Sirk, yoxsa serial? – “Space”in “Anaya”sı...

Sirk, yoxsa serial? – <span style="color:red;">“Space”in “Anaya”sı...
13 mart 2019
# 09:01

Kulis.az Aliyənin “Anaya” serialı haqqında yazdığı “Bütün bunlar nə üçündür?” məqaləsini təqdim edir.

Ötən il mətbuatda kinorejissor, Space TV-nin rəhbəri Vaqif Mustafayevin Elə həmin TV kanalın özündə yayımlanan və məlum qərardan sonra yayımı dayandırılan “Bu zalım dünyada doğulma” adlı hind serialının motivləri əsasında serial layihəsi planladığı haqda xəbər yayıldı. Baş rolda Mehriban Zəkinin iştirakı ilə serial həqiqətən də baş tutdu, Vaqif Mustafayev serialın rejissoru yox, bədii rəhbəri olsa da Space kanalının verilişlərinin çoxunda olduğu kimi serialda da onun üslubu hiss olundu.

Ən azı serialın əksər yaradıcı heyətinin seçimində. Buna az sonra qayıdacağıq. Hələliksə “Anaya” adlanan serialın süjetinə nəzər yetirək. Motiv “Bu zalım dünyada doğulma” serialında olduğu kimi geri düşüncəli hind cəmiyyətində, daha doğrusu hind qəbiləsində qızların doğulan kimi öldürülməsi adətindən qaynaqlanır. Qəbilənin başçısı Anaya bu adətə əməl etməklə, onu qorumaqla hakimiyyətini də qoruyub saxlaya bilir. Özü də bunu serialın gedişindən öyrənmirik, bu cümləni ilk bölümdəcə personajlardan biri o birinin qulağına pıçıldayır. Yeri gəlmədiyi halda. Asan üsuldur. Dramaturgiya ilə əlləşməyə gərək yoxdur, məsələni personajlardan biri o birisinə desin, tamaşaçı da öyrənsin.

Buna baxmayaraq, Mehriban Zəki oyununda obrazın dramaturgiyasını qurmağa çalışır. Və əsas hadisənin bütün yükünü təkbaşına çəkməli olur.

Çünki seçilən o biri personajlar başqa məqsəd daşıyır. Məsələn, falçı rolunda oynayan Ağamirzə Mirzəyev rəml atır və gördüklərini meyxana ilə ərz edir. Haqlı olaraq sual yaranır ki, burada nə var? Məşhurların audiovizual layihələrə cəlb olunması təcrübəsi özünü sübut edib. Meyxana deməsi də əladır, milli ritmlər hind məişət və mədəniyyətində qohumluq bağı axtarıb tapır, qoca Şərq mavi ekranda bərq vurur. Gözəldir. Bu arada Nəsimi qəzəlini hind ritmləri ilə toyxana havasına çevirən Afət Fərmanqızını da əfv etmək lazımdır. Niyə axı Vaqif Mustafayevə olar, Afət Fərmanqızına yox?

Cavad Rəcəbovun “O mənim Zitam” zümzüməsilə səhnəyə çıxışları da heç. Baxmayaraq, bütün bunlar serialı lağlağıya çevirir. Ki, bəlkə bunda da bir qəbahət görməzdik. Məsxərə, məzhəkə də bir janrdır, həm də kanal rəhbərinin sevdiyi janrdır.

Yalnız bütün janrlar hadisənin içindən əsaslanmalı və serialın, ya filmin temporitminə keçməlidir. Heç bir şəkildə müəllifin əhvalından və ya hadisəyə yox, heyət haqda ideyalarından qaynaqlanmamalıdır.

Əslində serialın söykəndiyi əhvalata absurd yanaşmaq da olar və əsaslıdır. Absurd norma kimi qəbul olanın məntiqsizliyini, mənasızlığını, hətta faciəviliyini aşkar etmək, onu başqa bir məntiqsizliklə qarşı-qarşıya qoymaqdır. Və “Anaya” serialının motivindəki “qız uşaqlarını doğulan kimi öldürmək” normallığı, (bizim cəmiyyətdə də qız uşaqlarını abort etmək normallığı) absurd janrda çox aydın çözülə bilər. Bu normallığın dəhşətini çatdırmaq üçün bu janr kifayət qədər uyğundur. Üstəlik, əhvalat günümüzlə (qız uşaqlarının abort statistikası) səsləşir, aktualdır. “Nə vaxtsa Hindistanda” reallığı “burada və indi” ilə toqquşur.

Bu qədər əsaslar var ikən serial yaradıcıları nə edir? Heç nə. Bu qədər ağrılı və dərin əhvalatın ətrafında absurd da yox, məhz lağlağı yaradır. Hind kinosunun üslubunu (montajda, aktyor oyununda və s.) imitasiya edərək, ona izahı olmayan ironiya yükləyir. Elə təəssürat yaranır ki, bütün bu əhvalat Ağamirzəyə meyxana oxutdurmaqdan, Cavad Rəcəbova “O mənim Zitam...” mızıldatmaqdan, Rahidə Baxışovaya rəqs etdirmək, Mirzə Ağabəylinin Bakı ləhcəsini hind məişətinə qatmaqdan, Mehriban Zəkinin dramatik aktyor oyununu dərnək səviyyəsində aktyor oyunu ilə sanki qəsdən qarşılaşdırmaqdan ötrü düşünülüb. Və bunlar heç bir şəkildə bir janrı əsaslandıra bilmir. Haqlı olaraq “niyə?” sualı ortaya çıxır. Aktyorları sirk atına çevirmək və yormaq nə üçündür? Axı ideya nə qədər maraqlı olsa da əsaslı realizə olmalıdır.

Və ən nəhayət, bu serial kimin üçün çəkilir? “Anaya”nın amacı nədir? Doğrudanmı Azərbaycan tamaşaçısı bu hind-azəri “mix”ini yenilik, orijinallıq adına qəbul edib altında ciddi bir məzmunun dayanmadığını duymayacaq qədər primitivdir? Doğrudanmı tamaşaçı bu serialdakıları məzhəkə və ya absurda yozacaq qədər məlumatsızdır? Və ya müəlliflər montajda vizual dinamika yaratmaqla, musiqi ilə dramaturgiya quracaq qədər məharətlilər?

Və nəhayət, ekrana bu qədər tipaj təqdim etməklə tipik olan nəyi vurğulamaq istəyirlər? Və ən əsası, bütün bunlar nə üçündür?

Yazının bu yerində meyxanaçı Ağamirzənin elə serialda söylədiyi misralar yerinə düşür:

Bir belə insan narahatdır indi

Cümlə cahan narahatdır indi...

# 5503 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #