Türk rejissor: “Heç bir türk aktyor Hrant Dinki oynamaq istəmədi!”

Türk rejissor: “Heç bir türk aktyor Hrant Dinki oynamaq istəmədi!”
4 avqust 2014
# 07:30

Məşhur türk əsilli alman rejissor Fatih Akın 1915-ci il və ermənilərdən bəhs edən filmi barədə “Agos” qəzetinə müsahibə verib. Qeyd etmək lazımdır ki, “Agos” qəzetinin keçmiş baş redaktoru sui-qəsd nəticəsində öldürülmüş erməni əsilli jurnalist Hrant Dink olub. Akın müsahibəsində heç bir türk aktyorun Hrant Dinki oynamaq istəmədiyini və türk cəmiyyətinin “The Cut”a (Kəsik) filminə hazır olmadığını deyib.

- Dörd il əvvəlki müsahibəmizdə ermənilərlə bağlı çox şey bilmədiyinizi demişdiniz. Görünür vəziyyət dəyişib. 1915-ci il hadisələri və ermənilərdən bəhs edən film çəkmək hardan ağlınıza gəldi?

- Əslində, “Soul Kitchen” filmindən sonra Hrant Dink haqqında fantastik film çəkməyi planlaşdırırdım. Hrantın “Agos”da yayımlanan yazılarından 12-ni cəmləşirib bir ssenari yazdım. Bu avanqard layihə idi, çünki yazılardan bəziləri məlumatlandırıcı, bəziləri Hrantın şəxsi anekdotları, bəziləri də 1915-ci ilə bağlı idi. Yaxşı film olardımı, bilmirəm. Amma heç bir türk aktyor Hrant rolunu oynamaq istəmədi, hamısı ssenarinin çox sərt olduğunu dedi. Ona görə layihəni saxlamalı oldum. Heç bir aktyora zərər dəysin istəmirəm, amma Hrantdan bəhs edən bir filmin “türk filmi” olması çox vacibdir. Hrantı amerikalı, yaxud fransız oynaya bilməzdi. Bu məsələni özümüz həll etməliyik. Ancaq görünür, hələ vaxtı çatmayıb. Hrantın 1915-ci il barədə yazdığı yazılar çox təsirlidir, məsələn “Kərtənkələ Abdulla”... Hranta görə, 1915-ci il barədə çox oxuyub araşdırdım. Başqa bir ssenarim də vardı: Amerikaya gedən Anadolulu səyahətçilərin hekayəsi, bir az Vestern janrında. Nəhayət, Hrant ssenarisindən bəzi hissələri vesternlə birləşdirdim, “The Cut” yarandı.

- Filmi Martin Skorsezenin əfsanəvi filmlərinə ssenari yazmış iraq ermənisi Mardik Martinlə birgə işləmisiniz. Bu əməkdaşlıq necə oldu?

- Ssenarini almanca yazmışdım. Bəlli olanda ki, filmi ingiliscə çəkəcəyik, ssenarini almancadan ingiliscəyə çevirməkdən daha artığına ehtiyacım olduğunu anladım. Mənə amerikalı ssenarist lazım idi. Amma həm mövzunu, həm buraların dilini, adətlərini bilən biri olmalı idi. Ağlıma Mardik Martin gəldi. Telefonla zəng vuranda qəbul etmədi. Təqaüdə çıxdığını və 30 ildir ssenari yazmadığını dedi. Amma “The Cut”ı oxuyan kimi vurulub. Ömrü boyu belə bir filmin xəyalını qurduğunu dedi. Ssenarini bir az dəyişdirdi, uyğunlaşdırdı, düzəltdi. Müsbət mənada daha “amerikalı” etdi. Mardiklə işləmək həyatımı bir çox anlamda zənginləşdirdi. Hər şeydən əvvəl, mənim üçün vacib olan kinoya və həyata dair hər şeyin köklərinə yönəlmiş bir səyahət idi. Mardik mənim ən yaxın dostum və müəllimimdir.

- Fraqmentlərdən Tahar Rahimin sakit bir obraz olduğunu göstərmək üçün yaxşı seçim etdiyiniz bilinir. Aktyor seçiminə necə qərar vermisiniz?

- Hər filmimdə olduğu kimi ən yaxşı aktyorları tapmağa çalışdım. Orijinallığa görə, erməni rollarında erməni aktyorları çəkməyə üstünlük verdim. Amma onlarla da yetinmədim. Müğənni, ozan Hindi Zəhrayla işləmək istədim. Zəhra Faslı filmdə Tahar Rahimin oynadığı baş qəhrəman Nazaretin arvadını oynayır. Jak Odiarın “Peyğəmbər” filmini izləyəndə “Axtardığım adam budur!” dedim. Tahar Əlcəzair əsilli fransızdır. İntuisiyam “Axtardığın erməni budur! Haralı olur-olsun, sənə görə bu rolun öhdəsindən gələcək” dedi. İşlədiyim türk aktyorlardan da razı qaldım. Bartu Küçükçağlayan əsas rollardan birini canlandırır. Böyük ehtiras və ağılla oynadı rolunu. Həm də çox məsumcasına. Burda musiqiçi olmağının da payı var. Türkcə dialoqları yazan dostum Önder Çakar da filmdə oynayır. Numan Acar, Korkmaz Arslan, Mehmet Yılmaz kimi almaniyalı türklər və kiprli ingilis Akın Qazi də oynayıb filmdə. Bu arada, Akını mütləq Yılmaz Güney roluna çəkmək istəyirəm.

- Çəkilişlər haralarda oldu?

- Filmdəki əsas motiv qəhrəmanın səyahətidir. Filmdəki səyahəti mən də keçmişəm. Türkiyə, Suriya, Kuba, Florida, Minneapolis, Şimali Dakotanı gəzib minlərlə şəkil çəkmişdim, qeydlər götürmüşdüm. Düzgün çəkiliş yerlərini tapmaq çətin işdir. Axırda İordaniya, Kuba, Kanada, Malta və Almaniyada çəkməyə qərar verdik. Çəkilişlər o qədər nağılvarı idi ki, bəzən “biri məni çimdikləsin, real olduğuna inanım” deyirdim. Kameraların obyektivləri ağır olduğu üçün cəmi ikisini apara bildik, birini yaxın planlarda, digərini uzaq plan səhnələrində istifadə etdik. Film böyük ərazilərdə çəkildiyi üçün, geniş planlı obyektivləri seçdik. Bu, filmə ciddilik və klassik bir ruh qatdı. Bir yandan klassik olmağa, bir yanda da görüntüdə, səsdə klişelərdən qaçmağa çalışdıq. Sepiya filtrləri kimi axmaq şeylərdən istifadə etmədik. Tütək səsi ilə başlayan etnik dünya musiqisini istəmədik. Bizim musiqimiz heavy (ağır) metaldır, çünki bütün hekayəmiz heavy metal idi.

- 1915-ci il hadisələrini yaxşı göstərən film hələ də çəkilməyib. Halbuki Holokostdan (yəhudi soyqırımı) bəhs edən çox böyük filmlər var. Sizin təsirləndiyiniz erməni soyqırımından bəhs edən hansı filmlər var?

Filmimi soyqırımı haqqında film kimi görmürəm. Soyqırımı haqqında film necə olur ki? “Soyqırımı filmi” deyə bir janr varmı? Mənim seçdiyim janr vesterndir. Serco Leonenin, Klint İstvudun janrında macəra filmidir. Con Hyustonun, Devid Linin ənənəsinin davamı...”Şindlerin siyahısı”, ya da “Ölüm tarlaları” ənənəsinə aid deyil. Atom Eqoyan (erməni əsilli kanadalı rejissor) mənə bir çox kostyum borc verdi, amma filmin “Ararat”la (Eqoyanın filmi – red.) da əlaqəsi yoxdur. Filmin ən böyük ilham qaynağı Elia Kazanın (yunan-amerikan yazıçı, rejissor) “Amerika Amerikası” olub. Bəzi yerlərdə o filmə də soyqırımı filmi deyildiyini oxumuşdum, mən bununla razılaşmıram. Məncə, “Amerika Amerikası” həm dastan, həm də macəra filmidir.

- Bu filmi çəkmək sizin üçün vacib idimi? “Sevgi-ölüm-şeytan üçbucağını tamamlayıram” demişdiniz. Fraqmentdə Tahar Rahimin bir suala səssizcə, baxışları ilə cavab verdiyi səhnə var: “Kim sənə bunu layiq görüb?” Sizin cavabınız varmı?

- Bəzən sən mövzunu yox, mövzu səni seçir. Bu mövzu da məni seçdi. Harda qadağan olunmuş, təhlükəli, tabulaşdırılmış mövzular var, o dəqiqə marağımı çəkir. Harda qadağa varsa, orda qorxu var. Bu film qorxunun nəticələrini göstərir. Şeytan kənarda deyil, sakit-sakit içimizə girir. Onsuz da ordadır. Onu ancaq özümüz qovub ata bilərik. “Bunu sənə kim layiq gördü?” sualına cavabım budur: “Qorxu”.

- Film 2015-ci ildə türk tamaşaçılarını keçmişin ən qaranlıq səhifəsi ilə üzləşdirəcək. Onu həm qorxu, həm də maraqla gözləyənlər var. Onlara nə demək istərdiniz?

- Maykl Ceksonun “Triller” klipinin sonunda bir səhnə var. Ceksonun sevgilisi qorxudan qışqırır. Bir anda Cekson qarşısına çıxır və deyir: “It’s just a movie”. Yəni “Bu sadəcə bir filmdir”. Filmimdən qorxanlar varsa, mən də onlara “Bu sadəcə bir filmdir” deyirəm. Amma əminəm ki, mənim də bir hissəsi olduğum türk ictimaiyyəti bu filmə hazırdır. Əlbəttə, film gərək sərt olsun, yoxsa heç kimin vecinə olmaz. Amma hər gün izlədiyimiz xəbərlər filmdən daha sərtdirlər. Kimlərisə narahat da edə bilər. Filmin izləyənlərə 1915-ci il hadisələri barədə nəsə araşdırmağa, öyrənməyə sövq edəcəyinə ümid edirəm.

- Dörd il əvvəlki müsahibəmiz belə bitirdi: “Mən işim həmişə bunun üzərində qurulacaq. Harda bir sərhəd görsəm, yıxmağa çalışaram. Divara qarşı duraram! Dağılmasa, körpü quraram. Siyasət həmişə mədəniyyət və idmandan sonra gəlir. Ən yavaş hərəkət edən şeydir. Həmişə əvvəlcə mədəniyyət, idman, xalq həll edib məsələni, sonra siyasət gəlib”. Bu film də divara qarşıdır, ya körpüdür? Siyasətin həll edə bilmədiyinin öhdəsindən gələcəkmi?

- Siyasi mesaj vermək istəyənlər qrupuna daxil deyiləm mən. Sadəcə insanların filmimi izləməyini istəyirəm. Ən böyük ümidim filmimin layiq olduğu formada Türkiyədə göstərilməsi, böyük, modern salonlarda seyr edilməyidir. Bunu bacarsaq, demək ki, yetkin və demokratik cəmiyyətik. Bacarmasaq, demək ki, bizi hələ də qorxularımız idarə edir, şeytan bizi hələ də barmağında oynadır.

- Deyilənə görə, filmi Kann Festivalı qəbul etməyib. Doğrudurmu?

- Kann Festivalı filmdən imtina etmədi. “Xüsusi baxış” bölümünə də daxil etməyi təklif etmədi. Təklif etsəydi də, qəbul etməzdik. Digər filmlərimin Kannda yaratdığı bir imic vardı, bu film ona uyğun deyildi. Kann Festivalı da qərarsız qaldı. Məndən yenə türklük-almanlıq mövzusunda, minimalist film gözləyirdilər, “Cənnətin kənarında – 2” kimi bir şey. Mən heç kimin gözləntilərini yerinə yetirə bilmərəm. Mənə öz gözləntilərimi yerinə yetirmək lazımdır. Kann da qərarsız qalanda hələ aprel ayında filmi Venesiya festivalında göstərdim. O dəqiqə filmi proqramlarına daxil etdilər.

Kann Festivalının daha bir problemi filmin niyə ingiliscə olması idi. Elia Kazanın “Amerika Amerikası” hansı dildədir? Bertoluççinin “Sonuncu İmperator”unda çinlilər niyə ingiliscə danışırdı? Polanskinin “Pianoçu”sunda da polyaklar ingiliscə danışırdılar. Niyə Bertoluççi və Polanskiyə bu hüquq verilir, mənə verilmir? İkili münasibətdir. Birincisi, hər şeyin yerində olub-olmadığını anlamaq üçün öz bildiyim dildə, yəni ingiliscə çəkdim filmi. İkincisi də ancaq Qərb ermənicəsində danışan erməni aktyorlarla deyil, kimi istəsəm, onunla işləyə bilim deyə bu dili seçdim.

# 3252 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
# # #