Ağacın başından sənətə gəlmişəm-İsrail Məmmədov

Ağacın başından sənətə gəlmişəm-İsrail Məmmədov
2 fevral 2015
# 15:38

Kulis.az müğənni İsrail Məmmədovla müsahibəni təqdim edir.

- İsrail müəllim, necəsiz, işlər necədi? Yaradıcılığınızda təzə nə yenilik var?

- Müğənninin yaradıcılığında həmişə yenilik olmalıdı. Yenilik olmayanda müğənni tez yaddan çıxır. İndi o dövr deyil. O vaxt kasetlərim vardı; İsrail 1, İsrail 2, İsrail 3. Hərəsində 12 mahnı olurdu. İndi isə elə vaxtdır ki, gərək yenilik edəsən. Təzə mahnı yazasan və efirə çıxıb təqdim edəsən.

- Məşhur olduğunuz o dövrdə şərait başqa idi. İndiki dövrlə ayaqlaşa bilirsizmi?

- O vaxt gələn müğənnilər, beş-altı nəfər müğənni tanındıq. İndi İsrail Məmmədov deyəndə hamı kim olduğumu bilir. İndi isə tanınmaq çətindir. İndiki dırnaqarası müğənnilər üçün hardansa yol açılır, kimini pulu var, adamı varsa çıxıb oxuyur. Kişilər üçün bir az çətin olsa da xanımlar üçün çox asandı.

- Nə mənada?

- Xanım müğənni ağız açanda tez eşidirlər. Amma cavan kişi müğənni isə müəyyən çətinliklər çəkir. Kişi müğənnini bir o qədər qəbul eləmirlər.

- Sponsoru nəzərdə tutursuz?

- Həm sponsor, həm də köməkliyi nəzərdə tuturam. Sponsor o dəqiqə istəyini dilə gətirmir ki. Əvvəl müğənniyə televiziyaya çıxmağa kömək edir, sonra mahnı yazdırmağa, klip çəkdirməyə... Mən onları da qınamıram.

- Bəziləri kişi müğənnilərini iki yerə bölür. Sizin kimi klassik geyinən, mühafizəkar düşünənlər, bir də yenilikçilər, mayka geyinib efirə çıxanlar... Belələri haqqında “dırnaqarası kişi”, “mən onunla bir səhnəyə çıxmaram, kimi fikirlər səsləndirirlər.

- Mən elə bölmürəm. O düşüncə tərzi ancaq Azərbaycandadır. Başqa ölkələrdə belə yoxdu. Mən onlarla bir verilişdə olanda da mahnımı oxuyub gedirəm. Məni elələrinin kimliyi maraqlandırmır. Amma qrupa bölmələr, “mən onunla bir səhnəyə çıxmıram” deyənlər var. Heç kimin xətrinə dəymək istəmirəm. Onlar xəstədirlər. Özləri elə yaranmayıblar ki. Kim o formada doğulmaq istəyər, təqdim edilmək istəyər? Xəstəlikdir də. Mən onları qınamıram. Allah belə yaradıb, özü də bilsin necə edir. Bəlkə də belələrini bəyənməyənlər heç bilmirlər sabah necə olacaq, öz başlarına nə gələcək.

- Sizcə kişi müğənnisi səhnədə necə görünməlidir?

- Məncə kişi müğənni səhnədə kostyumla görünməlidir. Bu günə qədər mən heç bir məclisə yaxası açıq köynəkdə çıxmamışam. Bəziləri indi efirə yaxası açıq köynəkdə, maykada çıxırlar. Sən kişisən axı, sinənin tükləri qırağa çıxır, olmaz e, belə olmaz.

- Necə oldu bu sənətə gəldiniz?

- Lap uşaq vaxtlarından oxumağa həvəsim olub. Ağaca çıxıb oxumağa başlayırdım. Yadımdadır, anamla işləməyə çay plantasiyasına gedərdik. Arvadlar məni çay yığmağa qoymazdılar. Deyərdilər ki, sən çıx ağacda oxu, biz işləyək, sən çay yığma. Ay keçdi, il dolandı, əsgərliyə gedib gəldim və qərara aldım ki, müğənni olmalıyam.

Biləsən, heç bir musiqi təhsilim yoxdu. Musiqiçi uşaqları yığdım, məşq elədik. Məqsədimiz toylara getmək idi. Qərara aldıq ki, kaset çıxaraq. 12 mahnıdan ibarət bir kaset yazdım. Həmin kasetin içində bir mahnı var idi, “Söylə, allah, məni niyə yaratdın?” adlanırdı. O mahnının məzmunu belə idi: mən dünya işığına həsrətəm, gözlərim görmür, ailəm də, uşaqlarım da var, amma onları tanımıram, bilmirəm üzləri necədi. Nə dostu, nə tanışı tanıyıram. Bəs onda məni niyə yaratdın?!

- Mahnının sözləri, musiqisi kimin idi?

- Mahnının sözləri də, musiqisi də mənim idi.

- Musiqi təhsiliniz olmaya-olmaya mahnı bəstələdiniz.

- Bəli. Kaset sürətlə yayılmağa başladı. Üç-dörd ay ərzində bütün Azərbaycanı bürüdü. Haqqımda şayiələr dolaşmağa başladı: Cavan bir müğənni var, gözləri görmür...

- Kasetlərin yayımını özünüz təşkil edib gəlir əldə edirdiz, yoxsa camaat yayırdı?

- Camaat özü yayırdı. O kaseti bütün ölkədə oxudurdular. Özü də məni belə tanıdılar: Gözləri görməyən, kor İsrail Məmmədov.

- Bu nə vaxt olmuşdu?

-1981-ci ildə.

- Mən onda səhv bilmişəm. Elə bilirdim siz 90-cı illərdə oxumağa başlamısız. O vaxtlar uşaq olsam da yadımdadır ki, hər yerdə sizin kasetləriniz satılır, mahnılarınız oxunurdu.

- Doxsanlarda mənim artıq xeyli kasetim çıxmışdı.

- Müəllim, neçə yaşınız var?

- Mən heç kəsə yaşımı demirəm (gülür). Bu sualı mənə çox verirlər; cavan qalmısız, sizin neçə yaşınız var? Bilirsənmi, mən nə siqaret çəkirəm, nə də araq içirəm. 30 ildir ki, sərin su nədir bilmirəm.

- Amma deyəsən bir ara yox oldunuz. Səhv etmirəmsə 1990-cı illərin ortalarından sonra görünmədiniz. Sənətdən uzaqlaşdınız.

- O vaxtlar ölkədən gedib Moskvada işlədim, bir də 2000-ci illərin əvvəllərində qayıtdım. O vaxt haqqımda şayiələr gəzirdi ki, guya səsim batıb-filan.

- O vaxt da kor olmağınız...

- Mənim haqqımda deyirdilər ki, cavan müğənnidir, yaxşı səsi var, amma heyf gözləri görmür. Gündə ən aşağısı 50 məktub alırdım. İndiki dövr olsaydı bəlkə ən reytinqli müğənni olardım. Hamı mənə yazıb deyirdi ki, niyə özünüzü bədbəxt hesab edirsiz? Allah sizə bu səs verib. Sizin arxanızda xalq durub. Sizi çox istəyirik. Mən də bu məktublara cavab yazırdım ki, xeyr gözüm kor deyil, bu sadəcə mahnıdır. Moskvadan bir xanım mənə məktub yazıb demişdi ki, gəl bura gözlərini əməliyyat etdirim. Sonralar biz o xanımla görüşüb dost olduq.

Mənə Əfqanıstanda xidmət edən əsgərlərimiz də yazırdı. Kasetlərim ora da gedib çıxmışdı.

- Vəzifəli adamlar da toya çağırardılar.

- Bir dəfə qapıya bir nəfər gəldi. Özünü təqdim etdi. Sabirabadın ikinci katibi idi. Soruşdu ki, İsrail Məmmədovu toya aparmaq istəyirəm. Mən də cavab verdim ki, nə vaxta lazımdır, İsrail mənəm. Dedi sən zarafat edirsən, mənə deyiblər o əlil arabasında gəzir, özü də kordur. Mən güldüm. Dedim ki, o mənim haqqımda gəzən şayiələrdi. İnana bilmirdi.

Toya sifariş verməyə gəlirdilər. Dəftəri açıb toyun vaxtını yazanda fikir verirdim ki, diqqətlə gözlərimə baxırlar; kordursa necə yazır? Mən də gülürdüm və ya toyxanada camaatın söhbətini eşidirdim: “A, bu necə gəzir? Bəs deyirdilər yeriyə bilmir, bəlkə o deyil?”

- İndi çox toya çağırırlar, ya onda çağırırdılar?

- İndi daha çoxdur, Rusiya toylarına daha çox gedirəm.

- Kimlər çağırır? O dövrün adamlarımı, cavanlarmı?

- Cavanlar da çağırır, o dövrün adamları da. Elə olub ki, üç nəslin toyuna getmişəm. Bir nəfərin toyuna getmişəm, sonra həmin adam oğlunun toyuna çağırıb, daha sonra da nəvəsinin. O vaxt, inanırsan, mən evdə yatmırdım, qonşuda yatırdım. Çünki hər gün toya çağırırdılar. Mən də çatdıra bilmirdim. Azərbaycanın elə bir yeri yoxdur ki, orda oxumayım.

Mən qabaq hər dəfə toy pulundan bir manat ocağa ayırırdım. Bir dəfə o pulları saydım. 123 manat elədi. Dalbadal 123 toya getmişdim! Buna tap gətirmək olardı? Cavan vaxtlarım idi də, indi belə eləmək olar? İndi də cavanam, söz yox (gülür).

- Mahnıların mətnini özünüz yazırdız?

- Bəli. Özüm yazırdım.

- Üzeyir Mehdizadə, Balabəy kimi müğənnilərin mahnılarının mətni də sizin mahnılar kimi kədərli, sentimentaldır. Sizcə bu cür mahnılar niyə yaranır? Xalqımız niyə belə kədərli mahnılara meyl edir?

- Kədər, qəm bu millətimin qanındadır. Başqa millətlərdə belə şey yoxdu. Bu bizim daxilimizdədi. Bizdə muğam var. Başqa xalqlarda muğam yoxdu. Bizim ağlaşmağımız da muğam üstə qurulub.

- Sizin məşhur “Ana ürəyi”, “Ata” muğamlarınız var.

- Bunlar rəvayətlərdir. “Ana ürəyi”ni də, “Ata”nı da, “İlan və qız”, “Səbət” muğamını da mən oxumuşam. Atası qocalır, oğul atasını səbətə qoyub meşəyə aparır... Bunların hamısını o vaxt mən oxuyurdum. Dillərdə dastan olmuşdu. Toyda stolların üstü maqnitafonlarla dolu olardı. Elə toydaca səsimi kasetə yazırdılar.

- Mətnlərini kim yazmışdı?

- “İlan və qız”ı mənim üçün Əli Şeyda, “Səbət” muğamını isə Tofiq İlham yazmışdı.

- Bu kədərli mahnıları sizə oxutdurub ağlayırdılar?

- Mən bu rəvayətləri toylarda oxuyanda camaat hönkürə-hönkürə ağlayırdı. Axırı mən özüm də yoruldum. Bəsdir, adam nə qədər oxuyar ki, oğul gəldi anasının ürəyini çıxartdı. Maraqlıdır, indi bunu oxusam qəbul etməyəcəklər. O dövrdə buna tələbat vardı. Amma mənim şən mahnılarım da var.

- Hansılardı?

- Qız adlarıyla bağlı olan mahnılar o dəqiqə dəbə minirdi. “Şəlaləm”, “Tahirəm”, “Günayım”, “Səbinəm”, “Zeynəbim”, “Pəri” mahnıları mənimdir. Söz və musiqilərini özüm yazmışam. O dövrdə toylarda oxunan əksər mahnılar mənim idi.

- Seymur Baycanın “Ana ürəyi “ adlı romanı var. Əsər bu rəvayətin motivləri əsasında yazılıb. Oxumamsız?

- Seymur Baycanı tanıyıram. Romanı isə oxumamışam. Oğulun ananın ürəyini çıxartması səhnəsi filan orda var?

- Var. Hətta anasının ürəyini qızartdırıb yeməsi səhnəsi də var.

- Vay-vay... Heyf ki, oxumamışam.

- O dövrdə sizləri efirə də buraxmırdılar.

- Hə buraxmırdılar. Məmməd Bağır kimi nəhəng müğənnini efirə buraxmırdılar. Rəhmətlik yavaş-yavaş efirə çıxdı, xalq artisti oldu. Ağadadaş Ağayev o cür, Baloğlan da o cür... Televiziyaya ən gec çıxan mən olmuşam.

- Sizin fəxri adınız da yoxdur.

- Yox, amma, inşallah olacaq.

# 2156 dəfə oxunub

Oxşar xəbərlər

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
# # #