İzzət Bağırova film çəkmək qadağan edilsin!

İzzət Bağırova film çəkmək qadağan edilsin!
25 aprel 2019
# 09:00

Kulis.az “Yeni filmlərimiz” layihəsində rejissor Samir Qulamovun “Ümidlər puç olanda” filmini təqdim edir.

Süjet: Rza (Kazım Abdullayev) həbsxanadan yenicə çıxıb. O, vergidən yayınan, banka kredit borclarını ödəməyən dostu Hikmətin (Əjdər Zeynalov) xahişi ilə onun bütün günahını öz üzərinə götürərək həbsə girir. Dostu isə əvəzində onun ailəsinə yaxşı baxacağına, torpaq sahələri bağışlayacağına söz verir. Rza həbsxanada nümunəvi davranış göstərdiyi üçün vaxtından əvvəl azad olunur. Çıxandan sonra məlum olur ki, Hikmət onun ailəsini aldadıb, vədini yerinə yetirməyib.

Rzanın oğlu Cavad (İzzət Bağırov) təsadüfən kafedə Hikmətin qızı Dənizlə (Gülşən Hüseynli) tanış olur və onların arasında sevgi münasibətləri başlayır.

Dənizin anası (Mehriban Xanlarova) bunu biləndə narahat olur və bu barədə ərini xəbərdar eləyir. Hikmət düşünür ki, bu, Rzanın ondan qisas alması üçün qurduğu tələdir.

Cavad Dənizin düşməninin qızı olduğunu biləndə münasibətlərə son qoyur.

Rza isə haqq hesab çəkmək üçün Hikmətin ofisinə gəlir və onu boğmaq istəyir. Hadisə yerinə gələn Hikmətin oğlu İlyas (Manaf Dadaşov) Rzanı bıçaqlayaraq öldürür. Az sonra atasının ofisinə gələrək onu nədən günahsız adamı həbsə sürüklədiyi üçün ittiham edən Dəniz Rzanın öldürüldüyünü görür. O, Cavada zəng edir. Cavadla dostu hadisə yerinə gəlir, atışma baş verir. Atışmada bütün qəhrəmanlar ölür…

...İzzət Bağırovun prodüseri, ssenaristi olduğu və baş rol aldığı, 2018-ci ildə ekranlara çıxan “Ümidlər puç olanda” melodramının keyfiyyəti sosial şəbəkələrdə istehza obyektinə çevrilmişdi. Hətta suallar da qoyulurdu ki, axı müğənni İzzət Bağırov niyə film çəkir? Sualın belə qoyuluşunu absurd sayıram. Çünki istənilən kəsin film çəkməsi, bir əhvalatı danışmaq istəməsi ifadə azadlığının başlıca şərtlərindən biridir. İzzət Bağırovun da təbii ki, belə bir haqqı var.

Amma nə gizlədim, söz və ifadə azadlığının, sənətdə hər cürə qadağanın (zorakılığı, cinsi, milli ayrı seçkiliyi və s. təbliğ edən əsərlərdən söhbət getmir) əleyhinə olsam da, İzzət Bağırovun bir filmin ideya daşıyıcısı, ssenaristi kimi çıxış etməsini və nəinki baş rol almasını, xırda epizodda da oynamasını qadağan edərdim. Nədən ki filmin mahiyyəti tamaşaçıda estetik zövq böhranı yaranmasına xidmət eləyir.

Filmdə təsvir olunan əhvalat tipik Yeşilçam və Bollivud tərzindədir. Amma məsələ ondadır ki, indi nə Bollivudda, nə də Türkiyənin kommersiya kinosunda bu cür primitiv əhvalatları çəkməyi özlərinə rəva görmürlər. Ən azı qisasçılıq, düşmən övladlarının bir-birinə vurğunluğu, övladların valideynlərinin səhvlərinin qurbanı olması mövzusuna aşırı duyğusallıq yükləmək, heç bir estetik fənddən istifadə etməyərək, sadəcə əhvalatı ekrana köçürməyi artıq ayıb sayırlar. Belə anladım ki, İzzət Bağırovun izlədiyi filmlər çox güman ki, Küçük Əmrahın, İbrahim Tatlısəsın rol aldığı filmləridir.

“Ümidlər puç olanda” az büdcəli, qeyri peşəkar serial estetikasında çəkilib. Hadisələr ancaq qapalı məkanlarda - evdə, restoranda, ofisdə cərəyan edir. Heç bir situasiyanın bədii həlli, bədii estetik təsviri, bir maraqlı mizan belə yoxdur. Daha çox əsaslandırılmayan yaxın planlardan istifadə olunub. Rejissor Samir Qulamov düşünmək, yaradıcı nəsə eləmək üçün özünə əziyyət verməyib. Sanki bir toyxanada, ya da verilişdə sadəcə kameranı rahat bir yerdə yerləşdirərək dialoqları iki nöqtədən çəkməklə kifayətlənib.

Ən bərbad, epizodlardan biri Dənizin Cavadla kafedə tanışlıq səhnəsidir. Təcrübəsiz, zövqsüz klip kadrına oxşayan bu hissədə qəhrəmanları tanışdırmaq üçün ucuz fənddən istifadə edilib. Normal, eleqant kafedə müştəri qadına kişi sataşır, Cavad qadını pis oğlandan qoruyur, dava-dalaş baş verir, masa, stul dağılır, amma müdriyyətdən bir nəfər peyda olmur. Ki desin, a bala kafemi niyə dağıdırsınız? Epizod aşırı texniki, süni işlənməsi səbəbindən zərrə qədər də olsun həyəcan hissi yaşatmır.

Həbsdən çıxan atanın qızıyla görüş səhnəsinin banallığı heç 1970-ci illər Yeçilçam filmlərində belə yoxdur. Qız atasına sarılıb ağlayaraq lirik cümlələr deyir:

“Hər hava qaralanda sevinirdim ki, bir gün də belə keçdi” və s.

Image result for “Ümidlər puç olanda” filmi

Bəzi rejissorlar elə bilirlər ki, hisslər, duyğular sözlə mütləq ifadə olunmalıdır, təsvirlə ifadə etsələr seyrçi anlamaz.

Final səhnəsində isə bütün əsas personajalar birdən ölür. Müsbət qəhrəman kimi verilən Cavad və dostu adamları elə rahatlıqla öldürürlər ki, elə bil ömürləri boyu killerliklə məşğul olublar.

Hikmət gülləbaran edilsə də, necə olursa, o, sağ qalır və böyük məsafəni adlayaraq Cavadı öldürür.

Filmdə Kazım Abdullayev, Xalidə Quliyeva, Mehriban Xanlarova kimi peşəkar aktyorlar oynasa da bütün ifalar səthi, cansızdır.

İzzət Bağırov baş rola yaramır. Çünki onun ümumiyyətlə, baş rola uyğun xarizması, fakturası və ən əsası istedadı yoxdur.

“Ümidlər puç olanda” melodram faciə kimi çəkilib, amma nəticədə komediyaya bənzər nəsnə alınıb.

“Ümidlər puç olanda” saxta duyğu selidir. Və ya belə deyək: duyğusallığın dözülməz yüngüllüyü…

# 7135 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları”  filminin çəkilişləri yekunlaşıb

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşıb

12:37 13 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #