“Çaqqal nəfəsi”nin rejissoru Kulis.az-a danışır

“Çaqqal nəfəsi”nin rejissoru Kulis.az-a danışır
21 noyabr 2013
# 14:19

Babək Şirinsifət cənublu kinorejissordur. Demək olar ki, əksər filmlərini Azərbaycanda çəkib. Məşhur “Çaqqal nəfəsi” serialının rejissorudur.

Kulis.az Babək Şirinsifət müsahibəni təqdim edir.

- Babək bəy, sizin Azərbaycanla bağlı ilk işiniz təqribən on il əvvəl lentə aldığınız və Qarabağ qaçqınlarının taleyinə həsr olunmuş «Sıfır saatının qatarı» adlı sənədli filmi idi. Yanılmıramsa, film beynəlxalq festivallarda da iştirak etdi, nümayiş olundu. Ümumiyyətlə bu mövzuda film işləmək ideyası hardan yarandı?

- Uzun müddət idi ki, Azərbaycan milli rəqsləri mövzusunda film işləmək istəyirdim. Xeyli də material toplamışdım. 2000-ci illərin əvvəlində bu mövzuyla bağlı Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənova müraciət etdik. O, mənə başqa, mərhum Çingiz Mustafayevin materialları əsasında çəkilmiş bir sənədli film verdi. Prodüser dostumla bu filmə baxandan sonra, qərara gəldik ki, qaçqınlar mövzusunda biz də bir sənədli film işləyək. Beləcə, Bakıya gəldik, Azərbaycanın o vaxtkı Xarici İşlər naziri Vilayət Quliyevlə, daha sonra isə Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənovla görüşdük, fikirlərimizi bildirdik. Onlar bizim ideyamızı bəyəndilər və işləmək üçün lazım olan şəraiti yaratdılar. Və biz bir neçə ay ərzində bu filmi işlədik, qaçqınların o vaxt yaşadığı vaqonları, çadır şəhərciklərini gəzdik, çox təsirli bir film elədik. Ümumiyyətlə, biz bu mövzuda işləyən ilk xarici yaradıcı qrup idik. Film ərsəyə gələndən sonra adını «Sıfır saatının qatarı» qoyduq. Əvvəlcə İranda nümayiş etdirildi və «Soni Pikçers» şirkətinin hər il təşkil etdiyi beynəlxalq kinofestivalda iki min filmin içində məhz bu iş Qran-priyə layiq görüldü. Daha sonra başqa müsabiqələrə, festivallara da yolladıq. Film ümumilikdə əllidən çox beynəlxalq sənədli film festivalına dəvət aldı, uğurlar qazandı, ən əsas da Azərbaycanın o dövrdəki acı həqiqətlərinin dünyaya çatdırılmasında öz öhdəsinə düşən rolu yerinə yetirdi.

- Yəqin ki, «Rami» filmini də, eyni motivlərin başqa planda davamı kimi qəbul etmək olar.

- Haqlısız. «Sıfır saatının qatarı» sənədli filmi İranda yayımlanandan sonra, İranda məşhur «Alaliya-film» kino-şirkətinin belə bir təklifi oldu ki, Qarabağ müharibəsi mövzusunda bədii film işləyim. Təbii ki, razılaşdım, «Əsli və Kərəm» dastanını motivləri əsasında müasir bir ssenari yazdım. Film Qarabağ müharibəsi fonunda bir eşq macərasından bəhs etməliydi və bir hissəsi Azərbaycanda, bir hissəsi də İranda çəkilməliydi. 2005-ci ildə ssenari bəyənildi və rəsmi icazə alınandan sonra biz işə başladıq. Azərbaycan aktyorlarından Kamran Yunis, Qurban İsmaylov, İlqar Cahangirov, Mehriban Xanlarova və başqaları çəkildilər. Müharibə mövzusuna həsr olunsa da çox həzin, lirik bir film alınmışdı.

Asiyada ən nüfuzlu olan Beynəlxalq Dehli Kinofestivalının təşkilatçıları isə filmi o qədər bəyəndilər ki, həmin il festivalın açılışı «Rami» filmiylə oldu. Başqa beynəlxalq kinofestivallarda da iştirak elədi, mükafatlar aldı. 2006-cı ildə isə mən filmi Bakıya gətirdim və “Nizami” kinoteatrında baxış keçirildi.

Arada işlərim çox oldu, ard-arda bir neçə film çəkdim, beynəlxalq festivalların laureatı oldum, amma nədənsə «Sıfır saatının qatarı» filminin qəhrəmanları, ordakı insanların taleyi məni həmişə düşündürürdü; o vaxt çox ağır vəziyyətdə yaşayan həmin insanların taleyində hansısa dəyişikliklər olubmu, salamatdırlarmı, indi necə yaşayırlar, hardadılar? 2012-ci ildə bu fikirlə Azərbaycana gəldim və Mədəniyyət Nazirliyinin kino şöbəsinə, “Azərbaycanfilm” kinostudiyasına müraciət elədim, fikirlərimi dedim. Onlar da mənə yardım edəcəklərini bildirdilər. Beləcə, “Tək durmuşam su başında çinarla mən” filmini işləməyə başladım, on il əvvəl çəkdiyim insanları tapdım, o məkanları gəzdim. Çəkdiyim uşaqlar artıq böyümüş, orta yaşlılar qocalmış, qocaların çoxu isə artıq dünyasını dəyişmişdi.

Bir neçə ay ərzində bu filmi də işlədik.

- ATV telekanalında yayımlanan «Çaqqal nəfəsi» detektiv serialının rejissorusunuz. Necə oldu ki, serial kimi yükün altına girməyə qərar verdiniz?

- Əvvəlcə «Kaspi-qlobal» şirkətinin rəhbəri, gənc prodüser Şamxal Həsənli mənə detektiv mövzuda serial işləməyi təklif etdi. Ssenariylə tanış olandan sonra razılaşdım. İlqar Fəhminin yazdığı bu ssenari düzgün dramaturji strukturu və maraqlılığı ilə fərqlənir. Ötən ilin noyabrından işləməyə başladıq. Çox əziyyət çəkdik, çünki artıq qış düşmüşdü, bizdə də natura çəkilişləri çox idi. Lakin bütün qrupun səyi nəticəsində 24 seriyadan ibarət serialı altı aya çəkib tamamlaya bildik.

- Serial detektiv mövzuda olsa da, əsas qəhrəmanı qadınlardır. Hətta filmin ilk seriyaları məhz qadın həbsxanasında cərəyan edir. Sizcə detektiv janr və qadın taleləri nə qədər uyğun xətlərdir?

- Əslində bu süjetdə məni cəlb eləyən əsas məqam da məhz baş qəhrəmanların qadınlar olması idi. Çünki mənim fikrimcə, müasir dövrümüzdə Azərbaycan xalqının inkişafı, mübarizəsi, gələcəyi məhz mübariz, döyüşkən, əzmkar qadınlardan asılıdır. Çünki cəmiyyət üçün vətənpərvər övladları da, qəhrəmanları da məhz qadınlar, analar yetirir. Qadınların əzmkarlığı, qəhrəmanlığı sönsə, onların yetirdiyi övladlar da igidlikdən, vətənpərvərlikdən, mübarizə əzmindən məhrum olar. Bu baxımdan, sevinirəm ki, burada işlədiyim ilk serial olan «Çaqqal nəfəsi» məhz qadın əzmkarlığına, qadın mübarizəsinə həsr olunub.

- Son illərdə ölkədə çəkilən serialların çoxunda demək olar ki, eyni aktyorlar çəkilir. Lakin siz «Çaqqal nəfəsi»ndə daha çox teatr aktyorlarına, ələlxüsus da «Yuğ» teatrının aktyorlarına üstünlük vermisiz.

- Mən mərhum Vaqif İbrahimoğluyla yaxın dost idim və onun yetirdiyi aktyorların peşəkarlıq səviyyəsinə də bələdəm. Buna görə daha çox onlarla işləməyə üstünlük verdim. Ümumilikdə götürəndə, yaxşı sənətkar, yaxşı aktyor xalqın mədəni kapitalıdı. Bunun yetişib peşəkar həddə çatmağına kifayət qədər böyük vəsait sərf olunur. Və bu mənəvi kapital düzgün istifadə olunmalıdı. Həm də bir şeyi nəzərə almalıyıq ki, müasir dövrdə aktyoru daha çox teatr yetişdirir. Təbii ki, yaxşı, düzgün metodikası olan teatr da yaxşı aktyor yetirir.

Bu serialda da, yaxşı aktyorlar cəlb etməyimə baxmayaraq, ilk mərhələlərdə aramızda bəzi problemlər olurdu. Fərq ondaydı ki, biz müxtəlif metodologiya ilə işləmişdik, indi isə yaxın altı ay ərzində birlikdə işləyəcəyimizə görə, ortaq məxrəcə gəlməliydik. Sevinirəm ki, böyük əziyyət bahasına başa gəlsə də, aktyor heyətiylə ümumi bir iş üslubu yarada bildik. İstər baş rolların ifaçıları olan Gülzar Qurbanova, Kəbirə Həşimli, Rasim Cəfərov, Səfavət Nur, Qurban İsmaylov, istərsə də, aktyor heyətinin o biri üzvləriylə çox maraqlı iş prosesimiz oldu. Ümumilikdə deyə bilərəm ki, serialın çəkilişləri boyu, bütün çəkiliş qrupu sanki vahid bir ailə kimi işlədi, hamı bacardığını ortaya qoydu. Həm də aktyorlarımız sırf kinoaktyorluq peşəsinin incəlikləriylə bağlı da xeyli təcrübə əldə elədilər məncə.

- Bizdə də, çox baxılan türk seriallarında həyatın dekorativ təsviri üstünlük təşkil edir. Həm məkanlar, həm obrazlar o qədər təmiz, o qədər gözəl, o qədər ütülənmiş təsvir olunur ki, elə bil filmə yox, model müsabiqəsinə baxırsan. Məkanlar da standart olur. Ev, maşın, ofis, küçə… «Çaqqal nəfəsi»ndə başqa mənzərəylə üzləşirik, ilk seriyalardakı qadın həbsxanasının təsviri də öz reallığı ilə diqqəti cəlb edir...

- Bu barədə çox düşünmüşəm və qərara gəldim ki, teleserial üslubunda yox, məhz kinoserial üslubunda çəkim. Prodüserimiz Şamxal Həsənli də buna təkid etdi, İlqar Fəhminin ssenarisi də əslində teleserialdan daha çox, kinoserial materialı idi. Biz də teleserial yox, çoxseriyalı bədii film çəkməyi qərara aldıq. Bunun maddi xərci də çox idi. Məsəlçün elə sizin qeyd etdiyiniz qadın həbsxanasını biz demək olar ki, tamam özümüz qurmalı olduq. Böyük vəsait sərf olundu, köhnə bir idarə binasını həbsxanaya çevirə bildik və ilk üç seriyamızdakı hadisələr də burada cərəyan etdi. Sonrakı seriyalarda da, məkanları daraltmadıq. Ümumilikdə filmdə 80-dən çox məkan, 160-dan çox aktyor çəkilib.

- Serialdan sonra nə planlarınız var?

- Yayda «Sinealyans» şirkətindən Şamaxıdakı Cümə məscidinin tarixi barədə bir sənədli film çəkmək təklifi gəldi. Daha sonra ideyanı bir az da genişləndirdik və qərara gəldik ki, Cümə məscidinin bədii obrazından çıxış edərək, bütün Azərbaycanın tolerantlıq, multikulturalizm tarixində gəzişək, bizim ölkənin bu fenomenal tolerantlıq nümunəsinin mahiyyətinə varaq, səbəblərini araşdıraq. Zəncandan tutmuş, Dərbəndə qədər geniş ərazilərdə çəkilişlər apardıq. Hal-hazırda filmin montaj işləri gedir. Mərhum rejissorumuz Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş filmi yəqin ilin sonuna qədər bitirəcəm.

# 4436 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #