Arvadına sevgili tapan ər – QALMAQALLI FİLMLƏR

Arvadına sevgili tapan ər – <span style="color:red;">QALMAQALLI FİLMLƏR
26 sentyabr 2015
# 08:00

Kulis “Ən qalmaqallı filmlər” layihəsində fransız rejissoru Mark Allegrenin “Ledi Çatterleyin məşuqu” filmini təqdim edir.

Allegre 1900-cü ildə protestant keşişi ailəsində doğulub. Nobel mükafatı laureatı, yazıçı Andre Jid tez-tez ailənin qonağı olurdu. Markın 15 yaşı olanda Jid onunla homoseksual münasibət qurur. Omlar uzun müddət sevgili olur.

Markın Jidlə yaxın münasibəti 1926-cı ildə onların Afrikaya bərabər səyahəti zamanı bitir. Mark anlayır ki, qadınlar onu daha çox cəlb edir. Bununla belə onlar Jidin ömrünün sonuna kimi dost qalırlar.

Allegre Parisdə siyasi elmlər üzrə təhsil alsa da onu kinematoqrafiya cəlb edirdi. O, Jidlə Afrikaya səyahətini lentə alır və onun bu sənədli filmi “Konqoya səyahət” adlanır.

Bundan sonra o, özünü kinoya həsr edir. Əvvəlcə assistent işləyən rejissor sonra özü filmlər çəkməyə başlayır.

1930-cu illərdə Allegre daha çox Paris teatrlarında səhnəyə qoyulan, uğur qazanan pyesləri ekranlaşdırır: “Madumuazel Nituş”, “Fani” və s.

Faşistlərin Fransanı işğalı zamanı o, bir neçə komediya çəkir. Müharibədən sonra isə Britaniyada çalışır.

Markın qardaşı İv də rejissor idi. İv kəskin sosial dramlara üstünlük verir, Kamyu, Zolya kimi yazıçıların əsərlərinə müraciət edirdi. Mark isə yüngül janrlarda (komediya, melodram, vodevil) işləməyi sevirdi.

O, özünün prokatda uğur qazanan filmlərini 1930-cu illərdə çəkmişdi. Həmin dövrün fransız kinosunun bütün ulduzları onun flmlərində rol almışdı: Fernandel, Jan Qaben, Katrin Denyov, Anni Jirardo, Daniel Delorm və başqaları.

Böyük Britaniyadan Fransaya qayıdan rejissor 1952-ci ildə “Andre Jidlə” sənədli filmini lentə alır. Daha sonra bir neçə bədii, sənədli film çəkən rejissorun son filmi 1970-ci illərdə ekranlara çıxan “Qraf Dorjelin balı” filmi oldu.

Allegre 1973-cü ildə vəfat edir.

Layihədə rejissorun 1955-ci ildə ekranlaşdırdığı “Ledi Çatterleyin məşuqu” filmini təqdim edirik.

22 yaşlı Konstansiya baronet Klifford Çatterley ilə xoşbəxt həyat yaşayır. 1917-ci ildə ər müharibəyə gedir və ordan şikəst qayıdır. Bədəninin yarıdan çoxu iflic olmuş Klifford ata olmaq iqtidarinda deyil. Gənc qadın isə ərinə sədaqətlidir, onun qayğısına qalır. Ər hiss edir ki, büruzə verməsə də intim münasibətsiz arvadına çətindir. O, həyat yoldaşı ilə bu barədə açıq söhbət edir, yaxşı, əsilli nəcabətli məşuq tapmağa və ondan uşaq doğmağa izn verir. Uşağı himayəsinə almağı və öz soyadını verməyə də razılaşır. Bu vəziyyətdə Kliffirdi daha çox varis məsələsi qayğılandırır.

Qadın ərinin təklifini çaşqınlıqla qarşılayır, tərəddüdlərdə boğulur. Tədricən bu fikrə alışır və onun meşə gözətçisi Oliverlə sevgi macərası başlayır. Fiziki ehtirasla başlayan münasibət gözlənilmədən sevgiyə yol alır. Ər arvadını, onu zadəgana yox, aşağı təbəqədən olan hansısa meşə gözətçisinə dəyişməsinə görə bağışlamır. Qəzəblənmiş ər qisas almağa hazırlaşır. Sevgilisindən hamilə qalan qadın isə varlı ərini tərk edərək məşuqu ilə evlənməyə qərar verir.

Bu film ingilis ədəbiyyatının əhəmiyyətli nümayəndələrindən sayılan Devid Lourensin 1928-ci ildə yazdığı “Ledi Çatterleyin məşuqu” romanının ilk ekranizasiyası idi. Romana əxlaqsızlıq damğası vurularaq, intim səhnələrin detallı təsvirinə, acıq-saçıq ifadələrə, əhvalatın məğzinə görə bəzi ölkələrdə bir müddət qadağan olunub.

Əsərdən fərqli olaraq intim səhnələrin detallı təsviri yoxdur, süjet isə olduğu kimi qalıb.

Avropada normal qəbul edilən film, Amerikada qalmqallarla müşayiət olunub.

Lourensin romanının Amerikada qadağan olunmasına baxmayaraq, uzun illər Hollivud prodüserlərinin diqqətini cəlb edib.

Amerikada senzura komissiyası filmin nümayişinə bəzi səhnələrin kəsiləcəyi təqdirdə icazə verirdi. Komissiya konkret olaraq üç səhnəni əxlaqsız hesab edirdi: sevgililərin çarpayıda çılpaq yatmasını, kişinin qadını sağrılarını və onun donunun düymələrini açaraq kürəyini oxşamasını. Həmçinin açıq-saçıq sözləri.

Filmi yayan şirkət bu qərarla razılaşmayaraq Nyu-Yorkun Appelyasiya məhkəməsinə şikayət etsə də onların iddiası təmin olunmur.

İş Amerikanın Ali Məhkəməsinə kimi gedib çıxır. Məhkəmə bədii filmlərin senzurasını konstitusiyaya zidd olması haqda qərar çıxarır.

Əslində roman göründüyü qədər bəsit deyil. Lourens insan xarakterinin qaranlıq tərəflərini, o dövr üçün tabu mövzuları, seksual təbiəti araşdırır, eyni zamanda sosial, sinfi problemlərə toxunur.

Roman 1955-ci ildən bu yana bir neçə dəfə ekranlaşdırılıb.

# 2139 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
# # #