Mən sənə görə o adamı öldürərəm KİÇİK ƏSGƏR

Mən sənə görə o adamı öldürərəm KİÇİK ƏSGƏR
7 mart 2015
# 11:03

Sevda SULTANOVA

Kulis.az “Ən qalmaqallı filmlər” layihəsində fransız rejissoru Jan Lyuk Qodarın “Kiçik əsgər” filmini təqdim edir.

Veronika:

-Mən düşünürəm ki, fransızlar haqlı deyil. Başqalarının idealı var. Amma fransızların yoxdur. İdeal çox vacibdir. Almanlara qarşı mübarizə aparanda fransızların idealı vardı. Əlcəzairə qarşı müharibədə isə onların idealı yoxdur. Onlar müharibəni uduzacaqlar…

Bruno:

-Siz belə güman edirsiz? Mən isə yox. Mən fransız olmağımla fəxr edirəm, amma millətçiliyə qarşıyam. Əraziləri yox, ideyaları müdafiə etmək lazımdır. Fransanı ona görə sevirəm ki, Araqonun filmlərini sevirəm. Almaniyanı Bethovenə görə sevirəm…. Ərəbləri sevmirəm, çünki onların səhraları xoşuma gəlmir…. Aralıq dənizini də, Alber Kamyunu da az sevirəm.

“Kiçik əsgər” filmindən

“Kişik əsgər” Qodarın ikinci tammetrajlı filmidir. 1960-cı ildə lentə alınıb.

Hadisələr Cenevredə Əlcəzair müharibəsinin fonunda baş verir. Əsərin baş qəhrəmanı fransız jurnalisti, dezirtir, İsveçrəyə qaçmış Bruno Forestyedir. Neytral zonada fransız təşkilatı ilə ərəb təşkilatı arasında gedən amansız mübarizədə Bruno vasitəyə çevrilir. O, fransız təşkilatından əks cəbhənin vacib bir fiqurunu öldürmək tapşırığı alır. Bruno əvvəlcə imtina edir. O, öz monoloqlarında bu mübarizə haqda öz şübhələrini ifadə edir.

Ona işgəncə edirlər, sonra onun sevdiyi qadını Veronikanı girov götürərək psixoloji təzyiqə məruz qoyurlar. Məcburiyyət qarşısında Bruno qətli sifariş edilən adamı öldürür. “Kiçik əsgər”in üç il, çəkildiyi ildən 1963-cü ilə kimi nümayişi qadağan edilib. Əlcəzair müharibəsi bitəndən sonra film ekranlara çıxıb. Qadağaya səbəb filmdə Fransanın Əlcəzairlə bağlı siyasətinə etiraz motivlərinin olması və realist zorakı səhnələr idi. Hərçənd, günümüzdən baxanda, zorakılıqla dolu səhnələrin yer aldığı filmlərlə “Kiçik əsgəri” müqayisə etsək, burdakı təsvirlər qəddar təsir bağışlamır.

“Kiçik əsgər” Qodarın həyat yoldaşı olmuş, onun çox filmində yer alan Anna Karina ilə ilk əməkdaşlığıdır.

Qodar burda da özünün təhkiyə üslubuna sadiq qalır. Personajlar rəssamlıqdan, fəlsəfədən tutmuş ideologiyaya qədər ciddi problemləri polemika predmetinə çevirir, kitab, qəzet oxuyur. Rejissor yenə də ifadə vasitəsi kimi mətnlərdən istifadə edir, kadraxrası səs dialoqlara qarışır. İspan rəssamı Velaskesin, alman rəssamı Paul Kleenin, fransız şairi Araqonun adı keçir.

Bir neçə yerdə belçikalı sürreal rəssam Rene Magrittə göndərişlər edilir, məsələn, Brunoya işgəncə verərkən üzünün Magrittin rəsmlərindəki obrazlar kimi örtülməsi, Veronikanın jaketlə üzünü bağlaması və s. Magrittin çox əsərində “örtülmüş üzlər” görmək olar.

Veronikanın soyadının Dreyer olması məşhur danimarkalı rejissor Karl Dreyerı xatırladır. Və maraqlıdır ki, sonra “Öz həyatını yaşamaq” filmində Anna Karinanın oynadığı obraz kinoteatrda Dreyerin dahiyanə “Janna Darkın iztirabları” filmini izləyir. Qodar bununla da Karinanın personajını Janna Darkla eyniləşdirir.

“Kiçik əsgər” dokumental manerada çəkilib, kamera hərəkətləri lazım olduğundan sərbəstdir, tamaşaçya birbaşa müraciət, nəqldə kəsimlər var, və montaj düzümü pozulur.

Qodarın məşhur “Foto həqiqətdir, kino isə bir saniyədə 24 kadrın göstərdiyi həqiqət” aforizmi bu filmdə səslənir.

Qodar “Kiçik əsgər” haqda deyir: “Film bir epoxaya şahidlik edir. Burda siyasətdən danışırlar, amma bu, siyasi film deyil. “Yeni dalğanı” onda ittiham edirlər ki, o insanları ancaq yataqda göstərir, mən isə siyasətlə məşğul olan və bu səbəbdən yatmağa vaxtı olmayan adamları göstərirəm. Əlcəzair siyasət idi. Amma bu hadisəni mən öz nəzər nöqtəmdən və hiss etdiyim kimi göstərməliydim. Əgər tənqdiçilər istəyirlər ki, Əlcəzairdən fərqli bir şey danışsınlar, o zaman onlar sadəcə, kameralarını götürüb Milli Qurtuluş Cəbhəsinə getsinlər. Filmdə o şeylərdən danışmışam ki, məni 1960- cı ilin partiyasız parislisi kimi narahat edirdi. Məni isə müharibə, onun mənəvi əxlaqi nəticələri narahat edirdi”.

# 1734 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
# # #