Qaynına ərə getmiş arvadın müharibəyə sevinməsi

Qaynına ərə getmiş arvadın müharibəyə sevinməsi
5 iyun 2014
# 07:30

Mənə yaxın mövzudur müharibə. Qulaqlarım top, qrat səsləri eşidib, qırıcı təyyarələr başımın üstündən keçəndə vahimədən aşağı çökmüşəm. Ona qədər müharibəni yalnız filmlərdə görmüşdüm, döyüş səhnələri, müharibə dövrünün insanları o filmlərlə bir qədər də romantik duyğular aşılayıb məndə. Elə bilmişəm ki, müharibə vaxtı yaşamaq çox maraqlıdır, qəhrəman olmaq şansın da olur. Elə bilmişəm ki, onda qara çörəklə sup yeməyin ayrı ləzzəti var. Kinolar belə aşılamışdı.

Amma hər gün gələn şəhid tabutları, o top-mərmi səsləri, itkilər, qohum-qonşunun, dost-tanışların həyətində qurulan yas çadırları, ah-nalələr müharibənin həqiqi üzünü göstərdi mənə təəssüf ki. Nə yazıq ki, əsir düşməmək üçün övladını boğan ana, özünü sulara qərq edən qadın, bacısını vuran qardaş, arvadını öldürən ər gördük.

Daha nələr görmədik ki, nələr göstərmədi müharibə. Hələ də onun fəsadlarını yaşayırıq, hələ də müharibədən qurtula bilməmişik. Müharibə əslində elə odur-özü qurtarsa belə fəsadlarını illər üzünü yaşayır insanlar. Müharibə üzbəüz iki düşmən tərəfin qarşılıqlı döyüşü deyil, o həm də arxada qalan tərəflərin-fərdlərin viran olmuş həyatıdır, taleyidir.

Bundan danışır Gənc Tamaşaçılar teatrının səhnəsindəki “Müharibə” tamaşası da. Bəhram Osmanovun Lars Nurenin eyniadlı əsəri əsasında hazırladığı “Müharibə”.

“Müharibəyə minnətdaram”

Beş nəfərdən ibarət bir ailə. Əllərində silah yoxdur, döyüşmürlər, yalnız biri döyüşüb, qalanı əslində müharibə görməyib, amma həm də görüb.

Ana - əri müharibədən qayıtmayıb, onu ölmüş bilib. İki yeniyetmə qızı ilə özünün də ifadə etdiyi kimi “sağ qalmaqla məşğul olub”. Bu sağ qalmaq uğrunda mübarizədə ərinin qardaşı, yəni qaynı ilə evlənib. Düzdür, etiraf edir ki, ərini yox, əslində qaynını sevir, onunla daha xoşbəxtdir, ona görə də hətta “müharibəyə minnətdardır”.

Ər isə qayıdır müharibədən-əsirlikdən, həm də hər iki gözdən əlil vəziyyətdə. Qadın əri ilə qaynı arasında qalır. Qaynı ilə getsə uşaqları atmalıdır. Onları ata bilmir, qalmaq olmur, çünki ərinə “Sənin qardaşına ərə getmişəm” - deyə bilmir. Nə yalanla yaşaya bilir, nə də həqiqətlə. Qadını aktrisa Kəmalə Hüseynova oynayır. Övladları, əri, sevgilisi arasında qalan, keçmişi ilə gələcəyi arasında seçim etmək kimi bir imtahana çəkilən, müharibənin bədbəxt etdiyi minlərlə qadının-ananın, sevgilinin ümumiləşdirilmiş obrazını yaradan aktrisa elə bil yaşayırdı həmin taleyi. Simasından o qadının yaşantıları tamaşaçı qarşısına baş əyməyə gələndə də silinməmişdi.

Rasim Cəfər aktyorluq eləmir

Qardaş - öz qardaşının arvadına sahib çıxıb, özü də o, müharibədə olarkən. Onun öz övladını isə düşmənlər özünə döyə-döyə öldürtdürüb. İndi qardaş qayıdıb, sağdır, amma həyat işığından məhrumdur. Necə etməli? Keçib qarşısına “Sənin arvadın, ailən artıq sənin deyil, mənimdir, sən heç kimə lazım deyilsən” - desin? Yoxsa, baş götürüb getsin? İkinciyə qadın razı deyil, birinciyə heç kim razı olmur. Qızlarına atalıq, əmilik etməyib, hər ikisi ona nifrət edir. Daha bir çıxılmaz vəziyyətdə qalan bədbəxt obrazını aktyor Rasim Cəfər canlandırır. Əslində oynamır aktyor, sadəcə olduğu kimi, səmimi yaşayır vəziyyəti. Mən bu barədə çoxdan düşünmüşəm, qərar da vermişəm, amma deyəsən heç vaxt yazmamışam ki, Rasim Cəfər çox istedadlı aktyordur, səhnədə səmimidir, elə həyatda olduğu kimi, aktyorluq eləmir, sadəcə aktyordur, yeri gəldi indi dedim.

Böyük qız – qonşu oğlanla atasının təcavüzündən sonra fahişəliklə başını saxlayır. Sabahdan gözləyəcəyi heç nə yoxdur, bütün fahişələr kimi. Atasının da qayıdışı ona heç nə vəd etmir, heç nəyi dəyişmir onun həyatında. Burdan qurtulmaq istəyir, hətta bunun üçün əmisinin qarşısında diz çöküb, bütün qazandıqlarını da verir ki, onu burdan “xilas etsin”, aparsın özü ilə. Nigar Bahadurqızı bu obrazdadır. Məhz obrazdadır, yeniyetməykən zorlanıb fahişəliyə cəlb olunan gənc qızın faciəsini yaşayır səhnədə.

Kiçik qız – onu da bacısının taleyi izləyir. Safdır, hələ uşaqdır, var səsi ilə bağırıb “Mənə böyümüsən demə, ana, mən böyümək istəmirəm” kəlməsi ilə onun bütün fəlakəti izah olunur. Roza İbadova 11-13 yaşlarında qızcığazı yaşaya bilir səhnədə.

Ər, ata- müharibədə əsir düşüb, hər iki gözünü itirib, onu doğma ocağına övladlarına, arvadına-ailəsinə qovuşma istəyi, sevgisi gətirib. Doğma ocaqsa onu qarşılamağa hazır deyil, çünki onu orda artıq gözləyən, sevən yoxdur. Ailəsindən ayrılmışdı ki, onu qorusun, yenidən müharibədən əvvəlki xoşbəxt günlərinə qaytara bilsin onları, amma müharibədən sağ qalıb geri qayıdanda məlum olur ki, sən heç kimə lazım deyilsən. Həm də xoşbəxt olmaları üçün vuruşduğun ailən tar-mar olub. Qarşıda yalnız uçurumdur, həyat qurtarıb sənin üçün. Qurban İsmayılov yəqin ki, heç vaxt müharibədə olmayıb, amma obrazının həyatı iki saat ərzində tamaşa boyu onun boyuna biçilib elə bil. İnsan yaşayır o həyatı. Ailəsinin, özünün, bir-bir qızlarının, arvadının, qardaşının bədbəxt taleləri onun simasında birləşir-obrazın və onun ifaçısının.

Nə sevə bilirsən, nə də nifrət edə

Tamaşanın əvvəli, sonu yoxdur elə bil, talelərin də sonu bəlli olmur, hər şey axır, sonsuzluğa qovuşur kimi görünür. Müharibələrin də sonu olmadığı kimi. Obrazları ayrı-ayrılıqda sevib, yaxud nifrət edə bilmirsən. Hamı eyni dərəcədə günahkar və eyni dərəcədə günahsızdır. Nə qınaya bilmirsən, nə də hansınınsa tərəfini saxlamaq olmur-müharibənin özünün olduğu kimi. Sadəcə beş nəfərlik ailə bir araya yığışıb bir ailə portretinə dönür. Güman ki, müharibənin bədbəxt elədiyi minlərlə ailələrin simvolu kimi. Fonda isə onlarla boş şəkil çərçivələri var. Hə fon demiş, səhnə tərtibatı sadə və yerindədir. Taxta çəpər, yarıdağılmış, köhnə, həyət, həm də evin içidir elə bil, döşəməyə iki döşək atılıb, o həm qızların yatağı olur, həm atanın, həm də ananın. Bu tərtibat da müharibənin göstəricisidir, sönük, boz, təkrarçı, sabahı görünməyən, işığı olmayan bir həyatı yaradır göz önündə. Səhnə dekorasiyasını verən Sevinc Həsənovaya görünür rejissor Bəhram Osmanov müharibə ovqatını yaxşı aşılaya bilib, tamaşaçıya isə birlikdə aşılaya bildilər, müəllif, rejissor, səhnə tərtibatçısı, aktyorlar və ümumilikdə Gənc Tamaşaçılar Teatrı. Nə xoşdur yaxşı tamaşa haqda yazmaq, bunu mənə yaşatdığınız üçün təşəkkürlər sizə.

P.S. İndi, bu anda, bu “Müharibə”dən sonra bir fikir gəldi ağlıma. O vaxtlar müharibələrdə insanlar öz yurdlarını qoyub qaçmamışdılar, məsələn, elə ruslar, polyaklar almanların işğal etdikləri yurdlarında uzun müddət düşmənlə bir yerdə yaşayıblar. Niyə? Çünki, namuslarının tapdanmasından qorxmayıblar. Bizim qədər qorxmayıblar. Bizim üçün öncə budur, sonrası təfərrüat. Onlarsa evləniblər də işğalçı ilə, sevişiblər də, düzdür zorlananlar da çox olub, amma ...

Nə isə, bunu elə belə dedim.

# 7049 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
#
#
# # #