Bu gün kolumbiyalı romançı, jurnalist, ssenarist, qısa-hekayə yazıçısı, Neyştadt Beynəlxalq Ədəbiyyat Mükafatı və Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin doğum günüdür.
Kulis.az görkəmli yazıçı ilə yapon rejissor Akira Kurosavanın müsahibəsini təqdim edir.
1990-cı ilin oktyabrında, kolumbiyalı yazıçı Qabriel Qarsiya Markes yapon rejissor Akira Kurosavanın sonuncu filmlərindən olan “Avqust rapsodiyası”nın çəkilişləri vaxtı Tokioya gedib. “Yüz ilin tənhalığı” və “Vəba günlərində eşq” kitablarını qələmə almamışdan əvvəl Boqotada kino tənqidçisi kimi fəaliyyət göstərən Markes, Kurosava ilə altı saat müddətində bir çox mövzuda söhbətlər edib.
Qabriel Qarsiya Markez: İki dost arasında baş tutan bu söhbətin müsahibə kimi görünməyini istəmirəm, mən, sadəcə, sən və sənin işlərinlə bağlı çox şey öyrənmək istəyirəm. Ən birinci mənə maraqdır ki, sən ssenariləri necə yazırsan? Çünki mən də yazıçıyam. İkinci, sən böyük ədəbi əsərlərin müdhiş adaptasiyalarını etmisən. Mənim öz əsərlərimə edilmiş və nə vaxtsa ediləcək adaptasiyaları ilə bağlı bəzi şübhələrim var.
Akira Kurosava: Hansısa ideyanı ssenariyə çevirmək istəyəndə kağız və karandaş götürüb oteldəki otağıma qapanıram. Ümumi ideyanı biləndə ssenarinin necə yekunlaşacağını təxmin edirəm. Hansı səhnə ilə başlayacağımı bilmirəmsə, bunu ideyaların axarına buraxıram.
Q.Q.M: Birinci ağlına ideya, yoxsa görüntü gəlir?
A.K: Bunu yaxşı izah edə bilməyəcəm, amma hər şey dağınıq şəkillərlə başlayır. Ancaq mən bilirəm ki, Yaponiyada ssenaristlər əvvəlcə ssenarinin ümumi görünüşünü yaradır, sonra səhnələri təşkil edir, süjeti sistemləşdirəndən sonra yazmağa başlayırlar. Məncə, bu, düzgün deyil. Biz Allah deyilik.
Q.Q.M: Metodun Şekspirin, Qorkinin, Dostoyevskinin əsərləri ilə bağlı da işə yarayırdı?
A.K: Yeni başlayan rejissorlar auditoriyaya ədəbi əsərlərin film kimi çatdırmağın çətinliyini başa düşmürlər. Məsələn, detektiv bir romanı uyğunlaşdıranda gənc rejissor əsərdəki qatar relslərinin yanına atılmış meyiti eynən kitabdakı kimi təsvir etməyə çalışır. “Bu səhvdir” - dedim, - “Problem ondadır ki, sən artıq əsəri oxumusan və bilirsən ki, cəsəd dəmiryol relslərinin yanındadır. Amma əsəri oxumayan insanlar üçün bu yerin heç bir mənası yoxdur”. Gənc rejissor əsərin sehrli təsirinə necə qapılırsa, filmin tamaşaçıya başqa formada çatdırılmasının vacibliyini başa düşməkdə çətinlik çəkir.
Q.Q.M: Həyatda elə bir hadisə olubmu, sən düşünmüsən ki, bunu filmdə göstərmək mümkünsüzdür?
A.K: Bəli. İlidaçi adlı kömür şəhərciyi vardı, gənc vaxtı orada rejissor köməkçisi işləmişəm. Rejissor ilk baxışdan atmosferin möhtəşəm və qəribə olduğunu dedi, elə ona görə də filmi burada çəkdik. Kadrlar şəhəri göstərmişdi, ancaq bizim gördüyümüz bir neçə şeyi buraxmışdı: burada iş şəraiti çox təhlükəli idi, orada işləyənlərin arvadları və uşaqları daima narahat olurdular. Kamera bunları görmürdü.
Q.Q.M: Reallıq budur ki, çox az sayda yazıçı öz əsərlərinin uyğunlaşdırmasından razı qalırlar. Sənin bununla bağlı hansı təcrübələrin var?
A.K: İcazə ver, birinci mən sənə sual verim. “Qırmızı Saqqal” filmimə baxmısan?
Q.Q.M: 20 il ərzində 6 dəfə baxmışam və demək olar ki, hər gün uşaqlarıma bu film haqda danışırdım, ta ki özləri filmə baxa biləcək yaşa çatana qədər. Sənin filmlərin arasında ailəmin və mənim ən sevdiyim, eləcə də bütün kino tarixi arasında ən sevimli filmin “Qırmızı Saqqal”dır.
A.K. “Qırmızı Saqqal” mənim təkamülümün istinad nöqtəsini təşkil edir. Ondan əvvəlki filmlərimlə ondan sonrakılar bir-birindən fərqlənir. Bu, bir səhnənin sonu, başqa bir səhnənin başlanğıcı idi.
Q.Q.M: Bəlli idi. Filmdə sənin sənətini ən yaxşı şəkildə göstərən iki səhnə var. Hər iki səhnə unudulmazdır; bunlardan biri dəvədəlləyi epizodudur, digəri isə xəstəxana həyətində karate döyüşü.
A.K: Bəli, ancaq demək istədiyim odur ki, kitabın müəllifi Şuquro Yamamoto həmişə əsərlərinin ekranlaşdırılmasına qarşı çıxıb. Yeganə istisna “Qırmızı Saqqal” üçün edib. Çünki mən çox inadkarlıq etdim. Hələ filmə baxıb qurtarmamışdıq, o, üzünü mənə çevirib dedi: “Bu, mənim əsərimdən daha maraqlıdır”.
Q.Q.M: Görəsən, niyə bu qədər bəyənib filmi?
A.K: Çünki filmə aid obrazlar barədə məlumatlı idi. Məndən istədiyi yeganə şey bu idi ki, baş qəhrəmanla ehtiyatlı davranım, qadının uğursuzluğunu onun gördüyü kimi verim. Maraqlısı bu idi ki, qadının uğursuzluğu əsərdə çox da dəqiq təsvir edilməmişdi.
Q.Q.M: Yəqin o, aydın yazdığını zənn edib. Bəzən biz yazıçılarda olur belə.
A.K: Ola bilər. Kitabları filmə çevrilən bir çox yazıçı belə deyir: “Əsərin bu hissəsi çox yaxşı təsvir edilmişdi”. Əslində, onlar rejissorun əlavələrinə istinad edirlər. Mən onların nə dediyini anlayıram. Rejissor intuisiyasıyla yazıçının nəzərdə tutduğu, amma yazmadığı şeyləri göstərməyə çalışır.
Q.Q.M: İndiki filminə qayıtsaq, çəkilişin ən çətin işi tayfunu (qasırğa) lentə almaq idi?
A.K: Yox. Ən çətin şey heyvanlarla işləmək idi. Su ilanları, gül yeyən qarışqalar. Ev ilanları insanlara o qədər öyrəşmişdilər ki, təbii instinktlərini unutmuşdular, ilan balığı kimi üzürdülər. Nəticədə iri vəhşi ilanları çəkməli olduq, onlar da çox qorxulu idilər və daima qaçmağa çalışırdılar. Rollarını yaxşı oynadılar. Qarışqalarda isə, bir dəfəyə qızılgül koluna qalxıb qızılgülə çatana qədər gözləməli idik. Qalxmağa həvəsləri yox idi, məcburən yollarına bir az bal sürtdük, ondan sonra qalxdılar. Ümumilikdə, çətinlik çox oldu, amma buna dəyərdi, mən çoxlu yeni şey öyrəndim.
Q.Q.M: Hə, görünür. Film nədən bəhs edir?
A.K: Bunu bir neçə sözə sığışdırmaq çətindir.
Q.Q.M: Kimsə kimisə öldürür?
A.K: Yox. Film atom bombasından qurtulmuş qoca bir qadın haqqındadır. Yay aylarında nəvələri onu ziyarətə gəlir. Mən faciənin necə dözülməz, dəhşətli olduğunu göstərən real, şokedici səhnələri çəkməmişəm. Göstərmək istədiyim, atom bombasının bizim insanların ürəyində qoyub getdiyi və hələ təzəcə sağalmağa başlayan yaralardır. Bombanın atıldığı gün dəqiq yadımdadır. Hələ də bunun real həyatda baş verdiyinə inana bilmirəm. Ancaq ən pisi, insanların bunu yavaş-yavaş unutmağıdır.
Q.Q.M: Tarixi amneziya Yaponiyanın gələcəyi, yapon xalqının kimliyi üçün nə deməkdir?
A.K: Yaponlar bu haqda açıq danışmırlar. Bizim siyasətçilər də Amerikanın qorxusundan danışa bilmirlər. Dünya Müharibəsinin sonunu tezləşdirmək üçün atom bombasına əl atan Trumenin (Amerikanın 33-cü prezidenti Harri S. Trumen) izahatını qəbul edirlər. Müharibə bizim üçün hələ də davam edir. Rəsmi olaraq Hiroşima və Naqasakidə 230 min insanın öldüyü deyilir. Ancaq fakt odur ki, yarım milyondan artıq insan ölmüşdü. Hətta indi də Atom Bombası Hospitalında radiasiyanın məhv etdiyi 2700 xəstə 45 illik əzablarından qurtulmağını, yəni ölməyini gözləyir. Başqa sözlə, atom bombası indi də yaponları öldürür.
Q.Q.M: Ən rasional izahat, deyəsən, budur ki, Amerika müharibəni bomba ilə bitirməyə qərar verdi, çünki Sovetlər Birliyinin onlardan əvvəl Yaponiyanı tutacağından qorxurdu.
A.K: Bəli, ancaq niyə müharibə ilə əlaqəsi olmayan, dinc əhalinin yaşadığı şəhərə atdılar?
Q.Q.M: Məsələn, Tokionun ürəyi sayılan, ən həssas nöqtəsi İmperator Sarayına ata da bilərdilər. Məncə, onlar təcili danışıqlar üçün hərbi gücü və siyasi hakimiyyəti toxunulmaz saxlamaq istəyirdilər. Eləcə də müttəfiqlərinə fürsət vermək fikirləri yox idi. Bəşər tarixində hələ heç bir ölkənin başına belə bir hadisə gəlməyib.
Atom bombası atılmasaydı, Yaponiya bugünkü Yaponiya olardımı?
A.K: Bunu demək çox çətindir. Naqasakidə xilas olan insanların əksəriyyəti sağ qalmaq üçün atalarını, analarını, uşaqlarını, bacı-qardaşlarını tərk ediblər. Hələ də özlərini günahkar hiss edirlər. Ölkəni 6 ildir işğal edən Amerika qoşunları faciəni unutdurmağa tələsirdi və Yaponiya hökuməti də onlarla əməkdaşlıq edirdi. Mən bu qaçılmaz faciəni müharibənin bir hissəsi kimi də qəbul etmək istərdim, heç olmasa, ölkəyə bu bombanı atan dövlət yapon xalqından üzr istəsəydi. Üzrxahlıq olmayana qədər bu dram da bitməyəcək.
Q.Q.M: O gün çox uzaqdadır? Faciə xoşbəxtlik əsri ilə kompensasiya edilə bilməzmi?
A.K: Atom bombası Soyuq Müharibənin və silahlanma yarışının başlanğıc nöqtəsi oldu, nüvə enerjisinin yaranması və istifadəsinə şərait yaratdı. Bunları nəzərə alanda deyə bilərəm ki, xoşbəxtlik daha mümkün olmayacaq.
Q.Q.M: Başa düşürəm. Nüvə enerjisi lənətlənmiş qüvvə kimi yaranıb, lənət altında yaranmış güc də Kurosava üçün mükəmməl mövzudur. Mənə qalsa, nüvə enerjisi yaradılan gündən düzgün istifadə olunmur, yoxsa sən də qınamazdın. Elektrik hələ də yaxşıdır, elektrik stolunu nəzərə almasaq.
A.K: Eyni şey deyil bunlar. Fikrimcə, nüvə enerjisi insanın yarada biləcəyi nəzarət imkanlarının xaricindədir. Nüvə enerjisinin idarəetməsində yol veriləcək xırda bir səhv böyük fəlakətə səbəb olacaq və radioaktivlik yüzlərlə nəslə ötürüləcək. Digər tərəfdən, su qaynayanda onu soyutmaq kifayət edir ki, o daha təhlükəli olmasın. Gəlin yüz illərlə qaynamağa davam edəcək elementlərin istifadəsini dayandıraq.
Q.Q.M: Mən bəşəriyyətə inamımın böyük bir hissəsini Kurosavanın filmlərinə borcluyam. Mən sənin mövqeyini başa düşürəm, dinc sakinlərə qarşı atom bombasının istifadəsi və amerikanların, eləcə də yaponların bunu xalqa unutdurmaq cəhdləri dəhşətli haqsızlıqdır. Ancaq nüvə enerjisinin insanlıq üçün nə qədər böyük alternativ mənbə olduğunu unudub, ona “lənətlənmiş” damğası vurmaq da bir o qədər haqsızlıq, ədalətsizlikdir, məncə. Yaponların unutqanlığı və Amerikanın öz təqsirini etiraf edərək yapon xalqından üzr istəməməyi, ola bilər, hisslərini qarışdırıb.
A.K: Bəşəriyyət bəzi reallıq aspektlərini manipulyasiya edə bilməyəcəyinin fərqinə varsa, daha bəşəri olacaq. Bizim haqqımız yoxdur ki, Çernobıldakı kimi anussuz uşaqlar, ya da 8 ayaqlı atlar yaradaq. Deyəsən, söhbətimiz çox ciddi alındı, niyyətim bu deyildi.
Q.Q.M: Mövzu bu cür ciddi olanda heç kim onu müzakirə etməkdən başqa kömək edə bilməz. Çəkdiyin filmdə sənin bu mövzudakı fikirlərin əksini tapıbmı?
A.K: Birbaşa olaraq yox. Bomba düşəndə mən gənc jurnalist idim və hadisələr barəsində yazılar yazmaq istəyirdim. Ancaq işğal bitənə qədər bu haqda yazmaq qadağan olunmuşdu. Filmi çəkmək üçün araşdırmalar apardım, indi o vaxtkından daha çox bilirəm. Fikirlərimi birbaşa filmdə göstərsəydim, nəinki Yaponiyada, dünyanın heç bir ölkəsində filmimi göstərməyə razı olmazdılar.
Q.Q.M: Səncə, dialoqun transkriptini nəşr etmək mümkün olarmı?
A.K: Etirazım yoxdur. Əksinə. Dünyada bir çox insan bu mövzuda heç bir məhdudiyyət olmadan fikrini bildirməlidir.
Q.Q.M: Çox sağ ol. Danışdıqlarımızı nəzərə alanda, fikrimcə, mən yapon olsaydım, sənin qədər inadkar və sərt olmazdım bu mövzuda. Yenə də səni başa düşürəm. Müharibə heç kimə xeyir verməz.
A.K: Elədir. Problem ondadır ki, silahlar işə düşəndə İsa Məsih də, mələkləri də əsgərə çevrilirlər.