“130 manat teatrdan, 800 manat dublyajdan alırdım. Hansını seçməliydim?”

“130 manat teatrdan, 800 manat dublyajdan alırdım. Hansını seçməliydim?”
27 iyul 2013
# 07:00

Kamran Yunis. Bu aktyor bir zamanlar Yuğ teatrının əziz xələflərindən idi, premyeralarda onu axtarmaq lazım gəlmirdi. Teatrın Kefli İsgəndəri (“Dadaş”), Hamleti (“X məqamı”), nəqlçi Yamamaotosu (“O susurdu”) olurdu. Üzündə anındaca müdrik və anındaca hoqqabaz hiyləgər mimika yarada bilir, nə oynamasından asılı olmayaraq, tamaşaçıları bu cığal, şantajvari oyuna çəkirdi. Son zamanlar səsi teatrdan yox, dublyaj redaksiyalarından eşidildi. “Niyə teatrdan getdiniz?” sualına “elə bil mən getməklə teatr heç nə itirmədi axı…” kimi incik bir cavab verdi. Görüşdük və ilk sualımz teatrda deyilsə nə işlə məşğul olması oldu.

- Dublyajda işləyir, aktyorluq kursları aparıram və ara sıra seriallara və filmlərə çəkilirəm.

-YUĞ teatrının rəhbəri, yaradıcısı, ustadınız Vaqif İbrahimoğlunun yoxluğu sizin üçün nə deməkdir?

-Ata-ana nə qədər sağdı, biz uşaq olduğumuzu hiss edirik. Onlar dünyadan gedəndən sonra biz özümüzdən asılı olmadan böyüməyə məcburuq. Eyni şeyi sənətə də aid edirəm. Həyatda bu itkini şükürlər olsun ki, hiss etməmişəm, amma sənətdə bunu yaşadım. Vaqif İbrahimoğlunun itkisi ilə yaşadım. İndi Yuğa girib “salam-əleyk” edən də özünü yuğçu, Vaqif İbrahimoğlunun tələbəsi sayır. Hətta o adamlar da ki, onlar Vaqif müəllimə ironiya edirdilər. İndi onlar istəsələr də istəməsələr də onun böyüklüyü ilə razılaşmalı oldular. Nədənsə biz insanların dəyərini onları itirdikdən sonra bilirik. Bizi irəliyə aparan insan dünyadan gedəndə anladım ki, artıq böyük olmaq məcburiyyətindəyəm. Azərbaycan teatrının Tofiq Kazımovdan sonra gedən rəngini Vaqif İbrahimoğlu qaytarmışdı. Ustadı Tofiq Kazımovdan sonra o yolu uç dörd addım da irəlidə Vaqif Ibrahimoğlu davam etdirirdi. Bunda özünü məsuliyyətli bilirdi. İndi bu məsuliyyət bizim çiyinlərimizdədir. "Vaqif müəllimdən sonraYuğ teatrının öz səviyyəsi düşdümü?" deyə məndən soruşurlar. Mən teatra getmirəm və ordakı vəziyyəti bilmirəm. Amma iki yol var- Ya Vaqif bəyin davamçıları həqiqətən də Vaqif bəyin çıraqları olduğunu sübut edəcəklər, ya da, əksinə, ustadimin sevdiyi misaldakı kimi olacaq- İt araba kölgəsində yatıb, onu öz kölgəsi bilib...

Vaqif bəy məmləkətin məsələyə ağrı-acılarını özündən keçirib yanaşırdı. Onu sıxışdırırdılar, amma o bu yolu gedirdi. Onun yaratmaq eşqi tükənməz idi. Çalışıram ki, o yolun davamçısı olum. Tomas Eliotun bir sözü var, bunu nədənsə Vaqif müəllim səhvən mənim adıma yazırdı- “Qismətimiz cəhd etməkdir”

-Ümumiyyətlə sizi YUĞ-a bağlayan nə idi və sizi oradan ayıran nələr oldu oldu?

-Universitetdə oxuyanda Azdramada, GTT-da işləmək kimi arzularım var idi. Amma elə oldu ki, Allahın əmri ilə özümü YUĞ teatrına bağladım. 1993-cü ilin dekabrın 5-i. Həmin gün həm də ad günümdü. Bu mənim teatrda sənətçi kimi yola başladığım tarixdi. O zaman o yolun saflığını, böyüklüyünü bu günkü qədər dərk etmirdim. İndi aktyorluq kurslarında uşaqlara dərs deyirəm, onlara tapşırıqlar verirəm, əlimi qaldırıb nə isə izah edirəm və görürəm ki, o əl mənim əlim deyil, Vaqif bəyin əlidi. Əslində mən Yuğda başdan ayağa Vaqif İbrahimoğlu ruhunda tərbiyə aldım. O məni marionetkalıqdan aktyorluğa, daha doğrusu özünüdərkə gətirdi. Mən özüm özümü kənardan görməyə başladım. Öz səhvlərimi anında görə bilirdim. Bilirsiniz bu, sənətçi üçün nə qədər vacibdi?

Iki aylıq aktyor kursunda dərs deyirəm və onlardan çox şey tələb edirəm. Hərəsi bir mühitdən br yerdən gəlib. Və gözəlim məmləkətimin çox hissəsi qapalı düşüncə sahibləridir. Türkiyədən bir tələbəm var, baxıram ki o, azadlığın sərbəstliyin nə olduğunu bilir. Nə olsun ki, 91-ci ildən müstəqil olmuşuq? Düşüncədə ki, elə deyil? Azad olmayan məmləkətin necə azad aktyoru ola bilər? Mən bu uşaqlardan necə azadlıq tələb edə bilərəm? Indi hardasa kimlərsə nələrsə edirlər. Amma Azərbaycanın sanki bütün dünyadan təcrid olunmuş YUĞ məkanı var idi. Orada bir azadlıq var idi. Məni ora o azadlıq bağlamışdı.

Qaldı məni Yuğdan ayıran səbələrə... Bilirsiniz, vicdan əzabı çəkmək istəmirdim. Ahıl yaşlarında, istirahətə haqqı olan zamanlarında ata-anamı işin ağzına vermək istəmədim. Teatrdan aldığım məvacib o qədər idi ki, mən yaşamaq üçün onlardan pul almağa məcbur olurdum. Pul verməkdən söhbət getmir, şərt odu ki, heç olmasa pul almayım. Teatr elədir ki, vaxtının çoxunu sərf etməlisən amma məvaciblə yaşamaq mümkün deyil. İndi teatrda işləyən aktyorlardan 5 dəfə artıq pul alıram, bədxərc deyiləm, avara işlərə baş qoşmuram, amma yenə çatdıra bilmirəm. Görün ki, onlar necədir? Onlara hərdən acıyıram, hərdən də qınayıram. Söhbət puldan getmir, ailə saxlamaq, minimum yaşayış şərtlərini ödəmək həm də mənəvi borcumuzdu.

-Teatrdan getməyiniz tək maddi səbəblərlə bağlı idi? Sanki inciksiniz?

-Başqa səbəblər də vardı.

-Nə kimi?

-

(susur)

-Vaqif müəllimin sağlığında getmişdiniz?

-Bəli. Getmişdim deyəndə gedə bilmirdim. Gümrah “Qəbir qazma üsulu”nu hazırlayırdı. Mənim dublyajda işim vardı və teatrdakından üçqat artıq məvacib alırdım. Məşqlərə gecikirdim, gələ bilmirdim. Vaqif müəllim dedi ki, nə vaxta qədər belə olacaq? Mən də elə ondan soruşdum ki, vəziyyət belə olsa siz nəyi seçərsiniz? 130 manat teatrdan, 800 manat dublyajdan alıram. Siz deyin necə edim, mən də siz deyəni edərəm. Susdu dedi ki, bilmirəm.

İnanın mənə, mümkün deyil, iki su alacam bu manat yarım edir, siqaret də alsam 5 manat getdi. Belə yaşamaq olmur. Vaqif bəyi çərlədən səbəblərdən biri də bu idi. Aktyorlarını qoruya bilmirdi. Əzab çəkirdi, əzab siqaretə çevrilirdi, çəkdi, çəkdi, birdən ağciyər xərçəngi. Xəstəliyini də biləndən sonra ondan qaçmağa başladım, istəmirdim ki xəyallarımda sağlam şux, gülərüz adamı əziyyət çəkən görüm. Amma yatanda məni çağırdı və özümü toparlayıb gedib gördüm....(gözləri yaşarır) Teatrın rəngi getdi..

-Bəs indi YUĞ teatrı var sizin üçün?

- Var. Nə qədər ki orada Gümrah Ömər, Yaqut Paşa, Natəvan Qeybani, Mətanət Abbas, Kamran Yunis, Tərlan Rəsul var olacaq. Vidadi Həsənov, Fərhad İsrafilov, Məmməd Səfa isə Yuğun özülünü qoyanlardandılar. Sadəcə Vaqif bəy yoxdur – o, mükəmməl düşüncə, qüvvə yoxdu. Kim nə deyir desin, Vaqif bəy məni çox istəyirdi, adətən deyirlər ki, indi istəməsin, lap elə indi də istəsin. O hamını istəyirdi. Deyirdi ki, mənim üç aktyorum var.

-Kimi nəzərdə tuturdu ki?

-Necə deyim, o biriləri də az istəmirdi axı? Fəxrəddin Manafovu, Mehriban Zəkini çox istəyirdi.

-Yuğda son tamaşanız nə oldu?

-“Albalı bağı”-Çexov.

-Qayıtmağı düşünürsünüz teatra?

-Tərlan müəllim (teatrın direktoru) bir dəfə dedi ki, ildə bir dəfə də olsa səni tamaşaya çağıracağıq. Amma sonra xəbər çıxmadı. Həm də teatrda qayda qanun başqadı indi, vaxt məsələsi var- əvvəlki kimi gecəyədək işləmək olmaz. Həm mən də indi qonorara öyrənmişəm. bizim teatrın imkanları nə qədərdir ki, mənə qonorar versin?

Mən dublyajda hansısa Conu, Mayklı səsləndirməkdən zövq almıram, öz görüntüm, öz ifadə tərzim var.

-“Rami”filmi kinoda son böyük işinizdir.

-Yox, “Rami”dən sonra mən “İtkin pay”a çəkildim. “Hökmdarın taleyi”nə çəkildim. Orada İbrahim xanın oğlu Əbülfət ağanı oynadım. Heyf ki, çox yerləri montajda kəsildi. Ən son da “Sübhün səfiri” filmində Axundovun atası Məmmədtağı kişini oynadım. Mən o filmdə batmadım. Mən öz dəyərini bilən sənətçiyəm. Amma Babək Şirinsifətin çəkdiyi “Rami”dən sonra o qədər mükəmməl nöqtəyə gələ bilmədim. Raminin düşüncəsi Yuğun tərzinə yaxın idi. Həsən Nəcəfinin “İtkin pay”ı özü demişkən, bir növ “indeyski” idi. Bir ailənin tarixçəsindən bəhs edirdi.

Sonra fəxr etdiyim bir mərhələ başladı. “Caspi Qlobal prodakşn”ın köməyilə çox dəyərli dostumuz Adil Azayla “Son hədd” serialını çəkməyə başladıq. Bu serial real hadisələrə əsaslanan serial idi. Bir prodakşnın əsası bu filmlə qoyuldu. Bu serialla mən Azərbaycan kinosunun problemlərini və irəliləyişlərini dərk etdim. Gördüm ki, gənc potensial kadrlar var.

-Nə kimi problemlər?

-Gördüm ki, ADMİU-nun müəllimləri onlara kinonun nə olduğunu öyrətmirlər. Bir az da qabağa getsəm, orada yeni kinodan anlayışı olanlar yoxdu. Müəllimin böyük məsuliyyəti var- Azərbaycan incəsənəti, mədəniyyəti.

-Kursa gələnlər arasında ADMİU-nun tələbələri varmı?

-Yox, yox, hərəsi bir yerdəndir, məsələn bu qız Türkiyədə maliyyə ixtisası alıb, o oğlan şərqşünasdır, bu xanım, bir şirkətdə işləyir. Bu uşaqlar aktyorluqla məşğul olsalar da olmasalar da, onların mütləq bu işdən xəbəri olacaq. Ən azı tamaşaçı yetişəcək. Bu mənim ilk kursum, ilk qaranquşlarımdır. Yeni bir kurs olacaq. Vaqif bəydən öyrəndiklərimi onlara da öyrətməyə özümü borclu bilirəm.

-Bayaq dediniz ki, kinonun problemlərini daha aydın görürsünüz. Hansı mənfi streotiplər var?

-Azərbaycanda artist var. O artistlərdən 60-70-ci illərin iyi gəlir. Aktyorların üstünə düşürlər ki, yaşa! Anlatmaq olmur ki, bu, düz deyil. Bilirəm ki biz indi olduğundan daha yaxşı yerdə dayana bilərik. Çox məsələlər var.

-Teatra qayıtsanız, lap elə kinoda da oynamaq istədiyiniz obraz varmı?

-Aktyor Hamlet istəyər, Kefli İsgəndər istəyər, mən ikisini də oynamışam. Bu ruhumla məndən Romeo da olmaz. Kinoda maraqlı rollar oynamaq istəyərdim. Teatr aləminə ayaq qoysam mənə yeni bir addım göstərə biləcək rejissorla işləmək istərdim. Gümrah Ömərə ümidim çoxdur. Bir də, Kefli İsgəndəri yenidən oynamaq istərdim. Mənim İsgəndərimdən sonra kimsə onun içini elə çevirib tökə bilməyib. bu əsəri çox sevirəm. Mirzə Cəlildən nəsə oynamaq istərdim. Məncə bizim nəsrdə Mirzə Cəlili keçən olmayıb.

-Son illərdə yazılan əsərlərdən nəyi oxumusuz?

-Yalan deyərəm. Oxuduqlarım da yadımda qalmır.

-Hazırda çəkilirsiniz?

-Boş şeylərdi. Bilirsiniz, indi bədbəxtlik ondadır ki, kinodan anlayışı olmayanlar film, serial çəkir. O ayrılan pul da ortada yoxdur. Ona görə də çoxu keyfiyyətsiz alınır...

# 3794 dəfə oxunub

Oxşar xəbərlər

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
# # #