Elyanora

Elyanora
24 avqust 2019
# 16:36

Zeynəb Şax

Qara rəngə bürünmüşdü bu gecə də. Sümükləri qabarlanmış çiyinləri, qütb ulduzu tək işım-işım işıldayırdı qaranlıqda. Beli o qədər incə idi ki, hər an qırılacaq kimi dururdu. Dərisi ilə sümüyü arasında heç ət qalmamışdı sanki. Buna rəğmən şux qaməti, zərif görünüşü, özündən razı yeriyişi illər öncə olduğu kimi qalmışdı. Onu tanımayan biri olsam əgər, zəif, kövrək bir qadın olduğunu düşünə bilərdim. Lakin mən, onun nə qədər güclü bir qadın olduğunu bilirdim. Paltarını xışıldadaraq mənə doğru yaxınlaşarkən, gözlərimə baxdı bir anlıq. Ürəyimdəki bütün hiddəti gözlərimlə ona çatdırmağa çalışdım, lakin buna qabil ola bilmədim. Gözlərindəki səmimi baxış, dodaqlarındakı zərif təbəssüm valeh etdi yenidən məni...

***

İlk dəfə, 3 il öncə, Anna Nikoloyevnanın evində keçirilən böyük bir yığıncaqda rast gəldim ona. Elə gözəl, elə zərif idi ki, hər kəsin gözləri onun üstündəydi. Ətrafına xoş, tərif olunmaz təbəssümlər bəxş edirdi. İlk baxışdan aşiq olmuşdum, Elyanoraya. 25 yaşı olmasına rəğmən, o qədər saf, uşaqsı, məsum idi ki görünüşü, bu gözəlliyi sevməmək mümkün deyildi. Anna bizi bir-birimizə təqdim etdiyində, incə əllərini, əllərimin arasına alıb kiçik bir öpüş qondurdum və tanışlığımız beləcə başlandı.

O gecədən sonra tez-tez görüşər və bir-birimizi tanımağa çalışardıq. Çox keçmədiki Elyanoraya onu nə qədər çox sevdiyimi etiraf edib, onun da məni sevməsini arzu etdiyimi bildirdim. Bundan sonra biz daha da yaxınlaşdıq və ayrılmaz cütlüyə çevrildik. Hər gün səhər yeməyi üçün onun evinə gedər, axşam olduqda təəssüflə ondan ayrılardım. Tez bir zamanda evlənmək istəməyimə rəğmən, Elyanora buna qarşı çıxır evlilikdən boyun qaçırırdı. Dəfələrlə təkid etməyimə baxmayaraq hələ bunun üçün tez olduğunu söyləyirdi. Münasibətimizdən heç kəsə söz etməyə icazə vemirdi, buna illərdir dostluq etdiyi Anna da daxil idi.

Bir gün səhər evimə gözlənilməz bir məktub gəldi və bununla da qəlbimdə qapanmaz yaralar açıldı. Məktub ondan gəlirdi. Artıq məni sevmədiyini, buralardan gedəcəyini, bir daha geri dönməyəcəyini yazırdı: düzgün bir xəttlə. Heç əli əsməmişdi yazını yazarkən. Heç ürəyi sızlamamışdı məni atıb gedərkən. Məktubu 4 dəfə ardıcıl oxudum. Bunun ola biləcəyinə inanmırdım. Ayrılmağımız üçün bir məna, ən kiçik bir səbəb yox ikən niyə getmişdi məndən? Bir neçə cümlədən ibarət məktub yazıb getməsini, hələ bir də -“gedirəm, amma məni bağışla”- deyə xahiş etməsini anlaya bilmirdim. Bu ani ayrılığın səbəbini öyrənmək üçün evinə getdiyimdə, heç kəsi tapa bilməmişdim orada. Çoxdan yığışıb getmişdi. Çata bilməmişdim ona. Burada yaşadığı evi, adı və yaşından başqa heç bir məlumatım yox idi onun haqqında. Fransada hansı şəhərdə yaşadığını, ailəsinin kim olduğunu nə işlə məşğul olduqlarını soruşduqda keçişdirərdi hər zaman. Suallarımı heç vaxt cavablandırmaq istəməzdi.

***

Ah, Elyanora... O necə də gözəl idi. Amma yox! Yenidən bu gözəlliyə aldana bilməzdim. Onun insanları necə ovsunlamağı bacardığını, bir baxışı ilə hər kəsi özünə necə heyran buraxdığını ilk görüşdə anlamışdım. Bir zamanlar mən də ona heyran qalanlardan, hətta ona aşiq olan kəslərdən biri idim. Əvvəllər, dünyada ondan başqa kimsə yoxmuş kimi görünürdü gözlərimə. Ta ki, heç bir şey söyləmədən getdiyi o günə kimi. Mən ona bütün qəlbimlə inanıb, onu ən dərin hisslərimlə sevərkən, o məni tərk etdib getmişdi. O gün bir daha anladım ki, həyatda heç kəsə özündən çox dəyər verməyəcəksən. Ən əsası isə, nə olursa olsun qadınlara heç vaxt güvənməyəcəksən!

***

Gülümsəyərək yanıma gəlib, -“salam”- dedi. Heç bir şey olmamış kimi, bütün bunlar yaşanmamış kimi... Cavab vermədim. Çünki danışmağa başlasam sərt sözlər sərf edəcəyimdən qorxurdum. Yanından uzaqlaşmaq istədim. Qolumdan tutdu xəfifcə, -“sizinlə danışmalıyam”- dedi. Nə danışacaqdı mənimlə? Atıb getdiyi üçün üzr istəyəcəkdi bəlkə?!

- Dinləyirəm. Buyurun!- dedim, səs tonumun sərt səslənməsinə diqqət edərək.

- Bilirəm, məni əsla bağışlamayacaqsınız. Sizi tərk etdiyim üçün mənə çox acıqlısınız, lakin bir qulaq asın, xahiş edirəm. Deyəcəklərimi anlamağa çalışın. Sizə məktub yazıb səssizcə həyatınızdan çıxdım çünki mən, evliyəm. Rəfiqəmin keçirdiyi bala dəvət aldığım üçün Moskvaya gəldim və sizinlə tanış oldum, daha sonra yay mövsümünü burada keçirməyə qərar verdim. Həyatımın ən xoş 2 ayını keçirdim sizinlə, əsl sevginin nə demək olduğunu anladım. Lakin daha sonra evə qayıtmaq vaxtı gəlib çatdı. Məktubla bütün bunları sizə izah edə bilməyəcəyimi bilirdim. Buna görə də bunların heç birindən söz açmadım. İndi bunları sizə nəql etməyimin səbəbi odur ki, Aleksey Petroviç, sizi nə qədər çox sevdiyimi biləsiniz. Siz mənim hər zaman xatirələrimdə olacaqsınız. Mən sizi heç bir zaman unutmayacağam. Əlvida Aleksey... Əlvida sevgilim... Əlvida!

# 5381 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #