Arvadına kölə kimi baxan varlı ər – Hekayə

Arvadına kölə kimi baxan varlı ər – Hekayə
22 oktyabr 2020
# 16:44

Kulis.az Şahsənəmin “Ehtimal” hekayəsini təqdim edir.

Həə... qəribə oğlan idi, qəribə də adı var idi - Ariz. Ucaboy, arıq, alın nayihəsindən saçları erkən tökülməyə başlamış ağbəniz, yaraşıqlı sayılacaq, təxminən 30 yaşlarında bir oğlan idi. Daimi müştəriləri olan bu səmimi oğlanla dostlaşmışdılar. Sosial şəbəkədə də dostluq edir, hal-əhval tuturdular. Sosial şəbəkəni niyə bağladığını, niyə dostluqlarının pozulduğunu xatırlamağa çalışdı.

İnternet saytından dövlətə xəyanətdə ittiham edilərək həbs olunmuş nüfuzlu iş adamı barəsində oxuduğu xəbər illər öncəsinə aid bir iş gününü, Arizi gördüyü son günü xatırlamağına səbəb oldu. O gündən sonra qəfil bütün əlaqələrini kəsmiş, yoxa çıxmışdı.

Onun danışdığı əhvalatla ərinin danışdığı əhvalatları birləşdirmiş, ortaya tükürpərdən bir cinayətin təsviri çıxmışdı o vaxt...

...Ofisdə təmir işləri gedirdi. Koridorda toz-torpaq əlindən tərpənmək mümkün deyildi. Buna baxmayaraq iş öz qaydası ilə davam edirdi. Nahar fasiləsində adətən yaxınlıqdakı parka yeriməyə çıxardı. Bu gün müdir ofisdə olmağı, vacib qonağı qarşılamağı tapşırmışdı. Səhər evdən tələm-tələsik, makiyaj etmədən çıxmışdı. Fürsətdən istifadə edib makiyaj eləyirdi.

- Çirkinləri başa düşdük, gözəl qadınlar niyə makiyaj edirlər?

Diksindi. Göz qələmi əlində yerə düşüb Arizin ayağının ucuna doğru dığırlandı. Ariz qələmi uzadaraq: “Tövbəli olmasaydım sənə kompliment deyərdim” – dedi.

Həm qəfil qonağın gəlişindən, həm ərkyana dediyi sözlərdən sıxıldı. Yanaqları allandı. Tez tökdüklərini çantasına yığdı.

- Müdir gec gələr?

- Yeməyə çıxıb.

- Saat 3-ə işləyir artıq. Bulkası nə yaman uzun oldu müdirinin?

Gülüşdülər. Gərginliyi keçdi. Qonağa çay süzüb kompüterdə qurdalanmağa başladı.

Arizin kefi kök idi, söhbətə girişmək istəyirdi.

- Bilirsən nəyə tövbə etmişəm?

- Nəyə?

- Evli xanımlara kompliment deməyə. Demək belə...

...Universiteti bitirib işə yeni qəbul olunduğum vaxtlarda başıma qəribə bir əhvalat gəlmişdi. Sağlamlıq haqqında arayış almaq üçün poliklinikaya getmişdim. Poliklinikaları bilirsən də, uzun, dar dəhlizləri olur. Bir-bir həkimlərin qəbuluna girir, yüngülvari yoxlanırdım. Bir kabinetin qabağında məndən əvvəl növbədə 30-35 yaşlarında dünya gözəli bir qadın gözləyirdi. Oğrunca onu başdan-ayağa süzdüm. Ucaboylu, mütənasib bədənli, bahalı, amma sadə geyimli, uzun saçlı idi. O da məni başdan ayağa süzüb həkimin otağına keçdi. Qısa müddət sonra otaqdan çıxıb mühafizəçilərinə “işim bitdi, gedə bilərik” – dedi. Yanımdan keçəndə mühafizəçilərinin gözündən oğurlanıb ovcuma nəsə basdı. Özümü itirdim, çaşqınlıqdan nə edəcəyimi bilmədim. Növbəm çatsa da içəri keçməyi unutmuş, donub qalmışdım. Həyəcandan xəzri döyən payız yarpağı kimi titrəyirdim. “Ay bala, keçmirsənsə qoy mən keçim”, deyən yaşlı qadının səsi məni özümə gətirdi. Əlimə baxdım. Ovcumda bir cümlə və telefon nömrəsi yazılmış kağız var idi.

3 gün o gözəl qadın, onun mühafizəçilərinin bədheybət görünüşü, ovcumu köz kimi yandıran bir cümləlik kağız parçası yuxularımdan çıxmadı. Qadının bahalı ətrinin qoxusu hər yeri bürümüşdü sanki. Gənclik marağı sonunda güc gəldi və "mənəm, xəstəxanadakı oğlan" deyə mesaj yazdım. Dərhal "Sən mənə yazma, zəng vurma, mən özüm sənə zəng edəcəyəm" deyə cavab gəldi. Və... başlandı. Qadın 3-4 gündən bir zəng vurur, nakam ilk məhəbbətindən danışar, ona nə qədər bənzədiyimi təkrarlamaqdan yorulmazdı. Özü haqqında heç nə danışmırdı. “Nə qədər az bilsən o qədər çox yaşayarsan”, deyirdi.

İlk gəncliyində tələbə yoldaşını sevibmiş. Sevgilisi ilə universiteti bitirən kimi evlənəcəkləri, köçüb başqa şəhərdə yaşayacaqları barədə xəyallar qurarmışlar. Son kursda oxuyanda qıza ondan yaşda xeyli böyük, vəzifəli bir kişidən elçilər gəlir. Qız anasına sevdiyi olduğunu, nə olursa olsun ondan başqası ilə evlənməyəcəyini deyir.

Son imtahanlara hazırlaşdıqları günlərin birində universitetə gedən qız dostlarını gözüyaşlı görür. Sən demə sevdiyi oğlan qəfil bədbəxt hadisə nəticəsində dünyasını dəyişibmiş. Ailəsi oğlanın dəfninə getməyə belə qıza icazə verməyibmiş. Öz aləmində sevgilisinin yasını saxlayan qızı məcburən elçilərini təkrar göndərən həmin kişiyə ərə vermişdilər. Nə yaşadığı zəngin həyat, nə də dünyaya gətirdiyi övladları ilk məhəbbətinin yanğısını söndürə bilməmişdi. Bədbəxtliyinin kuliminasiya nöqtəsi isə illər sonra sevgilisinin bir qohumundan eşitdikləri olmuşdu. Sən demə nümunəvi davranışları, gözəl əxlaqı ilə seçilən oğlanı Qanlıgölün sahilində bıçaqlayıb qamışlığa atıblarmış. Ailəsi aldıqları təhdidlər səbəbindən, digər övladlarının zərər görməməsi üçün oğlanın bədbəxt hadisə nəticəsində öldüyü xəbərini yayıbmış. Sevgilisinin əri tərəfindən öldürülmüş ola biləcəyi ehtimalı ilə qadın ölür, ölür, dirilirdi...

Bir gün qadının nömrəsindən "saat ...-da həmin poliklinikada ol" deyə sms gəldi. Axır ki, mənimlə görüşməyə imkan tapıb deyə sevindim, deyilən saatın gəlməyini həyəcanla gözlədim. Elə poliklinikanın girişinə yaxınlaşmışdım ki, qadının mühafizəçiləri peyda olub, öz xoşumla onlarla getməyi təklif etdilər. Qorxumdan ürəyimdə kəlimeyi-şəhadətimi deyib şüşələrinə qara plyonka çəkilmiş maşına əyləşdim. 2 saatlıq şəhər turunun sonunda (sanki istintaqdaymış kimi psixoloji basqı altında sual-cavablardan sonra) simkartımı (telefon nömrəmi) sındırıb atmağı, qadının nömrəsini isə ömürlük unutmağı məsləhət görüb elə həmin poliklinikanın qarşısında da maşından düşürdülər. Özümü film personajı kimi hiss edir, bütün bunların necə və niyə baş verməsini anlaya bilmirdim. O gözəl qadına nə olduğunu, ona necə davranıldığını öyrənməyi istəsəm belə bacarmazdım. Çünki adını belə bilmirdim. Sadəcə qadının ərinin məşğuliyyətini, o da təsadüfən ağzından qaçırarkən eşitmişdim. Çox nüfuzlu adam idi yəqin ki...

Elə insan olan yerdə şeytan özündən şəkkə düşərdi... – deyə həmsöhbəti qadın fikrə getmişdi...

Ariz zarafatla: “Elə buna görə də, evli olan gözəl xanımlarla hətta söhbət edəndə o mühafizəçilərin hardansa məni izləyə biləcəyini, bu dəfə keçən dəfəki kimi rahat buraxmayacaqlarını düşünürəm”, deyib güldü.

Qadın güclə eşidiləcək pıçıltı ilə - “deyəsən o gözəl xanım artıq həyatda deyil”, dedi.

Arizin təbəssümü dodaqlarında dondu, təəccübdən sifəti əyildi...

- Necə? Sən hardan bilirsən?

- O dediyin adamın gənc və gözəl xanımı qəfil dünyasını dəyişib, təxminən 4 il əvvəl, mart ayında.

- Ola bilməz! Mart ayında... Demək onlar məni sağ buraxıblar... Qadını isə... Əminsən?

- Əslində əmin deyiləm. Rəfiqəsini tanıyıram.

- Necə bəyəm?

- Eşitdiklərimi analiz edəndə belə mənzərə yaranır. Gözəllik salonuna bir xanım gəlir. Həyat yoldaşım məni salondan götürməyə gələndə qadını tanımışdı. Evində usta işlədiyi xanımın rəfiqəsi imiş. Evin xanımının çox gözəl olduğunu və həmişə fikirli gəzdiyini, ərinin ona xanımı kimi yox, kölə kimi davrandığını danışırdı həmişə. Deyirdi ki, evin xüsusi mühafizə sistemi var. Havalandırma sistemi elə qurulub ki, zəhərli qaz buraxılsa belə evin havası dərhal təmizlənir. Xanım hətta villanın həyətinə tək çıxa bilməzdi. Evin girişində hər gün təmizliyə gələn qadını belə başdan ayağa yoxlayıb sonra içəri buraxırlar... Nə isə, sözüm onda deyil... Bir gün gözəllik salonuna gedəndə gördüm ki, hamı gərgindir. Yoldaşımın tanıdığı o qadın yana-yana rəfiqəsinin cavan yaşda, bu qədər yaxşı həkimlərin olduğu bir dövrdə gizli ürək xəstəliyindən ölməyini danışırdı salonda. Yoldaşıma danışanda dedi ki, o qadının qəfil ölməyinə kimsə məni inandıra bilməz. Onun ərindən nə desən çıxar...

- Axı mən onun heç adını da bilmirdim... Axı mən onu sadəcə dinləyirdim... O isə heç kimə demədiyi dərdini mənə danışırdı. Hər zəngində eyni əhvalatı nağıl edir, eyni sözləri deyirdi... Düzü ona niyə qulaq asdığımı heç özüm də bilmirdim...

Ariz artıq onunla danışmır, öz özünə sayıqlayırdı. Gözlərində yaş gilələnmişdi. Müdir isə çoxdan gəlmişdi...

# 7556 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #