2 fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunur. 1996-cı ildə "Azərbaycan gənclər forumu"nun keçirilməsi ilə bağlı olan bu gün təqvimə ulu öndər Heydər Əliyevin 1997-ci il tarixli sərəncamı ilə gənclər günü kimi daxil oldu. O vaxtdan nə az, nə çox düz 24 il keçib. 90- cı illərdə hardasa iyirmi yaşlarında olan gənclər indi artıq əllini haqlayıb və hətta aşırıblar. İndi onların arasında baba və nənə olanlar da var. İllər sonra dönüb arxaya baxanda zamanın necə amansız sürətlə keçdiyinin şahidi oluram.
Bəli, 90- cı illərdə biz gənc idik. Tələbəlik illəri milli-azadlıq hərəkatından keçən gənclər. Az sonra müharibə başladı. Universitetdən tanıdığımız neçə-neçə tələbə yoldaşımız Vətənin müdafiəsi üçün könüllü cəbhəyə yollandı. Onlar 1990-cı ilin qanlı yanvarında şəhid olmuş tələbə Ülvi Bünyadzadənin ardıcılları idi. Sağ qalsaydılar, bu gün cəmiyyətdə öz sözü, öz mövqeyi olan bir ziyalı idilər. Amma nə yazıq ki, biz onları elə gənc yaşda itirdik. Arzuları ürəyində nakam qalan neçə-neçə cavan Şəhidlər Xiyabanının əbədi sakini oldu.
Bu sətirləri yaza-yaza öz-özümə sual verirəm: Biz, sağ qalan gənclər necə, o zaman gəncliyimizi doya-doya yaşaya bildikmi?
Nə yazıq ki, bizim gəncliyimiz ölməz Səməd Vurğunun dediyi kimi, qanlı-qadalı illərdə keçdi. Sanki zaman da bizim əleyhimizə idi. Bir mahnıda deyildiyi kimi, mən nələr görmədim bu gənc yaşımda...
İnsan ömrünün bahar fəsli sayılan gənclik illərində biz xalqımızın qan yaddaşında əbədi qalan 20 yanvar faciəsini gördük. Nişan xonçası bağlı qalan tələbə yoldaşlarımızın toy xəbəri yerinə vay xəbərini eşitdik. Vətən torpaqlarının ard-arda gələn işğalı, ağır iqtisadi durum, qaçqınlıq, evsizlik, işsizlik, siyasi çəkişmələr, daxili münaqişələr, nələr, nələr... Bütün bunlar bizi hər gün bir az da qocaltdı. Və günlərin bir günü gözümüzü açıb aynadan bizə saçı ağarmış, üzü qırışmış, beli bükülmüş bir insanın baxdığını gördük. Bu insan gəncliyini yaşamadı. Hamısı da bədnam bir qonşunun mənfur xisləti üzündən. Yaş etibarilə mənsub olduğum orta nəslin nümayəndələrinin əksəriyyəti bu fikirdədir. Bir yerdə, bir məclisdə gənclik illərindən söz düşəndə "biz gəncliyimizi yaşamadıq" deyirik.
Amma şükürlər olsun ki, bugünkü Azərbaycan gənclərinin şücaəti sayəsində biz ömrün ikinci baharına qədəm qoyduq, Qarabağın işğaldan azad olması bizi neçə yaş cavanlaşdırdı. Körpəliyi çətin illərə düşən, min bir əziyyətlə böyütdüyümüz övladlarımız sələflərinin axıra çatdıra bilmədikləri müqəddəs bir missiyanı qəhrəman kimi yerinə yetirdilər. Hər dəfə bir rayon, bir kənd işğaldan azad olunanda sanki cavanlaşdıq, üzümüz güldü. Əlbəttə, itkilərimizdən sarsıldıq, ağladıq, əzab çəkdik. Əlini, ayağını, gözlərini itirmiş qazilər canları hesabına bizə Vətəni qaytardılar. Onların qarşısında utandıq. Bu problemi özümüzdən sonrakı nəslə ötürdüyümüz üçün. Amma fəxarət hissi də yaşadıq. Belə gəncləri böyütdüyümüz üçün.
Bu gün bu gənclərin bayramıdır. Ruhunuz şad olsun, bizə zəfər gününü yaşadan şəhid övladlarımız. Bayramın mübarək, qarda, şaxtada ana Vətənin keşiyində duran Azərbaycan gənci. Arzum budur ki, vaxtsız qocalmayasınız. İnanıram ki, işğaldan azad etdiyiniz Qarabağı cənnətə çevirib gəncliyini şəhidliyə bağışlayan, heç vaxt qocalmayan həmyaşıdlarınızın yarımçıq qalmış arzularını da siz həyata keçirəcəksiniz.
P.S. Şəhidlər Xiyabanını ziyarət edəndə birinci Qarabağ savaşında itirdiyimiz gənclərlə bərabər itirdiyimiz gəncliyi də axtarıram. Heç vaxt tapa bilməyəcəyimi bilə-bilə...
Biz gəncliyimizi yaşamadıq - Tərlanə Əliyeva yazır
2 fevral 2021
14:55
4800 dəfə oxunub
Oxşar xəbərlər
Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov
15:18
9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə
13:17
3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı
10:31
15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov
11:08
18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov
13:50
27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi
17:40
18 iyul 2024