arıtlayıb nəsə demək istədi, amma heç nə demədi.

Qardaşım həyat yoldaşımla mizin ətrafında oturub səhər yeməyi yeyirdilər. Həyat yoldaşım iştahla anamın bişirdiyi sıyığı qaşıqlasa da, qardaşımın boğazından heç nə keçmirdi. Qarşısına qoyulmuş qabda buğlanan sıyığı yemədi, fincandakı çayı qurtumlarla, yavaş- yavaş içdi. Onun rəngi gəldiyi günə nisbətən, indi daha da avazımışdı. Hərəkətləri süst idi, sanki danışmağa da heyi qalmamışdı, söz ağzından tökülürdü.

Anamla hər gün telefonla danışırdım. Qardaşımı soruşanda “yaxşıdır, narahat olma, sən özünə yaxşı bax, heç nəyin fikrini çəkmə” deyirdi. Mən özümə yaxşı baxırdım, hər gün bal şərbətimi içirdim, vaxtlı-vaxtında həkim müayinəsindən keçirdim. Hər dəfə həkimimin yanından sevincək, məmnun qayıdırdım. Yaşlı, təcrübəli həkim narahatçılıq üçün heç bir səbəb olmadığını deyirdi: uşaq tam sağlamdır, hər şey nəzarət altındadır!

Qardaşımgilin getdiyi iki həftədən çox olardı. Həyat yoldaşım son günlər çox fikirli görünürdü, səbəbini soruşanda “sənə elə gəlir, niyə fikirli olum ki, bir az başım ağrıyır” deyirdi. O, əvvəllər siqaret çəksə də, biz evlənəndən sonra çəkməyi tərgitmişdi. Ata olmağın məsuliyyətini indidən hiss edirdi: “Uşağa yaxşı nümunə göstərmək lazımdı” deyirdi.

O, yenidən siqaret çəkməyə başlamışdı, bunu məndən gizlətmək istəsə də, alınmadı: onu həyətdə gizlincə siqaret çəkəndə yaxalamışdım. Həm də tütün iyini hiss etməmək mümkün deyildi.

İyun ayının iyirmi beşi, səhər tezdən telefonun zəngi bizi yuxudan oyatdı. Bacım idi, təcili kəndə getməli olduğumuzu söyləyib dəstəyi asdı. Belə tezdən gələn zənglər heç vaxt xeyrə dəlalət etmirdi. Pis bir hadisə olduğu aydın idi. Nənəmdən başqa, heç kimi ağlıma gətirə bilmirdim. Yaşı səksəni keçən nənəm, son vaxtlar tez-tez xəstələnib yatağa düşürdü.

Həyətimizdə iri yas çadırı qurulmuşdu. Mən dövrə ilə yerdəki döşəklərin üstündə oturmuş qadınların olduğu otağa girəndə, ağlamaqdan heydən düşüb səsləri batmış nənəmlə anamı gördüm. Qardaşımın qara lentlə haşiyələnmiş şəkili divardakı xalçanın üstündən asılmışdı.

Vəziyyətimi nəzərə alıb məndən həqiqəti gizlətmişdilər: qardaşım xərçəng imiş! Onun mədəsində bədxassəli şiş tapılmışdı. Həkimlər xəstəliyin axırıncı mərhələdə olduğunu deyib, anamla həyat yoldaşıma hər an, hər şey ola biləcəyini demişdilər.

Onu da bildim ki, o, hələ Rusiyada olanda həkimlər ona ağır xəstə olduğunu, çox yaşamayacağını demişdilər. Elə buna görə də, həkimə getməkdən imtina edirmiş.

Anam, bacım saçlarını yolub, dırnaqlarıyla üzlərində şırım açırdılar, amma mən ağlaya bilmirdim. Gözümdən yaş çıxmırdı. Sinəmdə, sol tərəfimdə yandırıcı ağrılar hiss edirdim. O anlarda nələr düşündüyümü xatırlamıram. Beynimdə yalnız bir söz donub qalmışdı: bal! xəstə qardaşıma vermədiyim bal! Bir də qardaşımın solğun bənizi, anamın xalis bala zillənmiş kədərli baxışları gözümün önündə dayanmışdı.

Bir qaşıq dəyərsiz balı qardaşımdan əsirgəmişdim. Övlad məhəbbəti gözümü örtmüşdü. Kəhrəba rəngli bal sarı ilana dönüb boynuma dolanmışdı, məni nəfəs almağa qoymurdu.

Bəlkə, balı qıyıb ona versəydim, ömrü bir az uzanacaqdı. Bəlkə də, dağ çiçəklərindən alınmış xalis bal onun mədəsindəki o yaman şişi əridib axırına çıxacaqdı.

Bir neçə aydan sonra dünyaya gələn oğlum xəstə doğuldu. Üç il xəstəxanalarda süründüm. İçdiyim bal şərbətləri heç bir işə yaramamışdı: uşağın bağırsağında təhlükəli infeksiya tapılmışdı. Anam kənddəki iş-gücünü atıb bizə gəldi, mən xəstə uşaqla tək bacarmırdım.

Üç yaşından sonra müalicələr nəticə verdi; uşaq sağlamlığına qovuşdu. Həyat yoldaşım xəstəlikdən sonra qəşəngləşib şirinləşən uşağı atıb-tutur, əzizləyirdi: “Şirinim, şəkərim, balım”

Mənimsə heç vaxt unuda bilməyəcəyim bal kimi bir dərdim var: hər il may ayının sonlarında, bal mövsümü başlayanda, bal satanın səsi eşidiləndə qızıldan da qiymətli bildiyim xalis balı xəstə qardaşıma qıyıb vermədiyimi xatırlayıram, köz bağlamış dərdim təzələnir, qardaşım yadıma düşür.

# 5523 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #