Daş, yoxsa kim?

Daş, yoxsa kim?
6 iyun 2014
# 13:10

Mehri Mustafa

Ala – toranlıq… Ucsuz – bucaqsız, sonu bilinməyən, ya da ki, sonu görünməyən çöl… Ayağının altda irili – xırdalı, böyüklü- kiçikli daşlar… Daşların bəziləri zəhərli göbələklər kimi rəngbərəngdi. Bəziləri çilik-çilik olmuş, paralanmış, ovulmuş, bəziləri də ilk görünüşünü saxlamışdı.

Havanın kifsəmiş qoxusu vardı. Çiyrənmiş qoxudan qorxurdusa da, bu qoxu getdikcə daha çox yayılır, bədəninin hər hüceyrəsinə hopurdu. Çəkisizlik halındaydı. Vücuduna damla – damla çilənən havasızlıqda balıq kimi çapalayırdı.

Zərrə qədər külək əsmirdi. Uzaq ənginliklərdən qulağı yoran ulaşma eşidilirdi. Elə bil hardasa çaqqal şaqqalanırdı.

Boşluğu güclə yararaq hara getdiyini özü də bilmədən daşların üzəri ilə yeriyir. Ətrafdakı hər şey qəribəlikdən xəbər verir. Əcayib mənzərə ilə rastlaşdığından karıxır. Əti ürpəşir. Bu ürpəntidən canına dolan vicvicədən ürkür, bütün qanı qaçıb gizlənir, rəngi avazıyır. Daşların əvəzinə hər yerdə donuq gözlərin onu izlədiyini görəndə dik atılır. Bu gözlər də daşlar kimi çoxdu, lap çoxdu. Hər saniyə ötdükcə də artır, yan – yörəsini bürüyürlər. Bu gözlər də daşlar kimi dürlü rənglərdədi: qırmızımtıl, tünd – bənövşəyi, boz, yosun yaşılı, xaki…

Təşviş içində əzilib – tökülür, bədənini iflic vurur sanki. Heç nəyi görmək istəmədiyindən əllərini qaldırıb üzünü ovcunun içinə alaraq bərk – bərk sıxır.

Qamışlıqdan eşidilən xışıltı ənginliklərdən gələn ulaşmayla birləşəndə meydana gələn səs İNSANı hər şeydən çox vahimələndirir.

Artıq gecədən xeyli keçsə də Ay görünmür. Tutulmuş, ya da ki, qeybə çəkilmişdi. Təbiətin zülmət pərdəsi hər yeri bürümüşdü. Hədsiz qaranlıq idi. Qəfildən səmada od yanmağa başlayır və hər tərəf apaydın görünür. Bu aydınlıqda gecə ağarır, qaranlıqsa yoxa çıxır elə bil. Odun şöləsindən ayrılan şüaların parıltısı belə insanı yandırıb – yaxmağa kifayət idi. Gecənin ortasında dəhşətli istidən diri – diri qovurulurdu. Yanan od sanki göyün dərinliklərində yox, düz yanında alovlanırdı. Su lazım idi. Şappıltı hiss etdiyi səmtə sarı qaçır. Su bilib özünü atdığı yer onu sürətlə içinə çəkməyə başlayır. Üfunəti havadan asılı qalan lillə çarpışaraq birtəhər quruya çıxır. Qarşısında öz ahəngi ilə, tənbəl – tənbəl çalxalanan bataqlıq görür.

Əsəbilik və acıqla deyir: “Bu mənəm? Başım xarab olur, bəlkə?” Birdən gözlərini yumub var gücü ilə bağırır: “Yooox, dəli olmaq istəmirəəəm. İstəmirəm dəli olum.”

Göydə yanan alov getdikcə yoxa çıxır, ilğım təki çox zəif işarırdı.

Lillə örtülü bədəni soyuqdan üşüyür. Yerə sərilib ilan çalmış kimi qıvrılmağa başlayır. İstəyir ki, əriyib yerə girsin, torpağa qarışsın, ya da ki, torpağı əyninə geysin, bircə üşüməsin. Yenə donuq gözlü daşları görür. Əlinə keçən daşları hirs – hikkəylə yerə çırparkən, hara gəldi tolazlarkən gözləri hədəqəsindən çıxır, simasını itirir, quduzlaşırdı. Beləcə azacıq da olsa təsəlli tapır, əsəbi bir qədər səngiyirdi. Haradansa səs eşidilir:

- Hey, insan oğlu!

Səndələyir, az qalır ki, yıxılsın. Müvazinətini güclə saxlayır. Əslində bu əndirəbadi çöldə canlı deyilə biləcək təkcə özü idi. Səs təkrar eşidilir:

- İnsan oğlu, səninləyəm!

Öz – özünə: “Lənət şeytana,deyəsən, doğrudan dəli oluram axı,”-deyir. Dili dolaşa – dolaşa soruşur:

- Nəsən? Nəsən axı?

Sualından pərt olur. Özünü qınayır. “Heç danışan birinə də “nə” deyərlər?” – deyərək dodağının altda donquldanmağa başlayır. Həmin səs yenə eşidilir:

- Sualın yerinə düşmədi, qardaş. Nəsən yox, kimsən!

O tərəf, bu tərəfinə baxır. Qarşısında qara – qəhvəyiyə çalan daşın onunla üzbəsurət dayanıb danışdığını görəndə: “Aman Allah”- deyərək üz – gözünü şapalaqlamağa başlayır ki, əgər yuxudadırsa, ayılsın ,bu məchulluqdan canını qurtarsın. Üzəri cadar-cadar olan daşın donuxan gözlərisə düz ona dikilmişdi. O da baxışları daşa zillənmiş halda bir xeyli dayandıqdan sonra ixtiyarsız soruşur:

- Niyə axı KİM?

- Bir vaxtlar NƏ idim. O zamanlar ki, bu ucsuz – bucaqsız çöldə yaşayırdım.

Maraq beynini sarır və soruşur:

- Sonra nə oldu?

- O oldu ki, insan adlı varlığın ürəyinə, beyninə, lap elə ruhuna nüfuz etdim. Daş olmaqdan çıxdım. Siz daşlaşdınız mən oldunuz. Nəyə çevrildiniz, mən də KİM oldum. Mən kimləşdim, sizsə kimlikdən çıxdınız. NƏ oldunuz, nələşdiniz.

Nələrin, kimlərin içində çaş – baş qaldığındanmı, yoxsa ki, cümlələri doğru-dürüst anlamadığındanmı başını silkələyib bir də həmin daşa baxır. Heybətli daşsa:

- Bir vaxtlar yaxın kənddəki çox yaşlı bir qarını tez – tez ortancıl oğluna: “Kaş sənin yerinə qara bir daş olaydı” deməsi bəzən qüruruma toxunurdu. Hal – hərəkətləri ilə anasına dağlar çəkən birinə oxşamaq, nankor birinə bənzədilmək, naxələf övladın yerinə qoyulmaq kimə xoş gələrdi ki? –deyib onun sol tərəfinə keçir. “Məsələn, sən istərdinmi?”- deyə soruşur.

O da matı – mutu qurumuş halda: “Yox, istəməzdim” – deyir.

- Bax, mən də istəmirdim. İnsanı əvəzləməyi qəti arzulamırdım. Amma çox dedilər, bezdim. İnsanın qəlbinə girdim, ürəyində yuva qurdum. Hissiz, duyğusuz birinə, daşa – özümə çevirdim qəsdən. Nədi, yorulmusan?

- Yox, yox, səni eşidirəm. ( Çaşıb “sən” deyir. Bəlkə də, çaşmır?! )

DAŞ insan üzərindəki üstünlüyünü hiss edir, özündən razı halda:

- Bəli, SƏN. Yəni, səndən biri olan MƏN- deyərək kinayəli baxışlarla pal – paltarı cırılan, üst – başı lilə bulanan, toz – torpağa batan insan oğlunu başdan ayağa süzür. Sonra davam edir:

- Bəzən də: “ daşa demirəm, sənə deyirəm” demələri xətrimə dəysə də artıq barışmışdım taleyimlə. Düşünürdüm ki, artıq beynin daşlaşmaq məqamı yetişib. Mən lazımam. İnsanın istəyini yerinə yetirdim: bütün keçmişini sildim, darmadağın etdim.

Susub əlavə edir:

- Ən dəhşətlisi bilirsənmi nədir?

- Yox, bimirəm. Nədir ki?

- Ruhun daşlaşması. Ruh ki daşa döndü…

Artıq heç nə eşitmək istəmir. Qulaqlarını tutaraq qaça – qaça o daşın yanından uzaqlaşmağa çalışır. Daşlar da hamı bir nəfər kimi yekdil olub onu haraylayır:

- Heeeyyy, insan oğluuu…

Bu haylamanın əks – sədası çaqqalların şaqqalandığı uzaq ənginliklərə, soxulcanların eşdiyi leşlərlə dolu olan dərələrin diblərinə, canlıların qarğa – quzğuna yem olduğu sıldırım qayalıqlaracan gedib çıxır.

Ayağı altda qalan daşlara ilişib üzüqoylu torpağa sərilir. Başını qaldıranda donuq gözlü daşları yox, hər yerdən ona sarı boylanan öz əksini görür. Bədənini soyuq tər basır. Öz – özünə baxmağa başlayır. Üz – gözünün, əl – ayağının, bədəninin daş olub – olmadığını yoxlamaq üçün diqqətlə özünə tamaşa edir. Güzgü tək onu əks etdirən əksi, təəssüf ki, nə ürəyini, nə beynini, nə də ruhunu göstərə bilir.

Fikirləşir ki, bütün yaşadıqları onun ölümüdü, bəlkə də. Bəlkə də, daşlaşmasıdı?! Bu fikir tikan olub beyninə batır, sarmaşıq tək bütün vücudunu sarır. Bədəni süst düşür. Torpağa yıxılır. Beləcə hərəkətsiz qalır.

Zaman ötür. Günlər keçdikcə o da daş olub daşlara qarışır. Daşlaşır. Kimlikdən çıxır. Nə olur, nəyə çevrilir.

2014, may

# 2124 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
#
#
# # #