Ulduz xəyanət etməz – Yeni şeirlər

İlkin Mirələmov

İlkin Mirələmov

10 fevral 2022
# 17:40

Kulis.az İlkin Mirələmovun şeirlərini təqdim edir.

Qəlbdən gələn sədalar

Bəstəkar olsaydım əgər,
Sənə ithafən,
Notları bir-bir düzər,
Mahnıların başlığı olardı səndən,
Sonu danışardı
– yalnız məndən.

Mən rəssam olsaydım əgər,
Sənli bir kaninat çəkər,
Səni səndən alardım mən,
Sənli sənsiz qalardım mən…

Əlvan fəza olsaydım mən,
Dünyanı seyr edərdim tək
ucsuz göylərdən.
Başlanğıc sən, axır da sən,
Kainatı məhrum etməzdim,
gözəllikdən, sevincdən.

Mən bir sevgi olsaydım ki,
İlahi məhəbbətləri,
Ulduzlardan yaxın planeti,
Onların ən möhtəşəmini,
Səni tapardım yəni…

Mən güclü bir şimşəkdim ki,
Dəli şeirlər qəhrəmanı,
Batmış okeanlar gəmisi,
Dərinliklər xəzinəsi,
Ürəklərə ümid olardım,
Sonsuzluğa mavi xəyallar sığdırardım.

Mən bir yazar olsaydım,
Sənli qalın kitablarda,
Arar dərin sevgi tapardım,
Baş qəhrəman kimi qalar,
Səni kitablara yazardım…

Sən olsaydın acı həqiqət,
Kitablarda boş sükunət.
Mənsə dərin səsizliyin,
Gün doğmayan girdabında.

Soyuq çöllər, əsir külək,
Bu soyuqluq kaş olmasa,
Günəş bizə yenə doğsa,
Həyat xoş bir ümid olsa,
Sən arzular çırağı,
Xoş qayələr sorağı,
Mənsə yoxsul ümidlərin,
Düşüncələr limanıydım,
Sənli günlər sorağıydım…

Qar başlasa, çovğun gəlsə,
Soyuq düzlər buzlar kəssə…
Dediklərim qəlbdən gəlsə,
Ümidlər də köklü bitsə,
Bura qaranlıqdır, yoxdur kimsə…


Son gülüş

Sakit əsən, güclü külək,
Sən ki, çox iradəli,
Vüqarlı dağlar kimisən.
Qopar bir gün fırtına,
Olsun tufan,
Çən, duman.
Səhra baxışdan mənə,
Kiçicik sevinc,
– ürəkdən.

Əsəndə saf sevgimdən,
bir parça,
Bir qədər gəitir.
Çalış, bir az tez yetir.
Kədərimə qoşul sən,
Bulud kimi göylərdən.
Onun buz baxışından,
Donan göz yaşlarından.
Gətir özünlə mənə,

Bu gün qızıl sözünlə,
Yaxın, şərik ol mənə.
Xəyal gücüm göylərdə,
O sonsuz ümidlərdə.
Mənə bircə tap gətir,
Edərəm mən daş səbir,
Gətir mənə gülüşün,
Onun qəmzə, yerişin.
Mənə gətirməsən də,
Mən həsrətlə baxaram.
Yollardaca qalaram,
mən ki, zəif insanam.


Gətir mənə bir dönüş,
– sadə gülüş,
Bir baxış,
Çıxmaz əsla yadımdan,
O son gülüş, son baxış...


Bizim dünya çox sevir,
Gözlənilməz işləri,
son baxış, sevincləri.

Sevirsənsə həyatı,
Son görüş, gülüşləri,
Məğrur ol, elə yaşa,
Sanki sonsuzmuş kimi...

Ulduzdan mesaj

Qaranlıq səma,
Sərin əsən nazik külək
Sevimli uşaq kimi,
Şıltaq və kövrək.
Sonsuz kainat,
Ulduzlar milyonlarca:
– ucsuz, əlvan fəzada.
İnsan kimdir?
– Sonsuz arzu mənbəyi.
Həyat nədir?
– Gəlimli və gedimli...
Yamyaşıl çəmən,
Uzanmışam mən.
Ulduzlar işıldadır,
Mənim qara dünyamı,
Düzgün, əyri yolları.
Xəyal gücü çox geniş,
Düşündükcə yol dərin,
Saf fikir daha sərin.
Mənimsə kainatıma,
Çətindir gediş-gəliş.
O yol parlaq səmadır,
Sonlu bol ulduzlardır.
Yağış yağır,
Külək əsir.

Sanki yağış güclənir,
Küləksə nəğmə deyir.
Sizə öz həyatımdan,
Yaxın uzaqlarımdan
İstədim ki, söz açım,
Olanları yada salım.
Mənim vardı bir dostum.
Yaxın dostum, can dostum.
Ruhsuz heç olmur bədən,
Dostsuz yox, olmur adəm.
Hərgiz bilim, çalışım,
Sizə ondan danışım:
Dostdur, yaxın insana.
Hər zaman dayaq sana.
Dünya tamam dəyişib.
Vəfalılar azalıb.
Zamanımız qocalıb.
Mənim sirdaşım vardı,
Zamanında dayaqdı.
Yaxşı gündə həmdəmim.
Sevincimdə o mənim,
Hər zaman yanımdaydı.
Uzaq yaxınımdaydı...
Yaxşı günlər olduğu,
Vardır bir gün bəd gündə,
Yaxşı olar dost olan,
Yanında olsun sənin,
Həm xoş gündə, bəd gündə
Mənim bir an ayağım,
Çox möhkəmcə büdrədi.
Göydən yerə sovruldum,
Yer möhkəmdi, çox sərtdi.
Üzdüm qəm dəryasında,
Həqiqət yalanında.

Sahib oldum inanca,
O qoymaz heç vaxt səni
Yarı yolda, boş yolda.
Gözüm hey onu gəzdi,
Qəlbim onu istədi...
Yanımda görsün onu,
O yox olmuş, doğrusu.
Niyəsini bilmədim,
Çox şeyi içdə çəkdim.
Vaxt dolandı, il gəldi,
Fəsillər yer dəyişdi.

Yaz oldu güllər, açdı,
Günəş yenə parladı.
Kiçicik həyatıma,
Ömür denən yazıma.
Mənim də öz ömrümə,
Bahar xoş təravətli,
Günəşli, çox gülşənli.
Həyat bir fərqli gəlidi.
Bu dünya mənə aid,
Balaca dünyadır o,
Xəyaldan da böyük o.
İnsanlardan üzüb əl,
Xəyal dünyama sən də gəl.
Ulduzları sevirəm,
Düşünürəm, bilirəm.
Yaşıl çəmən,
Bir də sən.
Ulduzları eylə seyr,
Gör onlar nələr deyir...
Bu işə gəl qoy sən qol
Ulduzunla bir dost ol.
Unutma, yadda saxla!
Ulduz etməz xəyanət,
Bu iş yalnız məxsusdur,
Adı bəşərdir, fəqət.
Çox danışdım daha yetər.
Mənim ulduz kiçicik,
Deyildir, o çox böyük.
Mən görürəm onu,
Balaca, göz dolusu.
Onun adı “Parlaqdır”
O hər şey də haqlıdır.
Mənim ümman dərdimə,
O yalnız şərik oldu,
Parladı, yalnız soldu.
Mən indi ancaq dərdi,
Ulduzumla bölürəm,
Danışıram, gülrəm,
Bəzən, kədərlənirəm...
Parlayıb sönərək, o.
Sanki mənə sirr verir.
Mən bilirəm, çox sevir,
Dərdləşib, bölüşməyi,
Sevib, sevilməyi.
O vəfalı bir ulduz,
Mənsə adi bir insan.
İnsan yaxşı olardı,
Qala hər zaman insan!
Həyat bunu istəyir,
Fani olan üzünü,
Sevincini, gününü.
Bölsün xoş yalan səsi,
Aldadsın o hər kəsi,
Aldanmasın, ağıllı şəxsi...
Səxavətli, tam insan.
Olma namərd heç kəsə!
Yoxsa heç kəs tamam,
Bölməz sənlə sirrini,
"Böyük", ya "kiçiyini".
Ulduzum belə deyir:
“İnsan bir dəfə gəlir,
Yox olmur ancaq gedir.
Siz də düşünməyin ki,
Aldadım bircə şəxsi.
O bircə şəxs sonralar,
Qabıq bağlar yaralar.
Qalan sizə etdiyiz,
Pis işlər, ya xoş işlər,
Hər kəs də özü bilər.
İnsan olan yaxşıdır,
Yaxşı olanlar isə,
Həmişə insan qalandır.”

Bir az mənlə qal:
– Sonsuz yaşam kimi,
Böyük ümman kimi.
Çağlayan qəlbimi isit:
– Sonsuz parlayan
günəş kimi,
Açılan yeni səhər kimi...
Mənə böyük ümid ver,
Bir az da sevgi.
Bilirsənmi niyəsini?
Ümid lazım mənə çox,
Sonsuz sevgi niyə yox?
– Çünki sevgi özünsən,
Sən, qəlbimdən birisən.

# 1013 dəfə oxunub

Oxşar xəbərlər

# # #