Təmiz adam

Təmiz adam
1 mart 2016
# 16:57

Atam təmiz adamdır. O qədər təmizdir ki, hərdən onun uşaq sadəlövhlüyü ilə kiminsə yalanına inanmağı belə məni güldürür. Bəlkə də inanmır, yaxud qarşısındakına o qədər hörmət və ehtiramla yanaşır ki, həmin kəsin atama yalan danışmağı fikrini beyninin içinə buraxmır. Özü isə nə böyüyə, nə də kiçiyə yalan danışmaz, danışa bilməz.

Ağlım kəsəndən dünyanın eybəcərliklərini, bicliklərini görməyə başlayandan atamın maddiyyat yox, mənəviyyat adamı olduğunu görmüşəm. Elə bizi də - üç qızını, indi də oğul nəvəsini bu ruhda tərbiyə edir. Atam o qədər gözü toxdur ki, namaz qılıb oruc tutmasa da, alnını hər gün 5 dəfə möhürə vurub namaz qılan birindən, bir ay oruc tutmaqla Allaha yaxın olduğunu zənn edən, əslində isə sadəcə əməlləri ilə yox, mədəsini ac saxlamaqla Allaha yaxın olan birilərindən daha çox Allahına şükr edir.

Atamı məscidə gedən də görməmişəm. Allah yolunda qapı-qapı düşüb dilənən birinin əlinə pul qoyan da. Amma, atam qarnı ac birinə evdən bayram süfrəsindən xörək aparar, şirnilərdən pay verər. Atam öz dindarlığını, namazını, 1 ay ac qalmasını hamının gözünə soxan bəzilərindən deyil. Atam ruhu ilə, əməlləri ilə Allah adamıdır.

Onun kimi olmaq istəyirəm. Amma tam onun kimi olmaq çətindir. Atam atasını görməyib. 1942-ci ildə anadan olmamış atası Qaybalı kişi faşizm uğrunda qələbə çalmaq üçün əsgər gedib və geri qayıtmayıb. Elə atamın da adını babam qoyub - əsgər getməyi şərəfinə Əsgər. Bir ömür yaşayır atam – 74 il ərzində tanıdığı tanışların, dostlar ya qohumların, elə qonşuların da atamdan incidiyini görməmişəm. Heç kimdən küsülü qalmayıb, heç kimi incitməyib. Sözü üzə deyib, söhbəti də elə yerində bağlayıb, uzatmayıb.

Elə bizə də böyüyə hörmət etmək, sözü üzə demək, ən əsası xasiyyətdə və hərəkətlərdə əxlaqlı və tərbiyəli olmağı atam öyrədib. Atam üçün həyatı boyu pula hərislik, pullu adamın yanında olmaq, yaltaqlıq etmək və riyakar olmaq anlayışları uzaq olub. Atam heç zaman təhlükəli yalanları ilə kimisə təhlükəyə atmayıb. Atamın həyat prinsipi isə dözümlü və səbirli olmaq. Öz istəklərin üçün kimisə qurban verməmək. Atam məsuliyyətsizliyi və yalanı sevməz. Özü də yalan danışmaz. Heç balaca nəvəsinə belə. Etməyəcəksə aldatmaz. Mənim də yadıma gəlmir atam “Dərsini oxu, səni gəzməyə aparacam” deyə məni aldatsın yaxud həvəsləndirsin. Əksinə, hər zaman dərs oxumağı bizim əsas vəzifə borcumuz sayıb. İndi bu borcu Arif yerinə yetirir. Bəlkə elə bu səbəbdən günü bu gün də onu tanıyanlar tərəfindən hörmətlə xatırlanır.

Onunla daha çox yol yoldaşı olduğundan atamın kişi xasiyyətlərinin az bir hissəsinin mənə keçdiyini görürəm. Mənim sözümü dediyim adam da atamdır. Onunla bütün söhbətləri edirəm. İstədiyim məsləhəti alıram, bəzən razılaşmasam belə nəticə etibarilə sonda atamın düz yol göstərdiyinin şahidi oluram. Bəzən isə içimdə onunla müharibə edirəm. Səbəb belə mürəkkəbliklər içində bizdən də bu qədər təmiz – tərtəmiz olmaq istəyidir.

Atam bizə haram yedirməyib. Sovet dönəmində yaxşı vəzifələrdə olsa da, yaxşı qazansa da bu yaxşı qazanc ancaq əmək haqqı olub, vəssalam. Nə yoxlamalarda kiminsə dərisini soyub, nə də ki, çuğulluq edib. Hər bir işini qaydalar çərçivəsində görüb. Bir çox hallarda isə gördüyü haqsızlıqları şeirlərinə köçürüb. Bizə oxuyub. Mən atamın əsəbiləşib hədəqədən çıxdığını da görməmişəm, həyasız kişilər kimi söyüş söydüyünü də eşitməmişəm. Heç eşitməmişəm. Ona görə yox ki, atam evdə 3 qız uşağı böyüdüb. Sadəcə atam tərbiyəli və nəzakətli insandır. Ən gərgin anlarımızda belə dözümlü olmağı bacaran biridir, özünü əzdirməyəndir.

Qəlbinin dərinliyində bir yerdə ağrı-acı hiss etsə belə bunu bizə hiss etdirməz atam. Bizi narahat etməkdən qorxar sanki. Atam mütaliəni sevən adamdır. Bizim kitaba olan həvəsimiz, oxumağımız da atamdan keçib. Uşaq olanda evə çoxlu kitab alan və bizə “Bala, dərsinizlə bərabər bu ədəbiyyatı da oxuyun ki, adam olun” deyən adam. Kitabı oxuyub başa çatdıranda isə atamın bizə hədiyyəsi yenə də yeni bir kitab olub. Hamı üçün atası arxa-dayaqdır. Mənim üçün də atam güvənc yerimdir. Mən atamla fəxr edirəm. Hec zaman ona görə utanmayacağımda, xəcalət çəkməyəcəyimdən əminəm. Çünki təmiz adamdır. Təmiz yaşayıb. Və uşaqlarının başını aşağı edəcək bir iş görməyib.

Təmiz adam bizə də təmiz yaşamaq öyrədib.

# 1526 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #