Qacarın Fuad Poladovdan keçən faciəsi-RESENZIYA

Qacarın Fuad Poladovdan keçən faciəsi-RESENZIYA
30 sentyabr 2013
# 10:58

Tarixi şəxsiyyətlər həmişə ziddiyyətli xarakterləri ilə seçilib, taxt-taca doğru addımlayan ayaqlar cəsədləri tapdayaraq keçməli olub.

Taxt-tac niyyətində olan nə doğma qardaşına rəhm edəcək, nə də yaxın silahdaşına. Bəlkə onlara qıydığı üçün, qardaş qatili olduğu üçün illərlə içini gəmirəcək, gizli göz yaşları tökəcək, amma zamanı gəldikdə eyni hərəkətdən daha amansızını edəcək. Tarixi şəxsiyyətlər həm də heç vaxt bizlərə, yəni özlərindən çox-çox sonralar dünyaya gələnlərə olduqları kimi təqdim edilməyəcəklər, çünki hər kəs onları öz ideoloji maşınından keçirib təqdim edir. Özlərinə sərf edən formada.

Qacar da bizə Səməd Vurğunun xidmət etməli olduğu ideoloji aparatın süzgəcindən keçirilib təqdim edilmişdi. Biz onu qaniçən, qəddar, qəsbkar şah kimi tanımışdıq. Hərçənd şair o vaxtlar özü də eyham eləmişdi ki, o, tarixi şəxsiyyət Qacarı verməyib- əsərində tarix yazmaqdan uzaq olub “Vaqif”i yazarkən. Yəqin elə Əli Əmirli də belə deyər, belə anlaşılır ki, o, da tarix yazmaq yox, çox gözəl, tamaşaçının təsirindən çıxa bilməyəcəyimiz bir sənət əsəri qoymaq istəyib ortaya və buna nail olub.

Bu Qacar, o Qacar deyildi. Nə Haqverdiyevin, nə də Səməd Vurğunun Qacarı deyildi. Tarixdəki Qacara da az bənzəyirdi. Bu Qacar bir başqa Qacardı.

Söhbət dramaturq Əli Əmirlinin yazıb-yaratdığı, rejissor Azərpaşa Nemətin ruh verdiyi Qacardan gedir. Həftəsonu Milli Dram Teatrının səhnəsində gördüyüm “Şah Qacar”dan.

“Şah Qacar” tamaşası nə dramaturqun əvvəlki əsərlərinə bənzəyirdi, nə də rejissorun bundan əvvəlki tamaşalarına. Demirəm ki, onların əvvəlki işləri zəif, maraqsız olub. Xeyr. Əli Əmirlinin rəhmətlik Hüseynağa Atakişiyevin Gənclər Teatrının səhnəsində qoyduğu bütün əsərlərinin tamaşalarına baxmışam . “Yeddi məhbusə”, “Onun iki qabırğası”...

Yaxud Dram Teatrındakı “Köhnə ev”, “Varlı qadın”, “Ağqoyunlular və Qaraqoyunlular”, “Səhnədə məhəbbət”, “Mesenat”, o cümlədən dövlət televiziyasında həyat verilən tamaşaları yadımdadır. “Şah Qacar”sa bir başqadır, bu daha dolğun bir sənət əsəridir ki, seyr etmək qismətimizə düşdü.

Azərpaşa Nemətovun hələ neçə illər bundan əvvəl Milli Dram Teatrının səhnəsində hazırladığı "Ah, Paris, Paris!..", "Mənim sevimli dəlim" , "Mənim ərim dəlidir”, "Hamlet", sonuncu "Boy çiçəyi" tamaşasına qədər hamısı gözlərim qarşısında olub. Onu da yaxşı xatırlayıram ki, sonuncu tamaşa barədə bir kəlmə belə yazmağı caiz hesab etməmişdim. Amma “Şah Qacar” tamaşası ilə Azərpaşa Nemət sübut etdi ki, ortada zəngin dramaturji material olanda rejissor da bütün varlığı, fantaziyası və peşəkarlığı ilə işləyir, bir sözlə rejissor da rejissor olur.

Şah Qacar rolunu oynayan, bu saat səhnəmizdə az qala üfürə-üfürə saxlamaq istədiyimiz aktyor, yox, sənətkar Fuad Poladov elə bil yaradıcılığı boyu Şah Qacar oynamaq üçün yol gəlirmiş. Adamın Allah var, məgər onun Napoleonu pis idi? Yox, amma Şah Qacarı sənətkarın özünün xarakter kimi sevərək yaratdığı, bütün vücudu ilə hiss etdiyi təhər-tühründən bəllidir. Vallah, məni qınamayın, elə bil Fuad Poladov Qacarlaşmaq üçün yay uzunu yemək də yeməmişdi. Sifətinin bütün cizgiləri, yanaqlarının çala-çuxuru, bozarmış rəngi, balacalaşmış cüssəsi ilə Qacarın özü idi, yəni cismən xəyalımızdakı Qacarın. Əsərin məğzi qüdrətli Şah Qacarın daxili təlatümlərini, həyatının təzadlarını, bütünlüklə bu möhtəşəm şəxsiyyətin faciəsini vermək idisə, Azərpaşa Nemətovun quruluşunda və Fuad Poladovun simasında bu məqsəd çox uğurlu alındı.

Tamaşanın çox sadə, amma sanballı dekorasiyasından tutmuş, musiqiyə, aktyorların qiyafələrinə qədər hər şey mükəmməl idi. Hadisələrin dinamilkiyi, dialoqların cəlbediciliyi tamaşaçını öz ağuşuna alıb elə aparır ki, bir də görürsən birinci hissə başa çatdı. Fasilənin tez başa çatmasını istəyirsən, yox, bayıra çıxmaq istəmirsən, indi tez başlasın ki, görüm hadisələr necə davam edəcək.

Fuad Poladov Qacar şahın bütün faciəsini çılpaqlığına qədər ortaya qoya bildi, bəlkə də Əli Əmirlinin demək istədiyindən daha artıq. Qüdrətli şahın tutduğu yolda qardaş qatili olmasını və bu səbəbdən çəkdiyi əzaba rəğmən sonuncu qardaşına da qıymasından tutmuş, sevgilisi üçün çəkdiyi xiffətə qədər, hamıya hökm oxuya bilən hökmdarın ana yanında necə uşaqlaşması, kövrəlməsi, içindəki iztirablar, həyat eşqi-hər şey vardı, bu insanın içində insana xas olan və olmayan nə varsa.

Bir vaxt iztirab verdiyi tülkülərin onun içində necə gecə-gündüz ulaması, “uuuu”,-deyə uzun bir tülkü ulartısı ilə göstərməsi isə əgər Qacarın faciəsi idisə Fuad Poladovun qələbəsi idi.

Ümumiyyətlə aktyorlar çox uğurlu seçilmişdi. Yuğ Teatrının aktyorları Vidadi Həsənovu və Məmməd Səfanı Milli Dram Teatrının səhnəsində, bu tamaşada görmək mənə bir vaxtlar ustad Vaqif İbrahimoğlunun “Şah Qacar”ı səhnəyə gətirmək arzusunu xatırlatdı, baş rolu isə Həsənağa Turabova vermək istəyirdi.

Laləzar Mustafayeva, Sabir Məmmədov, Kazım Abdullayev, Ayşad Məmmədov, Elşən Rüstəmov gözəl aktyor bacarıqlarını nümayiş etdirə bildilər, çünki material və rejissor var idi. Onların fövqündə digər iki xan obrazını oynayan aktyorlar bir qədər xırda görünür, xana bənzəmirdilər. Bunun özü də yaxşı haldır, çünki zəif görünən kimlərlə işlədiyinin fərqinə varıb, gələn dəfə daha çox işləyəcək ki, səhnədə çəki bərabər görünsün.

Azərpaşa Nemət özü tamaşanı əvvəldən axıra qədər bir küncdən, ayaqüstündə izləyir... Niyə? Dramaturq əyləşib, rahat tamaşa eləyir. O, öz işini çoxdan bitirib təhvil verib, indi işi sınaqda olan rejissordur. Sınaqsa uğurla başa çatır. Bunu yalnız mən demirəm, tamaşa bitib, aktyorlar “paklona” gəlir, dəfələrlə gəlirlər, çəkilirlər geri, dramaturq çıxır, rejissor çıxır, hamısı bir birini irəli ötürür, amma tamaşaçı ayaqüstündə alqışlamaqdan yorulmur, heç kim əlini dayandırıb evə getmək üçün tələsmir. Çoxdan, lap çoxdan belə premyera görməmişdim. Başqa vaxt tamaşaçılar ikinci hissəyə qədər gedirdilər, qalanlar da tamaşa qurtaran kimi elə bil çıxıb canlarını qurtarmağa çalışırdılar. O gün heç kim getmək istəmirdi.

Tamaşa başa çatanda bu qənaətdəydim ki, üç kişinin ortaya qoyduğu bu əsər hər üçünün şah əsridir, yaradıcılıqlarının kulminasiyasıdır.

# 4290 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
#
#
# # #