Xəyanət etmiş arvadını öldürən kişi niyə əzab çəkir?- Əsil Kino

Xəyanət etmiş arvadını öldürən kişi niyə əzab çəkir?- Əsil Kino
13 iyul 2019
# 09:01

Kulis.az “Əsl kino” layihəsində Möhsen Mahmalbafın “Seks və fəlsəfə” və Syöhey İmamuranın “İlanbalığı” filmlərini təqdim edir.

İran rejissoru Möhsün Mahmalbafın 2005-ci ildə Monreal kinofestivalında nümayiş olunun “Seks və fəlsəfə” filmi İran, Tacikistan və Fransanın birgə istehsalıdır.

Süjet: 40 yaşı tamam olan gün rəqs müəllimi Can (Daler Nəzərov) vaxtilə sevib görüşdüyü dörd qadınla eyni gündə eyni saatda məşq zalında görüş təyin edir. Can onların hər biri ilə - (Təhminə, Məlahət, Farzona, Məryəm-qeyd edim ki, aktrisalar filmdə rolları öz adları ilə ifa ediblər) ilk tanışlığını, keçirdiyi görüşləri xatırlayır. Və bu münasibətlər qısa olsa da, Can qadınlarla keçirdiyi hər günün onun üçün əziz olduğunu söyləyir. Onunla ayrılığa məyus olan qadınların hər birinə bu fikri təlqin edir ki, onların tanışlığı, sevgisi təsadüfdən yaranıb və yaşanan münasibət sevgi yox, sadəcə situasiyadır. Bu səbəbdən onun sona yetməsi labüddür. Final səhnəsində isə qadınlardan biri Canı evinə dəvət edir, onu üç kişiylə tanış edərək eyni vaxtda onların dördü ilə də görüşdüyünü boynuna alır...

İran kino ənənələrinə sadiq qalan, “Qəndəhar”, “Çörək və gül” və s. filmlərin müəllifi, məşhur İran rejissoru Möhsen Mahmalbaf poetik bir film çəkib. O, mövzuya maraqlı yanaşma, forma seçib. Filmin yarıdan çoxu rəqs üzərində qurulub. Personajların münasibəti, psixoloji vəziyyəti, daxili aləmi həm mətnlə, həm rəqsin, bədənin, həm də musiqinin dili ilə anladılır. Burada intim aktın çılpaq təsviri yoxdur. İntim münasibət obrazıların əllərinin, baxışlarının, rəqs zamanı bədənlərinin yüngül toxunuşunda meydana çıxır. Müəllif sevgi və seksin qarşılıqlı əlaqəsi üzərində fəlsəfi gəzişmələr edir, kişi və qadının sevgidə təyinatını verir: kişi, “sevirəmsə mövcudam”, qadın “sevilirəmsə mövcudam” deyir.

Personajlar “niyə tənhayam” sualına cavab axtarır. Sonda deyəsən, ona cavab tapılır: çünki biz böyük sevgi yaşamırıq, biz azad seksi əldə etdiyimiz andan sevgini itirdik.

Filmdə qırmızı rəng dominantdır və bu, çox güman ki, ehtirası ifadə edir.

Əvvəldə Azərbaycanın “Ay qız” və “Ayrılıq” musiqiləri səslənir. Dialoqların bir qismi farscadır və tərcümə olunmayıb. Amma aktyor ifasının ifadəliliyi tərcüməyə ehtiyac qoymur.

Filmin çəkilişləri Tacikistanda aparılıb.

...Yapon rejissoru Syöhey İmamuranın “İlanbalığı” filmi 1997-ci ildə Kann film festivalında Qızıl Palma budağına mükafatına layiq görülüb.

Süjet: Əhvalatın qəhrəmanı Yamasito (Kodzi Yakusyö) şirkətlərin birində işləyir, arvadı ilə sakit həyat yaşayır. Günlərin birində Yamasito imzasız məktub alır. Məktubda deyilir ki, o, gecələr balıq ovuna gedəndə arvadı başqa bir kişi ilə görüşür. Yamasito adi qaydada yenə balıq ovuna gedir və yazılanların həqiqətə uyğun olub-olmamasını yoxlamaq üçün evə, arvadına dediyi vaxtdan tez qayıdır. Arvadının başqa bir kişi ilə intim münasibətdə olduğunu görən Yamasito qadını bıçaqla öldürür, sevgilisini isə yaralayır. Sonra isə polisə gedərək təslim olur. Bir müddət sonra o, həbsxanadan çıxır və polisin nəzarəti altında bir məbəddə yerləşir. Həbsxanada olduğu və ordan çıxandan sonra, bütün bu illər ərzində onun tək dostu akvariumda saxladığı ilanbalığı olur. Yamasito ilanbalığı ilə dərdləşir, onu özünün yeganə dostu sayır. Burada bərbərxana açan kişi təsadüfən, intihar etməyə cəhd etmiş qadını - Keikonu (Misa Simidzu) xilas edir. Qadın ona aşiq olur. Yamasito isə keçmişindən qurtula bilmir və qadını özündən uzaqlaşdırmağa çalışır...

“İlanbalığı” filmində irəli sürülən əsas məsələ odur ki, mürəkkəb vəziyyətlərdə adamlar çox vaxt duyğularına, misalçün qısqanclıq, qəzəb kimi hisslərə qalib gələ, durumu rasional dəyərləndirə bilmir. Belə situasiyalarda bizi emosiyalarımız idarə edir. Filmdə maraqlı bir epizod var: Keiko əsəblərinə hakim ola bilmir və ondan sui-istifadə edən keçmiş sevgilisini biçaqlamaq istəyir. Bununla da rejissor göstərir ki, bizim hər birimiz cinayətkar ola bilərik.

Amma emosiyalarının əsiri olan Yamasito nəticədə özü daha çox əziyyət çəkir, keçmişi onu kabus kimi izləyir. O, sosiuma adaptasiya olmaq, keçmişi unutmaq istəyir. Rejissor bu məqamı də qabardır ki, nə olursa-olsun, içinizdəki sevgini nifrətə qurban verməyin. Qəhrəmanının rastına Keikonu çxıarmaqla müəllif Yamasitonu həyata yenidən qaytarır.

Filmdə dialoq azdır, rejssor tələsmədən, təmkinlə əsasən qəhrəmanın psixoloji-emosional vəziyyətinə, adaptasiya prosesinə fokuslanır.

# 3474 dəfə oxunub

Oxşar xəbərlər

"Venom: Son rəqs"  birinci oldu

"Venom: Son rəqs" birinci oldu

11:12 29 oktyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:44 29 oktyabr 2024
"Qızıl qönçələr"də yeni sima

"Qızıl qönçələr"də yeni sima

09:52 29 oktyabr 2024
Məşhur aktyor bu seriala çəkilməkdən imtina etdi

Məşhur aktyor bu seriala çəkilməkdən imtina etdi

10:15 28 oktyabr 2024
Dünya şöhrətli aktyor karyerasını bitirir

Dünya şöhrətli aktyor karyerasını bitirir

14:29 25 oktyabr 2024
"Mariya"  filmindən yeni kadrlar

"Mariya" filmindən yeni kadrlar

12:33 25 oktyabr 2024
# # #