Əməkdar artist: “Teatr Xadimləri İttifaqı bizi uçuruma aparır” – Müsahibə

<span style="color:red;">Əməkdar artist:  “Teatr Xadimləri İttifaqı bizi uçuruma aparır” – <span style="color:red;">Müsahibə
28 mart 2019
# 10:50

Kulis.az əməkdar artist Elnur Kərimovla müsahibəni təqdim edir.

- İncəsənət Universitetinə qədər incəsənətin müxtəlif sahələrində bacarığınız olub. Pafossuz desək, elə uşaqlıqdan aktyor olmaq istəyirdiniz?

- Mən İncəsənət Universitetindən əvvəl İncəsənət gimnaziyasının aktyorluq şöbəsini bitirmişdim. Orada Ayaz Salayev, Ənvər Əbluc, Ənvər Vəliyev, Əminə Yusifqızı bizə aktyor sənətindən dərs demişdilər. Biz orda hər ay qabiliyyət imtahanı verirdik. Buna görə də İncəsənət Universitetinə qəbul mənim üçün çox sadə və asan başa gəlmişdi. 1999-cu ildə birinci qabiliyyət imtahanında Şəfiqə Məmmədova mənə üç beş yazdı. Bu üç beş isə başımı çox ağrıtdı.

- Hansı mənada?

- Məni imtahana buraxmadılar. Müəllimim Ənvər Vəliyev ikinci qabiliyyət imtahanında mənə çoxlu maneələr yaratdı, dedi ki, bu qiymətləri sən özün yazmısan, Şəfiqə Məmmədova yazmayıb. Tələb etdim komissiya yaradılsın, araşdırılsın. Belə də oldu. Məlum oldu ki, bu beşlər mənim öz halal qiymətim olub. Hətta Şəfiqə xanım mənə qiymət yazanda demişdi ki, mən üç beşi sənə ona görə yazıram ki, universitet illərində səni çayxanada yox, teatr səhnəsində görüm. Sonra Gülşad Baxşıyeva bizim kurs rəhbərimiz oldu. Düzdür, onda biz bu barədə bir az tərəddüd etmişdik, amma sonra gördük yox seçimimiz doğrudur. Misal üçün birinci kursda oxuyanda məni başqa teatra baş rolda iştirak etmək üçün dəvət etdilər, fəxri ad da söz vermişdilər. Amma Gülşad xanım buna icazə vermədi. O, dedi ki, bu rol səni uçuruma aparacaq. Həmin rolu ifa etmək istəyirsənsə, mənim kursumdan çıx get.

- Getmədiniz...

- Getmədim. Elə Gülşad xanımın kursunda da qaldım. Bir müddət sonra o, özü bizim bütün kursumuzu Gənc Tamaşaçılar Teatrına gətirdi. Direktora dedi ki, bütün kursu gətirsəm də onların içərisindən iki nəfərin teatrda qalacağına inanıram. O iki nəfərdən isə hələlik bir xahişim var, onlar ancaq kütləvi səhnələrə çıxsınlar, sözsüz rollar ifa etsinlər.

Aradan üç ay keçdi Gülşad xanımın dediyi iki tələbədən başqa hamı teatrdan getdi. İndinin özünə qədər də teatrda həmin iki tələbə qaldı.

- İki nəfərdən biri siz idiniz, digəri kim oldu?

- Tural Baxış. Şair Eldar Baxışın oğlu.

- Teatra gələndən sonra universitetdə aldığınız təhsili teatrda tətbiq edə bildiniz, ya çatışmazlıqlar olurdu?

- Mən incəsənətlə əvvəldən iç-içə olduğum üçün teatra gələndə özümü çox rahat hiss edirdim. Teatrda da təbii ki, tamaşaçı ilə münasibəti, səhnədə dayanmağı, gözlərlə ünsiyyəti, hiss etməyi, mütəmadi olaraq öyrənirsən, püxtələşirsən. Misal üçün mən rəhmətlik Firəngiz Şərifova ilə tərəf müqabili olanda yaxamdan tutub dedi ki, gözümün içinə baxa-baxa mənimlə danış. Bunun özü elə məktəb idi. Çünki gözlərin səhnədə nə qədər önəmli olduğunu elə həmin vaxtlarda öyrəndim. Teatrda tamaşalarla böyüməyə başladım, insanları tanıdım. Müəyyən bir dövr oldu ki, mənim özümdən istifadə etdilər və bir çox tamaşalarda baş rollar ifa etdim. Amma sonra gördüm ki, nağıl tamaşalarında, ümumiyyətlə baş rolda olmaq hələ əhəmiyyətli məsələ deyil. Xarakterik rollar daha maraqlı idi. Bir müddətdən sonra isə baş rollardan yoruldum, özüm onlardan imtina etdim. Qısa da olsa xarakterik rollar istəyirdim. Bir sözlə teatrdan çox şeylər öyrəndim, amma universitet illərimdə qazandıqlarım olmasaydı çətin olardı. İndi İncəsənət universitetinin tələbələrində belə bir fikir formalaşıb, teatrda öyrənərəm.

- Bu çox böyük arxayınçılıq yaradar.

- Arxayınçılıqdan da əlavə axı teatrda adama səhnə danışığı, hərəkəti, plastikası öyrətmirlər. Teatra gələndə aktyora ayrılacaq vaxt olmur. Öyrənib hazır gəlməlisən. Amma biz indi gələnlərə vaxt ayırırıq ki, gəlin rəqs edək. Bir, iki, üç, dörd...

- Yəni universitet öz işini lazımı qədər yerinə yetirir?

- Universitet öz işini görür. Amma tələbələr universitet illərinin kefini yaşamaq istəyirlər. Bura gələndən sonra isə tələbəlik illərinin nə qədər önəmli olduğunu fərq edirlər. Onda da gec olur. Mən özüm bu günə qədər rus ədəbiyyatı tarixindən olan dərslərə girmədiyim üçün çox peşmanam. İndi mütaliə etdiyim kitablarla bunu necəsə kompensasiya etməyə çalışıram.

Hazırki əsas şəkil

- Mütaliə aktyor üçün konkret hansı imkanlar yaradır?

- Ədəbiyyat, mütaliə aktyorun dünya görüşünü, psixologiyasını, müşahidəsini inkişaf etdirir, ziyalı kimi formalaşmasına kömək edir, daxilini zənginləşdirir. Mən özüm kitab oxumuramsa, övladıma necə deyim ki, kitab oxu. Övladımın oxuyacağı kitabı ondan əvvəl oxuyuram ki, sual verəndə cavab verə bilim. Biz həmişə rus ədəbiyyatına, Avropa ədəbiyyatına doğru qaçırıq, amma özümüzün də zəngin ədəbiyyatımız var.

- Teatrınızın baş rejissoru Bəhram Osmanov müsahibələrinin birində deyir “gənc aktyorlar insan mənəviyyatına enməkdə çətinlik çəkir, teatrdan yayınıb performansa yönəlir, eksperimentlər edirlər.” Mənəviyyata enmə məsələsindən başlasaq, Bəhram Osmanov nə dərəcədə haqlıdır?

- Mən o müsahibəni oxumamışam, amma mənəvi qatlara enmək şəxsən bir aktyor kimi mənim üçün inanılmaz dərəcədə gözəldir. Bəzən rejissorların həvəsi olmur, hövsələləri çatmır ki, aktyorlarla məşğul olsunlar, suallarını cavablandırsınlar. İndi tamaşa üzərində üzdən işləmək daha dəbdədir. Bir ay ərzində tamaşanı təhvil veririk. Amma teatrın tarixinə nəzər salanda görürük ki, bir zamanlar masa ətrafı proseslərin özü elə bir ay çəkib. Bu gün aktyorlarla rejissorlar arasındakı münasibətlərdə, iş prosesində də gərginlik çoxdur. Rejissorlar aktyordan obrazların dərin qatlarında işləməyin formalarını tələb edə bilmirlər. Aktyorlar da işləyə bilmirlər. Biz Vaqif Əsədovla “Yarımçıq qalmış” tamaşasını hazırlayanda onun gənclərə verdiyi tapşırıqlar onları çox böyük çətinliklərə salmışdı.

- Nə kimi çətinliklərə?

- Rejissorun tapşırıqları paslanmış beyinləri ayıldırdı. Baş ağrısı tutanlar, su içməyə qaçanlar olurdu. Birdən-birə beyin işləməyə başlayırdı və qəbul etdikləri material gənclər üçün göz qaralmasına, baş fırlanmasına gətirib çıxarırdı. Mən yenə deyirəm, Bəhram müəllimin müsahibəsini oxumamışam, amma dərin qat məsələsində rejissorla aktyorun əlli-əlliyə günahı var. Bəzən biz rejissordan ala bilmədiyimiz cavabları özümüz axtarıb tapmalı, ifa etməli oluruq. Rejissorlar aktyorlarla işləmir, aktyor da nə verilirsə onu yerinə yetirməklə kifayətlənir. Aktyorları qınamıram. Çünki rejissor əsəbi şəkildə deyir ki, mən deyirəm bunu eləməlisən, vəssalam! Aktyor da fikirləşir ki, rejissor nə deyir onu da eləyim. Amma aktyorlar da bilməlidirlər bu cür davam etsə, sabah onlar aktyor yox, robot kimi istifadə olunacaqlar. Rejissorlar çalışırlar ki, tamaşa onların istədiyi kimi olsun. Onlar müəyyən çərçivə yaradırlar və həmin çərçivədə də aktyoru oynadırlar.

- Bəlkə bu çərçivə məsələsi rejissor adının aktyor ifasının kölgəsində qalmaq qorxusundandır?

- Bunun içərisində hər şey var. Və mən sizə deyim ki, əgər aktyor rejissordan onu işlətməyi, bilmədiklərini izah etməyi tələb edirsə, həmin aktyor bir o qədər də hörmətli olmur. Rejissorlar növbəti tamaşada çalışırlar o aktyorla işləməsinlər. Onlar həmin aktyoru mane kimi, vaxtı uzadan adam kimi görürlər. Amma bu yaradıcılıq növüdür. Bir azca dərinliklərə enəndə çox gözəl iş prosesi meydana çıxa bilər.

- Bayaq Gülşad xanımdan, onun sizi teatra gətirməsindən danışdıq. Teatrda, kinoda müəllim və dolayı yolla hami məsələsi həmişə olub. Bunun bariz nümunəsi Vaqif İbrahimoğlu və onun tələbələridir. Ümumiyyətlə, hamilik məsələsi bu gün nə dərəcədə önəmlidir?

- Vaqif İbrahimoğlu böyük sənətkar idi. Azərbaycan xalq teatrında xeyli önəm daşıyan “Yuğ” teatrının əsasını qoyan insandır. Onun ən böyük uğurlarından biri bu idi ki, öz tələbələrinə sağlam təhsil verməyi bacardı, onlara kitabı, teatr sevdirə bildi. Vaqif müəllim tələbələrinə cəmiyyətdə, teatr sferasında bir şəxsiyyət kimi formalaşmasına kömək edərək onların beyinlərinə yeritdi ki, siz vacib şəxsiyyətsiniz, önəmli insansınız. O, bütün bunları yaratdı və tələbələrinə ötürdü. Amma ondan sonra onun tələbələri bunları qoruyub saxlaya bilmədilər. Vaqif İbrahimoğlu onlara insan olmağı, öz xarakterlərini formalaşdırmağı öyrədirdi. Onların bəziləri isə bunu bacarmadılar, Vaqif müəllimi yamsıladılar.

Hami məsələsinə gəlincə mən öz başıma gələni deyə bilərəm ki, teatrda bu günə qədər çox vaxt mənim bacarığımdan istifadə olunandan sonra dedilər, bu daha bir işə yaramır. Məndən sonra nisbətən gənc olanlara, ondan sonra da o birilərinə keçdilər. Bu pis bir ənənə şəklində bu gün də davam etməkdədir. Mən bu teatrda özüm üçün sənət anlamında heç bir arxa, dayaq görmədim. Amma olmağı yaxşı olardı.

- Belə çıxır ki, otuz beş yaşlı aktyor artıq teatr üçün yararsız hesab olunur?

- Bəli. Otuz beş yaşlı aktyoru cavan aktyor hesab etmirlər, iyirmi yaşında olanla işləmək istəyirlər, onun enerjisini sorurlar. Sabah onun da otuz yaşı olanda onunla da işləməyəcəklər və yaxud da deyəcəklər ki, uyğun rol yoxdur. Bu aktyorun yox, rejissorların, baş rejissorun problemidir. Baş rejissorun əsas vəzifələrindən biri də aktyorların rollarla təmin olunmasına şərait yaratmaqdır. Əgər bu sistemi yarada bilmiriksə, qoruyub saxlamırıqsa, heç bir yaradıcı prosesdən danışa bilmərik. Aktyor nə qədər öz-özünü formalaşdırmalıdır. Kitab oxumaqla bir aktyor hara qədər formalaşa bilər? Aktyor canlıdır. O, səhnədə olmasa heç nə olmayacaq.

- Belə çıxır ki, bu gün aktyorlar üzərində güclü rejissor diktaturası var.

- Əlbəttə var. Belə olmamalıdır.

- Bu bütün rejissorlara aiddir, ya istisnalar var?

- Heç bir istisna yoxdur. Elə hamısına adiyyatı var. Bilirsiniz, indiki rejissorlar hamısı rus teatr məktəbindən ağız dolusu danışırlar, əməldə isə bunların heç birini etmirlər. Potensialları da var. Amma mane olan hər nədirsə, onu aradan qaldırmırlar. Əgər müəyyən yaşdan sonra biz otuz, otuz beş yaşlı aktyorlar teatrlar üçün yararsızıqsa, onda bizə əvvəlcədən desinlər, başqa teatrlara gedək. Bu gün biz paytaxtda keçirilən bir sıra teatr konfranslarına gedirik. Bizə Vikipediya məlumatları verilir, “Kabuki nədir?” sualı ilə müraciət edirlər. Xarici ölkədən gələnlər bizə ucqar dağ kəndinin adamları kimi münasibət göstərirlər. Normal təbliğat olunmuruq. Olunsaq, gələnlər də bilərlər hara gəliblər.

- Axı bayaq özünüz də dediniz, beyni bir az işləyən kimi özünü itirən aktyorlarımız var. Bundan başqa təxminən iki il əvvəl Çexovun teatr haqqında məşhur aforizmini, Tarkovskinin kim olduğunu bilməyən aktrisa Vəfa Zeynalovanı da bərk müdafiə etmişdiniz...

- Dedikləriniz doğrudur. Amma bu gün aktyorların teatrdan başqa da problemləri var. Onların vaxtı yoxdur ki, gedib Çexovdan, Tarkovskidən vaxtaşırı nələrsə öyrənsin. İndi zaman çox məhduddur. Amma bu gün bizim bir evimiz olsa, orada mütəmadi maarifləndirici söhbətlər getsə aktyorlar başqa tərəflərdən də püxtələşə bilərlər. Biz aktyorlar dostlarımızla oxuduğumuz kitabları bir-birimizə ötürərək axırda birimizin evində və ya otağında yığışıb müzakirələr edirik. Axı bunun üçün Teatr Xadimlər İttifaqı var. Ora həm də aktyorlar evi kimi tanınır. Aktyorun isə evi yoxdur. Mən həyatdakı evimizi nəzərdə tutmuram. Həyatda onsuz da evimiz yoxdur. Sənət və teatr evini nəzərdə tuturam. Əgər aktyor evi fəaliyyət göstərsə, ora aktyor da, rejissor da, dramaturq da gələcək. Onların bir yerə yığışması, fikir mübadiləsi aparması üçün məkanları olacaq. Bu gün aktyorun formalaşması üçün boynuna böyük iş düşən Teatr Xadimlər İttifaqı bu işin öhdəsindən qəti şəkildə gələ bilmir.

Biz konkret nəticə görmək istəyirik, amma nəticəyə qədər aparan yolu görmək istəmirik. İttifaqın fəaliyyətsizliyi mənə və digər aktyor həmkarlarıma ciddi şəkildə mane olur. Əgər ittifaq fəaliyyət göstərsə, teatrın içində olan teatra və aktyorlara xidmət göstərən sahələr də formalaşacaq. Truppa müdirləri, rejissor assisentlərinin iş prinsipi hər teatrda özünə görə formalaşır. Amma onların ümumi nəzəriyyələri yoxdur. Rejissor assisentləri səlahiyyətlərinin nə olduğundan xəbərləri yoxdur. Onlar hava limanlarında mikrofon arxasından məlumat ötürən diktorları xatırladırlar. Bundan başqa onların teatrda heç bir funksiyaları yoxdur. Bəzən mən otağımdakı mikrofonu söndürürəm.

- Niyə?

- Çünki onların əsl səlahiyyətləri bu deyil. İndi bir azdan tamaşa başlayacaq və özünüz də eşidəcəksiniz ki, aktyorları rekvizitlərlərlə tanış olmağa, məşqə səsləyirlər. Boş-boş danışırlar və fəaliyyətlərini də bununla bitmiş hesab edirlər. Halbuki onların çox böyük iş imkanları və səlahiyyətləri var. Sadəcə olaraq yola vermək prinsipi ilə işləyirlər. Rejissor assisentinin tamaşanı təhvil almaq kimi səlahiyyəti var. Əgər rekvizit, dekor qaydasında deyilsə, səhnə tozludursa onlar tamaşanı başlamamaq, ləğv etdirmək kimi hüquqa malikdirlər.

Bu gün biz aktyorlar teatrda bir-birimizi tamaşa zamanı görə bilirik. Tamaşadan yarım saat sonra aktyor teatrı tərk etməlidir. Yəni burada teatr rəhbərliyinin təqsiri yoxdur. Sadəcə qanunlarımız belədir. Amma sözə gələndə deyirlər ki, Rusiyada filan aktyor tamaşadan bir saat sonra özünə gələ bilmədi. Əgər Rusiyadakı aktyor canlıdırsa, bizdə də bu hal baş verə bilər.

- Yəqin ki, baş verməmiş deyil...

- Əlbəttə, baş verib. “Yarımçıq qalmış” tamaşasından sonra çox pis vəziyyətdə oluruq. Amma iyirimi dəqiqə ərzində paltarımızı dəyişib çıxmalıyıq. Bəzən tamaşadan sonra ailə üzvlərimlə birgə evə qayıdıram. Mən başqa ab-havada oluram, onlar başqa.

- “Stanislavski sistemi” ilə işləyirsiniz. Yaşantı deyilən proses səhnədə başlayıb səhnədə də bitməlidir...

- Aktyor insandır. Bəzən tamaşadakı hadisələr onun öz həyatı ilə üst-üstə düşür. Qeyd etdiyim tamaşa aprel şəhidləri haqqındadır. Mənim qardaşım də hərbçi olub, onun şəhid olan dostlarını tanımışam. Uşaq vaxtı mənim başımı sığallayan, məni mağazaya yollayan adam indi Şəhidlər xiyabanında yatır. Yəni bütün bunları görən adam kimi bu tamaşanın da mənə təsiri hər dəfə çox güclü olur. Dediklərimin ümumi mənası bundan ibarətdir ki, bizə misal çəkilənlərə, deyilənlərə adiyyatı adamlar özləri də bunlara əməl etsinlər. Teatr adamları efirlərdə o qədər gözəl danışırlar ki, hamı heyran olur. Amma mən bilirəm ki, onlar danışdıqlarının tam əksini teatrlarda yerinə yetirirlər.

Bu gün kimlərinsə qurduğu intriqaların qurbanı olmaq fikrim yoxdur. Teatr Xadimlər İttifaqının bugünkü fəaliyyəti bir aktyor kimi məni uçuruma aparır. Otuz səkkiz yaşım var. İndiyənə qədər nə bir teatrdan, nə Mədəniyyət Nazirliyindən bir mükafat almamışam. Kino fəaliyyətim olduğundan kino günündə əməkdar artisti adı almışam. Amma teatr aktyoruyam. On doqquz illik teatr fəaliyyətim var. Lakin heç bir stimulum yoxdur. Teatr Xadimlər İttifaqı “Qızıl dərviş”, “Humay” mükafatları təsis etmişdi, sonradan hamısını yığışdırdı. Niyə? Hansı səbəbə görə? İttifaqdan bir dəfə bizim teatrın tamaşalarına gəlməyiblər. Onların bizim teatrla nəsə şəxsi münasibətləri, intriqaları var. Azərpaşa müəllim (Azərpaşa Nemətov - S.Ə) burda baş rejissor işləyib, kollektivdən xoşu gəlməyib çıxıb gedib. İndi burda mənim günahım nədir? Axı mən dünən ifa etdiyim rolu, bu gün ifa edə bilmirəm. Axı mənim yaşım gedir. Axırda mənə deyəcəklər ki, sən nə ifa etdin ki?! Mən də indi deyirəm ki, mən sizə görə heç nə ifa edə bilmədim!

# 4881 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
# # #