Nağaranın içində narkotika aparan sərnişin

Nağaranın içində narkotika aparan sərnişin
15 iyul 2017
# 09:30

Sevda Sultanova

Kulis.az “Naməlum kino” layihəsində Cahangir Şahmuradovun 1989-cu ildə çəkdiyi “Boş yer” qısametrajlı filmini təqdim edir.

Süjet: Hadisə keçmiş sovet respublikalarından birinin dəmiryolu vağzalından başlayır. Kassir sərnişinlərə qatarda ancaq bir boş yerin qaldığını deyərək, hər birinə bileti həqiqi dəyərindən daha artıq qiymətə satır.

Vağzalın nəzarət məntəqəsində məmur (Mübariz Əlixanoğlu) isə sərnişinlərin yüklərini yoxlayarkən onları alçaldır, şərləyir, sonra rüşvət alır. Parisdən qastroldan qayıdan musiqiçinin (Fərman Şəkili) nağarasının içində narkotik maddə olduğunu boynuna qoyur və nağarasını sökür.

Kiçik elmi işçinin (Anatoli Yeqorov) xarici markalı avtoqələminin yeni kəşf olunmuş silah olduğunu iddia eləyir, onu ekspertiziya göndərmək istəyir. Həşəratları zərərsizləşdirən dərmanlarla alver edən alverçidən (Rafiq Əliyev) ancaq külli miqdarda rüşvət alandan sonra qatara buraxır.

Sonrakı hadisələr qatarda baş verir. Rejissor qatarda əməkdaşların diktatura rejimi qurduğunu təsvir eləyir. Qatar bələdçisi (Lyudmila Duxovnaya) isə bu diktaturanın başında dayanır.

Sərnişinlərlə qul kimi rəftar olunur, istismar edilir: kimi qatar bələdçisinə çay aparır, kimi pəncərəni, kimi döşəməni silir, kimi istilik sistemi ilə məşğul olur, kimi də qatarı idarə eləyir. Qatar sürücüsü, dispetçerlər isə yeyib içir, qaraçılarla əylənir.

Qatar bələdçisi başda olmaqla əməkdaşlar sərnişinləri ac-susuz saxlayır, onlara qarşı çıxanlara böhtan atır, işgəncə verir. Və sonda ədalətsizliyə dözməyən sərnişinlər üsyan qaldıraraq hakimiyyəti devirir...

1989-cu ildə lentə alınan “Boş yer” o dövrün mövcud ictimai-siyasi durumuna satiradır. Rejissor dağılmaqda olan sovetlər birliyini məkan olaraq lokallaşdırır və orda baş verənləri bir qatarın modelində göstərir.

Hərçənd, filmdə qoyulan bir sıra problemlər günümüzdə də həllini tapmayıb.

Ümumiyyətlə, dünya kinematoqrafiyasında sərt siyasi rejimləri, onların fərdlərə təsirini, amansız mühitdə insanların davranışını və s. problemləri şərtiliklə, absurd, qrotesk elementləri ilə yükləyən, müxtəlif janrlarda - antiutopiyadan tutmuş mistika, horrora qədər-filmlər lentə alınıb.

Həmçinin, milli kinomuzda da siyasi quruluşları dar məkanda kiçildərək, illüziyalarla dolu filmlər ekranlaşdırılıb: Tofiq Tağızadənin “Köpək”, Cahangir Mehdiyevin “Girişmə, öldürər”...

“Boş yer” filmi də bu mənada istisna deyil. Hərçənd film qoyulan problemlərin aktuallığına görə diqqəti çəksə də kino dili, istifadə olunan ifadə vasitələri səthidir. Daha dəqiq desək, əhvalatın bədii həllindən çox publisistik təqdimatı var. Qatar bələdçisinin diktator obrazını tamaşaçıya çatdırmaqdan ötrü Stalinlə eyniləşdirilməsinin, sərnişinlərin qorxusunun, sonra isə üsyanının ifadəsinədək çox şey birbaşa, publisist çalarda verilib.

Filmin rejissoru Cahagir Şahmuradov karate üzrə SSRİ çempionu olub. Və keçmiş Sovet İttifaqında karate üzrə ilk usta hesab olunur. Filmlərdə kaskadyor, aktyor kimi də çalışıb. VQİK (Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun)-in rejissorluq fakültəsini bitirən Şahmuradov hazırda Moskvada yaşayır.

“Debüt” studiyasında istehsal olunan dilmin ssenaristi Vladislav Xanaqov, operatoru Amin Novruzovdur.

# 1960 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #